Kiyev hərəkətə keçib

 

İlham Şaban: "Ağ axın" qaz kəməri layihəsi 2020-ci ildən sonra gerçəkləşə bilər"

 

Dünən Ukrayna prezidenti Viktor Yuşşenko Bakıya gəlib. Məqsəd Azərbaycan-Ukrayna Prezidentlər Şurasının iclasında iştirak etməkdir. Bəzi siyasi müşahidəçilərin fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin aktuallaşdığı, Ankara-Bakı münasibətlərində problemlərin müşahidə olunduğu bir vaxtda Kiyevin arzuladığı enerji layihələrilə bağlı müəyyən razılaşmaların imzalanması üçün əlverişli zəmin yaranıb və səfər də bu baxımdan xüsusi önəm kəsb edir. Söhbət Odesso-Brodı-Qdansk neft və "Ax axın" qaz kəməri layihələrindən gedir. Məsələn, Azərbaycan ildə 50 milyon ton neft ötürmək üçün nəzərdə tutulan, ancaq 70 milyon ton neft ötürmək imkanına malik Bakı-Tiflis-Ceyhan neft kəmərinə yanaşmasında müəyyən dəyişiklik edə bilər.

Yəni yaxın illərdə neft hasilatı 70 milyon tona çatarsa, 20 milyon tonu Odessa-Brodı-Qdansk xəttinə yönəltməyə razılıq verər. İkincisi, Azərbaycan hazırda 140 dollara, yəni bazar qiymətlərindən 3 qat aşağı qiymətə Türkiyəyə ildə 15 milyard kubmetr qaz satır. "Şahdəniz" yatağının işlənməsinin ikinci fazasında qaz həcmi aratacaq. Azərbaycan da artıq Ermənistanla sərhədlərini açacaq Türkiyəyə aşağı qiymətlərlə qaz satmaqdansa, bu qazı və "Şahdəniz"dən hasil olunacaq əlavə həcmi "Ağ axın"a yönəldə bilər.

Xatırladaq ki, "Ağ axın" layihəsi Qara dənizdən keçməklə Ukraynaya çatacaq qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Sonradan Ukraynadakı mövcud qaz şəbəkəsiylə bu qaz Avropaya ötürülməlidir. Digər tərəfdən, bu layihə ilə bağlı yaranmış konsorsiumla Gürcüstan hökuməti arasında bir neçə gün əvvəl Anlaşma Memorondumu imzalanıb. Ona görə də ekspertlər "Ağ axın" layihəsinin xüsusən aktuallaşdığı qənaətindədirlər.

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert İlham Şaban deyir ki, ilk dəfə, iki il əvvəl "Ağ axın" ideyasını Ukraynanın baş naziri Yuliya Timoşenko irəli sürüb. Bu, texniki baxımdan çox mürəkkəb layihədir. Çünki "Ağ axın" Qara dənizin 2 min metr dərinliyində Rusiyanın çəkdiyi "Mavi axın", o cümlədən gələcəkdə "Cənub axını" qaz kəmərləriylə kəsişməlidir. Magistral qaz kəmərlərinin su altında kəsişməsinə hələ beynəlxalq praktikada rast gəlinməyib. Ona görə də bu məsələnin necə həll ediləcəyi özü ayrıca bir problemdir. Digər tərəfdən, İlham Şaban inanmır ki, yaxın prespektivdə Avropa Birliyi və ABŞ bu layihə üçün maliyyə ayırsın. Həm də Rusiyanın "Cənub axını"nın tikintisi belə 2013-cü ilə keçirilib. Baxmayaraq ki, kəmərin tikintisinə əsas maliyyəni Rusiya qoyub. Yəni maliyyələşmə sahəsində ciddi problem var: "İkincisi, texniki, maliyyə məsələləri tutaq ki, həll edildi. "Ağ axın" üçün qaz həcmi haradan tapılacaq? Magistral qaz kəmərinin rentabelliyi üçün ən azı 16 milyard kubmetr qaz lazımdır. Bu qaz həcmini hansı ölkə, haradan verəcək? Əgər onlar düşünürlər ki, bu, Trans-Xəzər qaz kəmərinin tikilişindən sonra həyata keçirilməli olan bir layihədir, yaxın prespektivin işi deyil. Bləkə "Ağ axın" 2020-ci ildən sonra gerçəkləşə bilər. Azərbaycanda isə buna yetəcək qaz ehtiyatı yoxdur. Azərbaycan İtaliya, Yunanıstan və Türkiyəyə də qaz satmalıdır. Hələ mən "Nabucco"nu demirəm. Ona görə də vəziyyət çox dumanlıdır".

Bütün bunlara görə də iqtisadçı inanmır ki, Viktor Yuşşenkonun səfəri zamanı "Ağ axın" layihəsilə bağlı hər hansı sənəd imzalansın: "Mən belə bir razılaşmanın imzalanacağını gözləmirəm. Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan bu layihənin maliyələşdirilməsinə qoşulmayacaq". İlham Şaban onu da dedi ki, Azərbaycan qaz hasil və ixrac edən bir ölkədir. Ona görə də müxtəlif ixrac marşurutlarının olması bizim üçün məqbuldur: "Nə qədər çox boru kəməri olsa, o qədər yaxşıdır. Ancaq hər boru kəmərinin maliyələşdirilməsində iştirak etməli deyilik. Öz sərhədimizdən sonra qaz veririk. Boru kəmərini kim çəkir, çəksin".                                                                                                  :

 

                                                                                                   

Ramiz Mikayıloğlu

 

Xalq Cəbhəsi.- 2009.- 10 aprel.- S.5.