"Xalqın mənəvi
soraqları köklü-köməcli ağac kimidir"
Sədnik Paşa Pirsultanlı:
"Əfsanələri xalqın
sinəsindən toplamışam,
minlərlə kənd
gəzmişəm"
Tanınmış
folklorşünas-alim Sədnik Paşa Pirsultanlının 80
yaşı tamam olur. Gəncədə yaşayan
S.P.Pirsultanlı indiyə kimi nəinki Azərbaycanda, həmçinin
Türk Dünyasının çox bölgələrində
türk ellərinin zəngin mənəvi sərvətlərini
toplayıb. Orta Asiyadakı türklərin elə mənəvi
sərvətləri var ki, onları ilk dəfə xalqdan
toplayıb təqdim edən Sədnik müəllim olub. Azərbaycan
əfsanələrinin ilk dəfə geniş miqyasda
toplanılması, kitablaşdırılması, tədqiqi də
məhz Sədnik müəllimin adı ilə
bağlıdır. Məşhur Pirsultanlı soyundandır.
Haqqında Azərbaycan televiziyasında film çəkilib. Hərdən
şeir də yazır.
Hansı sahədə tədqiqatlar
aparması ilə bağlı danışan Sədnik müəllim
deyir: "Mənəvi soraqlarımızı toplayan,
bunları böyük bir sayğıyla sabaha
çatdıran, bunun üstündə 30-cu illərdə
güllələnən tədqiqatçılarımızın
ömür yollarını diqqətlə öyrənmişəm.
1952-ci ildən bəri folklor toplamaqla məşğulam.
İlk növbədə aşıq
yaradıcılığı ilə məşğul
olmuşam. Aşıq yaradıcılığını, onun
zənginliyini öyrənmişəm, tədqiq etmişəm.
Folklor toplamağa tez başladım, artıq 30
yaşlarıma doğru məşğul olduğum sahənin
bütün incəliklərinə bələd idim. Kəlbəcərə,
Göyçəyə səfər etdim, bu türk məskənlərini
qarış-qarış gəzib-dolaşdım. Gədəbəyə
qayıtdım, oradan yol aldım Dağıstana, Dəmirqapı
Dərbəndə... Bunun ardınca yol aldım Orta Asiyaya,
buradakı türk ellərini gəzdim-dolandım.
Qazaxıstanı ayrıca gəzdim, qayıtdım yenə
Dağıstana, Qabarda-bolqara, Qaraçaya...
SSRİ vaxtı 30 illik
ömrüm beləcə sərasər yollarda, səfərlərdə
keçib. O qədər xatirələrim var ki...
İnsanları, müxtəlif bölgələrdə
yaşayan türk xalqlarının adət-ənənələrini,
mədəniyyətlərini öyrəndim, özüm də
daxilən zənginləşdim. Bütün bunları lentə
köçürdüm, imkanım çatanları çap
etdirdim, yüzlərlə məqalə yazdım. Türkiyədə
də çox olmuşam, tədqiqatlarımın əsasında
müqayisəli şəkildə məqalələr də
yazmışam. Bunlari bircə-bircə yığmışam,
çoxcildlikdə cəmləşdirmişəm. Azərbaycanda
ilk dəfə əsatir və əfsanələri mən
toplamışam. Mənə qədər bu sahədə toplu
kitablar yox idi. Bu barədə tədqiqatçılar mənə
qədər adda-budda danışmışdılar. Bu əfsanələri xalqın sinəsindən toplamışam, minlərlə
kənd gəzmişəm".
Əsatir xalqın qədimliyindən
köklü soraqdır. Bu mənada əfsanə ilə əsatirin
fərqini Sədnik müəllim belə açır: "Hələ
əfsanə olmayanda əsatir, ibtidai insanın ibtidai
dünyagörüşü vardı. Tutalım, qədim insan
meşəyə girirdi, görürdü ki, bütün
ağaclar yarpağını töküb, amma birinin yarpaqları
yerindədir. O, başlayırdı bu ağaca sitayiş etməyə.
Həmçinin bir bəzəkli ilan görürdü, onu
obrazlaşdırırdı. Beləcə, insanlıq tarixi min
illərlə yol gəlib, əsatirlər tarix boyunca
nağıllarda cilalanıb, bu günə müxtəlif
janrların içərisindən gəlib çıxıb. Təsadüfi
deyil ki, əsatirlərin izləri bu gün əfsanələrdə,
nağıllarda, rəvayətlərdə, həmçinin
yazılı ədəbiyyat nümunələrində
yaşayır. Əsatirlər ayrıca ona görə
yaşaya bilmir ki, onda epiklik azdır. Nizaminin əsərlərində
əsatirlərdən çox istifadə edilib. Xüsusilə
qədim əsatirlər epikləşməsə, yadda qalmaz. Əsatirin
mayasında insan və təbiət, əfsanənin
mayasında isə insan və cəmiyyət durur. Əfsanədə
insan gerçəkləşir, burada insanı tam
görürsən. Əsatirlərdə isə insanın sifətinin
birini görürsən, birini görmürsən. Təbii ki,
əsatirlərdə də insan nəfəsi var. İnsan
olmasa, əsatir də yaşamaz. Əsatirləri açmaq
çox böyük məharət tələb edir. İlk
növbədə ayırmaq lazımdır ki, bunların
hansı əsatir, hansı əfsanədir".
S.P.Pirsultanlı hesab
edir ki, xalqın ruhuna bələdlik üçün ilk
növbədə xalqa dərin, fitri sevgi gərəkdir:
"Gərək xalqın ruhuna, böyüklüyünə
möhkəm inanasan ki, bu işdə uğur qazanasan. Sanki
xalqın mənəvi soraqları köklü-köməcli
ağac kimidir. Gərək bu sahənin mütəxəssisi
olasan ki, xalqın zəngin söz soraqları daha çox
haradadır. Şəxsən mən bilirəm ki, Azərbaycanın
harasında əfsanə, harasında əsatir "bitir".
Tarixən xalqın indi məşhur olan soraqları
yaradılıb, sonradan bunlar ömürlərə keçib,
xalqın malı olub.
Əsatir bilirsiniz nədir?
Nənəm xəmir yoğurardı, ondan bir parça
qoparıb saxlayardı. Buna "maya" deyərdilər. Əsatir
dediklərimizin mayasıdır. Bir tabaq əfsanəni
yoğuranda, bir çimdik əsatiri onu gözünə
qatıb yoğurmasan, o, əmələ gəlməz".
Bu gün dünyanın
yaranışı, ilk insan məskənləri, ilk mədəniyyətlər
barədə çox danışılır. Müsahibim hesab
edir ki, ilk insan, qədim mədəniyyət iki çay
arasında - Dəclə-Fərat çaylarının
qovuşduğu yerdə, Babilistanda yaranıb: "Şumerlər
türkün köküdür. Türklər oradan Orxon-Yenisey
çaylarının qovuşduğu yerə gediblər, oradan
da qayıdıblar Kürlə Arazın İç Muğanda
qovuşduğu yerə. İç Muğan indiki
Sabirabaddır. Bu prosesi topladığım folklor
materialları əsasında izləmişəm".
"Pirsultanlı"
soyadını daşıyan Sədnik müəllim bunun
kökünün haradan gəldiyi barədə ciddi
araşdırmalar aparıb: "Babam Pirsultanı Sultan Səlimin
göstərişi ilə Xızır Paşa asdırıb.
İttiham da bu olub ki, Şah İsmayılı niyə
müdafiə edirsən? Bu hadisə 1515-ci ildə olub. Babam
öz dövrünün tanınmış şairi olub.
Türkiyədə "Pirsultan Abdal" imzası məşhurdur.
Toylarda, mağarlarda babamın şeirlərini oxuyurlar. Hazırda
Türkiyədə "Pirsultanlı" soyundan olan xeyli adam
yaşayır.
Pirsultan babamız
asılandan sonra nəslin bir qolu indiki İrana gəlib, Təbrizin
610 kilometrliyində Pirsultan kəndi salıb. Neçə illərdən
sonra həmin nəslin bir qolu da Gəncəyə gəlib,
indiki Pirsultan dağının ətəyində bizim tayfa
Pirsultan kəndi salıb. 30-cu illərdə ruslar həmin kəndi
yerlə yeksan ediblər, kişilərini də güllələyiblər.
Salamat qalanlar Qazağın Kosalar kəndinə, Şəmkirin
İrmaşlı kəndinə dağılışıblar.
Amma bütün əzab-əziyyətə baxmayaraq nəslimiz
biri-biridən xəbər tutub, itib-batmayıb. Hətta məni
uşaq vaxtı uşaq evinə qoyublar. Mən onilliyi
internatda qurtarmışam. Ata-anamı 25 yaşımda
tapmışam. O dövrdə fikirləşiblər ki, onsuz
da bu nəsildən baş qaldıranı məhv edirlər,
qoy bu uşaq salamat qalsın, nəsil yoxa
çıxmasın. Sovet hökuməti süqut edəndə
mən dərhal "Pirsultanlı" soyadını
götürdüm. Nəvələrimin hamısı
soyadlarının Pirsultanlı olduğunu biləcəklər".
Hər halda soyu yaşatmaq gözəl əlamətdir. Tarix
boyunca millətimizi məhv etmək üçün onun ilk
növbədə adını, soyadını özgələşdiriblər:
"Bizim Pirsultanlı soyunun bir şüarı var: əlini,
dilini, belini təmiz saxla, o zaman sənə ölüm yoxdur. Əks
təqdirdə soyu yaşatmaq çətindir".
Onun şeir
yazmağı da var. Deyir çoxları şeir yazmağa
sonralar başlayırlar, o isə az qala şeirləri ilə
bərabər doğulub: "Nəslimizin şair oğlu
Abdulkərim 1931-ci ildə sovet dövründə güllələnib.
Doğmalarımdan eşitdiyim bu qəmli hadisə ürəyimdə
indi də qövr eləyir. İtirilən yurd yerlərimiz, o cümlədən
də son dövrlərin itkisi olan Qarabağ, Şuşa,
Laçın, Kəlbəcər, Göyçənin əldən
getməsi acılı-ağrılı şeirlərimin
mövzusuna çevrilib".
AMEA-nın müxbir
üzvü Nizami Cəfərov S.Pirsultanlının
yaradıcılığı haqqında bu fikirdədir:
"Azərbaycan folklorunu həmişə intəhasız bir
yol kim təsəvvür etmişəm. Bu yol dünənimizdən
başlayıb sabahımıza gedən keçmişimizi, gələcəyimizi
birləşdirən ən etibarlı bir yoldur. Ona qədəm
qoyanların ürəyi həmişə millət, xalqa sevgi
ilə dolub-daşıb.
Bu yolu getmək qismət olanların taleyi bütün hallarda
xalqın taleyi ilə bağlı olub. Beləcə Hənəfi
Zeynallı, Salman Mümtaz və başqa
folklorşünaslarımızın 37-ci ildə
yarımçıq qalmış ömürləri xalqın
ömrünə qarışaraq davam edib. Bu mənada
folklorçu ömrü folklora həsr olunmuş həyat deməkdir.
Sədnik Paşa
Pirsultanlının ömür yolunu, bu həyatı və fəaliyyəti
həmişə birmənalı şəkildə can və
qan ilə folklorlaşan alim ömrü saymışam".
Mifoloq-alim Seyfədin
Rzasoy isə Sədnik müəllimin
yaradıcılığı haqqında bu qənaətdədir:
"Sədnik Paşa Azərbaycan folklorşünaslığının
elə alimlərindəndir ki, Azərbaycan gəncliyi
onların kitabları ilə böyüyüb.
Azərbaycan
folklorşünaslığında ömrünü folklora həsr
edib özü də folklorlaşan alimlər var. Bu
insanların qəribə alim taleləri var. Onlar bütün
ömürlərini folklor adlanan məkanda
yaşamışlar. Folklor bu insanların ruhunda
yaşayır, davranışlarını daxildən kökləyir.
Mənim nəzərimdə üç belə
folklorşünas olub: mərhum professor Mürsəl Həkimov,
professor Hüseyn İsmayılov, Sədnik Paşa
Pirsultanlı".
Elçin Qaliboğlu
525-ci qəzet.- 2009.- 14 aprel.- S.14.