Güney
Azərbaycanda aşıq
sənəti
Güney Azərbaycan
İran əsarətində olduğu 200 ilə yaxın bir
dönəmdə özünün milli ruhunu çoxlu itkilər
versə belə, qoruyub saxlaya bildi. Bunun səbəbləri az
deyil. Əsas səbəbi isə odur ki, Azərbaycan
türkünün möhtəşəm ruhunu məhv etmək
mümkün olmadı. Türk ruhumuzun
daşıyıcısı, yenilməz soraqlarımızdan
biri olan ana sazımızın rolunu bu yerdə böyük bir
sayğı ilə qeyd etməliyik. Sazın türkün
böyük ruhundan yarandığına kimsənin
şübhəsi yoxdur. Bu gün fars şovinizminin bütün
qadağalarına baxmayaraq sazın
soydaşlarımızın əlindən alınması
mümkün deyil. Əksinə, sazın tədrisi ilə
bağlı soydaşlarımızın hünərli
gedişləri gerçəkləşməkdədir. Bu
gün Güney Azərbaycanda saz havalarının
notlaşdırılmasında böyük uğurlar var.
Hazırda Azərbaycanımızın
Güneyində sazın əvvəlki dövrlərdən daha
güclü bir səviyyədə inkişaf etməsi milli
ruhun fars şovinizminə qarşı köklü, ciddi
müqavimətinin nəticəsi kimi
anlaşılmalıdır. Saz türkün möhtəşəm
döyüşkənlik ruhunu ifadə edir. Bu, Türkün
yenilməz ruhunun təqdimidir, burada zəifliyə və zəlilliyə
qətiyyən yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar
daha güclü olmuş məqamlarını rəmzi şəkildə
bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə
xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən
soydaşlarımızın, bütövlükdə millətimizin
ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycada
saza ilahi səviyyədə sevgi var. Bu sevgi
soydaşlarımıza bütün məqamlarda sazı
anlamağa, onu böyük bir heyrət və eşqlə ifa
etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana
danışsa da, onun bu harayındakı kədərimiz bizə
yenilməz güc verir.
Güney Azrəbaycan
aşıqlarının çıxışlarında
döyüşkənlik əsas leytmotiv kimi diqqəti cəlb
edir. Həm muğam dəstgahlarının, həm də
aşıq havacatlarının ifasında bəzi ümumi
oxşarlıqlar nəzərə çarpır. Adətən
Azərbaycanın Quzeyində dəstgahların ifası
zamanı muğam şöbələrinin arasındakı rənglər,
təsniflərdə bütövlükdə ansambl iştirak
edir. Lakin müşaiyət zamanı daha çox tarı və
kamançanı müşahidə edirik. Qarmon, fortepiano və
başqa musiqi alətlərinin də bu sırada öz yeri
var. Ümumiyyətlə, Quzeydə musiqi ifalarında konkret
yığcamlıq özünü göstərir. Burada xanəndənin
uzun-uzadı improvizasiyalar etməsinə imkan yoxdur. Haradasa bu,
muğamın təhrif edilməsinin
mümkünsüzlüyünə bir sübutdur. Bu, həm də
bütövlükdə Azərbaycan türklərinin
muğamın ruhuna, mahiyyətinə bələdliyindən xəbər
verir. Güney Azərbaycanda muğam sənətinə
farssayağılıq müəyyən mənada təsir etsə
də, orada yaşayan xanəndələrimiz həm də
sırf Azərbaycanın Quzeyindəki sayaq muğam-dəstgahlar
oxuyurlar. Güneydə saz sənətinə kənar, yad,
xüsusi bir təsirin olmasını təsəvvür belə
etmək olmur.
Yuxarıda haqqında
danışdığımız ümumi oxşarlıq
yalnız hər ikisində ifa müddətinin
uzadılması, improvizasiyaların artmasıdır. Güney
Azərbaycanda saz sənətinin daha çox Şirvan
aşıq məktəbindən bəhrələndiyi göz
önündədir. Lakin güneyli aşıqlarımız həm
də bütövlükdə Azərbaycanın aşıq sənətinin
mahiyyətini, ənənəsini özündə
böyük bir səy və inadla yaşatmağa, inkişaf
etdirməyə çalışırlar. Çingiz Mehdipurun
rəhbərlik etdiyi ansamblın ifasında bu cəhətlər
özünü həmişə barizliyiylə göstərib.
Diqqətimizi çəkən bir əsas cəhət də həm
muğam dəstgahlarının, həm də saz
havacatlarının ifasında ayrı-ayrı aparıcı
musiqi alətləri ilə yanaşı digər alətlərin
də fəal iştirakıdır. Məsələn, burada
sazla yanaşı balaban da fəaldır, bir növ alət
"əyalətdə deyil": balaban sazla həmahəngdir,
həmruhdur. Aşıqların məharətli improvizələrindən
gözəl bir kompozisiya əmələ gəlir. Hərdən
bir havacatdan digərinə məharətli keçidlər
olur. Ümumiyyətlə, Quzey Azərbaycan
aşıqlarının repertuarında olan mahnıların
son dərəcə diqqətlə Güneydə izlənilməsi
və ifası təqdirəlayiq cəhətlərdəndir.
Güney Azərbaycan aşıqlarının ifa zamanı
döyüşkənlik ruhlu şeir parçalarından
istifadə etmələri onların sifətində gözəl
bir hal yaradır...
Güney Azərbaycanda
aşıq sənətinin inkişafı hər şeydən
əvvəl bir cəhətinə görə diqqətçəkəndir.
Sazımızla ana dilimizin imkanları daim açılır,
həm də qorunur. Məlumdur ki, Güneydə ana dilimiz
çox ciddi basqılara məruz qalıb. Bu, o deməkdir ki,
hazırda ana dilimizin hər mənada varlığının
qorunmasında aşıq sənəti misilsiz hünər
göstərir. Aşıqların bu və ya digər
havacatı oxuyarkən aydın ifa tərzləri, türk
sözlərinin əzəmətli deyilişi insanı
ruhlandırır.
Bu gün də Güney
Azərbaycanda yeni saz ansamblları yaranmaqda və xalq
arasında populyarlaşmaqdadır. Təbiidir, qərbçilik
əhvalı Güney Azərbaycana da təsir edir və
oradakı soydaşlarımız içərisində hər
cür yeniliyi göydəndüşmə kimi qəbul edənlər
də az deyil. Bu meyl xüsusən ədəbiyyatda
özünü göstərir. Hətta Azərbaycan mətbuatında
Güney Azərbaycanda yaşayan bəzi gənc qələm
adamlarının guya ki, yenilikçi, əslində isə bədbin
ruhlu şeirlərinin də çapına meydan verilir. Bu
gün Quzey Azəbaycanda daha çox sezilən
qarışıq ədəbiyyatçılıq əhvalı
bu mənada Güney Azərbaycana da təsir etməmiş
deyil. Unutmamalıyıq ki, Güney Azərbaycandakı
yaradıcı soydaşlarımız Quzeydəki
yaradıcı mühiti diqqətlə izləyir.
Professor Qara Namazov deyir
ki, aşıq sənətinin kökü eramızdan əvvəlki
minilliklərə gedib çıxır: "Amerika alimi Diklas
1960-65-ci illərdə Güney Azərbaycanda
apardığı arxeoloji qazıntı işləri əsasında
maraqlı, son dərəcədə tutarlı elmi nəticələrə
gəlib. Eramızdan əvvəl 6-cı minillikdə Güney
Azərbaycanda mövcud olmuş, müəyyən dövrdən
sonra yerə batmış Cığamış şəhəri
tapılıb. Çoxsaylı tapıntılar zamanı
saxsı qab üzərində aşıq ansamblının
şəkli ifadə olunmuş qiymətli əşya diqqəti
cəlb edib. Cığamış şəhərinin qiymətli
tapıntıları çox mətləblərdən xəbər
verir. Eramızdan əvvəlki minilliklərdə Mensopotamiyada
- İkiçayarasında mövcud olmuş mədəniyyətin
bu ərazinin qonşuluğunda təşəkkül
tapması təbiidir ki, təsirsiz ötüşməyib.
Diklas bu tapıntını yüksək dəyərləndirərək
deyib ki, insanlığın tarixi boyunca qədim dövrlərdən
soraq verən bu tapıntı son dərəcə nadirdir, ona
görə ki, burada ilk dəfə olaraq orkestr şəkli
ifadə olunub. Ortada ozan oturub, ətrafında müxtəlif
musiqi alətləri ifa edən sənətkarların rəsmləri
yer alıb. Həmin səhnədə oxuyan şəxsin də
təsviri var. Təbiidir ki, bir tapıntı ilə müəyyən
dəqiq elmi-tarixi qənaətə gəlmək mümkün
deyil. Digər bir fakt isə həmin ərazidən 4000 min əvvəl
tapılmış, hazırda Misirin muzeylərindən birində
saxlanılan saxsı qab üzərində olduqca maraqlı bir
şəkil diqqəti cəlb edir: çoban rəsmi verilib,
başından çalma sallanır. Məlumdur ki, bu cür
çalma forması sırf türklərə məxsusdur.
Çoban sinəsindəki sazla sanki heykəlləşib.
Yanında it şəkli və su qabı da təsvir edilib. Təbiidir,
güman etmək olar, zaman-zaman bu cür tapıntıların
sayı artacaq, o zaman fitrətimizin gəldiyi elmi qənaətlər
tarixi faktlar vasitəsilə təsdiqini bir daha tapacaq. Bu
cür tapıntılar, ciddi faktlar əsasında aşıq
sənətinin lap qədim tarixə malik olması haqqında
fikir irəli sürməyə tamamilə haqqımız var.
Bu, onu göstərir ki, sözügedən dövrlərdə
aşıq sənəti mükəmməl bir sənət
olaraq mövcud imiş".
Tanınmış saz
ifaçısı Nemət Qasımlı isə Güney Azərbaycanda
aşıq sənətinin inkişafı barədə bu qənaətdədir:
"Güney Azərbaycanda bu gün saz döyüşkənlik
xarakteri kəsb edir. Orada yaşayan
soydaşlarımızın yaxşı cəhəti odur ki,
Azərbaycanın həm Şirvan, həm də Qərb
bölgəsinin aşıq musiqisini inkişaf etdirərək
yaşadırlar".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 15 aprel.- S.14.