Milli Məclis Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalından narahatdır

 

Oqtay Əsədov: "Türkiyə və Azərbaycan "bir millət, iki dövlətdir", iqtidarlar gəldi-gedərdir"

 

Parlamentdə fürsətdən yararlanmağa çalışan İranın məkrli siyasəti pisləndi

 

Milli Məclisin dünənki iclası Türkiyə-Ermənistan sərhədlərinin açılacağı yönündə yayılan xəbərlərə millət vəkillərinin münasibətiylə yadda qaldı.

Sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanın müstəqillik qazandıqdan sonra həmişə Türkiyəyə, Türk birliyinə arxalandığını söylədi. Sabiq dövlət başçısı Heydər Əliyevin Azərbaycan və Türkiyəylə bağlı "Bir millət, iki dövlətik" tezisi də azərbaycanlıların və türklərin ürəyində özünə yer tutub: "Məkrli qüvvələr plan hazırlayırlar. Həm Türkiyənin daxilində, həm də Azərbaycanda bu, pislənir.

Azərbaycanın bütün ictimai-siyasi qüvvələri bu fikir ətrafında birləşirlər. Azərbaycan prezidenti İlham Əliyev həmişə olduğu kimi yenə də təmkinli, cəsarətli addım atdı, Azərbaycanın milli maraqlarının qorunması mövqeyindən çıxış etdi. Türk xalqlarının birliyi önəmlidir".

 

"Türk vətənpərvərlərin mövqeyi üstün gələcək"

 

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Azərbaycanın müstəqilliyini ilk dəfə tanıyan və səfirlik açan ölkənin Türkiyə olduğunu xatırlatdı. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük əlaqələr qurulub: "Mustafa Kamal Atatürk də "Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir" deyib. Bu dostluq əbədidir. İranıram ki, Türkiyədə türk vətənpərvərlərin mövqeyi üstün gələcək və Ermənistanla sərhədlər açılmayacaq. Türkiyədə hər bir iqtidar bilməlidir ki, belə addım atılsa, türk xalqının qəzəbi qarşısında duruş gətirməyəcək".

Millət vəkili İqbal Ağazadə Azərbaycanın dünyada Türkiyədən yaxın bir dostu olmadığını dilə gətirdi. Heç bir ölkə Azərbaycanı belə müdafiə etməyəcək: "Türkiyədə xalqın 96 faizi Azərbaycanın mübarizəsini dəstəkləyir. Ancaq iqtidarların fonunda türk xalqının üzərinə də getməməliyik".

İqbal Ağazadə Türkiyə və Azərbaycan münasibətlərində yaranmış son məqamdan İranın məkrli şəkildə yararlanmağa çalışmasına da diqqət çəkdi: ""Səhər" telekanalı İranın rəsmi mövqeyini çatdırır. Bu kanal xüsusən son günlər ərzində Türkiyə-Azərbaycan münasibətlərinə ironik yanaşma sərgiləyirr. Ötən gün İrana səfər edən Serj Sərkisyan Mahmud Əhmədinejadın görüşündən məlum oldu ki, cənub qonşumuz işğalçı ölkəyə Rusiyadan da daha çox dəstək verəcək. Parlamentimiz də daha çox İranın addımlarına qarşı çıxmalıdır. İranda müsəlman mahiyyətinə zidd iqtidar hakimiyyətdən uzaqlaşdırılmalı, türklərin də maraqlarını müdafiə edən dövlət qurulmalıdır".

 

"İqtidarlar gəldi gedərdir"

 

Spiker Oqtay Əsədov da məsələyə reaksiya verdi: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. İqtidarlar gəldi gedərdir".

Müsavat deputat qrupunun üzvü İkram İsrafil məsələylə bağlı Müsavat Partiyasının bəyanatını oxudu. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında qaldığı, Türkiyəyə qarşı Ermənistanın ərazi, "soyqırım" iddiaları irəli sürməkdə davam etdiyi müddətdə sərhədlərin açılması qardaş dövlətin özünün maraqlarına ziddir. Bəzi dövlətlər Azərbaycan və Türkiyə arasında yaranan bu durumdan istifadə etməyə çalışırlar: "Türkiyə iqtidarını belə addım atmaqdan çəkinməyə çağırırıq. Hökumətimizin də tələsik addımlar atmaması lazımdır".

YAP icraçı katibinin müavini Mübariz Qurbanlı Türkiyə-Ermənistan danışıqlarına Azərbaycanda həssas yanaşılmasının başa düşülən olduğunu dedi. Çünki Ermənistan təcavüzkardır. Türkiyə də münaqişənin başlanğıcından təbii müttəfiq kimi Azərbaycanın yanında olub: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Türkiyəyə qarşı "soyqırım" və ərazi iddiaları irəli sürür. Pakistan və bəzi ərəb dövlətləri də Ermənistanla əlaqə qurmayıblar. Sərhədlərin açılması məsələsinin müzakirə olunması Türkiyə ictimai rəyində də mənfi qarşılanır. Hazırda Türkiyə hakimiyyətinin bu addımdan imtinası təqdirəlayiqdir. Bu mövqenin davam etdiriləcəyinə inanıram".

 

Cəmil Həsənlinin yersiz iradı

 

YAP icraçı katibi Əli Əhmədov Türkiyənin maraqlarının həm də Azərbaycanın maraqları olduğunu vurğuladı: "Torpaqlarımızın işğalı Azərbaycan vətəndaşları kimi Türkiyədə də hər kəsi narahat edir. Türkiyə rəsmilərinin verdikləri son bəyanatların rəsmi mövqe olacağına inanırıq".

Tarixçi alim Cəmil Həsənli fərqli ampulada çıxış etdi. Keçən əsrin əvvəlində Bakının azad edilməsində türklərin rolunu xatırladan Cəmil Həsənli iddia edir ki, aparılan son təbliğat kampaniyası hakimiyyətin sifarişidir, QHT-lərə, ictimai təşkilatlara göstəriş verilib: "Türkiyəyə qarşı belə kampaniya aparmaq düzgün deyil. Türkiyə rəsmiləri deyirlər ki, sərhədlər açılmayacaq".

Spiker Oqtay Əsədovun Cəmil Həsənliyə cavabı gecikmədi: "Hə parlamentdə, nə də mətbuatda Türkiyəyə, türk xalqına qarşı siz deyən münasibət yoxdur. İlk dəfə milli maraqlara toxunan bir məsələdən danışılır. Yəqin ki, siz Türkiyə və Ermənistanda işıq üzü görən qəzetlərə baxmırsınız. Hiyə millət vəkillərini təhqir edirsiniz? Azərbaycan və Türkiyə xalqı həmişə bir yerdədir. Bura reklam yeri deyil".

 

"İran Azərbaycanda etnik məsələlərdən yararlanmağa can atır"

 

Təhlükəsizlik məsələləri daimi komitəsinin üzvü Zahid Oruc İranın son durumdan çox çirkin məqsədləri üçün yararlanmağa çalışmasına diqqət çəkdi. Azərbaycan dövlətinin mövcudluğu cənub qonşumuza sərf etmir, öz modelini də bizim kimi ölkələrə sırımağa çalışır: "İran Azərbaycanda etnik məsələlərdən yararlanmağa can atır. Kim ona belə haqq verib? İran Azərbaycanın xarici əlaqələrini özü üçün təhlükə sayır. Xəzər dənizinin hüquqi statuasunun həllinə mane törədir, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. "Səhər" telekanalı İranın rəsmi ruporudur. Bu kanalda heç işğalçı Ermənistana belə həqarət edilmir. Statistikaya nəzər salaq: Azərbaycana İrandan nə qədər narkotik daşınır? İrandan Azərbaycana narkotik maddələr daşınması, genefondumuzun məhv edilməsi yönündə səylər nə vaxta qədər davam edəcək?"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə Türkiyə-Ermənistan danışıqlarına Azərbaycanda reaksiya verilməsini təbii sayır. Həm də danışıqlarda tək sərhədlərin açılmasından söhbət getmir, Türkiyə və Ermənistanın müttəfiqə çevrilməsindən bəhs olunur: "Azərbaycan Türkiyədən müttəfiqliyini təsdiqləməkdən başqa bir şey istəyirmi? Heç kim burada özünü Türkiyənin vəkili kimi aparmasın. Bəzi bəyanatlar Türkiyənin özündə belə hələ də müzakirə olunmaqdadır. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında dedi ki, hər bir dövlət milli maraqlarına uyğun siyasət apara bilər. Azərbaycanın da belə bir hüququ var. Bizi Türkiyənin baş nazirinin son bəyanatı qane edir".

 

"Narahatçılığımız vardı, dedik"

 

Spiker Oqtay Əsədov Aydın Mirzəzadənin söylədikləriylə tam razı olduğunu bildirdi: "Rəcəb Tayyib Ərdoğan demişdi ki, Türkiyə və Ermənistan baza prinsipləriylə bağlı danışıqlar apara bilər. Biz istəyirdik ki, baza prinsipləri arasında Dağlıq Qarabağ da yer alsın. Bizim narahatçılığımız vardı və dedik. Mən Azərbaycanda döyüşmüş türk əsgərləri qarşısında baş əyirəm. Ancaq biz niyə demirik ki, Çanaqqala döyüşləri zamanı Azərbaycan qadınları qolbağlarını, qızıllarını kömək məqsədiylə bağışlayıblar, 3000 azərbaycanlı Çanakkalada şəhid olub. Qardaş qardaş üçün qan tökər".
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı da bu məsələyə toxunuldu. Bununla bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış etdi.

Daha sonra AVP sədri Fəzail Ağamalı dedi ki, Cəmil Həsənlinin nəzərinə bəzi məsələləri çatdırmaq istəyir. Parlamentdə təmsil olunan beş partiya - BAXCP, Ana Vətən, Ədalət, BQP və Vətəndaş Həmrəyliyi partiyaları müstəqil olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların nümayəndələrini Bakıya dəvət edib: "Biz sadəcə, Milli Məclisin sədri Oqtay Əsədovu məlumatlandırmışıq. Sabah Türkiyədən iki partiyadan 7 nəfərlik nümayəndə heyəti Bakıya gəlir. Bir daha Azərbaycan və Türkiyəni istəməyənlərə qardaş dövlət olduğumuzu nümayiş etdirəcəyik. Təəssüf ki, əvvəlcə dəvətimizi qəbul edən AKP təmsilçiləri bu tədbirə qatılmayacaqlar".

Bu məsələ ilə bağlı sonuncu danışan Mədəniyyət daimi komitəsinin sədri Hizami Cəfərov oldu: "Mən də Cəmil müəllimin çıxışına toxunmaq istəyirəm. Türk əsgərlərinə minnətdar olmalıyıq. Ancaq hər şeydən əvvəl keçən əsrin əvvəlində Xalq Cümhuriyyətini quran liderlərimizə, xalqımızın özünə minnətdar olmalıyıq. Bakını xalqımız Azərbaycan şəhəri edib. Özümüzü heç kimdən, qardaşdan belə aşağı tutmağımız yolverilməzdir".

             

 

Ramiz Mikayıloğlu

 

Xalq Cəbhəsi.- 2009.- 15 aprel.- S.9.