AKP-nin oyunbazlığı
Türkiyədə
hakimiyyətdə olan AKP hökuməti Ermənistanla sərhədləri
açmaq istəyini nə qədər gizli saxlasa da, baş
nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanı
inandırmaq üçün nə qədər vədlər
versə də, hər şey ortadadır. Yəni Türkiyə
mediası-hakimiyyətə yaxın olan və olmayan-eyni zamanda
hakimiyyətdə təmsil olunanlar belə ən geci bir il ərzində
altı il bundan öncə AKP yetkililərinin
başlatdıqları işi-Ermənistanla sərhədləri
açmaq niyyətlərini rəsmiləşdirəcəklərini
yazırlar və deyirlər. AKP-yə
yaxınlığıyla seçilən "Zaman" qəzetinin
yaydığı məlumata görə, Türkiyə
hökuməti Ermənistanla sərhədlərin
açılmasını Azərbaycanın sərt
etirazları nəticəsində təxirə salsa da, bu məsələyə
yaxın aylarda yenidən qayıdılacaq.
Qəzet yazır ki, Ermənistanla
aparılan danışıqlar nəticəsində xeyli
ölçüdə razılaşdırılmış sənəddə
Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair məsələ yer alacaq. Ancaq anlaşmada münaqişənin
həll olunması üçün son müddət və ya
möhlət göstərilməyəcək: "Ankaraya
görə, Qarabağ münaqişəsinin həlli ən
yaxşı halda 10-15 il çəkəcək. Bu baxımdan
Ermənistanla anlaşmada müddət qoyulması Türkiyənin
manevr imkanlarını daraldır. Ankara Ermənistanla sərhədlərin
açılması halında təkrar qapadılması
ehtimalını çox zəif sayır. Ancaq sərhəd
bağlanmasa belə ermənilər Qarabağ münaqişəsinin
həllini ləngidən fəaliyyətlər göstərsə
o zaman sərt viza rejimi tətbiq oluna bilər. Belə ki, sərhədlər
açıq olsa da, sərt qaydalar tətbiq etməklə onu
faktiki bağlı duruma gətirmək
mümkündür".
Qəzet daha sonra
yazır ki, Ərdoğanın son bəyanatı Azərbaycanı
bir qədər rahatladıb. Ancaq sözügedən qəzəet
baş nazirin son bəyanatının diqqətlə
oxunmasını məsləhət görür: "Baş
nazir Dağlıq Qarabağda sülh əldə edilməyincə
Ermənistanla Türkiyə arasında yekun anlaşma əldə
olunmayacağını, amma ön çalışma və
hazırlıq işləri aparıla biləcəyini deyib. Məlumatlara
görə, sərhədlərin açılması məsələsi
bu ilin sonunda və ya gələn il gündəmə gələ
bilər".
Türkiyənin digər
bir mətbu orqanında işıq üzü görən
yazıya nəzər salaq. "Milliyet" qəzetinin
köşə yazarı Semih İdiz yazır: "Rəsmi
Bakının atdığı bu gözlənilməz
addımları AKP liderlərinin asanlıqla
unudacaqlarını düşünmürəm. Səbəb
isə məlumdur. Türkiyənin Ermənistanla münasibətlərini
zorla Dağlıq Qarabağ probleminə bağlamaq İrəvanla
az qala bir əsirlik problemimizin həllini təxirə
salmaqdır. Üstəlik Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş
də gözlənilmir. Ermənistanla münasibətlərin
normallaşmasına yönəlmiş cəhdlərin indi Azərbaycan
rəhbərliyinin istəyilə ləngidilməsi ABŞ və
Avropa Birliyilə əlaqələr baxımından baş
nazir Rəcəb Tayyib Ərdoğanla Türkiyənin
başını xeyli ağrıda bilər. Bütün
bunları nəzərə alaraq AKP rəhbərliyi, Türkiyə
prezidenti və baş nazirinin Bakının son addımları
ilə Azərbaycan rəhbərliyinin
davranışlarından məmnun olduqlarını
düşünmək sadəlövlükdür. Türkiyənin
Azərbaycan uğrunda indiyədək etdiyi fədakarlıqların
müqabilində Bakıdan da Qüzey Qıbrıs Türk
Cümhuriyyətilə bağlı addımların istəniləcəyi
də mümkündür".
Əslində Türkiyənin
"Zaman", eləcə də "Milliyet" qəzeti əldə
etdiyi məlumatları yazmaqla, həm də Azərbaycanı
dolayısıyla hədələdi. Digər tərəfdən
isə AKP hakimiyyətinin və eləcə də baş nazir
Ərdoğanın Azərbaycana qarşı qeyri-səmimiliyi
təsdiqini tapdı. Yəni məlum oldu ki, Azərbaycan
parlamentində təmsil olunan partiyaların Türkiyə-Azərbaycan
münasibətlərilə bağlı keçirəcəyi
dəyirmi masaya hakim Ədalət və İnkişaf
Partiyasının təmsilçiləri qatılmaya bilər.
Türkiyə Böyük Millət Məclisindəki Azərbaycan
Dostluq Qrupunun AKP-çi rəhbəri Mustafa Kabakçı
deyib ki, AKP-nin Azərbaycanda və ya başqa hər hansı
ölkədə öz ölkəsinin müxalifətilə
mübahisəyə girişmək kimi bir ənənəsi
yoxdur və olmayacaq: "Bizim əvvəlcədən
Bakıda keçiriləcək toplantıya qatılmaq fikrimiz
vardı. Bu gün də gündəmimizdə Bakıya səfər
var. Amma indi məlum olur ki, bizim müxalifətdən olan bəzi
dostlarımız dostluq qrupunda müzakirə etmədən,
mövqe müəyyənləşdirmədən Bakıya
yola düşüblər. Açıq-aydın ortada bir
qarışıqlıq yaratma havası var. Biz bu prosesdə
iştirak etməyəcəyik. Mən bu gün bizim Xarici
İşlər Nazirliyilə danışdım, bir daha
danışacam, sonra partiyamızın qrup toplantısında
bir daha müzakirə edəcəyik. Ondan sonra Bakıdakı
tədbirə qatılıb-qatılmamaqla bağlı qərarımızı
verəcəyik". AKP yetkilisi Azərbaycanı Türkiyəyə
qardaş və dost ölkə bilirsə, o zaman bu sözləri
dilinə gətirməməliydi. Türkiyənin hakim və
müxalifət partiyalarından olan millət vəkilləri
yabançı bir ölkəyə gedib orada mübahisə
etsəydilər, bunu başa düşmək olardı. Yaddan
çıxarmaq olmaz ki, onlar Azərbaycana gəlirlər. Bir də
ki, əgər baş nazir Rəcəb Tayyib Ərdoğanın
"Dağlıq Qarabağ problemi çözülməyincə
Ermənistanla sərhədlər açılmayacaq" vədi
həqiqəti əks etdirirsə, onda nədən Türkiyənin
müxalifət və iqtidar partiyaları Bakıda
dartışsınlar? Yəni Türkiyədən gələn
millət vəkillərinin bu yöndə fikirləri yekdildirsə,
Azərbaycanda sadəcə dostun dostla, qardaşın
qardaşla dialoqundan bəhs olunacaq. Və Azərbaycan, eynilə
də Türkiyə cəmiyyəti bir daha əmin olacaq ki, bu
dostluğa və qardaşlığa kölgə salınacaq
nələrəsə yol verilməyəcək. Ancaq çox
təəssüf ki, AKP yetkililərinin sözlərilə əməlləri
bir-birinə tamamilə ziddir. Onlar qardaş dedikləri Azərbaycan
türklərinə qarşı siyasi oyunbazlıqla məşğuldurlar.
Bu yerdə Erməni
Strateji Araşdırmalar Mərkəzinin prezidenti Riçard
Kirakosyanın açıqlamasına diqqət yetirək. Türkiyə
və Azərbaycan arasındakı münasibətlərdə
yaranmış vəziyyətdən xeyli məmnun qalan
Riçard Kirakosyan deyib: "Türkiyənin baş naziri Ərdoğan
iqtidarı bizim indiyədək edə bilmədiyimizi
reallaşdırdı və "bir millət, iki dövlət"
şüarının aktuallığını azaltmağa
başladı".
Yazdığım
mövzuyla bir o qədər bağlılığı olmasa
da, bir nüansı qeyd etmək istəyirəm. Xəbər
verildiyi kimi Türkiyədə terror təşkilatı
olduğu iddia edilən "Ergenekon"la bağlı qondarma
istintaq çərçivəsində 12-ci həbs
dalğası başlanıb. Prokurorlar 50 nəfərin həbsi
və onların evlərində, iş yerlərində
axtarış aparılmasına dair sanksiya veriblər. Bu
sanksiya əsasında 18 bölgədə eyni anda əməliyyat
başlayıb. Hədəfdə yenə əvvəlki əməliyyatlarda
olduğu kimi, Türkiyənin dünyəvi dövlət sisteminin
fəal tərəfdarları və mövcud AKP hökumətinin
fəal əleyhdarlarıdır. Belə ki, polis
Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin
mərkəzi ofisində, bölgə ofislərində və
dərnəyin sədri, professor Türkan Saylanın evində,
Başkənd Universitetinin və "Kanal B" televiziyasının
sahibi, professor Mehmet Haberalın evində, televiziyanın ofisində
və universitetin xəstəxanalarında, İnönü
Universitetinin keçmiş rektoru, professor Fateh Hilmioğlunun
evində, Atatürkçü Düşüncə Dərnəyinin
sədr əvəzi, Uludağ Universitetinin sabiq rektoru, professor
Mustafa Yurdquranın evində, 19 may Universitetinin keçmiş
rektoru, professor Fərid Bernayın evində axtarış
aparır. Adı çəkilən şəxslərin həbs
ediləcəyi gözlənilir. Müxalifət hökuməti
bu əməliyyatla diqqəti AKP-nin son seçkilərdəki
uğursuzluğundan və Ermənistanla sərhədlərin
açılması yönündə atılan addımlardan
yayındırmaq cəhdində ittiham edir.
Türkiyənin
müxalifət partiyalarından olan CHP və MHP də
"Ergenekon"la bağlı həbs dalğasına
etirazlarını bildirib.
MHP parlament
fraksiyasının həmsədri Mehmet Şandır məhkəmə-hüquq
sisteminin müstəqilliyinə hörmət etdiklərini,
ancaq bu həbs dalğalarının insanları
çaş-baş saldığını deyib. Həbs olunan
şəxslərdən Ankaradakı Başkənd
Universitetinin rektoru və "Kanal B" televiziyasının
sahibi, professor Mehmet Haberalın günahsız olduğuna
inandıqlarını söyləyən Mehmet Şandır
baş verənləri narahatlıqla izlədiklərini
bildirib: "Sanki milləti ələ salırlar. Hörmətli
Haberalın demokratiyaya, cümhuriyyətə qarşı hər
hansı əməl törədə biləcəyinə
inanmıram. Haberal millətə xidmət göstərən
bir şəxsiyyətdir. Onun uğurlarının qiymətləndirilməsi
yerinə bu cür olayın baş verməsi bizdə
narahatlıq yaradır".
Ölkə gündəmində
çox ciddi məsələlər olduğuna diqqət
çəkən Mehmet Şandır hökuməti gündəmi
dəyişdirmək cəhdində ittiham edib:
"Maraqlıdır ki, hökumət nə zaman çətin
vəziyyətə düşürsə, gündəmi dəyişdirmək
üçün həbs dalğasına başlayır. Hazırda
gündəmdə Azərbaycan məsələsi, Türkiyə
üçün tarixi xəta olacaq Ermənistanla sərhəd
qapısının açılması məsələsi var.
AKP hökumətinin bağlı qapılar arxasında verdiyi
sözlər və atdığı addımlar cəmiyyətdə
müzakirə olunarkən yeni bir həbs dalğasının
başlamasını təsadüf kimi qiymətləndirmək
mümkün deyil". Mehmet Şandır bu yolun Türkiyəyə
və türk millətinə xeyir gətirməyəcəyini
vurğulayıb.
Doğrudan da nə vaxt
Ermənistanla sərhədlərin açılması məsələsinə
Azərbaycan tərəfdən sərt təpki göstərilir,
o zaman Türkiyədə milləti sevənlər, Azərbaycana
sonsuz sevgisi olanlar həbslərə atılır. Bəlkə
də gizli planın tərkib hissələrindən biri də
budur- milli düşüncə sahibləri həbs edilsin və
AKP hakimiyyəti ABŞ-ın sifarişlərini Türkiyədə
bircə-bircə həyata keçirsin. Ancaq AKP hakimiyyətinin
nələr planlaşdırmağından asılı
olmayaraq Türkiyə müxalifəti, ümumilikdə
Türkiyə cəmiyyəti, siyasi dairələri, Türkiyə
Türkləri Azərbaycanın yanındadır.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 15 aprel.- S.8.