"Ədəbiyyat bütün hallarda insanın obrazını yaratmalıdır"
Məmməd Oruc: "İnsanın dərdi ilə yaşamayan ədəbiyyat əslində
ədəbiyyat deyil"
Əslində ədəbiyyat
zamanın güzgüsü deyil, çünki çoxlu
zamanlar gəlib keçib, amma bu və ya digər zamanda
yaradılan möhtəşəm əsərlər
zamanlarını aşıb, bugünümüzə gəlib
çıxıb. Böyük əsərlər
üçün əbədi sabahlar var. Azərbaycan ədəbiyyatının
çağdaş dönəmində mövzu,
yaradıcılıq qayğıları sarıdan daim
müzakirələr gedir. Bu müzakirələrdə sabah
üçün çox zaman müəyyən
aydınlıqlar olmasa da, əslində əlinə qələm
alan yazıçı fitrətən anlayır ki, ədəbiyyatın
vəzifəsi əbədiyyətə tən gələn
yaradıcılıq nümunəsi ortaya qoymaqdır və sənət
insanı, xalqı, onun dərdlərini ifadə edəndə
daha yaşarı olur...
Konkret olaraq hər ilin
aprel ayında ermənilərin onillərdən bəri
dünyanın qulağını dəng, gözünü
yağır elədikləri "soyqırım" cəfəngiyyatı
onların "ədəbiyyatında", publisistikasında
daim aparıcı mövzudur. Əgər erməni vay-şivən
qoparıb bu ruhsuz əməlini gerçəkləşdirməkdə
ədəbiyyatdan, ümumən incəsənətdən bəhrələnirsə,
o zaman biz türklərin dünyanı anladacaq səviyyədə
sözümüzü ədəbiyyat, incəsənətin
müxtəlif janrları vasitəsilə
çatdırmağa həqiqi faktlarımız həmişə
var. Bu xəlqi problemlərin həlli istiqamətində ədəbiyyat
öz insani borcunu ödəməlidir. Azərbaycan Türklərinin
"Ermənistan" adlanan dədə-baba torpaqlarından
deportasiyası mövzusunda "Köçürülmə"
adlı roman yazan yazıçı Məmməd Oruc deyir ki,
sözügedən mövzu onun publisistikasında da daim ifadəsini
tapıb. Amma M.Oruc təəssüflənir ki, ədəbiyyatın
bu mövzuda yazdıqlarının təsiri indi o qədər
də his olunmur: "Dünyanın gedişatı elədir
ki, sanki həqiqət "düşmən əlindədir".
Erməni üstəgəl bir an da olsun, yazıq
obrazını yaratmaqdan qalmır. Amma biz ədəbiyyat
adamlarının əlindən başqa nə gəlir ki? Yenə
də yazmalıyıq, camaat yazdıqlarımızı oxusa
da, oxumasa da. Özü də sözügedən mövzuda
fikrimizi çatdırmaq üçün daha ciddi, təsiredici
faktlara əsaslanmalıyıq. Düşmənimiz oyaqdır
və qəsdimizə durub".
Bu yandan da qloballaşma
oyunu soydaşlarımızın ağlında xəlqi problemlərimizə
münasibəti düyünə salır, "mücərrəd
bəşəri əhvallar" yaradır. Guya ki, indi
artıq milli mövzularda düşünmək, bu əhvalla
yaşamaq eyib, gerilik imiş...
60-cı illərdən
yaradıcılıqla məşğul olan, "Ailə səadəti",
"Yadigar mahnı", "İkinci ad", "Leylək
körfəzi", "İntizardan sonra",
"Köçürülmə" kitablarının müəllifi
Məmməd Orucun qərbi azərbaycanlıların ötən
yüzildəki deportasiyasından bəhs edən
"Köçürülmə" romanı 1991-ci ildə
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına,
"Susuz gölün sonası", "Ağ qarğa",
"Çay gəmisində gəzinti" silsilə hekayələri
2004-cü ildə İsi Məlikzadə adına ədəbi
mükafatlara layiq görülüb. Həmçinin onun
"Yeddi dağdan o yana", "Təbriz almaları",
"Nərdivan", "Oğulla görüş" pyesləri
müxtəlif teatrlarda, Azərbaycan televiziyasında səhnələşdirilib.
Onlarla uşaq mətninin, tərcümələrin müəllifidir.
"Azərbaycan" jurnalının nəsr üzrə
şöbə müdiridir. Onun yaradıcılıq
sarıdan səmimi etirafları var. Deyir sovet dövrü həyatına
bütünlüklə öyrəşmişdi: "Hər
halda o dövrdə də çətinliklərim az
olmayıb. Lakin nəsə indiki dövrü, münasibətləri
həzm edə bilmirəm. İndiki zamanda sovet dövrü ilə
müqayisədə daha çox əxlaq
aşıntıları görürəm. O dövrdə
yazıçı zamanından narazılığı
müxtəlif priyomlarla ifadə edə bilirdi. Sanki bu cür
mübarizənin özü adama doğrudan da ləzzət
verirdi. Oxucu da baxırdı ki, yazıçı burada nəsə
demək istəyib. Dövran nəsə, yaxşı gəlmədi,
çalxalandı, adamların hərəsi bir yerə
üzünü tutdu. Amma mən üzümü ayrı yerə
tutmadım. İctimai-iqtisadi proseslərdəki çətinliklər
təbii olaraq adamların qayğılarını
artırır. Sovet vaxtı lənətlədiyimiz çox cəhətlər
indi adiləşib və müqavimətlə
qarşılaşmır. Çoxlu naqis cəhətlər
adamların sanki adi həyat tərzinə çevrilib. Təəssüf
ki, indi adamlar böyük ideallar uğrunda yaşamırlar. İnsanın
ailə qayğılarını həll etməsi onun minimal
qaçılmaz güzəran qayğısıdır. Hərdən
düşünürəm ki, nə yaxşı ailə
janrı var imiş. Ailə insanın haradasa, xilas yeridir. Yuxarıda dediklərim şikayət kimi anlaşılmasın.
Ümumiyyətlə,
kişilərin şikayət etməsini sevmirəm. Sabir deyir
ki, ağladıqca kişi biqeyrət olur, necə ki,
ağladı İran oldu. Mən cəmiyyətdəki
aşıntılara həmişə açıq-aşkar
etiraz eləyirəm. Həm də bu etirazı
yazılarıma gətirirəm, müxtəlif məzmunlarda
ifadə edirəm. Ədəbiyyatın bir əsas obrazı
var, o da insandır. Ədəbiyyat bütün hallarda
insanın obrazını yaratmalıdır. Əgər
insanın dərdini-halını anlada bildinsə,
yazıçı oldun. Ədəbiyyat ilk növbədə
insanı xilas etmək haqqında düşünməlidir. Bütün
dünyabaxışların, ideologiyaların mövzusu ilk
növbədə həmişə insan olub. İnsan məsələsi
böyük söhbətdir. İnsanın dərdi ilə
yaşamayan ədəbiyyat əslində ədəbiyyat deyil.
İndi hamı demək olar ki, eksperiment aparır. Hələ
bu nümunələrin hansının zamanın
sınağından necə çıxacağı bəlli
deyil".
1993-cü ildən "Azərbaycan" jurnalının nəsr
bölməsinə rəhbərlik edən M.Oruc daim bu sahədə
ciddi əsərlər gözləyir: "O doğru söhbət
deyil ki, yaxşı əsəri çap eləmirik. Ciddi
saydığımız bu və ya digər əsəri ləngimədən
növbəti saya daxil edirik". Hər hansı bir sahədə
irəliləyiş olmadıqda mütləq geriləmə
baş verir. Əslində orta səviyyənin, mərhələnin
ömrü uzun olmur. Ədəbiyyatda da yeni üfüqlər,
zirvələr, ədəbi nümunələr yaranmayanda
mütləq geriləmə gerçəkləşir. M.Oruc
Mirzə Cəlili çox sevir: "Mənim üçün
bu ölçülərə cavab verən yazıçı
Cəlil Məmmədquluzadədir. Xüsusən də onun
inqilaba qədərki dövrü olduqca gözəldir. Dram əsərlərini,
xüsusən də "Dəli
yığıncağı"nı çox sevirəm. Bu
saat bizim ağrılı yerimiz Qarabağ mövzusudur. Hələ
ki, bu mövzunu ciddi şəkildə əhatə edə bilən
bədii əsərimiz məncə, yoxdur. Düzdür, bu
mövzuda əsərlər yazılıb, amma Qarabağ
müsibətini, faciəsini bütünlüklə ifadə
etmir. Çünki bu problemin kökündə daha
böyük məsələlər var".
M.Oruc hazırda
Hollandiyada yaşayan, amma ki, əsərlərini rusca yazan
soydaşımız Gülşən Lətifxanın
romanını ana dilimizə tərcümə edir. Qeyd edək
ki, G.Lətifxan 1990-cı ildən Hollandiyada yaşayır:
"Hələlik romanın adını şərti olaraq
"Dağlı qızı" kimi tərcümə
etmişəm. Əsərin mövzusunu bir holland kişi
diplomatın Azərbaycana gələrək ictimai-siyasi vəziyyəti
öyrənməsi, milli qayğılarımızı
Hollandiyaya çatdırması təşkil edir. Bir sözlə,
roman çağdaş dönəmdəki problemlərimizin
dünyada necə anlaşılması sarıdan təəssürat
yaradır".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 16 aprel.- S.14.