"Türkiyə- Azərbaycan
qardaşlığını heç bir qüvvə
sarsıda bilməz"
Millət vəkillərimiz birgə bəyanat yaydılar
Fəzail Ağamalı: "Qarabağ Azərbaycanla bərabər
Türk Dünyasının bir parçasıdır"
Qüdrət Həsənquliyev: "Azərbaycan
prezidentinin İstanbuldakı Mədəniyyətlər
İttifaqı Forumuna qatılmaması Türkiyəyə
demarşdan daha çox, Türkiyəyə təzyiq göstərən
ölkələrə qarşı yönəlmişdi"
Şükrü Elekdağ: "Türkiyənin sərhədləri
açması Ermənistanı mükafatlandırmaq olar, nəticədə
danışıqlarda Azərbaycanın mövqeyi zəifləyər"
Dünən Milli Məclisdə
"Azərbaycan-Türkiyə münasibətləri: ortaq
maraqlar və problemlər" mövzusunda forum keçirildi. Forum
Milli Məclisdə təmsil olunan BAXCP, AVP, BQP, Vətəndaş
Həmrəyliyi və Ədalət partiyalarının təşəbbüsüylə
gerçəkləşdi. YAP icraçı katibinin müavini
Mübariz Qurbanlı, parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu daimi komitəsinin sədri Əli
Hüseynov, Müsavat deputat qrupunun üzvləri də foruma gəlmişdilər.
Tədbirə Türkiyədən ana müxalifət
partiyası CHP-dən millət vəkilləri
Şükrü Elekdağ, Yılmaz Ateş, Şahin
Mendü, sabiq millət vəkili Yıcal Arpantaş, MHP-dən
millət vəkilləri Atilla Kaya, Turan Çirkin, Bülənd
Dindinsiz, Məhəmməd Azəri,
araşdırmaçı Aygün Attar
qatılmışdılar.
"Azərbaycan-Türkiyə dostluğu əbədidir"
Tədbirin
aparıcısı AVP sədri Fəzail Ağamalı dedi ki,
Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfərindən
sonra fərqli fikirlərə, türk mətbuatında fərqli
yazılara rast gəlinməyə başlanılıb. Azərbaycan
mətbuatında da araşdırmalar aparılıb. Problem
doğuran bir vəziyyət yarandığı
üçün Milli Məclisdə təmsil olunan 5 partiya belə
bir forumun keçirilməsi təşəbüsünü irəli
sürüblər. Məqsəd də Azrbaycan v Türkiyə
arasında problem yaradan xəttin qarşısını
almaqdır. Martın 16-da bu forumun keçirilməsi
üçün Türkiyədəki hakim AKP, o cümlədən
müxalifətdə olan CHP, MHP və DSP sədrlərinə
məktub ünvanlanıb. AVP sədri özü də
Türkiyədə olub, MHP başqanının
yardımçısı Atilla Kaya, CHP sədrinin müavini
Yılmaz Ateş, DSP təmsiçilərilə
görüşüb. Hər üç siyasi təşkilatların
nümayəndələri bu tədbirə müsbət
yanaşdıqlarını və başqanlarıyla müzakirələrdən
sonra son qərarın veriləcəyini söyləyiblər. Fəzail
Ağamalı AKP təmsilçilərilə iki dəfə
görüşüb. Birinci görüş aprelin 3-də
Türkiyədəki Azərbaycan səfirliyində Haluk İpəklə
olub. Haluk İpək Bakıdakı foruma
qatılacaqlarını dilə gətirib. İkinci
görüş AKP-dən seçilmiş millət vəkili,
parlamentdə Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri
Mustafa Kabakçı ilə hakim partiyanın qərargahında
baş tutub. O, Bakıdakı görüşə
qatılmaq arzularının olduğunu bildirib: "Yalnız
bu bazar ertəsi bizə bəlli olmayan səbəbdən
Bakıdakı görüşə qatılmayacaqlarını
söylədilər. CHP və MHP millət vəkilləri
buradadır, birlikdəyik. Biz Azərbaycan
torpaqları işğaldan azad edilmədən Ermənistanla sərhədlərin
açılmasının yolverilməz olduğunu bəyanlayan,
Bakıya nümayəndə heyəti göndərən CHP sədri
Dəniz Baykala və MHP başqanı Dövlət
Baxçalıya təşəkkür edirik. AKP-də də
fikrən bizimlə bərabər olan millət vəkilləri
var və onlar da Azərbaycanla Türkiyə arasında soyuqluq
yaranmasını istəmirlər. Azərbaycan-Türkiyə
dostluğu əbədidir, heç bir iqtidar münasibətlərə
xələl gətirə bilməz". Millət vəkilinin
sözlərinə görə, Türkiyə və Azərbaycan
dost və qardaş dövlətlər kimi həmişə
bir-birlərinin yanında olublar: "Atatürk "Azərbaycanın
kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir",
Heydər Əliyev "Azərbaycan və Türkiyə bir
millət, iki dövlətdir" deyib".
"Sərhədləri açsa, Türkiyənin
Rusiya və İrandan fərqi olmaz"
AVP sədri sovet
Rusiyasının, SSRİ-nin parçalanmasından sonra
Yeltsinin başında durduğu Rusiyanın, rus generallarının
köməyilə Azərbaycan torpaqlarının 20 faizinin
işğal olunduğunu xatırlatdı. Yəni Azərbaycan
tək Ermənistanla yox, Rusiyayla da savaşıb. Azərbaycan
Ermənistanın yanında yer alan İranla da savaşıb. Həm
də erməni lobbisinin səyilə xaricdəki böyük
qüvvələrlə mübarizə aparmalı olmuşuq. Azərbaycanın
yanında Türkiyə yer alıb: "Biz Rusiya və
İranla mehriban qonşuluq münasibətləri qurmağa
çalışırıq. Əgər sərhədləri
açsa, Türkiyənin Rusiya və İrandan fərqi olmaz.
Digər tərəfdən, Dağlıq Qarabağ problemi həllini
tapmayıb, ermənilər "soyqırım" və
Şərqi Anadoluya iddialarından əl çəkməyiblər,
Ağrı dağı Ermənistanın gerbində əksini
tapıb, sərhədlər niyə
açılmalıdır? Dağlıq Qarabağ Azərbaycana
qaytarılmayana qədər Qafqazda heç bir sabitlikdən
söhbət gedə bilməz". Fəzail Ağamalı
2007-ci ildən İsveçrənin Bern şəhərində
Türkiyə iqtidarı ilə Ermənistan arasında gizli
danışıqlar başlandığını, ancaq
danışıqlar paketində Dağlıq Qarabağ məsələsinin
unudulduğunu nəzərə çatdırdı: "Bu,
iqtidara gəlmək uğrunda bir mübarizə deyil, Vətən,
Torpaq uğrunda mücadilədir. Qarabağ Azərbaycanla bərabər
Türk Dünyasının bir parçasıdır. Bu
düşüncəylə forum keçirmək arzusunda
olmuşuq. Bu müzakirələrin Azərbaycan-Türkiyə
qardaşlığına töhvə verəcəyinə
inanırıq. Dəniz Baykal və Dövlət
Baxçalının ortaya qoyduğu mövqe türk
torpaqları uğrunda savaş, bölgədə sabitlik
uğrunda mübarizədir. Türkiyədə də belə
bir toplantı keçirilərsə, məmnuniyyətlə
qatılarıq".
"Ermənistan kimi problemli dövlətlə
münasibət qurula bilməz"
CHP nümayəndə
heyətinə rəhbərlik edən, uzun illər Türkiyənin
ABŞ-da səfiri olmuş Şükrü Elekdağ Azərbaycana
gəlməkdən, azərbaycanlı deputatlarla birgə
olmaqdan qurur duyduqlarını söylədi. Şükrü Ələkdağ
Türkiyənin Cənubi Qafqazda sabitlik istədiyini dedi. Ancaq
bu, mümkün deyil. Səbəb Ermənistanın Azərbaycan
torpaqlarını işğal altında saxlaması, 1 milyondan
çox insanın yurd-yuvasından qovulmasıdır. 1993-cü
ildə Türkiyənin Ermənistanla sərhədlərinin
bağlanmasının səbəbi Azərbaycan
torpaqlarının işğalı olub. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsində də Ermənistan
işğalçı kimi tanınıb. BMT Baş
Assambleyasında Ermənistanı işğal etdiyi torpaqlardan
çəkilməyə çağıran qətnamə qəbul
olunub. Avropa Şurası Parlament Assambleyası da belə qərarlar
çıxarıb. Amma Ermənistan bu qərarlara əməl
etmir: "Belə mənzərə qarşısında
Türkiyə nə edə bilər? Türkiyənin sərhədləri
açması Ermənistanı mükafatlandırmaq olar, nəticədə
danışıqlarda Azərbaycanın mövqeyi zəifləyər.
Türk xalqı Azərbaycan xalqını məmnun edəcək
çözüm tapılmayana qədər sərhədlərin
açılmasını istəmir. Türkiyədə əhalinin
95 faizi belə bir mövqedədir. Türk hökuməti də
bunu mütləq nəzərə alacaq".
Şükrü
Elekdağ Ermənistanın tək Azərbaycana deyil,
Türkiyə və Gürcüstana qarşı da torpaq
iddialarının olmasına diqqət çəkdi. Ermənistan
Türkiyənin sərhədlərini, Qars müqaviləsini
tanımır: "Müstəqilliyini elan edəndən sonra
Ermənistanı ilk tanıyan dövlətlərdən biri
Türkiyədir, yardım əlini də uzatdı. Sonra
Türkiyə dedi ki, sizi tanıdıq, diplomatik əlaqələrin
qurulması üçün sərhədlərimizi
tanıyın. Ermənistana Qars müqaviləsilə
bağlı bir kağız verdik. Ancaq onu qəbul etmədilər.
Ermənistanın Şərqi Anadoluyla bağlı
iddiaları var. 1995-ci ildə qəbul etdiyi Konstitusiyasında
bu, əksini tapıb. Gerbində Ağrı dağının
əksi var, "soyqırım" iddiaları irəli
sürür. Belə problemli dövlətlə münasibət
qurula bilməz. Ermənistanın beynəlxalq hüquqa riayət
etməsini istəyirik. Bunsuz Qafqazda barış, sabitlik ola
bilməz. Qərbi Avropa və ABŞ üçün
hüquq və ədalət öndə gəlməlidir".
"Türkiyəni Qafqazdan
sıxışdırıb çıxarmağa
çalışırlar"
BQP sədri Fazil
Mustafanın çıxışından məlum oldu ki, Milli
Məclisdə təmsil olunan 5 partiya Azərbaycan və
Türkiyə ictimaiyyətinə təqdim olunmaq
üçün birgə bəyanat layihəsi
hazırlayıb. Müzakirlərədə onun
razılaşdırılması və qəbulu nəzərdə
tutulub. Tarixin müxtəlif dönəmlərində bu iki
qardaşın bir-birinə yardımlar etdiyini söyləyən
Fazil Mustafa ortaq maraqlarla bağlı bu iki dövlətin vahid
mövqedən çıxış etməsini zəruri
sayır. Dünya dövlətlərinin Azərbaycan və
Türkiyəyə qərəzi, ikili standartlardan
yanaşmaları, Qarabağ məsələsi bu
sıradadır: "Bəzən Türkiyənin Suriya,
Bolqarıstan, Yunanıstan kimi dövlətlərlə
münasibətlərini
normallaşdırdığını, indi növbənin Ermənistana
çatdığını deyirlər. Ermənistanın həmin
dövlətlərlə müqayisəsini aparmaq
yanlışdır. Ermənistan kimi həmin dövlətlərin
də Türkiyəyə ərazi iddiaları olub, ancaq
onların heç birinin ermənilər kimi xarici dəstəkləri
yoxdur. ABŞ-ın 42 ştatında "soyqırım"
tanınıb. Sabah Türkiyə nüvə dövləti
olmaq istəsə, basqılara duruş gətirə biləcəkmi?
Türkiyə daha çox güzəştə gedir, bu taktika
dəyişməlidir. Məsələn, Barak Obama Türkiyədə
"Dağlıq Qarabağ problemi həll
olunmalıdır" deyəndə türk rəsmiləri deməliydilər
ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq
normaları çərçivəsində həllini
tapmalıdır".
BQP sədri hzırda
Türkiyədə "yaxşı, 5-3 il gözləyək,
Qarabağ problemini həll edin" kimi yanaşmaların sərgilənməsini
də yanlış sayır: "Bu, tək Azərbaycanla
bağlı deyil, böyük mənada Türkiyənin
Qafqazdan sıxışdırılıb
çıxarılması prosesidir. Bu cür üslübla hərəkət
edə bilmərik. Bu məsələdə birgə hərəkət
etməliyik. Kipr məsələsində Türkiyə
addım atdı, nəticəsini gördük. Təminat
aldıqdan sonra Türkiyə cəsarətli addım atarsa, Azərbaycan
dəstəkləyər".
"Tarixin fərqli çağlarında bu iki millət
bir-birinə dayaq olub"
MHP başqanının
müavini Atilla Kaya bir ildən artıqdır ki, Türkiyə
və Ermənistan arasında əlaqələrin
normallaşdırılması ilə bağlı aparılan
danışıqların Azərbaycan və Türk
xalqını narahat etdiyini dil gətirdi: "AKP-nin millət
vəkillərinin də burada olması, məsələyə
onların da münasibət bildirməsi yaxşı
olardı. Təssüf ki, burada deyillər".
Abdulla Gülün
İrəvana səfərinə MHP başqanı Dövlət
Baxçalının etirazını bildirdiyini xatırladan
Atilla Kaya o zaman bir millət vəkili kimi prezidentə məktub
ünvanladığını, Ermənistanın Türkiyə
və Azərbaycana yönəlik iddialarından əl çəkib-çəkmədiyini
souruşduğunu söylədi: "Azərbaycan torpaqları
işğal altında qaldığı, Türkiyəyə
yönəlik əsassız iddialar davam etdiyi halda Azərbaycan
və Türkiyə xalqı Ermənistanla münasibətlərin
normallaşdırılmasını qəbul etməyəcək".
O, tarixə də ekskursiya etdi: "Tarixin fərqli
çağlarında bu iki millət bir-birinə dayaq olub. Çanaqqalada,
Geliboluda azərbaycanlılar döyüşüb, şəhid
olublar. Azərbaycan da bolşevik-erməni
qırğınına məruz qalanda Nuru paşanın
başçılığıyla Qafqaz İslam Ordusu
yardıma gəlib".
Fəzail Ağamalı
"erməni soyqırımı"nı tanıyarsa,
Türkiyənin Avropa Birliyinə qəbul ediləcəyi
yönündə səslənən bəzən fikirlərin
yanlış olduğunu vurğuladı: "Ermənistanla sərhəd
açılsa belə, Türkiyə Avropa Birliyinə qəbul
edilməyəcək. Türkiyə türk dövlətlərinə
üz tutsa, bu, həm Türkiyənin, həm də türk
xalqlarının maraqlarına uyğun olar".
"Gələcəyimiz Türk Birliyindən
asılıdır"
Türk Dövlətləri
Parlament Assambleyası 16 il əvvəl yaradılsaydı, belə
problemlə üzləşməyəcəyimizdən əmin
olan VHP sədri Sabir Rüstəmxanlı Ermənistan adlı
dövlətin Türkiyə və Azərbaycanı, Türk
dünyasını ayırmaq üçün
yaradıldığını vurğuladı. Qərb Şərqi
Anadolu və Cavaxetiya hesabına Ermənistan dövlətinin
böyüməsini istəyir: "İndi də məqsəd
Türkiyəni xəyanətə cəlb etmək, Azərbaycanla
Türkiyənin arasını vurmaqdır. Tarixdə dəfələrlə
bir-birlərinin qarını tökmüş Avropa xalqları
Avropa Birliyini yaradır, biz belə birlik yarada bilmirik? Biz istəyirik
ki, Türkiyəni xarici dairələr idarə etməsin,
müstəqil, güclü olsun. Bu gün Türkiyənin
dünyəvi dövlət quruluşunu dəyişməyə
yönəlik cəhdlər gələcəkdə Azərbaycan
üçün də problemlər yaradacaq. Gələcəyimiz
Türk Birliyindən asılıdır. Türkiyə və
Azərbaycan ayrı-ayrılıqda yaşaya bilər, amma
güclü ola bilməzlər".
Araşdırmaçı
Aygün Attar aprelin 16-da xarici işlər naziri Əli
Babacanın İrəvanda olacağını nəzərə
çatdırdı: "Serj Sərkisyan əvvəlcə
aprelin 16-da sərhədlərin açılacağını
söyləyirdi. İndi oktyabrda sərhədlərin
açılacağını bildirir. Nə ABŞ-ı, nə
də Rusiyanı sevindirən addım atmamalıyıq".
"Sərhədlər açılsa, qısa
müddətdən sonra Cavaxetiyada ermənilər ayağa
qalxacaqlar"
BAXCP sədri, millət
vəkili Qüdrət Həsənquliyev dedi ki, biz doğrudan
da bir millətik. Bir millətin iki dövləti olaraq əgər
bir-birimizin yürütdüyü siyasətdə hansısa məqamda
rahatsızlıq duyacağıqsa, gərək qardaş olaraq
çəkinməyək və bunları bir-birimizə
söyləyək: "Biz son zamanlar Türkiyənin Ermənistanla
əlaqələrin qurulmasıyla bağlı
yürütdüyü siyasətdən çox
rahatsızıq. Qarabağla bağlı məsələ həll
olunandan sonra sərhədlərin açılacağı ilə
bağlı tələb artıq ortadan
götürülmüşdü. Azərbaycanda siyasi və
ictimai şəxslər buna qarşı çıxdılar.
Amma Azərbaycanda bir kəs Türkiyənin bir siyasi nümayəndəsinə
qarşı, nə hörmətli Abdulla Gül, nə də
baş nazir Rəcəb Tayyib Ərdoğan haqqında bir təhqiramiz
fikir söyləmədi. Sadəcə, dedik ki, sərhədlərin
açılması iki qardaş arasında münasibətləri
gərginləşdirər, pozar və düşmənləri
sevindirər. Həm də nəinki Qafqazda problemləri
çözər, əksinə, yeni problemlər yaradar".
BAXCP sədri bildirdi ki,
Türkiyə və Ermənistan arasında sərhədlər
açılsa, qısa müddətdən sonra Cavaxetiyada ermənilər
ayağa qalxacaqlar. Yeni bir münaqişə ocağı
yaranacaq, nəticədə Türkiyə və Azərbaycanın
əlaqələri kəsiləcək. Azərbaycan hazırda
Türkiyə ilə Gürcüstan üzərindən əlaqə
qurur. Cavaxetiyada ruslar Gürcüstanı parçalamaq, bir
dövlət kimi silmək üçün erməniləri
ona görə ayağa qaldıra bilmirlər ki, Rusiyanın
Ermənistana bütün yükləri Gürcüstan üzərindən
daşınır: "Azərbaycan prezidenti İlham Əliyevin
bir demarşı oldu, İstanbuldakı Mədəniyyətlər
İttifaqı Forumuna qatılmadı. Çox təəssüf
ki, Türkiyədə bir qrup siyasətçi kimi bunu pis
qarşılayıb, Türkiyəyə qarşı addım
kimi qiymətləndirdilər. Amma mən hesab edirəm ki, Azərbaycan
prezidentinin İstanbuldakı Mədəniyyətlər
İttifaqı Forumuna qatılmaması Türkiyəyə
demarşdan daha çox Türkiyəyə təzyiq edən
ölkələrə qarşı yönəlmişdi. Başqa
vaxtlar da bu demarş edilə bilərdi. Ancaq bu, məhz Barak
Obamanın Türkiyəyə səfəri zamanı edildi. Dünyanın
gözü Türkiyəyə yönəlmişdi. Prezidentimizin
demarşı da dünyanın diqqətini Qarabağ probleminə
yönəltmiş oldu. Amma nə baş verir? Türkiyədə
prezidetimiz təhqir olunur, mətbuatda Azərbaycan xalqı təhqir
olunur. Biz buna üzülürük, bunlar olmamalıdır.
Bir-birimizlə açıq danışmalıyıq".
"Futbol matçına dostlarla birgə baxarlar"
BAXCP sədri
xatırlatdı ki, Abdulla Gül İrəvana gedəndə
Azərbaycanda ilk etiraz edənlərdən biri o olub:
"Görəndə ki, düşmən bir dövlətin
başçısıyla Türkiyə prezidenti bir tribunada əyləşib
futbola baxır, birgə danışıb- gülürlər,
bu, bizi üzürdü. Amma o zaman mən Türkiyədə
bu səfərə etiraz edən CHP və MHP sədrlərinə
təşəkkür məktubları göndərdim. İnsanlarımız
heç olmasa təsəlli tapdılar ki, Azərbaycandakı
kimi Türkiyədə də bu "futbol
diplomatiyasını" istəməyən insanlar var. Biz
qardaşıqsa, gərək açıq danışaq, səhv
saydığımız siyasətə etiraz edə bilək. Çox
təəssüf ki, bəziləri bundan dərhal qəzəblənir.
Bizə deyirlər ki, bu siyasəti dəyişmək
lazımdır, 16 ildir ki, bu problemi həll edə bilmədiniz.
Bu problemi tək biz yox, Türkiyə də həll edə
bilmir. Biz birlikdə 16 ildir ki, problemi həll etmək istəyirik.
Azərbaycan parlamentində də belə
düşününlər var. O halda mən soruşuram:
Türkiyənin PKK problemi də var, həll edə bilmirsiniz. O
zaman biz PKK ilə danışmalıyıq. Yaxud PKK-nın Anadolumuzda
Kürdüstan yaratmasıyla razılaşmalıyıq? Əslində
PKK nə istəyir? Türkiyəni parçalayıb
Kürdüstan qurmaq. Burada da ermənilər Azərbaycan ərazilərinin
bir hissəsini işğal edib, orada qondarma erməni dövləti
qurmaq istəyirlər. Azərbaycan PKK ilə əlaqələr
qursa, bu, Türkiyədəki qardaşlarımızı nə
qədər üzərsə, eynilə də Azərbaycan
Türkiyə- Ermənistan danışıqlarından
üzülür. Biz də Dağlıq Qarabağ problemini
çözmək üçün danışıqlar
aparırıq. Amma futbol matçını dostlarla birgə
seyr edərlər. Bu cür düşünürük və
çəkinmədən söyləyirik. Türkiyə
demokratik cümhuriyyətdir, oradakı insanlar da demokratik, tənqidə
dözümlüdürlər. Xüsusən də qardaş tənqidini
gərək qardaş kimi də qəbul edələr. Daha
bundan qeyzlənib qardaş dövlətin xalqını və
siyasilərini təhqir etməyələr".
"Türkiyə qəbul etsə, bir millət olaraq
sınacaq"
BAXCP sədri millət vəkili
kimi NATO Parlament Assambleyasında Azərbaycanı təmsil
etdiyini xatırlatdı: "Orada dünyanın müxtəlif
ölkələrindən olan millət vəkilləriylə
söhbət edirik. Onların heç birinin Trükiyəni
Avropa Birliyinə qəbul etmək fikri yoxdur. Bu, birmənalı
şəkildə belədir. Bəlkə də Türkiyənin
əhalisi 5-6 milyon olsaydı, qəbul edərdilər. 70
milyonluq Türkiyəni Avropa Birliyinə üzv qəbul etməycəəklər,
bunu açıq deyirlər. Türk siyasətçiləri
Türkiyənin problemlərinin həllini Avropa Birliyinə
üzvlükdə görürlər. Hesab edirlər ki,
Türkiyənin çözməli olduğu problemləri
Avropa Birliyi çözəcək. Avropanın ən
inkişaf etmiş ölkələrindən Norveç və
İsveçrə Avropa Birliyinə üzv deyillər. İki
dəfə referendum keçirilib üzvlükdən imtina
ediblər. Üzvlük üçün Türkiyədən
"soyqırım"ı tanımağı tələb
edirlər. Elə bir şərt qoyulub ki, Türkiyə bu
saxta iddianı qəbul etsə, bir millət olaraq sınacaq. Sənin
ata-babalarına "insan cildinə girmiş vəhşi"
deyirlər, amma türklər Ermənistanda konsert verməli,
futbol matçı izləməlidir. Elə şərt
qoyurlar ki, Türkiyə bunu qəbul etməsin. Özünə
hörmət edən xalq bununla razılaşa bilməz".
"Böyük dövlətlərə Cənubi
Qafqazda güclü Türkiyə lazım deyil"
Qüdrət Həsənquliyev
ABŞ-ın II Dünya Müharibəsi dövründə
törətdiklərinə diqqət çəkdi. Bütün
yaponları Amerikanın hər yerindən Arizonanın qumluq səhralarına
toplayıblar. Yaponlar yalnız müharibədən bir
neçə il sonra geri qayıda bilib, çoxu həmin səhralarda
ölüblər: "ABŞ yapon xalqına qarşı
soyqırım törədib, insanlıq əleyhinə ən
ağır cinayətə əl atıb, körpələrin,
qadınların başına atom silahı atıb. Bu atom
silahını Xirosima və Naqasakidəki əsgərlərə
qarşı tətbiq etməyib. Bizə təzyiq olanda biz buna
cavab verməliyik. Neçə illərdir ki, beynəlxalq təşkilatlar,
dövlətlər Azərbaycana təzyiqlər göstərir.
Azərbaycan Türkiyədən çox-çox kiçik
ölkədir, bu təzyiqlərə necə davam gətirir? Böyük
Türkiyə necə olur ki, Avropa Birliyinin, ABŞ-ın təzyiqlərinə
davam gətirmir. Ermənistan 70 il SSRİ-nin tərkibində
olub. Erməni xalqı kosmosa getməmişdi ki? Niyə Avropa
Birliyinin, ABŞ-ın yadına "soyqırım"
düşmürdü, tanımırdılar? Bu gün onlara Cənubi
Qafqazda güclü Türkiyə lazım deyil. Onlara hər
zaman Türkiyənin problemləriylə çabalaması,
mütttəfiq, qardaş dövlətlərlə problemlər
yaşaması lazımdır. Niyə Türkiyə PKK
problemini həll edə bilmir? Çünki həmin
böyük dövlətlər PKK-ya dəstək verirlər.
Artıq PKK-nı dəstəkləyən insanlar
Türkiyə Böyük Millət Məclisinə gəlib
çıxıblar. PKK-nı dəstəkləyənlər
İstanbulun küçələrində yürüş keçirirlər.
Çox təəssüf edirəm ki, AKP-çi millət vəkilləri
dəvətimizi qəbul edib bu görüşə gəlmədi.
Çox istərdik ki, Türkiyə dövlətini,
xalqını təmsil edən bir siyasi qüvvə ilə
bu problemi müzakirə edək".
Daha sonra Yılmaz Atəş,
Mübariz Qurbanlı çıxış etdilər və Azərbaycan
torpaqları işğaldan azad edilmədən Ermənistanla sərhədlərin
açılmasının yolverilməz olduğunu dilə gətirdilər.
Müzakirələrdən sonra birgə bəyanat qəbul
edildi.
Birgə bəyanat
Bəyanatda
yazılır ki, forumda iştirak edən Milli Məclisdə təmsil
olunan partiyaların, TBMM-də təmsil olunan CHP, MHP-nin səlahiyyətli
nümayəndələri son vaxtlar iki ölkə ictimaiyyətini
narahat edən məsələlər ətrafında səmərəli
müzakirə aparmış, ölkələrimiz və
xalqlarımızın ortaq maraqlarının birdaha dəqiqləşdirilməsi
və mövcud problemlərin həlli yollarının
tapılması istiqamətində görüşlərini hərtərəfli
paylaşıb. Forumda bir daha təsdiq olunub ki, Türkiyə və
Azərbaycanı bir-birinə bağlayan tarixi milli, dini,
iqtisadi əlaqələr zamanın sınağından
çıxıb, davamlı və sabit xarakter
daşımaqdadır. İndiyədək hər iki dövlətin
maraqları, beynəlxalq arenada davranışları əsas
etibarilə bir-birini tamamlamış və ortaq məzmunda təqdim
olunub. Bu, xüsusilə, 1992-ci ildən başlayaraq, ərazisinin
20 faizi işğal olunmuş, bir miyona yaxın vətəndaş
doğma ocağından qovulmuş Azərbaycanın haqlı
davasını beynəlxalq platformada Türkiyənin dəstəkləməsi,
Azərbaycana hərbi, siyasi yardım göstərməsi kimi
fəaliyyətlərdə hər zaman öz təsdiqi
tapıb. Bununla belə son vaxtlar Türkiyə Ermənistan
arasında aparılan danışıqların intensiv xarakter
alması, Ermənistanla diplomatik münasibətlərin
qurulması və 1993-cü ildən bəri bağlı olan sərhədlərin
açılması mövzusunda spekuliyasiyaların genişlənməsi
haqlı olaraq Türkiyə və Azərbaycan ictimaiyyətində
ciddi narahatçılıqlar doğurub. Bəzi KİV
orqanlarında yaxın günlərdə Türkiyənin Ermənistanla
diplomatik münasibətlər qurmaq və dövlət sərhədlərini
açmaq niyyəti barədə məlumatların
yayılması istər siyasi, istərsə də cəmiyyətin
digər çevrələrində geniş müzakirələrə
səbəb olub: "Sevindirici hal odur ki, bu kimi məlumatların
yayılmasına baxmayaraq, Qarabağ məsələsi beynəlxalq
hüquq prinsiplərinə uyğun olaraq, həll edilməyincə
Ermənistanla münasibət qurmağın
mümkünsüzlüyü barədə Azərbaycan və
Türkiyə cəmiyyətləri birmənalı, qətiyyətli
mövqe nümayiş etdirdi. Hər iki ölkənin rəsmilərinin
də bu mövqeyi sevindirici haldır".
Bəyanatda qeyd olunur ki,
forum iştirakçıları bir daha Türkiyə və Azərbaycanın
bundan sonra da Dağlıq Qarabağ, "erməni
soyqırımı", PKK terroru, Şimali Kipr kimi məsələlərdə
ortaq mövqedən çıxış etməsinin məqsəduyğunluğunu
vacib sayır. Bəzi qüvvələrin Türkiyə- Azərbaycan
münasibətlərinin səmimiliyinə kölgə
salınmasına yönələn fəaliyyətlərinə
qarşı prinsipial və ortaq mövqe nümayiş etdirməyi
də zəruri sayır: "Eyni zamanda qarşıya
çıxan problemlərin həllində hər iki dövlətin
səlahiyyətli orqanlarının, partiyalarının,
qeyri-hökumət təşkilatlarının davamlı məsləhətləşmələr
aparmasını, birgə toplantıların, keçirilməsini
faydalı sayır.
Forumda iştirak edən
partiyaların səlahiyyətli nümayəndələri bir
daha bəyanlayırıq ki, Türkiyə və Azərbaycan
arasında qardaşlıq münasibətlərini heç bir
qüvvə və heç bir hadisə sarsıda bilməz. Hər
iki dövlətin xalqları ortaq tarixdən gələcəyə
doğru inamla addımlayacaqlar".
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 16 aprel.- S.3.