Güney Azərbaycan türklərinə qarşı təzyiqlər şiddətlənib

 

ADAPP 2009-cu ilin martında vətənimizin cənubunda baş verənlərlə əlaqədar hesabat yayıb

 

 

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) növbəti aylıq hesabatını açıqlayıb. ADAPP-dan verilən məlumata görə, sənəddə 2009-cu ilin martında Güney Azərbaycanda cərəyan edən hadisələrdən söhbət açılır. Hesabatda bildirilir ki, İranda Azərbaycan türklərinin insan hüquqlarının pozulması genişlənib Novruz Bayramında dövlət idarələri məhkəmələrin tətillərinə baxmayaraq təzyiqlərin şiddəti azalmayıb.

Belə ki, azərbaycanlılar əsassız olaraq tutulur, barələrindəki ittihamlar açıqlanmadan və vəkil tutmaq haqlarından məhrum şəkildə nəzarətdə saxlanılır. "Ettelaat" həbs olunan soydaşlarımıza şiddətli işgəncələr verərək onlara əsassız ittihamları qəbul etdirir və nəticədə milli fəallara ağır hökmlər verilir.

2009-cu il fevralın 5-də öz mənzilində tutulan milli fəal Ramin Sadiqi hələ də "Ettelaat"ın Ərdəbil şəhərindəki təcridxanasında saxlanılır. Soydaşımız şiddətli fiziki və psixoloji işgəncələrə məruz qalır. Müstəntiqlərin Ramin Sadiqi və qardaşı Məhəmməd Sadiqini bir neçə gün ərzində tək ayaqlarından tavana asdıqları, əsassız cinayət ssenarilərini qəbul etdirərək etiraf almaq məqsədilə məhbusu müvəqqəti saxlanma otaqlarında tutduqları, "Çərxifələk" adlı işgəncə alətini tətbiq etdikləri, bədəninin həssas yerlərinə elektrik şoku verdikləri, şiddətlə döydükləri və şallaqladıqları, uzun muddət yuxusuz saxladıqları və təhqir etməklə əziyyət verdikləri bildirilir. Hətta Ramin və Məhəmməd Sadiqi şiddətli fiziki və psixoloji işgəncələr altında əsassız ittihamları etiraf etməyə məcbur qalıblar. Ancaq Ramin Sadiqi Ərdəbil Məhkəməsində işgəncə altında verdiyi etirafları rədd edib. Nəticədə hakim soydaşımızın təkrar "Ettelaat"ın Ərdəbil şəhərindəki təcridxanasına geri qaytarılmasına qərar verib.

Rəşt İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Mustafavi azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədiyə 1 il və Rəşt Universitetinin "İnşaat mühəndisliyi" ixtisası üzrə tələbəsi Hüseyn Rəhimiyə 6 ay həbs cəzası verib. Son iclası fevralın 28-də vəkilsiz və qapalı olaraq keçirilən məhkəmədə milli fallar "milliyyətçilik" və "rejim əleyhinə təbliğat" ittihamlarıyla mühakimə olunubar. Bundan əlavə, Təbriz şəhərində Şərqi Azərbaycan əyaləti Apellyasiya Məhkəməsi milli fəal İrəc Huseyniyə 2 il şərti həbs cəzası kəsib. Halbuki Təbriz Cəza Məhkəməsinin 11-ci şöbəsi "asayişi pozmaq və qanunsuz nümayişlərə qatılmaq" ittihamıyla soydaşımız barəsində 4 ay həbs və 30 şallaq cəzası çıxarmışdı. Eyni zamanda Ərdəbil əyalətinə bağlı Meşkin İnqilab Məhkəməsi milli fəal Beytullah Berzəgərə 5 ay şərti həbs cəzası verib. "CD və bildirişlər yayaraq rejim əleyhinə təbliğat və milliyyətçilik etmək" ittihamıyla mühakimə olunan soydaşımızın məhkəmə prosesi vəkilsiz və qapalı keçirilib. 16 yaşlı məktəbli İbrahim Nuri Əhər İnqilab Məhkəməsinin birinci şöbəsinə çağırılıb. Məhkəmənin göndərdiyi çağırışda onun martın 25-də Əhər İnqilab Məhkəməsində olması istənilib. Hakim isə milli fəala prosesin aprelin 4-də keçiriləcəyini deyib.

Son illərdə azərbaycanlı tələbələr bir çox təzyiqlərlə qarşılaşır, hətta intizam komitələrinə çağırılaraq təhsil hüququndan məhrum edilirlər. İran Elmlər Nazirliyində universitetlər miqyasında fəal azərbaycanlı tələbələrin siyahısının tutulduğu və bu tələbələrin magistr təhsili almalarının əngəlləndiyi bildirilir. Belə ki, Tehran Universitetinin tələbəsi Qədir Qiyaninin müraciəti rədd edilib. Milli fəal 2009-cu ildə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistraturanı qazanmasına baxmayaraq, universitetdə qeydiyyatdan keçməsinə maneə törədilib. İran Elmlər Nazirliyindən ona mədəni fəaliyyətlərindən dolayı "qara siyaoı"ya salındımı və magistr təhsili almasına əngəl törədildiyi deyilib.

Son aylarda Güney Azərbaycanın şəhərlərində adları türkcə olan məkanlara qarşı məhdudiyyətlər artır və onların əksəriyyəti xəbərdarlıqdan sonra bağlanır. Martın 19-da Ərdəbil əyalətinin Təmin Şurası Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisaniyə dükanının türkcə adının dəyişdirilməsi mövzusunda xəbərdarlıq məktubu göndərib. Ona martın 21-dək mağazanın adının dəyişdirilməyəcəyi təqdirdə, dükanın qapadılacağı bildirilib. Abbas Lisaninin sahibi olduğu dükan adını "Koroğlu dastanı"nın Azərbaycan nüsxəsindəki "Çənlibel" qalasından götürür. Qərbi Azərbaycan əyalətinin Nəqədə (Sulduz) şəhərində də türkcə adı olan mağaza və dükanlar qapadılır. Son olaraq Afşin Poyəndənin sahibi olduğu gözəllik salonu bağlanıb və dükanın fəaliyyət göstərməsinə verilən icazə ləğv edilib. Eyni şəhərdə Azərbaycan musiqisinə qulaq asan bir çox taksi sürücülərinin sürücülük vəsiqələri ləğv olunub.

Təbrizdə tanınmış musiqiçi Həsən Dəmirçinin rəhbəri olduğu "Azərbaycan" musiqi məktəbi 2009-cu il martın 11-də qapadılıb. Məktəb 12 müəllim və 180 tələbəsilə Təbrizdəki Azərbaycan musiqi mərkəzlərindən biri olub, son illərdə Güney Azərbaycanın bir çox şəhərində və xaricdə müxtəlif konsertlər verib.

Urmiya Azad Universitetində Əmir Qəhrəmaninin rəhbərliyi altında Azərbaycan türkcəsi və farsca nəşrə hazırlanan "Yağış" jurnalı ilk sayı dərc olunmadan universitetin Mədəniyyət Şurası tərəfindan qapadılıb. Qurum daha əvvəl universitetdə eyni adda başqa bir tələbə jurnalının yayımının "Pantürkizm (Türkçülük) fəaliyyəti" səbəbilə dayandırılmasını əsas göstərərək dərgini bağlayıb. Ümumiyyətlə, son illərdə İran universitetlərində mədəni fəaliyyətlərə müxtəlif əngəllər törədilir. Belə ki, redaktorlar nəşrdən öncə hazırlanan yazıları universitet səlahiyyətlilərinə verərək təsdiqlətmək məcburiyyətindədirlər. Halbuki Universitetlərin Tələbə Dərgilərinə Nəzarət Şurasının bildirişlərində heç bir rəsmi və ya sivil strukturun, tələbə dərgilərində çıxacaq yazı və sənədləri yoxlamağa və senzura qoymağa haqqı olmadığı qeyd edilib.                

 

 

Turqut

 

Xalq Cəbhəsi.- 2009.- 16 aprel.- S.6.