Saxlayın bu oyunu

 

Anti Azərbaycan kampaniyasını dayandırın

 

Türkiyə-Ermənistan sərhədlərinin açılmasıyla bağlı məsələnin AKR iqtidarı və mediası tərəfindən yenidən və əvvəlkilərdən daha qabarıq şəkildə gündəmə gətirilməsi əsəblərimizi sonunadək tarıma çəkdi. Hazırda Türkiyə və Azərbaycan türklərinin vahid mövqeyi, haqlı təpkiləri nəticəsində sərhədlərin açılmasıyla bağlı məsələ arxa plana keçsə də, qardaşı qardaşa qarşı qoyacaq, yalnız və yalnız düşmənləri sevindirəcək təhlükə hələ də tamamilə sovuşmayıb. İnşallah Türk milləti olaraq bütün gerçəyə çevrilmək ehtimalı olan şübhələrə qalib gələrik...

Azərbaycan mətbuatı, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və demək olar ki, bütün vətəndaşlarımız türkiyəli soydaşlarıyla birgə Ermənistanla sərhədlərin açılmasıyla bağlı yanlış bir addımın gerçəkləşdirilməsinə imkan vermədilər. Hələlik...

Sərhəd məsələsinin son günlərin ən aktual mövzusuna çevrilməsi, baş verənlər və gözlənilənlər ətrafında geniş müzakirələrin aparılması zənnimcə təbii qəbul olunmalıdır. Çünki Azərbaycan üçün işğal altında olan ərazilərinin azad edilməsindən, təcavüzkarın geriyə oturdulması üçün atılan və atılacaq addımlardan önəmli heç bir məsələ yoxdur. Elə Türkiyə üçün də... Hər halda biz belə düşünürük. Bu həm bir millət olduğumuzdan, həm də hər iki dövlətin maraqlarından qaynaqlanan prinsipdir: Qarabağ problemi çözülmədən, Azərbaycan ərazilər işğaldan azad edilmədən, dünyanı bürüyən erməni yalanına son qoyulmadan bölgədə sabitliyin bərpası mümkün olmayacaq. Bu hər kəsin anlaya biləcəyi sadə bir həqiqətdir. Türkiyə sabitlik istəyir, elə Azərbaycanda. Ancaq işğala son qoyulmadan, təcavüzkar susdurulmadan, bölgəni öz geosiyasi maraqlarının girovuna çevrilən güclər neytrallaşdırılmadan sabitlik əldə edilməz ki?

Bəzi qüvvələrin bu qədər bəsit bir sualın cavabını İrəvanda "axtarmaları" isə sadəcə təəccüb doğurur.

...Azərbaycanda və Türkiyədə sərhədlərin açılmasıyla bağlı bir müddət tutarlı şəkildə təkzib olunmayan məlumatlara müdhiş bir təpki göstərildi. Fərqli yanaşanlar da oldu. Məsələn, Azərbaycanda başlayan ictimai müqaviməti antiTürkiyə kampaniyası kimi qələmə verənlər də tapıldı. Türkiyədə qondarma "Ergenekon" ittihamlarının növbəti dalğasına rəvac verildi...

Bununla yanaşı, Azərbaycanda Türkiyənin və qardaş türk xalqının ünvanına bircə kəlmə də nalayiq ifadələr səsləndirilmədi. Şübhələr, ittihamlar yalnız hədəfə yönləndirildi və təbii ki, etik normalar pozulmadan...

Doğrusu, bu mövzunu özüm üçün birdəfəlik qapatmaq istəyirdim. Təəssüf ki, qardaş ölkənin mediasında erməni xislətli birilərinin iftiraları məni könlümcə olmayan bir məsələyə yenidən qayıtmağa vadar etdi:

Türkiyədə yayımlanan "Yeni Əsir" qəzetinin yazarı Hüseyn Qarabıyık adlı birisi öz rəzil cızmaqarasıyla nəinki Ermənistanın, hətta bütün sadə etik normalarının sərhədlərinin ötüb keçib. Əgər "Onurğasız azərilərə həddini bildirin" adlı yazı qardaş ölkənin müxtəlif internet portallarında yayımlanmasaydı, bəlkə də "lənət şeytana" deyib üstündən keçərdim. Sanki kimlərsə bu şərəfsiz cızmaqaradan həzz alırmış kimi Azərbaycan türklərini təhqir edən məqaləni ən azı 50-yə yaxın internet portalında yerləşdirib. Hələ bu sıraya internet forumları əlavə etmirəm.

Karabıyık (qarabığ-red.) hesab edir ki, biz azərbaycanlılar onurğasızıq, yəni sümüyümüz, dayanıqlılığımız yoxdur, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində azacıq da olsa qeyrət göstərmirik. İşimiz-gücümüz Türkiyəyə qarşı naz eləməkdir. Heç şübhəsiz ki, hansısa şərəfsizə görə qan qardaşlarımın ünvanına qəzəblənmək niyyətində deyiləm. Nə zamansa bu Hüseyn Karabıyıkın cəzasını bir türk kişisi kimi verəcəyim günü səbirsizliklə gözləyəcəyəm. Ümid edirəm, Tanrı və onun Vətən yolunda canından keçməyə hazır olan bəndələri mənə belə bir imkanı yaradacaqlar.

Təəssüf ki, bu rəzil yazının forumlarda müzakirəsi zamanı Karabıyık kimi düşünənlərin sayının heç də az olmadığı gördüm.

Bizə "onurğasız" deyirlər... Bir qondarma erməni soyqırımı iddiaları qarşısında aciz qalanlar, qosqoca Türkiyənin təməl sütunlarına xurafat baltası vuranlar, PKK-nı Türkiyə Böyük Millət Məclisinə gətirənlər... Bizə "onurğasız" deyirlər. Adam Ermənistanın Rusiyanın forpostu olduğunu, Kreml tərəfindən işğal edildiyini yazır, sonra isə bizim torpaqlarımızın azad edilməsi üçün qeyrət göstərmədiyimizi iddia edir. 30 min şəhid vermişik Qarabağ savaşında! 30 min soydaşımızı isə Türkiyədə PKK terrorçuları qətlə yetirib. PKK-nın dövləti yoxdur, ancaq ermənilərin "forpost" adlandırılsa da belə beynəlxalq hüququn subyekti olan, böyük güclər tərəfindən müdafiə edilən bir dövlətiləri var. Qarabağ savaşında biz ermənilərə qarşı deyil, bütün dünyanı dizə çökürən Sovet İmperiyasının varisinə - Rusiyaya qarşı vuruşurduq. İndi də bu savaş yenidən başlayarsa qarşımızdakı gözlə görünən düşmən Ermənistan, pərdə arxasındakılar isə nəhəng güclər olacaq. Həmin güclər ki, vaxtilə Türkiyə hökuməti onlardan çəkinərək Azərbaycanın Kəlbəcər rayonundan qaçqınların çıxarılması üçün iki sərnişin təyyarəsinin ayrılmasına cəsarət etməmişdi. Nədən PKK-nı diz çökdürmək olmur? Nə deyirsiniz, indi bizdə əlini Azərbaycan türklərinin qanına boyayanları parlamentə daşıyaq?

Hüseyn Karabıyık Bakının inanılmaz dərəcədə İzmirə bənzədiyini, ancaq inkişaf baxımından öz "oxşar"ını dəfələrlə üstələdiyini bildirir. Sonra isə Azərbaycandakı korrupsiyadan və rüşvətxorluqdan söz açır. Çox əcəb! Əgər Hüseyn Qarabıyık kimilərin Türkiyəsində korrupsiya və rüşvətxoluq yoxdursa, o zaman İzmiri də Bakı qədər inkişaf etdirin...

Biz torpaqlarımızı özümüz azad edəcəyik. Buna hər kəs əmin olsun. Nəinki öz torpaqlarımızın, hətta qardaş bildiklərimizin belə təəssübünü çəkmək iqtidarındayıq.

Az qala unutmuşdum, Hüseyn Karabıq Azərilərin, yəni, Azərbaycan trüklərinin onların dilində danışdığını yazır: "Bizim bilimizi konuşur Azərilər". Bizmi Sizin dilinizi konuşuruk, kafasız gədə? Tariximi oxumadın? Azərbaycanda sənin "azəri" dediklərin rəsmi sənədlərdə türk adlandırılanda, fars və ərəb kəlmələrini türkcəyə calaq edən kəslər özlərini "osmanlı" deyə çağırırdılar. Böyüklərindən soruş, onlar daha yaxşısını anladarlar.

Bu rəzalət dolu yazıların arxasında kimlərin dayandığını bilmirəm və bilmək də istəmirəm. Sadəcə, saxlayın bu oyunu! Bir kimsə millətimin və Vətənimin ünvanına söylənməsin. Ermənistanla qapıları açırsınız, açın, öz işinizdir, ancaq qapayın çənənizi. Pis qoxuyur...

P.S. Azərbaycan türkləri sözün bütün mənalarında "bir millət, iki dövlət" deyiminin üzərində kökləniblər. Bizim üçün Türkiyə, Azərbaycan ayrımçılığı yoxdur. İçimizdə bir Vətən var! Bütöv və bölünməz! Sərhədlərin açılmasına etiraz da məhz bu düşüncədən qaynaqlanırdı.

Məgər insan öz qardaşına ürəyindən keçənləri, narazılıqları, yanlışlıqları diplomatik kəlmələrlə deyir? Yox! O səbəbdən də açıq danışdıq, türk kişisi kimi!Hüseyn Karabıyıksa soyadından "bıyık" sözünü elə indidən çıxartsaydı, yaxşı olardı. Daha bizə zəhmət verməzdi...

 

 

Elçin Mirzəbəyli

 

Xalq Cəbhəsi.- 2009.- 16 aprel.- S.7.