"Kənardan gələnlərin hamısını oğuzlar özündə əridib"

 

        Bu fikrin müəllifi olan mərhum Mürsəl Həkimov Azərbaycan ruhu, folkloru, aşıq sənəti ilə nəfəs alırdı...

 

Tanınmış alim, professor Mürsəl Həkimovun vəfatından 3 il ötdü. O, özündə fitrətən qədim türklərə xas olan xüsusiyyətlər daşıyırdı. Qədim oğuz türkləri sayağı orta boylu, kök, dolu sifətli bir türk kişisi idi. Əslini, şəcərəsini dəqiq öyrənmişdi - Həkimlilər nəslinin bir neçə yüzillik şəcərə tarixini araşdırmışdı. Başqa millətlərdə bu cəhət ənənə halını alsa da, təəssüf ki, türklərdə şəcərə tarixini araşdırmaq, özündən sonrakı nəsillərə görk edərək qoyub getmək hələ geniş şəkil almayıb. Onun xüsusən son illərdə narahatlığını başa düşmək olardı. İnsan ömrünün müəyyən bir vədəsində ölümün qarşısıalınmazlığını daha aydın dərk edir, mümkün qədər çox işlər görməyə çalışır. O, həmişə təəssüflənirdi ki, bizim dövrümüzdə əl-qolumuzu demək olar, bağladılar, xalq ədəbiyyatını ürəyimiz istəyən səviyyədə araşdırmağa imkan vermədilər. Nə qədər qəribə səslənsə də, elə hey arzulayırdı ki, "möcüzə baş verəydi, gənc yaşlarımda olaydım, xalq ədəbiyyatını, folkloru indiki ağlımla, həvəsimlə araşdıraydım". Son günlərində yaxınlaşmaqda olan ölümün kədəri onun sifətində hiss olunmağa başlayırdı. Amma qəribədir ki, Mürsəl müəllim son bir ayda əvvəlkindən də inadlı və inamlı görünürdü. Ölümündən bir gün əvvəl görüşmüşdük. Nəsə, deyəsən, ürəyinə dammışdı, bir xeyli oturdu, xatirələrini bölüşdü. Xüsusilə son günlər ölümdən çox danışırdı. Amma bununla belə ölümə daim dov gəlirdi. İnsanlara münasibətində oyunçuluq yox idi. Mayın 20-də 77 yaşını qeyd etməyə hazırlaşırdı. Deyirdi həkim ona doğulduğu kəndə getməyi, orada heç olmasa, bir müddət təmiz hava almağı məsləhət görüb. Amma ölüm bu dəfə qəfillədi...

M.Həkimov 1929-cu ildə Qazaxın Kəmərli kəndində anadan olub. Pedaqoji Universitetin Azərbaycan və Dünya ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent, professor; 1966-1980-ci illərdə universitetin filologiya fakultəsinin nəzdində "Folklorşünaslıq Problemləri Laboratoriyası"nın elmi rəhbəri vəzifəsində çalışıb. 2000-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib. Bu sahədə 30-dan çox kitabı - monoqrafiyası, dərs vəsaiti nəşr olunub.

Mürsəl Həkimov Azərbaycan xalq ədəbiyyatının araşdırılması yönündə çox işlər görmüşdü. Daim Azərbaycan ruhu, folkloru, aşıq sənəti ilə nəfəs alırdı. Danışığı son dərəcə təbii, doğma, qanadlı idi. Danışarkən çalışardı ki, kimsənin xatirinə dəyməsin, əksinə, onu ruhlandırsın. Onunla söhbətlərimdə daim təbiilik görmüşəm. Danışırdı ki, folklorla məşğul olmağı aqibətdən gəlib. Aqibət işığına gedən yolun başlanğıcına belə varırdı: "Yeniyetmə vaxtı özümü çox axtarmışam. Orta məktəbdə oxuyarkən əvvəlcə rəssam olmaq istədim, xeyli portretlər, peyzajlar çəkdim. Əsgərlikdə də rəssamlıqla məşğul oldum".

Bundan sonra Mürsəl müəllimin oxumağa, öyrənməyə həvəsi artır, müəllim olmaq eşqinə düşür: "Qazax Müəllimlər İnstitutunda oxuyanda mənə dildən dərs deyən yazıçı Vidadi Babanlının atası Abutalıb müəllimi heç vaxt unutmaram. Onun evində kirayənişin qalırdım. Bu, kirayənişinlik də deyildi, çünki aramızda ata-oğul münasibəti vardı".

Mürsəl müəllimi folklora istiqamətləndirən həmin Abutalıb müəllim olub. Bir dəfə o, Ələsgərin ustadı, Ağ Aşığın şagirdi Aşıq Alıdan Mürsəl müəllimə bolluca söhbət eləyir, bir neçə şeir deyir: "O zaman Abutalıb müəllimin 80-ə yaxın yaşı olardı. Dedi ki, mənim toyumu Alı baba edib. O vaxta qədər Aşıq Alı demək olar, tanınmırdı. Ona "Qızılvəngli Alı" deyirlər, amma onun əsli Qazağa daxil olan Ağstafanın Qıraqkəsəmən kəndindəndir. Əvvəlcə köçüb Türkiyəyə gediblər, orada bir müddət yaşayıblar. Qan davaları düşdüyündən köçüb Arazdöyən tərəfə gəliblər. Burada da Həsən ağa ilə sözü düz gəlməyib. Aşıq Alı qabağından yeməz adam olub. Çox güclü, yaraşıqlı kişiymiş. Əmisi qızı Həcərlə bağlı söz-söhbətə görə Göyçəyə gəliblər, o vaxtdan da elə Göyçədə qalıblar. Aşıq Alı Göyçədə Bəsti adlı bir xanımla ailə qurub. Aşıq Alının ömür-gününə bələdlik məni folklora möhkəmcə bağladı. O vaxtı Aşıq Əsəd, Aşıq Mirzə vardı. Mən Bozalqanlı Hüseynin toy apardığını görmüşəm. Aşıq Sadıq, Dərya Məhəmməd, Aşıq İslam... Aşıq Avdı ilə Aşıq Mirzənin dayım oğlunun toyunda otuzluq lampa keçirmələri elə bil bu gün olub, hamısı yadımdadı. Onda bu aşıqların hərəsinin 26-27 yaşları olardı."

O vaxtın toyları 7 gün çəkirmiş: aşıqlar ayaqlarını yerə vurub güclü səslə o qədər oxuyurmuşlar ki, lampa titrəyib keçirmiş: "Təxminən 1,5 metrdən o boyda lampa sönürdü. Tarix hələ Mirzə, Əsəd kimi güclü səsə malik aşıqlar yetirməyib. Son ən səsli aşıqlardan İmranın, Əkbərin və Aslanın adlarını çəkə bilərəm. Elə hünər o idi ki, aşıq, xanəndə mikrofonsuz oxuyaydı. O vaxt mikrofon nə gəzirdi? Deyişmələr birbaşa sinədən gəlirdi. Aşıq yaradıcılığında deyişmə əvvəl-əvvəl sazın kökü üstündə, conra oxumaq üstündə gedir. Ən axırda küplə biləyi birləşdirən "beçə pərdə" üstündə deyişirlər. Kim o beçə pərdədə oxuyardısa, ən səsli, nəfəsli aşıq hesab olunardı. Bu aşıqlar mənim folklora məhəbbətimi daha da artırdı. 1949-cu ildən atalar sözlərini toplamağa başladım."

Mürsəl Həkimovun nəslində çoxlu pəhləvanlar olub, görünür, pəhləvanlığı ordan gəlib. Şahqulu oğlu Məmmədə "Çimdik Məmməd" də deyərmişlər. Boyu 2 metrdən çox imiş: "Barmaqları mənim biləyim yoğunluqda olub, 100 iləcən ömür sürüb. Ata tərəfdən babamın adı Rüstəm Zal olub. O, şair, həkim, həm də pəhləvan olub. Bir dəfə Zaqatalaya gedərkən meşə yolunda qabağına pələng çıxıb. Pələnglə döyüşən babam onun ağzını cırıq-cırıq edib. Digər babam Mehdi Abdurahmanoğlu da dövrünün məşhur pələvanlardan olub. Nəslimizdə 7 həkim olub. Hamısı Ərəbistanda və Türkiyədə tibbi təhsil alıblar. Nəslimizin tarixi 14-cü yüzildən gəlir. 16-cı yüzildən bu yana babalarımı bilirəm. Padar Mahmud adında babam gedib Tyan-Şan tərəfə çıxıb, Çin uyğurlarıyla birgə yaşayıb. 16-cı yüzildə padarları ləzgilərlə vuruşa göndəriblər. Babamın biri Qazaxa gələrək evlənib, məşhur türk nəsli Şaddıxlıyla qohum olub. O nəsildən sonralar da məşhurlar çıxıb. Şeyx Molla Qaya deyilən ocaq var, babamdır. Köküm təmiz Oğuz türküdür."

Həmişə türkün köçəriliyindən bizi sevməyənlər car çəkə-çəkə danışıblar. Əslində türk öz məskənində köç edib. Türklər dünyanın hər yerinə səpələnib. Türklərin köçəriliyini həmişə başqa cürə yozublar. Əslində türklər yayı yaylaqda, qışı qışlaqda qalıblar: "Yəni bunlar başqa mənada köçəri olmayıblar. Türk bütün bu məskənlərin ilk sahibi olub. Kənardan gələnlərin hamısını oğuzlar özündə əridib. Bir dəfə Oljas Süleymanov dedi ki, oğuzlar hətta bizim nənəmizi - qıpçaq gözəli Afaqı alıb aparıblar. Mənim haqqım var deyəm ki, Azərbaycan türkləri də mənim babamdırlar. Oğuzlar çox qüvvətli olublar".

O, Türk Dünyasının çox yerlərində - Murmanskda, Altayda, Yakutiyada, Şərqi Sibirdə, Altayda, Orta Asiyada, Türküstanda, Pribaltikada, Krımda, Türkiyədə və başqa yerlərdə olmuş, o yerlərdən zəngin folklor nümunələri toplamışdı: "Bütün araşdırmalardan sonra bu qənaətə gəldim: Türk harada olubsa, orada şəhər salıb, mədəniyyəti daha da inkişaf etdirib, qurucu olub. Məsələn, Oğuz Kağan İdil (indiki Volqa) çayını keçir, görür ki, orda-burda vəhşi halında adamlar yaşayır. Ən qocaman vəziri Aruzu çağırıb deyir ki, bunları adam şəklinə sal, paltar geydir, zəhmət öyrət. Türk barbar olmayıb".

Ölüm insanda iki cəhəti öldürə bilmir: yaxşı əməli və xatirəni.      

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 17 aprel.- S.14.