Azərbaycan Türkiyə millət vəkilləri Ermənistanla sərhədlərin açılmasını yolverilməz sayırlar

 

Milli Məclisdə keçirilən forumda dörd məsələylə bağlı razılığa gəlinib

 

Qüdrət Həsənquliyev: "Biz inanırıq ki, Ərdoğan hökuməti Türkiyə xalqının rəyini əsas götürəcək, beynəlxalq təzyiqin qarşısında geri çəkilməyəcək, Azərbaycanla birlikdə bu təzyiqlərin qarşısını ala biləcək"

 

Milli Məclisdə təmsil olunan BAXCP, AVP, BQP, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının təşəbbüsüylə və Türkiyədəki CHP və MHP-nin deputatlarının iştirakıyla keçirilən "Azərbaycan-Türkiyə münasibətləri: ortaq maraqlar və problemlər" mövzusundakı forum başa çatıb. Dünən tədbirlə bağlı mətbuat konfransı keçirildi.

AVP sədri Fəzail Ağamalı hər iki tərəfin forumun gedişindən və nəticələrindən razı qaldığını söylədi. Forumda bundan sonra da Türkiyənin Ermənistanla sərhədləri açması yolverilməz sayılıb, bununla bağlı vahid mövqeyə gəlinib.

Tədbirdə bununla bağlı birgə bəyanat da qəbul edilib: "Türkiyə və Azərbaycan bir yerdədir, gələcəkdə də bir yerdə olacaq. Heç bir avantüra Türkiyə və Azərbaycanı bir-birindən ayıra bilməz".

 

"Dostluğumuz, qardaşlığımız zədələnməsin"

 

Türkiyənin ABŞ-dakı sabiq səfiri, CHP deputat qrupuna rəhbərlik edən Şükrü Elekdağ bildirdi ki, Azərbaycan və Türkiyənin ortaq maraqları, problemləri dəyərləndirilib. Forumda dörd məsələ ətrafında razılığa gəlinib. Birincisi, Azərbaycan və Türkiyə arasında etnik, mədəni, dil birliyi sarsılmazdır. Ancaq həm də önəmli iqtisadi və siyasi əməkdaşlıq mövcuddur. Hər iki dövlət də bu bağların qorunmasına çalışmalıdır. İkincisi, Türkiyə Azərbaycanın haqlı davasına dəstək verib, bundan sonra da verəcək. BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Konfransı Təşkilatının Azərbaycan torpaqlarının işğal edilməsiylə bağlı qərarları və həmin qərarlarda Ermənistandan işğal altındakı torpaqlardan qoşunlarını dərhal çıxarmaq tələb olunur. Ancaq Ermənistan beynəlxalq qərarlara əməl etmir. Forum iştirakçıları Ermənistanın beynəlxalq hüquqa riayət etməsini, Azərbaycan torpaqlarından çəkilməsini istəyirlər. Üçüncüsü, son günlər Azərbaycan cəmiyyətində Türkiyənin Ermənistanla sərhədləri açacağı yönündə yayılan xəbərlərdən, şayiələrdən doğan bir narahatçılıq var. Şükrü Elekdağ vurğuladı ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etmədən Türkiyənin sərhədləri açılması işğalçı ölkəni mükafatlandırmaq olar. Dördüncüsü, forum iştirakçıları Azərbaycan və Türkiyə parlamentariləri arasında belə görüşlərin davam etdirilməsini dəstəkləyiblər.

AVP sədri Fəzail Ağamalı parlamentdə təmsil olunan partiyaların təmsilçilərinin iştirakıyla görüşlərin davamıyla bağlı istəyin olduğunu və Şükrü Elekdağın təklifi üzərində işlənildiyini açıqladı.

MHP sədrinin müavini, millət vəkili Atilla Kayanın sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan Türkiyənin sərhədləri açmamasının tərəfdarıdırlar. Atilla Kayanın fikrincə, keçən il Rusiya-Gürcüstan münaqişəsindən sonra Ermənistanın durumu ağırlaşıb. Belə bir dövrdə sərhədlərin açılması işğalçı ölkəni rahatladar: "Bir məsələyə də toxunmaq istəyirəm. Türkiyədə yazılı mediada çox da qiyməti olmayan yazarlar azərbaycanlı qardaşlarımızı incidən şeylər söyləyə bilərlər. Bunu türk xalqının fikri kimi qəbul etməyin. İqtidarlar ötəridir, dostluğumuz, qardaşlığımız zədələnməsin".

Fəzail Ağamalı da Azərbaycan jurnalistlərinin qələmlərini iki ölkə arasında dostluğumuzun möhkəmləndirilməsinə yönəltmələrini istədi. Daha sonra jurnalistlərin sualları cavablandırıldı.

 

CHP və MHP söz verir

 

İlk olaraq Azərbaycan və Türkiyə cəmiyyətinin təpkiləri qarşısında hələ ki, geri çəkilmiş AKP iqtidarının sonradan Ermənistanla sərhədləri açmaq yönündə qərar verəcəyi halda türk müxalifətinin nələr edəcəyi soruşuldu. Şükrü Elekdağ son illər Türkiyədə siyasi qüvvələrin, cəmiyyətin bir çox məsələlərdə fikir birliyinə gəlməsinin müşahidə edilmədiyinə diqqət çəkdi. Ancaq Ermənistanla sərhəd məsələsində əhalinin 95 faizi "yox" deyir: "Türkiyədə hakimiyyət də bunu nəzərə alacaq. Hər hansı şəkildə sərhədlərin açılacağını gözləmirəm. Dağlıq Qarabağdan, digər işğal olunmuş ərazilərdən Ermənistan çəkilməlidir. Artıq Türkiyə hökumət nümayəndələri də "Azərbaycanlı qardaşlarımız razı salınmadan sərhəd açılmaz" deyirlər".

Atilla Kayaya görə, AKP Azərbaycan və Türkiyə cəmiyyətinin təpkisi qarşısında geri çəkilib: "Sərhədlərin açılması xəyanət olar. Türkiyə cəmiyyətini məlumatlandırmaqda davam edəcəyik".

CHP-dən olan millət vəkili Şahin Mendü Ermənistan prezidenti Serj Sərkisyanın Tehranda verdiyi bəyanatı xatırlatdı: "Serj Sərkisyan dedi ki, "soyqırım" iddialarından əl çəkməyəcək, Qarabağdan çəkilməyəcəklər. Türkiyədə heç bir hökumət mövcud ictimai rəyin qarşısında Ermənistanla sərhədləri açmaq yönündə addım ata bilməz".

Son günlər AKP-dən seçilən millət vəkilləri, bu partiyaya yaxın mətbu orqanlar Azərbaycanda demokratiya məsələsini mənfi yöndə qabartmağa çalışırlar. Bu məsələyə münasibətini açıqlayan Şükrü Elekdağa görə, Azərbaycan gənc bir dövlətdir və müstəqilliyə yeni qovuşan dövlətlər müqayisə olunmalıdır: "O halda Azərbaycanın bir ulduz kimi parladığını görərsiniz. Azərbaycan Türkiyə və Avropa üçün vazkeçilməz bir ölkədir. Azərbaycanı tənqid etməzdən əvvəl başqalarıyla müqayisə aparmaq lazımdır. Əlbəttə, Azərbaycanın da, Türkiyənin də əksiklikləri var. Ancaq seçilən yol düzdür". Şahin Mendu dedi ki, hər hansı ölkədə hətta demokratiya olmaya bilər. Ancaq bu, işğala haqq verə bilməz: "Ermənistanla sərhədlərin açılmasının Azərbaycanda demokratiya ilə nə bağlılığı var?"

Sabiq millət vəkili Yücal Arpantaş son günlər bəzi AKP millət vəkillərinin, AKP-yə yaxın mətbu orqanların Azərbaycana yönəlik fikirlərinin guya təsadüf və iqtidarın bundan xəbərsiz olması yönündə baxışı səhv sayır: "Gələcəkdə həm Türkiyə, həm ABŞ, həm Avropa mediasında bunun kimi yazılar, açıqlamalar çıxacaq. Ciddi şəkildə Azərbaycanın üzərinə gəlinəcək. Bu məsələdə Azərbaycan prezidenti, iqtidar və müxalifət bir-birinə sahib çıxmalı, buna hazırlıqlı olmalıdır".

 

"İqdırda necə aksiya keçiriləcəyini hər kəs görəcək"

 

Azərbaycanlıların sıx yaşadığı İqdırdakı bələdiyyə seçkilərində qalib gəlmiş DTP üzvü olan bələdiyyə sədri Ermənistanla sərhədlərin açılmasının dövlət siyasəti olduğunu bəyanlayıb. O, bu prosesə qarşı çıxacaq əhali qruplarına qarşı tədbir görüləcəyini də söyləyib. MHP sədrinin müavini Atilla Kaya xatırlatdı ki, İqdırda namizədlər arasında səslərin bölünməsi nəticəsində DTP-nin namizədi önə çıxa bilib: "Bu, ciddi riskli məsələdir. Sərhədlər açılarsa, əhalinin təpkisinə qarşı davranışa gəlincə, Türkiyə demokratik bir ölkədir. Bələdiyyə sədrinin bunu əngəlləməyə nə gücü, nə də səlahiyyəti var. İqdırda MHP bir neçə etiraz aksiyası keçirib. Əgər belə bir hal baş verərsə, MHP-nin necə aksiya keçirəcəyini hər kəs görəcək". Atilla Kaya AKP-nin siyasətini təslimçi siyasət sayır: "Ermənistan prezidenti deyir ki, danışıqlarda "soyqırım", Qarabağ məsələsi müzakirə olunmur. Bəs nəyi müzakirə edirlər? MHP mövqeyini birmənalı ortaya qoyub, qırmızı xətlər keçilməməlidir".

İki gün əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan türk mətbuatına açıqlamasında bildirib ki, "Dağlıq Qarabağ problemi çözülməyənə qədər Türkiyə ilə Ermənistan arasında yekun bir anlaşma olmaz". Bu açıqlamanın özü birmənalı qiymətləndirilə bilməz. Sərhədlər son anlaşmaya qədər hansısa başqa bir formada Ermənistanla sərhədlərin müvəqqəti açılması, ticari əlaqələr qurulması nəzərdə tutulurmu? Harahatlıq doğuran həm odur ki, Ermənistan prezidenti Serj Sarkisyan açıqlama verərək bildirir ki, o, oktyabr ayında futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Ermənistan matçına açıq sərhəddən keçərək baxmağa gedəcək. Atilla Kaya da baş nazir Ərdoğanın dediklərindən narahat olduqlarını dedi: "Danışıqlarda müxtəlif variantlar ortaya qoyulur. Biz bundan xəbərdarıq. Onlara yaxın qəzetlərdə bu ifadələr gündəmə gəldi. "Yekun anlaşma olmadan" sözlərindən belə başa düşmək olar ki, əvvəlcə sərhədlər həftəlik, yəni həftədə 1 dəfə açıla bilər, Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa, bu dəfə viza rejiminə keçərlər. Müxtəlif varianlardan istifadə oluna bilər".

AVP sədri də narahatçılığa əsas görür: "Yekun sazişə qədər hansısa sazişlər ola bilərmi? Bu, bizdə narahatçılıq doğurur. Yekun sazişə qədər nə olacaq? Abdulla Gül də qeyri-müəyyən açıqlama verib. Görünür ki, bu məsələdə kifayət qədər təhlükə var".

 

Harahatlıq qalır

 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev dedi ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son açıqlaması xalqımızı qismən rahatladıb. Baş nazir Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmayacağını bəyanlayıb. Amma prezident Abdulla Gül son mətbuat konfransında bunu Rəcəb Tayyib Ərdoğan ifadə etdiyi formada açıq dilə gətirməyib: "Şəxsən mənim narahatlığım var. Hesab edirəm ki, Türkiyə iqtidarı bu açıqlamanı özlərinin bir partiya, iqtidar olaraq içlərindən gələn bir açıqlama deyil. Mən həm CHP-yə, həm də MHP-yə təşəkkürümü bildirirəm. Azərbaycan türklərinin yanında oldular, Anadolu türklərinin mövqeyini ifadə edərək çox prinsipial, güzəştsiz mövqe ortaya qoydular. Məhz o mövqeyin nəticəsində Ərdoğan iqtidarı geri çəkilib. Çox istərdim ki, bu hökumət bir daha Ermənistanla sərhədlərin açılmasına dair əvvəlki mövqeyinə gəlməyəydi. Amma təhlükə qalır. Beynəlxalq təzyiqlər qarşısında Ərdoğan hökuməti yenidən bu məsələnin üzərinə qayıda bilər. "Bu yaz olmasın, gələn yaz olsun" kimi fikirlər səslənir. Bu da bizi çox narahat edir. Amma biz inanırıq ki, Ərdoğan hökuməti Türkiyə xalqının rəyini, istəyini əsas götürəcək, beynəlxalq təzyiqin qarşısında geri çəkilməyəcək, Azərbaycanla birlikdə bu təzyiqlərin qarşısını ala biləcək".

AXCP sədri dedi ki, Türkiyəyə Ermənistanla sərhədləri açmaq yönündə təzyiq göstərən ölkələrin özlərinin tarixində soyqırımlarla bağlı qara səhifələr var: "Türkiyədə "soyqırım" törədilib, bunu parlamentimizdə, Konqresimizdə qəbul edəcəyik", yaxud "bu "soyqırım"ı tanımasanız Avropa Birliyinə yollarınız qapanacaq" deyən ölkələrin çoxunda bundan da acınacaqlı hallar baş verir. Türkiyənin Avropa Birliyinə yolunu əngəlləyən ölkələrdən biri Fransadır. Uqanda 800 min vətəndaşının ölümündə Fransanı ittiham edir, soyqırımda günahlandırır. Hələ mən Fransanın Əlcəzairdə törətdiklərini demirəm. ABŞ-ın öz yapan vətəndaşlarını Arizonanın çöllərində düşərgələr təşkil edib, ora toplamasına, Xirosima və Haqasakidə dinc insanlara atom bombası atmasına hələ Konqresdə qiymət verilməyib. Öz tarixindəki qara ləkələrə qiymət vermədən başqa xalqın tarixinə, həm də bundan daha əvvəl baş vermiş hadisələrə hüquqi-siyasi qiymət vermək, bununla həmin ölkəyə təzyiq göstərmək mənəvi baxımdan yolverilməzdir".

BAXCP sədri hesab edir ki, bir basqının qarşısında geri çəkilsə, Türkiyəyə növbəti basqılar olacaq: "SSRİ dönəmində, 70 il "soyqırım" məsələsi gündəliyə bu qədər kəskinliklə çıxmamışdı. O zaman erməni xalqı ölməmişdi, niyə hüquqları qabardılmırdı? Çünki "Soyuq müharibə" dövrü idi, Türkiyə həmin ölkələrlə bir yerdəydi. İndi maraqlar dəyişib, maraqlarına görə də bu məsələni gündəmə gətirirlər".

Millət vəkili Ərdoğanın bəyanatına baxmayaraq, xalqımızın hələ də tam sakit olmadığını bildirdi: "Amma ümid edirəm ki, Türkiyədə Türk birliyini düşünən insanlarımız, qardaşlarımız Ermənistanla sərhədlərin açılmasına heç vaxt yol verməyəcəklər".

Qeyd edək ki, birgə bəyanatı CHP və MHP-nin deputat qrupu və forumun təşəbbüskarı olan BAXCP, AVP, BQP, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının sədrlərilə bərabər, YAP icraçı katibinin müavini Mübariz Qurbanlı, DİP sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı imzalayıblar. Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat deputat qrupunun təmsilçilərinin imzaları sənəddə yoxdur.                  

 

 

Ramiz Mikayıloğlu

 

Xalq Cəbhəsi.- 2009.- 17 aprel.- S.3.