"Gərək hər bir sənətçinin ifa tərzi seçilsin"

 

Munis Şərifov: "Mən kamanda yenilik etməyi sevirəm"

 

Əməkdar artist Munis Şərifovun imzası ictimaiyyətə yaxşı tanışdır. Onun ifalarında zənginlik hiss olunur. Əgər yaradıcılıqda ardıcıl zənginlik və özünəməxsusluq olmursa, o zaman sənətçi əsl uğur qazana bilmir, ifası beşgünlük olur. Sənətdə söz demək həmişə çətin olub. Bu gün xüsusilə çətindir, ona görə ki, 20-ci yüzildə Azərbaycan musiqisində konkret muğamla adı sıx bağlı olan onlarla imzası bəlli sənət adamları yaşayıb-yaradıb. Millətlər içində öz sözünün daim təpərli olması üçün daim təməl üstə yaratmalısan, yeni-yeni üfüqlərə yol almalısan. Ancaq milli musiqi muğam təməlindən uzaqlaşmaqla qətiyyən yaşarı olmaq mümkün deyil. Bu mənada Munis Şərifovun çalğılarında - istər qədim havacatların çəqanədə kamançada canlandırılması, istər muğamlarımızın təhrifsiz ifası, istərsə bəstəkar mahnılarının yaradıcı şəkildə təqdimində daim milli ənənəyə sadiqliklə sənətçi peşəkarlığının vəhdətini müşahidə edirik.

1985-ci ildə Ümumdünya Festivalının qalibi olub. Hazırda Qədim Musiqi Alətləri Ansamblının konsertmeystridir, həm pedaqoji fəaliyyətlə məşğul olur. Ansamblın konsertmeysteri kimi bir çox dövlət tədbirlərində çıxış edib. 2002-ci ildə Fransanın Paris Strasburq şəhərlərində YUNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini təmsil edib. Ansamblın ifasında YUNESKO tərəfindən kompakt disk buraxılıb. 2005-ci ildə Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbulda, ötən ilin dekabrında isə Almaniyada çıxışları olub.

Onun çalğılarına qulaq asanda hiss olunur ki, kamançanı özününəməxsus tərzdə ifa edir. Üslubu heç kəsinkinə bənzəmir. Deyir onun üçün musiqi hər şeydir, bir sözlə, həyatıdır: "Mübaliğəsiz deyirəm, kamanım yoxdursa, mən də yoxam. Əgər bu gün Azərbaycanda Munis Şərifov imzası ilə varamsa, bu, təbii ki, kamana görədir. Mən kamanıma özüm kimi baxıram. O, mənim daxili dünyamın, duyğularımın sözlə heç cür ifadə edilə bilməyəcəyi halıdır. Musiqiyə meylimin təməlində nə durduğunu konkret olaraq sözlə ifadə edə bilmirəm. Bircə onu deyə bilərəm ki, musiqi daxilimin ifadəsi kimi məhz kamanla özünü göstərdi. Hər halda bu, aqibət imiş.

Uşaqlıqdan kaman ustası Habil Əliyev sənətinin vurğunu olmuşam. Sonralar Şərqin böyük musiqiçilərinə qulaq asmışam, zövq almışam, onlardan bəhrələnmişəm. Musiqini dərk edən andan fikirləşdim ki, əgər bir sənətçi kimi yetişməyi qarşıma məqsəd qoymuşamsa, o zaman mənim özüməməxsus dəst-xəttim olmalıdır. İstədim elə çalım ki, desinlər bax, bu, Munis Şərifovdur. Nə dərəcədə istəyimə çatmışam, deyə bilmərəm. Hər halda az şeyə nail olmamışam".

Muğamatın yaranmasında Şərq xalqları iştirak etsə də, şübhəsiz, Azərbaycan türklərinin bu işdə xüsusi zəhməti olub. Bu fikrin ən yaxşı sübutu ondadır ki, muğamları kamil şəkildə biz Azərbaycan Türkləri qoruyub saxlaya bilmişik. M.Şərifov deyir ki, muğamları kamil bir abidə kimi qoruyub saxlamaq hər birimizin borcudur: "90-cı illərdə iki ilə yaxın Tehranda dərs demişəm. Ərəbistanda, Türkiyədə, Orta Asiya ölkələrində, hətta İranın özündə belə muğam bizdəki kimi deyil. Farslarda muğam ağırdır, ləngərlidir: yəni ki, sanbalı ağırlığındadır. Bizdəki müasir muğam texniki cəhətdən itidir, oynaqdır, hərəkət çoxdur. Bizim xanəndələrin oxuduğu muğamlarda həm zəngulə, həm də ki, qəzəliyyat çoxdur. İranda isə xanəndələr çox vaxt zənguləyə, avaza yer verirlər, qəzəldən məhdud şəkildə istifadə edirlər".

Kamançaçı hər bir mahnıya yaradıcı yöndə yanaşır. Deyir hələ özünün bəstələri də var: "Özüməməxsus bəstələrim var. İfa etdiyim mahnıların bir qismi yaradıcılığımın məhsuludur. Bir də görürsən, konsertdə, el şənliklərində bədahətən gəlir, ifa edirsən, qalır. Bununla belə özümü bəstəkar hesab etmirəm, ancaq sırf ifaçılıqla məşğulam". Mahnıların ifa tərzi, kompozisiyası kamanın zərifliyi ilə birləşəndə gözəl bir ahəngdarlıq yaranır. Deyir həmişə çalışıb ki, kamanının səsi başqalarınkından seçilsin: "Təbiidir ki, bundan ötrü də gərək hər bir sənətçinin ifa tərzi seçilsin, fərqlənsin. Mən kamanda yenilik etməyi sevirəm, amma qədimdən bu günə gəlib çatmış kamanımızı qətiyyən təhrif etmək fikrində heç vaxt olmamışam. Həmişə çalışmışam ki, kamanı tərif etmədən vəhdətə nail olum, Şərqə məxsus olan zil-bəm səslərinin birliyini yaradım. Burada səslərin uyuşması gözəl bir ahəng yaradır".

Şübhəsiz, sənətçi daim dünya xalqlarının musiqisinə qulaq asmalı, onları təhlil etməyi bacarmalıdır. Bunsuz inkişaf mümkün deyil. O, sənətindən, dünya musiqisindən aldığı zövqü belə ifadə edir: "Mən ardıcıl olaraq Şərq musiqisinə qulaq asıram. Məsələn, Hindistanda məşhur setar ustadı Ravi Şankar var. Elə olurdu ki, bir həftə gecə-gündüz ona qulaq asırdım, hətta ağlayırdım da. İranın böyük ney ustadı Musəviyə qulaq asanda həm ağlayırdım, həm də ki, öyrənirdim. Əlbəttə ki, insan musiqidən mənəvi zövq almağı bacarmalıdır. Yadımdadır, Türkiyədə Bülbülcan adlı musiqiçinin çıxışlarına qulaq asanda uzun müddət özümə gələ bilmirdim. Mən hər hansı bir xalqın musiqisini ifa edəndə deyirəm ki, bu, filan xalqındır. Yəqin ki, oxucuların yadında olar. Hələ 90-cı illərdə İran bəstəkarı Pərviz Meşkatiyanın "Şurəngiz"ini ifa etmişəm. O zaman fikirləşdim ki, əgər daim Avropa bəstəkarlarının əsərlərinə yer ayırırıqsa, onda hər cəhətcə zəngin olan Şərq musiqisinə öz repertuarımızda niyə yer ayırmayaq? Fikrimcə, biz ən çox Şərq musiqisindən istifadə etməliyik. Axı biz şərqlilərik".

Zil-bəm səslərin birliyinə nail olmasından danışan M.Şərifov deyir ki, bu səsi ilk dəfə o, tapıb: "Qəribədir ki, ney səsini yuxuda eşitmişdim. Az sonra bu səsi kamançada tapdım. 1990-cı ildən sonrakı çalğılarımda həmin bu ney-kaman səsi daha qabarıqdır. Orada qoşa simin ahəngi, zil-bəm simin qovuşması var. Bu gün də həmin səsdən istifadə edirəm. Orijinal yönü olan musiqiçinin dəst-xətti həmişə bilinir, çünki həmin məqamda sənətkarın ürəyi səslənir. Əslində dinləyici həmin ürəyin səsini eşidir. Bu, bir reallıqdır ki, həmişə yeniliyə, orijinallığa qarşı cəmiyyətdə müsbət fikir olmur, istər-istəməz o, müqavimətə rast gəlir. Əsas budur ki, həmin məqamda dözümlü olasan, inadından bir addım da olsun, geri çəkilməyəsən. Burada özünəinam xüsusi rol oynayır. Amma elə ki, müəyyən zaman keçir, kütlə yeniliyə müsbət yanaşır, o zaman yenilik qəbul edilir. Onu da deyim ki, həmişə çalğılarımda milli ruhu qoruyub saxlamışam". Adətən ansambllarda, xüsusən də triolarda kamança tarın müşayiətçisi olur. Görəsən, bu, kamançanın "əyalətdə" qalmasına, kamançanın imkanlarının məhdudlaşmasına səbəb olmur ki? Kamançaçı deyir: "Əlbəttə, hər halda yüzillərdən bəri davam edən bu qayda kamanın imkanlarını aşkarlamağa mane olur. Yəni ola bilər, zəif bir tarzənlə çalam, amma məcburam ki, onun çalğısını təkrar edəm. Üçlük nə qədər gözəl olsa da, tarı təkrar etmək alınmır. Ola bilsin ki, bu fikrimə qarşı etiraz edənlər olsun. Amma təzə üçlüklərdə modern ifaçılıq hiss olunur. Bu cür təzə ifaçılıq yönündə daha çox qıvraqlığın, texnikalılığın qabarmasına gəlincə, fikrimcə, çox qıvraqlıq da lazım deyil. Sənətkar muğamın tələbi səviyyəsində texnikalılıq nümayiş etdirməlidir. Əndazəni açmaq, lazımsız manevrlər etmək sənətkarlığa dəlalət edən cəhət deyil". Həm də solo yaradıcılığına üstünlük verən kamançaçı deyir ki, o, tək qalanda ürəyinin səsini daha yaxşı duya və ifadə edə bilir: "Mən ilk növbədə özüm üçün çalıram. Əgər ruhum çalğımı bəyənirsə, deməli, tamaşaçı onu bəyənəcək. Bütün çalğılarım məsuliyyətdən, zəhmətdən və gərginlikdən yaranır".

Çəqanə adlı qədim musiqi alətini səsləndirməyə nail olan M.Şərifov deyir ki, bu alət kamana qohumdur, lakin aralarında böyük fərq də var: "Çəqanənin ifa tərzi kamaçadan çox fərqlənir. Bu alətin yenidən həyata vəsiqə almasında bizim ansamblın yaradıcısı və rəhbəri Məcnun Kərimovun əvəzsiz xidməti var. Kamança xalqımızın ruhunu ifadə edir. Ona görə də bu alətə qarşı heç vaxt biganəlik olmamalıdır. Mənim üçün Azərbaycanı dünyada tanıtmaqdan böyük, müqəddəs iş yoxdur. Azərbaycan musiqisi ölməzdir, çünki xəlqidir".            

 

 

 Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 21 aprel.- S.14.