Teatrların vəziyyəti
ürəkaçan deyil
Rafiq Əzimov:
"Əvvəlki illərdəki
kimi səviyyəli
dram əsərləri yazılmır"
Azərbaycan
teatrlarının indiki, gerçək durumu ilə
bağlı ciddi narahatlıqlar mövcuddur. Sovet dövrü
ilə müqayisədə teatrların fəaliyyətində
sanki bir eniş müşahidə edilməkdədir. Əvvəlki
illərdən fərqli olaraq həm səhnəyə qoyulan
dram əsərlərinin səviyyəsini, həm rejissor, həm
də aktyor işini qaneedici saymaq olmaz. Repertuarın zəifliyilə
bağlı səslənən iradları haqlı saymamaq
olmur. Yəqin məhz bunun nəticəsidir ki, indi teatrlara
maraq həddindən artıq aşağıdır. İndi
demək olar ki, heç bir tamaşada anşlaq olmur.
Maraqlıdır ki, tamaşaçıların teatrlara
marağının az olması səbəbləri haqqında
danışılarkən fikirlər haçalanır. Bəzi
mütəxəssislər insanların daha çox
şou-biznesə, qeyri-ciddi tamaşalara marağının
artması səbəbindən normal əsərlərə diqqətin
az olduğu qənaətindədirlər. "Parni iz
Baku"nun, Rəfael və Çoşğun
cütlüyünün konsertlərinin anşlaqla keçməsi
bu fikirin parlaq sübutu kimi qiymətləndirilir. Bir çox
ekspertlər isə yuxarıda qeyd etdiyimiz kimi teatrların səviyyəsinin
aşağı olması səbəbindən
tamaşaçının marağının
azaldığını qeyd edirlər. Eyni zamanda heç bir fəaliyyəti
olmayan teatrların dövlət büdcəsi hesabına maliyyələşməsi
də narazılıqla qarşılanır. Fəaliyyəti
olmayan teatrların qapadılması təklifləri də dəfələrlə
səsləndirilib.
Milli Dram Teatrın
aktyoru, xalq artisti Rafiq Əzimov da ciddi problemlərin
olduğunu etiraf edir: "Həmişə olduğu kimi, biz
aktyorlar bütün gücümüzlə
çalışırıq ki, hər şey yaxşıya
doğru getsin. Amma teatrın inkişafı təkcə
aktyorlardan asılı məsələ deyil. İlk növbədə
gözəl əsərlər yazılmalıdır ki,
tamaşaçıda maraq oyansın. Eyni zamanda həm rejissor
işi, həm də aktyorların səviyyəsi yüksək
standartlara cavab verməlidir. Teatr kollektiv sənətdir. Sən
tək istədiyini həyata keçirə bilməzsən.
Dediyim kimi, həm aktyor, həm rejissor işi, həm də
oynanılan əsərlər yüksək səviyyədə
olmalıdır. Təəssüf ki, bu istiqamətdə
müəyyən problemlər var. Bəlkə də biz cavan nəsil
olsaydıq, sovet dövründəki teatrı görməsəydik,
indiki vəziyyətlə barışardıq. Ancaq
biz-yaşlı nəsil sovet dövründə işlədiyindən,
rollar oynadığından, o vaxtki teatrın səviyyəsini
gördüyümüzdən fərqi açıq şəkildə
hiss edirik. Problemləri, çatışmazlıqları
müdriyyətlə, ərk elədiyimiz yoldaşlarla söhbətlərimizdə
də bildiririk və şəxsən mən inanıram ki,
yaxın illərdə ciddi inkişaf olacaq. Bilirsiz, sənət
hər zaman tamaşaçını qabaqlamalıdır.
İnformasiya bolluğu olan indiki zamanda biz
tamaşaçının bildiyini özünə
qaytarırıq. Çalışmaq lazımdır ki, məhz
bunun qarşısı alınsın, teatr
tamaşaçıya yeni nəsə verə bilsin. İndi
hamının zövqünü təmin etmək çox
çətindir və buna nail olmaq üçün
çalışmaq lazımdır. Hələ mən
universitetdə təhsil alanda Türkiyədən bir nəfər
teatr xadimi gəlmişdi. O bizdə teatrların vəziyyəti
ilə tanış olandan sonra etiraf etmişdi ki, türk
teatrları bizimkilərdən 20-30 il geri qalır. Bizdə
istedadlı insanların sayı həddindən artıq
çoxdur. Sadəcə potensialdan düzgün istifadə
edilməlidir. Bir məqamı da qeyd edim ki, bu yaxınlarda
bizim teatr Türkiyədən qayıdıb. Orada
nümayiş etdirdiyimiz tamaşa çox böyük maraqla
qarşılandı, anşlaq idi. Təbii ki, bizim teatrın səviyyəsi
aşağı olsaydı, göstərdiyimiz tamaşa bu
cür rəğbət qazanmazdı. Yəni insanların
teatra gəlməməyini təkcə göstərilən
tamaşaların səviyyəsilə bağlamaq doğru
olmazdı. Bu gün insanlar şou-biznesə daha çox
meyllidir. Ölkədə şou-beznes əməlli-başlı
ayaq açıb, ölkəni başına alıb. Bu məqamları
nəzərə almaq lazımdır".
Tanınmış aktyor
düşünür ki, teatrın indiki çətin durumu təkcə
subyektiv amillərlə bağlı deyil: "Hazırda teatrda
nəsil dəyişikliyi prosesi gedir. Bir zamanlar çox
görkəmli, öz işinin mükəmməl bilicisi olan
teatr rejissorları vardı. İndi biz onların əksəriyyətini
itirmişik, bu şəxslərin demək olar ki, hamısı
dünyasını dəyişib. Cavan rejissorlardan isə birdən-birə
bu şəxslərin ərsəyə gətirdikləri kimi
tamaşlar qoymağı tələb etmək doğru
olmazdı. Eyni sözləri dram əsərləri yazanlara da
aid etmək olar. Ümumiyyətlə, ədəbi tənqidçilər
bu məsələni araşdırmalıdırlar ki, niyə əvvəlki
illərdə olduğu kimi səviyyəli dram əsərləri
yazılmır?"
Onun sözlərinə
görə, heç bir fəaliyyəti olmayan teatrların
qapadılması ilə bağlı təkliflər ciddi
müzakirə edilməlidir:
"Yaxşı teatrlar
qalmalıdır. Məsələn, Şəki teatrı fəaliyyətini
yaxşı qura bilib. Maraqlı tamaşalar oynanılır,
insanlar bu tamaşaları maraqla qarşılayırlar. Eyni
sözləri Lənkəran Dövlət Teatrı haqqında
da söyləmək olar. Əgər oynanılan tamaşalar
tamaşaçının zövqünü oxşayırsa,
onu qane edirsə, həmin teatrların daha yaxşı fəaliyyəti
üçün şərait yaradılmalıdır. Amma o
fikirlə də razıyam ki, fəaliyyət göstərməyən
teatrların sayı da çoxdur. Onların fəaliyyətilə
bağlı müəyyən araşdırmaların
aparılması, qərarların verilməsi
mümkündür".
Aktyor deyir ki, teatrın
inkişafı üçün dövlət tərəfindən
atılan addımlar müəyyən ümidlər
yaradır: "İndiyədək fəaliyyət
üçün bizim demək olar ki, yaxşı şəraitimiz
olmayıb. Ancaq indi teatrların təmiri, yüksək
standartlara cavab verməsi üçün ciddi işlər
görülür, külli miqdarda maliyyə ayrılır. Şərait
yaxşılaşsa, bu, inkişafa təsirsiz ötüşməyəcək.
Milli Dram Teatrında da ciddi təmir gedir. Deyilənə
görə gələn il Novruz bayramına qədər təhvil
verilməlidir. İnanırıq ki, təmir başa
çatandan sonra yeni və daha səviyyəli tamaşalarla
insanları sevindirə biləcəyik".
Səlcuq
Xalq Cəbhəsi.- 2009.- 21 aprel.- S.9.