Mühacir həyatı yaşayan görkəmli Azərbaycan ziyalısı

 

Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələri onun yurda qarşı sevgisini bütün çalarları ilə ifadə edir

 

Aprel Azərbaycan Xalq Cümhuriyyətinin süqut etdiyi aydır. Qarşıdan isə may gəlir: apreldən qabaq başlanan may.

Dövlətçilik tariximizdə mühüm mərhələ olan bu Cümihuriyyətin daim öyrənilməsi, ən azı xatırlanması çox gərəklidir.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövlətçilik ənənəsinin hər zaman öyrənilməsinə gərək var.

Cümhuriyyətin qurulmasında, yaşamasında bu və ya digər dərəcədə zəhməti olanlar anılmalıdır. Bu mənada Ceyhun Hacıbəylinin hər şeydən əvvəl qələmilə Cümhuriyyət uğrunda döyüşməsi daim xatırlanmalıdır. Ceyhun Hacıbəylinin gördüyü işlərin qiyməti, dəyəri bundan sonra daha aydın şəkildə bilinəcək. O, ədəbiyyatşünas, folklorşünas, politoloq, musiqi nəzəriyyəçisi, istedadlı fəlsəfəçi kimi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlər göstərib.

Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada anadan olub. Məşhur bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. İbtidai təhsilini Haşım bəy Vəzirovun rus-tatar məktəbində alıb, orta təhsilini isə Bakıda davam etdirib. 1907-ci ildə Üzeyir bəylə birgə "Leyli Məcnun" musiqili komediyasının ilk tamaşasının hazırlanmasında yaxından iştirak edib. 1908-ci il yanvarın 25-də olan ilk tamaşa zamanı Ceyhun Hacıbəyli İbn Səlam rolunu oynayır.

Bu dövrdə C.Hacıbəyli Üzeyir bəylə birgə "Səadət" məktəbində müəllim işləyir. Məktəbin müdiri Əlibəy Hüseynzadə idi.

Araşdırmaçı Hərmin Bağırovanın fikrincə, Ceyhun bəy bir neçə aydan sonra milyonçu Murtuza Muxtarovun maddi və mənəvi dəstəyi ilə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur. Bir il orada oxuyur, 1909-cu ildə Parisə gedir, təhsilini Sorbonna Universitetində, ardınca isə Ali Politexnik Elmlər Məktəbində davam etdirir. Parisdə oxuduğu dövrdə göndərdiyi məqalələr Bakıda çıxan qəzetlərdə çap olunur. C.Hacıbəyli 1916-cı ildə Parisdə təhsilini başa vurduqdan sonra Bakıya qayıdır: "Yaradıcılığının daha intensiv, yetkin və dolğun bir dövrü başlayır. O, cəmiyyətdə baş verən hadisələri diqqətlə izləyir, onlara öz münasibətini bildirir. "Kaspi" qəzetində xalqın problemlərinə dair məqalələr dərc etdirir".

1917-ci ildə "İttihad" və "Müsəlmanlıq" qəzetlərinin redaktoru olur. 1918-ci ilin mayından sonra isə Ceyhun bəy Üzeyir bəylə birgə "Azərbaycan" qəzetinin, Şəfi bəy Rüstəmbəyovla birgə isə "Azerbaydjan" qəzetinin redaktoru vəzifəsində işləyir. 1919-cu ildə C.Hacıbəyli Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Cümhuriyyəti nümayəndəliyinin tərkibində məsləhətçi kim Versal sülh konfransında iştirak məqsədilə Parisə gedir. Lakin Azərbaycanda Cümhuriyyətin devrilməsi Ceyhun bəyin Vətənə dönüşünə ciddi əngəl yaratdığından o, Avropada qalmağa, ömrünün axırına kimi mühacir həyatı yaşamağa məcbur olur.

.Bağırova bildirir ki, o dövrdə C.Hacıbəyli Parisdə Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olmağa başlayır. 1920-ci ildə "Arşın mal alan" musiqili komediyasını fransız dilinə tərcümə edir və əsər həmin il tamaşaya qoyulur. 1926-cı ildə isə o, çap etdirdiyi "Azərbaycan teatrı" adlı məqaləsində fransız oxucularına Hüseyn Cavid və Cəfər Cabbarlı kimi dramaturqların yaradıcılığı haqqında məlumat verib.

Zamanın gərdişindən, 70 illik Sovet imperiyasının ideoloji mübarizəsi nəticəsində Ceyhun Hacıbəyli kimi şəxslərin əməlləri barədə bilgilər almaq yasaq olunmuşdu. Təbiidir ki, sovet dövründə hakim ideologiyaya qarşı çıxanların ictimaiyyətə müsbət mənada təqdimindən söhbət belə gedə bilməzdi. Bunlar daim öz vətənlərində xain kimi təqdim edilirdilər. Çünki bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul etmir, gec-tez onun süqut edəcəyinə inanırdılar.

Azərbaycanı tərk etməyə məcbur olan Ceyhun Hacıbəyli ta ömrünün sonunadək qürbətdə yaşamalı və bütün yaradıcılığı, ruhuyla Azərbaycanın azadlığı uğrunda mübarizə aparmalı olub. O zaman Azərbaycanda artıq məşhur bəstəkar kimi tanınan Üzeyir Hacıbəyli Ceyhun Hacıbəylinin Azərbaycana dönüşü, onun haqqındakı təəssüratların dəyişilməsinə nail olmaq istəyir. Onların arasındakı məktublaşmalar həmin dövrün ziddiyyətli məqamlarının təxmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, araşdırmaçı Maarif Teymur bildirir ki, "Üzeyir Hacıbəyli qardaşına yazdığı məktubların birində qeyd edir ki, o, Mustafa Quliyevlə danışıb, gəlişində onun üçün problemlər yaradılmayacaq, burada iş tapmaq məsələsi də həll ediləcək. Lakin Ceyhun Hacıbəyli qürbətdə yaşayıb Azərbaycan uğrunda mübarizə aparmağı hər şeydən üstün tutur."

M.Teymur Ceyhun Hacıbəylinin mühacirətdə yaşayarkən ardıcıl olaraq Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanındakı bütün hadisələri bir politoloq olaraq diqqətlə öyrəndiyini, ardıcıl, ciddi mübarizə apardığını bildirir: "Bu müşahidələr və təhillərdəki aydınlıq adamı heyran edir. O, bütün şüurlu həyatını tərəddüdsüz olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edib. Onun fransız dilini son dərəcə gözəl bilməsi, bu dildə ictimai-siyasi gedişatı əks etdirən dərin məzmunlu yazılar yazması siyasi hadisələri dərindən bildiyini göstərir. Onun 30-cu illərdə sovet rejiminin sovet insanlarının başına gətirdiyi dəhşətlər barədə qənaətləri diqqəti xüsusi cəlb edir. Staxanovçuluq hərəkatının sovet insanına mənəvi psixoloji baxımdan nə cür zərbə endirdiyini açıq-aydın sübutlarla göstərir. Tarlada işləməyə məhkum edilən hamilə qadının Stalin rejiminin "bərəkallahına" görə bətnindəki körpəsini qurban verməsini bütün acı-ağrısı, yurdunun taleyinə narahatlığı ilə ifadə edir. Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələri daxili dünyasını, narahat təbiətini, yurda qarşı sevgisini bütün çalarları ilə ifadə edir. Bu əsərlərdə dövrün, zamanın girdabına məhkum edilən insanların əzablı həyatı məharətli şəkildə öz əksini tapıb. Üzeyir bəyə məktublarında sətiraltı eyhamlarla müxtəlif məsələlərə işarə edir, münasibətini bildirir. O, Bakını tərk edərkən 28 yaşında idi. Ceyhun Hacıbəyli Azərbaycanda olarkən ailə qurduğu həyat yoldaşı ilə ömrünün axırına qədər yaşayıb. Onun Timurçin adlı oğlu da olub."

Arxiv materialları içərisində Ceyhun Hacıbəylinin xaricdə yaşayarkən xəstəliyi ilə bağlı həkim tərəfindən yazılan resept nüsxələri diqqəti cəlb edir: "Mən maraq üçün fransız dilində yazılmış bu resept nüsxələriini tərcümə etdirdim. Məlum oldu ki, Ceyhun Hacıbəyli daxili xəstəliklərdən və ürək ağrılarından əziyyət çəkirmiş. Məktublarda barəsində danışılan Ceyhun Hacıbəylinin ailə qurduğu qadının əslən qarabağlı olması aydınlaşır. Məktublarında bu məqamla bağlı işarələr var."
H.Bağırova bildirir ki, C.Hacıbəyli zəngin, mənalı və Vətənin azadlığı, maariflənməsi uğrunda mübarizə ilə dolu ömür sürüb, tarixdə adı fəxrlə çəkiləcək həmvətənlərimizdən biri olub. O, 1962-ci ildə Parisdə vəfat edib, Sen-Klu qəbiristanlığında dəfn olunub.

 

 

Qaliboğlu Elçin

 

Xalq Cəbhəsi.- 2009.- 18 aprel.- S.14.