"İnsanların sifətində
əvvəlki inam yoxdur"
Şair Musa Yaqub:
"Sanki dünyanın sonsuz
qayğıları bütünlüklə
soydaşlarımızın halına təsir edib"
O, təbiətdən
ayrı qala bilmir. Haçan axtarsan, deyirlər,
Buynuzdadır. Bakıda
onu çox az tapmaq
olur. Xüsusən də yaz gəldimi, daha çox kənddə qalmağa üstünlük
verir. Şəhərdə gerçəkdən nəfəs ala, istədiyi
kimi yaradıcılıq
havası ala bilmir.
Bu, Musa Yaqubdur. Haqqında geniş tanıtım verməyə gərək
yoxdur. Hər halda əlacı
olsaydı, ümumiyyətlə,
kənddən çıxmazdı.
Onun poeziyasında kənd, təbiət mövzusu xüsusi yer tutur. İnsan dünyaya sanki
təbiət adlı ilkinlikdən gəlir.
Harada yaşayırsa-yaşasın,
onu nə isə doğulduğu məkana çəkir.
Bu, insanın mahiyyətcə yurda, ulusa sevgisi deməkdir.
72 yaşlı Musa Yaqub təbiətdən yazmaqla yanaşı həm də yurda, ulusa sevgi,
milli dərdlərimizlə
birgədir. Şair deyir
ki, "kəndsiz yaşamaq ümumiyyətlə,
mümkün deyil.
Bu gün yenə
də dağların,
meşələrin, çəmənlərin,
bulaqların yanına
əvvəlki şövqlə
gedirəm. Dağlar bilir
ki, mən kiməm, mən də bilirəm təbiət kimdir. Təbiətlə görüşə çox böyük sevgi ilə gedirəm. Bundan böyük fərəh
alıram. Amma insanların,
yurddaşlarımın yanına
əvvəlki şövqlə,
inadla, inamla gedə bilmirəm. Sanki dünyanın sonsuz qayğıları bütünlüklə soydaşlarımızın
halına təsir edib, ayrıntıları,
əsəbilikləri insanların
canına, qanına keçib. Sanki insanların sifətində
əvvəlki inad, inam yoxdur. Doğrudan da insanlara ərk
etmək olmur, di gəl ki,
təbiətə, ağaca,
dağa ərk etmək olur".
Amma təbiətin də
dözümünün bir səddi, həddi var. İnsan
yüzillərdir ki, təbiətlə özü
arasındakı doğmalığa yetə bilmir, əksinə,
təbiətlə insan arasındakı yadlıq, uçurum
günü-gündən artır. Şairin fikrincə, "təbiət
birdən-birə insana acığını, hiddətini
bildirmir. Amma hər halda insanın ona elədiklərini qətiyyən
unutmur. Bu gün təbiət əvvəlki dövrlərdən
daha çox hasarlanır. Bu gün insanlar təbiətə
daha çox şeylər diqtə edir, ondan çox şeylər
umurlar. Torpaq indi bölük-bölük, hasar-hasardır. Hər
halda bölük-bölük olan torpağın hiddəti də
çox olur. İnsandan doğmalıq görməyən torpaq
gec-tez hiddətini büruzə verir. Torpaq
bölük-bölük olandan sonra biz özümüz də
bölük-bölük, çəpər-çəpər
ayrıldıq bir-birimizdən. Son vaxtlar kəndə-kəsəyə
gedəndə bu ayrılıqları daha çox görürəm,
kədərlənirəm. İndi çəpərləmə
hər yanda var. Məsəl var ki, qonşu-qonşu olsa,
bağ çəpəri neynir? İndi camaat daş hasarı
göyün üzünə qaldırır. Əvvəllər
kənd yerlərində adi çəpərlər olardı,
insanlar arasında doğmalıq o zaman daha çox idi. İndi
lap paxıl olmayanın belə o daş hasarlardan qonşusuna
salam vermək imkanı olmur".
Çağdaş zaman
adamları pulçuluğa alışdırır. Pulçu
sözün əsil mənasında yalnız çoxlu varidat
yığmağa çalışır, onun vətəndən,
ulusdan danışması şərti bir şeydir. Amma yurduna,
ulusuna sözün əsil mənasında bağlı olan
insan həmin o müqəddəsləşən məkana
heç zaman pul ölçüsü ilə yanaşmır. Ümumiyyətlə,
pula əsaslanan sevgi daimi deyil, beşgünlükdür.
Şair deyir: "Dünyanın bu dərəcədə
bölünməsi mənə yaxşı təsir eləmir.
İnsanlar tarix boyunca torpaqla bağlı çox
vuruşublar. Əgər torpağı qorumaq Vətəni
qorumaq səviyyəsinə qalxırsa, bu, artıq müqəddəs
bir əməldir. Amma ayrı-ayrı adamların mümkün
qədər çox torpaq əldə etmək istəyini,
ehtirasını anlaya bilmirəm. Hərdən insan fikirləşir,
bu dünyanın axırı yoxdur, amma bəlkə də var.
O torpaq bəlkə də heç kəsin olmayacaq.
Baxırsan, tarix boyunca bir torpaqda çoxlu nəsillər
yaşayıb, bu dünyadan köçüb gediblər. Adam
ruhunun gözü ilə çox aydın görür ki, bax,
bu yerlərdə ləpirlər də,
çığırlar da üst-üstədir. Bir evdən
bir adamı çağırırsan, on adam
çıxır. Vaxt olacaq, o ləpirin üstünə mənim,
sənin ləpirin də düşəcək. Bu, həyatın
qaydasıdır: torpaq həmişə bizim üçün
müqəddəs olacaq. Biz özümüzün ləpir
payımıza, qəbir payımıza, babalarımızdan bizə
miras qalan müqəddəs torpaq payımıza mütləq
minnətdar olmalı və baş əyməliyik. Baxmayaraq ki,
gileyimiz-güzarımız az deyil, amma yurd, ulus səviyyəsində
müqəddəsliyin ifadəçisinə çevrilən
torpağın qiymətini, dəyərini həmişə
bilməliyik. Məni ilin-günün əziz, insan
ovqatını qanadlandıran vaxtında Bakıda görəndə
təəccüblənirlər ki, nə əcəb Buynuza
getməmisiniz? Bu dünyanın qovğaları beynimizi,
ruhumuzu yoranda əsəblərimizin sakitləşdiyi, ruhumuzun
pərvəriş tapdığı, uçduğu,
rahatlandığı bir məkan var. Zamanımız gileylərlə
doludur. Ata oğlundan, oğul atasından, qohum-qardaş
bir-birindən gileylidir. Müqəddəs olan çox şeylər
var, onun ən qiymətlisi elə torpaqdır. Amma neyləyəsən
ki, torpağımızı qoruya bilmirik. Bu da bizim
günahımızdır".
Tarix boyunca zəngin
dövlətçilik ənənəmiz olub. Çox çətin
məqamlardan aşıb gəlmişik, məhv
olamamışıq. Amma təəssüf ki, bu qədər zəngin
tariximiz, ənənəmiz olduğu dərəcədə qədimdən
bəri buraxdığımız səhvləri yenə də
təkrar edirik: "Biz özümüzü özümüzə
tapşıranda nəsə, alınmır. Bu, məncə,
ondan gəlir ki, daxili imkanlarımızı, bir millət
olaraq potensialımızı dəyərləndirə bilmirik.
Təəssüf ki, xəlqi məsələlərdə hələ
də birliyimiz alınmır. Bəzi şeyləri ümumiyyətlə,
demək istəmirəm. İstəyirəm ki, deyəcəklərimi
şeirlə deyim. İndi bəzi məqamları desəm,
sonra yazmaq olmur. 17-ci yüzildə şair Lələ adlı
şəxs yaşayıb. Onun belə bir sözü
varmış: "Ya şələ Lələni, ya da Lələ
şələni". Əlbəttə, qəm şələsini
daşımaq xoşdur. Amma bədbəxtlik burasındadır
ki, biz indi həm də tamah şələsi
daşıyırıq. Çoxunun pay şələsi
altında qəddi sınır. Baxırsan ki, yük
altında qəddi sınır, amma ki, gözü doymur. Belədə
əlbəttə, torpağın müqəddəsliyi
ideyası yaddan çıxır, o, yalnız gəlir mənbəyi
kimi təsəvvür edilir. Gözüdoymazlıq hissi o qədər
adamların qəddini sındırıb ki... Millətin
nümayəndələri bu və başqa problemlər
haqqında elə hey danışırlar, amma təəssüf
ki, bir şey çıxmır. O qədər mövzu
haqqında söhbətlər gedir ki, söz sınır. Sədaqət,
sevgi də ölüb gedir. Əgər bunlar sarsılırsa,
yoxa çıxırsa, o zaman müqavimət necə olsun? Müqavimət
yerini verib topa, tüfəngə. Amma qabaqlar söz hər
şey idi. Bu məsəl elə-belə yaranmayıb ki,
söz qılıncdan itidir. İndi sözdən top
çıxır, tüfəng çıxır, bomba
çıxır".
Görəsən səbəb
nədir ki, başımıza gələn bu qədər fəlakətlərdən
sonra bir millət olaraq məhv olmadıq?
Şair bunun səbəbini
daxili imkanlarımızın böyüklüyü, amma hələ
o imkanları tam aşkarlamamamığımızla
bağlayır: "O gün olsun ki, özümüzü
özümüzə sözün əsl mənasında
tapşıra bilək. Bütün şikayətlərimizə
baxmayaraq yenə də bu millətin dərdini çəkənlər,
yolunda ölümə gedənlər həmişə olacaq. Bu
gün kütlə ilə ziyalı arasında xüsusi fərqin
hiss olunmaması ürək ağrıdan bir məsələdir.
Təəssüf ki, ağsaqqallıq itib, hamı
özünü haqlı sayır, deyir ki, mənim fikrim
düzdür. Qarışıqlığın içərisində
olsaq da, Sabir demişkən, ona ümidliyəm ki, zaman nehrə
kimi çalxalandıqca, bulandıqca yağı-yağ
üstə çıxacaq, ayranı da ayranlıq olacaq. Bizim
xalqımız hisslə, həyəcanla yaşayan xalqdır.
Heç olmasa, indiki zamanda insanların biri-birinin göz
yaşına acıması, kövrəlməsi qalıb. Bunlar
hamısı ürəyin işidir".
Musa Yaqub son yaradıcılıq
planları barədə də danışır:
"Yaradıcılıqla bağlı bir müqayisə
aparmaq istəyirəm: bizim Buynuzda bir Qonaqbulaq var. Hər il
yalnız yayda o bulaq qaynayır. Elə bil o bulaq sanki o vaxt
insanlara gərək olmaqdan ötəri yaranıb. Çox qəribədir.
Bir dəfə o bulaq yayda qaynamadı, elə bildim ürəyim
qurudu. O bulaq vələsin dibindən qaynayırdı.
Mayın axırında vələsin dibi yavaş-yavaş nəmlənirdi,
sonra görürdün, su gəldi. Hələ nəmlənəndə
könlümüz qanadlanırdı ki, su qaynayacaq. Nə qədər
ki, o bulaq çıxır, yazmaq söhbətim tükənən
deyil. Ruhum oyaq, qələmim də əlimdədir. Təzə
şeirlər yazmışam, "Azərbaycan"
jurnalının 2-ci sayında çap olunub. Kitab çap etdirmək isə çətindir. Çap etdirdin,
satışı da bir problemdir. Ürəyim
onunla təskinlik tapır ki, "Bu dünyanın qara daşı göyərməz"
kitabımda indiyəcən
yazdıqlarımın çoxunu
bir yerə yığmışam. Sağlıq olsun, gələn ildə-filanda yəqin yeni şeirlərimi də bir kitaba
yığacam. Bir sözlə,
ədəbi aləmin
içindəyəm".
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 22 aprel.- S.14.