Yunus Oğuzun
romanı öz imzası ilə oxuculara təqdim olundu
Tarixi xronoloji
ardıcılıqla, quru cümlələrlə öyrənmək
həvəsində olmayanlar, gizli keçmişin qaranlıq
sirlərini tarixi əsərlər-romanlar vasitəsilə də
öyrənə bilərlər. Belə ki, maraqlı təsvirlərlə
verilən tarixi romanlar hər zaman oxucu rəğbəti
qazanır. Belə kitabları mütaliə edən oxucu həm
tarixi bilgilərini zənginləşdirir, həm də ki,
mütaliə etmiş olur. Ədəbiyyat tariximizdə
maraqlı tarixi romanları ilə yaddaşlarda əbədi
yaşayan, ədəbiyyat tarixində özünə əbədi
yer tutan romanlarımız çoxdur.
Hansı ki, həmin əsərləri
oxucular bu gün də sevə-sevə oxuyurlar.
Son zamanlar da tarixi
romanlar yazılır. Bu kitabların
arasında yaxın keçmişimizdə baş
verən hadisələri
işıqlandıranlarla yanaşı,
tariximizin dərinliklərində
olmasına baxmayaraq bu günə kimi doğru-düzgün işıqlandırılmayan mövzulara,
tarixi şəxsiyyətlərə
həsr olunmuş kitablar da var. Yazıçı-publisist, türkoloq-alim
Yunus Oğuzun
"Nadir şah" romanı
da məhz bu cür əsərlərdəndir.
Dünən Yazıçılar
Birliyinin "Bayatı"
kitab mağazasında
"Nadir şah"ın imza
gününə toplaşanlar
da bir daha
kitabla bağlı bu fikirləri səsləndirdilər. İmza mərasimində
cəmiyyətin ziyalı
təbəqəsinin nümayəndələri,
tələbələr, millət
vəkilləri, bir sıra mətbu orqanların baş redaktorları iştirak edib. Tədbirdə
ilk sözü Azərbaycan
Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid dedi. Yunus Oğuzun
"Nadir şah" romanını
oxuduqdan sonra bəzi tənqidi məqamları müəllifə
çatdırdığını da bildirdi: "Ümumilikdə kitab Azərbaycanın keçmişinə
yeni baxış nöqteyi-nəzərindən dəyərli
bir əsərdir. Yunus Oğuzun tarixi romanı oxumağa layiq əsərdir. İnanıram ki, müəllif
bundan sonrakı əsərlərində də
daha təkmil olacaq və bu əsərlər də oxucu məhəbbəti
qazanacaq". Redaktor
tədbirin keçirildiyi
kitab mağazasında
yeni nəşrlərin
imza mərasiminin keçirilməsinin artıq
bir ənənəyə
çevrildiyini də
dedi. Sözünü təkrar Yunus
Oğuzun sonuncu kitabı - "Nadir şah"ın
üzərinə gətirən
Rəşad Məcid romanın çox məşhur olmasından söz açdı.
Kitabın ikinci dəfə
nəşr olunduğunu
bildirən baş redaktor onun tariximizin
yazılmamış səhifələrini
işıqlandırması və eləcə də tariximizlə bağlı yeni bir baxış formalaşdırması baxımından
oxuyanlar tərəfindən
yüksək qiymətləndirildiyini
bildirdi.
Tədbirdə millət
vəkili Xanhüseyn Kazımlı dediki, kitab oxumaq insanı mənəvi
cəhətdən silahlandırdığı
üçün bu vacib məqama meyli gücləndirmək
vacibdir: "Nadir şah" kimi tariximizi ortaya çıxaran
kitabların yazılması, tarixi qəhrəmanlara ruh verilməsi
çox vacibdir. Xarici ölkələrdə kitabxanaların
qarşısında kitab almaq üçün hər zaman
növbələr olur, amma təəssüf ki, bu ənənə
bizdə yoxdur". Yazıçı, millət vəkili Aqil
Abbas Yunus Oğuzun maraqlı tarixi romanlar
yazdığını bildirdi. Yazıçıya
uğurlarının davamlı olmasını arzulayan millət
vəkili kitabların imza günlərinin kitab
mağazalarında keçirilməsinin çox gözəl ənənə
olduğunu vurğulamağı da yaddan çıxarmadı. Bir
neçə romanın müəllifi, ssenarist Ənvər
Seyidov isə öz çıxışında
yazıçının "Nadir Şah"dan əvvəl
yazdığı kitablardan söz açıb. "Attila"nın,
eləcə də imza mərasimi keçirilən tarixi
romanın qısa zamanda çox məşhurlaşdığını
vurğulayan natiqin fikrincə, kitablar oxuculara təqdim
olunmalıdır ki, hər bir insan gözəl əsərlərdən
yararlana bilsin.
"Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru, şair Elçin Mirəzəbəyli
müəllifin tarixi romanında Nadir şahın əvvəllər
bizə təqdim olunduğundan fərqli olmasından söhbət
açıb. Kitabın Azərbaycan tarixini dərindən
araşdırmağa imkan verdiyini vurğulayıb.
Filologiya elmləri
doktoru, millət vəkili Nizami Xudiyev isə öz
çıxışında əsərlərin yaddaşlarda
yaşamasının səbəbini izah edib. Dilçi alimin
fikrincə, hər hansı bir əsər xalqa, onun
düşüncə tərzinə xidmət edəcəksə,
əbədi yaşaya bilər. Yunus Oğuzun
yazdığı tarixi romanların məhz bu qəbildən
olduğunu deyən alim müəllifin türkün
varlığını çox yüksək qiymətləndirdiyini
bildirib. Natiqin sözlərinə görə, müəllif
öz əsərlərində, tarixi romanlarında
türkün tarixi-keçmişi, gələcəyi
haqqında çox orijinal fikirlər irəli sürür. Millət
vəkili daha vacib bir məqamı da önə çəkib.
Belə ki, tarixi romanlar müəllifi olan Yunus Oğuz
türkün tarixi ilə bağlı ədəbiyyatları
çox dərindən öyrənib. Mütəmadi mütaliələr
nəticəsində isə öz xalqına dəyərli
romanlar, əsərlər bəxş edir.
Türk Hərəkatı
İctimai Birliyinin rəhbəri Həbib Ələkbərov da
"Nadir şah"la bağlı öz fikirlərini
bölüşdü. Romanın ilk oxucularından biri
olduğunu deyən Həbib Ələkbərov: "Kitab
haqqında çox sözlər demək olar. Birincisi çox
alqışlanası haldır ki, kitabda Azərbaycanın bir
folklor toplusu cəmlənib. Bu da Yunus Oğuzun Azərbaycan
folklorunu çox gözəl bilməsindən xəbər
verir". Həbib Ələkbərovun fikrincə, kitab gələcəkdə
həm də bir folklor nümunəsi kimi də istifadə
olunacaq: "Əsər tarixi roman olması ilə bərabər
həmçinin yazıçının keyfiyyətlərini
də üzə çıxarır. Burda yazıçının
böyük xaqanı - Nadir şahı duyma intuisiyası var.
Müəllif əsərdə həmçinin bu məqamı
da ortaya qoyub. Tutaq ki, tarixçilər tarixi şəxsiyyətlərin
müsbət və mənfi tərəflərini qələmə
alırlar. Yunus Oğuz isə göstərir ki, bu adam
birincidirsə, onun müsbət tərəfləri daha
çoxdur. Bizim bəzi yazıçılarımız bu məqamı
qəbul etmək istəmirlər. Yunus Oğuz isə
böyük bir sərkərdənin nə qədər
böyük bir mənəviyyata və bilgilərə malik
olmasını duyub". Natiqin fikrincə, Yunus Oğuz bu əsər
vasitəsilə Azərbaycan xalqına qiymətli hədiyyə
verib.
Çıxışçılardan
sonra müəllif də öz fikirlərini
iştirakçılara çatdırdı. Yunus Oğuz
tarixi roman sevənlərə xoş xəbər
çatdırdı. Belə ki, müəllif hazırda daha
iki kitab üzərində işlədiyini və yaxın
vaxtlarda onları da oxucularının ixtiyarına verəcəyini
bildirdi: "Bəxtiyar Tuncayla birlikdə
yazdığımız "Türkün gizli tarixi"
adlı kitabımız yaxın zamanda hazır olacaq. Bundan
başqa hazırda Təhmasib haqqında olan tarixi əsərin
üzərində işləyirəm ki, o da yaxın zamanda
hazır olacaq".
Daha sonra tədbirdə imza mərasimi baş tutdu. Məkan
baxımından balaca olmasına baxmayaraq, mənəvi dəyəri
böyük olan "Bayatı" "Nadir şah"
romanıyla daha yaxından tanış olmaq istəyən
oxucularla doldu. Tələbələr, eləcədə digər
kitab həvəskarları haqqında bu qədər söz
açılan kitabı əldə etmək üçün
sıraya düzüldülər.
Xalq Cəbhəsi.- 2009.- 23 aprel.- S.7.