"Opera
yazmaq istəyirəm"
Ramiz Mirişli:
"Adətən böyük
əsərlər bəstəkarın
daxilində illərlə
yol gəlir"
Xalq artisti,
tanınmış bəstəkar Ramiz Mirişlinin 75
yaşı tamam oldu. Onun mahnıları dillər əzbəridir.
Bu gün də gənclik eşqiylə yazıb-yaradır. Təbii,
yaş öz işini görür, amma Ramiz müəllim
qocalığın yetkinliyindən, təcrübəsindən
bəhrələnməyin çox gərəkli olduğunu
deyir. Ramiz Mirişli indiyə kimi 15 kinofilmə musiqi bəstələyib.
Simli alətlər orkestri üçün simfoniya, 3 simfonik
poema, tar ilə simfonik orkestr üçün konsert, simfonik
orkestr üçün süitalar, xalq çalğı alətləri
üçün konsert, 5 operetta, 200-dən yuxarı mahnı,
20-dən çox dram pyeslərinin musiqisinin müəllifidir.
Bəstəkar musiqinin əksər janrlarında qələmini
uğurla sınayıb. İndi ən böyük arzusu isə
opera yazmaqdır.
Ancaq Ramiz müəllim
hələlik bu barədə danışmağı məqsədəuyğun
saymır. Azərbaycan opera sənəti tarixində orijinal
yönlü opera yaratmaq fikrindədir: "Opera möhtəşəm
şeydir. Orada müxtəlif
musiqi janrlarının
vəhdəti var".
Ramiz Mirişli gəncliyində
ansamblda peşəkar kamançaçalan kimi də
çalışıb. Amma sonradan taleyini bütünlüklə
bəstəkarlığa bağlayıb. Onun mənsub
olduğu nəsil belə demək olarsa, Üzeyir Hacıbəylinin
yaradıcılıq bulağından, ənənəsindən
birbaşa su içmiş insanlardır. Bu gün ruhumuzun daha
çox həsrətində olduğu gözəl səslər
az yaranır. Bəstəkar üçün zamanın, şəraitin
xüsusi əhəmiyyətinin o qədər də rol
oynamadığını deyən Ramiz Mirişli bu qənaətdədir
ki, əsas məsələ yaradıcı insanın sənətinə
nə dərəcədə
bağlılığındadır: "Mənim
yaradıcılığımın ən məhsuldar
dövrü sovet dövrü ilə bağlıdır. Amma
son dövr yaradıcılığım da məhsuldardır.
"Əlvida", "Mən sənə qurban" son
dövrlərdə yaranıb. Sovet dövründə necə
ürəklə, məhsuldar yazırdımsa, bu gün də
eləcə yazıram. Gərək əlindən gələni
edəsən ki, yaradıcılıq tempin heç vaxt
aşağı düşməsin. Mən belə
düşünürəm: özünə, sənətinə
tələbkar olan bəstəkar həmişə
çalışır ki, yaxşı əsər yazsın,
bilir ki, əks halda yaşamayacaq". Azərbaycanın bəstəkar
mahnılarının tanınmış nümunələrində
muğamdan bəhrələnmələrə daha çox rast
gəlinir: "Muğam tükənməz bir xəzinədir.
Elə bir Azərbaycan bəstəkarı tapmaq olmaz ki, o, bu və
ya digər səviyyədə muğamlarımızdan bəhrələnməsin.
Muğam ondan bəhrələnmələrlə azalmır,
sanki daha da təkmilləşir, ömrü sonsuzluğa kimi uzanır".
Əvvəlki dövr bəstəkar mahnılarından fərqli
olaraq indiki mahnılarda daha çox qıvraqlıq
müşahidə olunur. Ramiz Mirişli bayağı
mahnıları bura aid etmir, deyir, bayağı mahnı elə
bayağı mahnıdır: "O hesabla gündə nə qədər
mahnı meydana çıxır, az sonra unudulub gedir. Özü
də bayağı mahnıların çoxunun mayasında əcnəbi
mahnıların ruhu açıq-aydın sezilir. Söhbət
əsl professional bəstəkarlardan gedir. Gərək camaat əsl
bəstəkarla həvəskar bəstəkarı
qarışdırmasın. Sovet dövründə şübhəsiz,
indi geniş yayılan zövqsüz mahnılar meydan sulaya bilməzdi.
Mahnı janrında istər-istəməz bədii şura gərəklidir,
qaçılmazdır. Amma görürsən, ordan-burdan
yığma olan mahnılar müqavimətə rast gəlmir. Onlar
studiyalarda yüksək keyfiyyətlə yazılır, kliplər
çəkilir, ekrana, efirə yol açır, bir sözlə,
reklam olunur. Görürəm, mənim də
mahnılarımdan müəyyən məqamları
götürürlər, istifadə edirlər". Bəstəkar
özündən əvvəlki bəstəkar nəslindən
bəhrələnmə barədə danışır:
"Şübhəsiz ki, hər bir bəstəkar
özündən əvvəlki yaradıcı nəslin irsindən
bəhrələnir. Gərək biləsən ki, səndən
əvvəlkilər nə yazıblar. Azərbaycanda operetta
janrı ilk növbədə universallığın nəticəsi
kimi meydana çıxır. Bəstəkar musiqini yazır,
amma tamaşanın necə gerçəkləşməsindən
də çox şey asılıdır. Bu gün gənc
oxuyanlar çoxdur. Musiqili Komediya Teatrında "Qısqanc
ürəklər" məncə, pis
alınmamışdı. Gənc aktyorlardan Ramil, Fərid, Nərgiz
və başqaları belələrindəndir. Bu gənclər
istedadlıdırlar, məni qane edirlər. Professional bəstəkar
üçün belə yaradıcı gənclərlə
işləmək yaxşı effekt verir. Gözəl,
maraqlı mövzu bəstəkar üçün geniş
üfüqlər açır. Yaxşı ideyalı əsər
imkan verir ki, bəstəkar öz imkanlarını daha
çox aşkarlasın".
Son vaxtlar camaatın
teatra marağı artsa da, ümumən ötən yüzilin
60-cı illərinin nostalji havası hələ də yaşayır.
Görəsən, bu həmin dövrün halına xas informasiya azlığındanmı
irəli gəlir, ya indiki aktyorların,
həm də əsərlərin əvvəlki
kimi diqqət cəlb etməməsiylə
bağlıdır? Ramiz müəllimin bu barədə qənaətləri
maraqlıdır: "O dövrdə
doğrudan da populyar aktyorlar çox idi: Bəşir Səfəroğlu,
Nəsibə Zeynalova,
Hacıbaba Bağırov,
Səyavuş Aslan və başqaları belələrindən idi. Bu şəxslərin səs diapazonu güclü olmasa da, bəstəkar onların imkanlarını
nəzərə alırdı.
Mobil Babayevin səsi
tenor idi. Yadımdadır, "Qaçırılmış qız"
operettamda bu səslər əsərin
gözəl alınmasına
səbəb olmuşdu.
Burada hətta Səyavuş Aslan da oxuyurdu.
Gərək bəstəkarın müşahidələri çox
zəngin olsun. Mənim üçün bu və ya
digər əsər belə doğulur: bəstəkar üçün
hər hansı bir əsər gərgin yaradıcılıq
çalışmalarından sonra yaranır. Gərək heç zaman tələsməyəsən ki,
əsər ortaya tez çıxsın.
Şəxsən əsər məndə
uzun müddətli çalışmaların nəticəsi
kimi meydana çıxır. Böyük əsərlər
adətən bəstəkarın
içində illərlə
yol gəlir. Gərək əsərlə yaşamağı
bacarasan. Həmişə şair bir şeir
verəndə onu günlərlə oxumuşam,
sonda baxmışam ki, musiqisi gəldi.
Gərək bəstəkar çox
gözəl duyuma malik olsun ki,
bax, filan mahnını hansı müğənni daha yaxşı oxuya bilər. Mahnıya qol-qanad verən
müğənnidir. Hətta yaxşı
müğənni pis mahnını da dirildə bilər. Bu, müğənnidən böyük peşəkarlıq
tələb edir.
Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın mahnıları bu sarıdan çox peşəkardır". Onun
həmişə yaxşı
ifaçılar sarıdan
bəxti gətirib:
"Əlbəttə, təkcə
yaxşı yazmaqla bəstəkarlıq sübut
olunmur. Bəstəkar görəndə ki, əsərləri yaxşı ifa olunur, o zaman daha da ruhlanır.
Əsl müğənni gözəl
mahnını yaşadır.
Hətta
gözəl mahnı xalq mahnısına da çevrilir. Mahnılarımı Türkiyədə,
İranda çox oxuyurlar. Baxıram ki, çox
zaman adımı da yazmırlar, bu mahnılar sadəcə, xalq mahnısı kimi təqdim edilir. Məsələn, "Küsüb məndən", "Dalğalar"
bu qəbildəndir.
Qaldı ki, mahnıların indiki yaradıcı nəsil tərəfindən böyük
məsuliyyətlə yaşadılmasına,
ifa edilməsinə və bu ruhda
yenilərinin yaradılmasına;
bir dəfə rəhmətlik Səid Rüstəmovla söhbət
zamanı eləcə
ağızucu dedi ki, cavan müğənnilərə
mənim mahnılarımı
oxumağı tövsiyə
et. Mən onu başa düşürdüm. Səid müəllim
o zaman kifayət qədər nüfuz sahibi idi, cavan
müğənnilərə deyə bilməzdi ki, mənim mahnımı oxuyun. Onu başqa cür anlaya bilərdilər.
Hər halda o, bunu Azərbaycan
musiqisinin inkişafı
üçün edirdi.
Şəxsən mən cavanlara
heç vaxt xüsusi deməmişəm
ki, gəlin, mənim mahnılarımı
oxuyun. Dəfələrlə istedadlı gənclərə
kömək etmişəm,
mənəvi dayaq olmuşam. Bu gün gənc ifaçılar görürsən
ki, daha çox elə gənc bəstəkarların
mahnılarını oxuyurlar,
amma istər-istəməz
bizim mahnılara da müraciət edirlər. Bu da təbiidir". Onun xüsusən lirik mahnılarında bir sanbal, özünəməxsus
ahəng var. Ancaq oranjemanda istər-istəməz
mahınların qol-qabırğası
sınır. Bu gün
mahnı mətnləri
də əvvəlki dövrlərin mahnı mətnlərindən xeyli
fərqlənir: "İndi
daha çox oynaq, məzəli mahnılara meyl var. Bizim dövrümüzdəki
ciddi lirik mahnılar azdır. Bu mahnılarda bir
dərinlik də var. Toylarda bu gün
daha çox qıvraq mahnılar dəbdədir. Müxtəlif musiqi əhvalları da indiki mahnılarımızın
ruhuna çox təsir edib. Bir sözlə, yeni yaranan mahnılar tamamilə müasirlik əhvalına uyğundur.
Məni sevindirir ki, əvvəlki dövrdə
yazdığım mahnılar
bu gün ardıcıl olaraq oxunur, rəğbətlə
qarşılanır. Məsələn, Aşıq Ələsgərin
sözlərinə yazdığım
"Güləndam" mahnısını
Gülyanaq Məmmədova
gözəl oxuyur.
Bu mahnını əvvəllər Şövkət
Ələkbərova, Nəzakət
Məmmədova oxuyurdu.
Yəni gözəl mahnı heç vaxt ölmür, itmir. Zeynəb Xanlarova "Ay bəri bax" mahnısını
vaxtilə çox oxuyub, indi onu
Bilal Əliyev, həmçinin Gülyaz və Gülyanaq Məmmədova bacıları
oxuyur. Belə mahnılarım çoxdur".
Onun yaradıcılığı bir
neçə istiqamətdə
ciddi şəkildə
tədqiqata cəlb olunub. Mahnı yaradıcılığı, operettaları, simfonik musiqiləri ayrıca tədqiq edilib.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 25-27 aprel.- S.14.