İşğal günü - 28 Aprel

 

Qüdrət Əbdülsəlimzadə: "Bolşevik Rusiyası müxtəlif yollardan istifadə etməklə Qafqazı ələ keçirdi"

 

Ötən yüzildə cəmi 23 ay yaşamış Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdikdən sonra yurdumuzda bolşevik Rusiyası 70 illik bir sovet rejimi qurdu. 1920-ci illərdə, xüsusən 30-cu illərdə bolşevizm kabusu yurdumuzun sayseçmə oğul-qızlarını ucdantutma məhv etdi. Düz 89 il əvvəl - 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. Mahiyyətcə çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirən bolşeviklər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində onu daim yıxmağa cəhd edirdilər.

Bəs 28 Aprel fəlakəti görəsən, reallaşmaya bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan səbəbləri niyə vaxtında görə qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsil mənasında müdafiə etmək qüdrətində olmadı?

Hər şeydən əvvəl ona diqqət yetirmək gərəkdir ki, I Dünya Müharibəsinin sonuna yaxın Avropada, həmçinin dünyanın başqa bölgələrində, eləcə də Qafqazda geosiyasi durum gərginləşmişdi. Qərb dünyası bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, digər tərəfdən də Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan bolşevik Rusiyası var idi. Siyasətin öz dili, jestləri olur. Qərb bu məkanın Rusiyaya güzəştə gedilməsini məqbul saydı. Türkün qədim dövlətçilik ənənəsi ölmədi: bu, 1918-ci il mayın 28-də Milli Cümhuriyyətimizin elanı ilə bir daha öz təsdiqini tapdı. Hər halda belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik də onu 23 ay yaşatmaq misilsiz hünər idi. Amma Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini kütlələrə istənilən səviyyədə anlada bilmədi. Əgər bu, baş tutsaydı, o zaman milli dövlətimizin ömrü daha uzun ola bilərdi. 23 ay ərzində Cümhuriyyətin daxilində müxtəlif qüvvələr tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbiidir ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar hökuməti tək qura bilmədilər, müxtəlif siyasi qüvvələrlə əməkdaşlığa getməli oldular. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir vəziyyətdə ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ideyalar fəhlə və kənliləri şirnikləndirirdi. Azərbaycanın daxilindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər. Səmədağa Ağamalıoğlunun "O olmasın, bu olsun" məşhur kəlamı buna gözəl sübutdur.

Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, əsrin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin əhəmiyyətini çox gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illər ərzində tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 30-cu illərdə bu şəxslərin demək olar ki, hamısını sovet ideologiyası fiziki cəhətdən məhv etdi.

Bu gün ideoloji mübarizə yönü hələ də tərəddüdlü qavranılan Nəriman Nərimanovun milli dövlətçilik məsələsində tutduğu qaranlıq mövqe; Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvaya aparılaraq yüksək dövlət postunda yerləşdirilməsi, çox keçməmiş zəhərlənərək öldürülməsi türkün öz faciələrini qabaqcadan görə bilməməsi qənaətini yaradır... 28 Aprel fəlakəti həm də Güney Azərbaycanda məşhur Xiyabani hərəkatının süqut etməsindən az sonraya təsadüf edir. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən- dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Faktiki olaraq milli dövlətimizin bu qədər hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi.

28 Aprel Fəlakəti yeni fəlakətli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə ürəyini məhv etdilər. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən vəhşi üsullara əl atıldı. Təəssüf ki, hələ də cəmiyyətdə 28 Aprel fəlakətinin yaratdığı fəsadlar, Demokratik Cümhuriyyətin süqutu istənilən səviyyədə dərk olunmayıb.

Professor Qüdrət Əbdülsəlimzadənin fikrincə, 28 Aprel Faciəsi xalqımızın çoxəsrlik tarixinin ən acı səhifələrindən biridir: "Əlbəttə, hər bir ölkənin problemləri, onun azadlıq yolundakı fəaliyyəti həmişə çoxsaylı çətinliklərlə müşaiyət olunur. 1917-ci ildə Rusiyada Fevral inqilabı, sonra isə Oktyabr inqilabı baş verdi. Xarici mənbələr çox vaxt Oktyabr inqilabını inqilab kimi yox, çevriliş kimi qələmə verirlər. Yəni 1917-ci ilin oktyabrında Rusiyada demokratik hökuməti çevriliş yolu ilə ələ keçirdilər. Bununla da dünya iqtisadiyyatı və təsərrüfatı iki yerə - kapitalist və sosialist təsərrüfat sisteminə ayrıldı. O zamandan başlayaraq dünyanı təsir dairələrinə cəlb etmək uğrunda mübarizə başlandı. Rusiyada hakimiyyət başına gələn bolşeviklər təbiidir ki, təkcə öz əraziləri ilə kifayətlənə bilməzdilər. Onlar çar Rusiyasının əvvəlki ərazilərini də ələ keçirmək istəyində qəti idilər. Bolşevik Rusiyası müxtəlif yollardan istifadə etməklə Qafqazı ələ keçirmək uğrunda mübarizəyə başladı. Mən vaxtilə arxivdə məşğul olarkən o dövrkü Rusiyanın "QOELRO" ("Rusiyanın dövlət elektrikləşdirilməsi planı") planı ilə bağlı sənədləri nəzərdən keçirərkən maraqlı faktla qarşılaşdım. 1920-ci ilin martında hazırlanmış planla bağlı məşhur iqtasadçı Q.M.Krjijanovski yazır ki, biz bu planı Qafqaza da aid etmək istəyirdik, lakin Qafqaz hələ əlimizə deyildi. Lenin ona deyir ki, siz hökmən Qafqazı da bu plana aid etməlisiniz, Qafqaz bizim olacaq".

Şair Musa Yaqub Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunu, ölkəmizdə sovet hakimiyyətinin bərqərar olmasını belə xarakterizə edir: "Demokratik Cümhuriyyətimiz 23 ay ərzində çox iş gördü. Amma təəssüf ki, xalq hələ istənilən bir səviyyədə deyildi. Cümhuriyyət qurucuları milli dövlətimizin məqsəd və məramını, müstəqil olmaq qüdrətini açıq-aydın şəkildə bütün dünyaya çatdıra bildi. Amma müstəqillik, milli dövlət ideyası təssüf ki, xalqa çatmırdı. İdeyanın mahiyyəti kütlələrin ruhuna axmamışdı. Məlumdur ki, kütlənin fikri tez-tez dəyişir. Müsavatçılar gözəl anlayırdılar ki, milli dövlət ideyasını xalqa anlatmaq, çatdırmaq çox çətindir".

O dövrdə Məhəmməd Əmin Rəsulzadənin bir müddət Şamaxı qəzasının (İsmayıllı rayonunun) Lahıc kəndində qaldığı məlumdur. Musa Yaqub bu mövzuda bir müddət araşdırma apardığını da bildirdi: "Mərhum yazıçı Manaf Süleymanov Rəsulzadənin qaldığı evin yerini göstərmişdi. O, burada "Əsrimizin Səyavuşu" adlı gözəl bir əsər yazıb. Rəsulzadə sözün əsl mənasında qüdrətli bir ziyalı idi. Bu əsərdə o, gözəl paralellər aparıb, ağıllı qənaətlərə gələ bilib. Bu əsəri yazana qədər çoxlu fəlakətlərlə rastlaşmışdı, amma sınmamışdı. Əsəri oxuyanda onun nə qədər iztirablara, məşəqqətlərə tuş gəldiyini açıq-aydın görmək olur. Rəsulzadəni çox keçmir ki, həbs edirlər, Bakıya gətirirlər. Manaf Süleymanov danışırdı ki, Rəsulzadəni Qaraməryəmdə tutanda üstünə iki dəfə tapança çəkirlər, amma silah açılmır. Yəni bir təsadüf nəticəsində o, sağ qalır. Sonradan Stalinlə görüşür, Stalin onu Moskvaya aparır. Buradan da onun mühacirət ömrü başlanır". Dünyanın indiki çağında Azərbaycanı gözləyən təhlükələr yönündə danışan Musa Yaqub bildirir: "Şəxsən mən hesab edirəm ki, 28 Aprel fəlakəti əvvəlki formasında mövcud ola bilməz. Amma hər halda fikirləşməliyik ki, 28 Apreldən də betər təhlükələrə, fəlakətlərə düçar ola bilərik. Özümüz özümüzü qorumalıyıq".
Yeri gəlmişkən, tez-tez sadəcə, film kimi sovet dövrünə aid, xüsusən də 28 Aprelə aid filmlərin nümayişi adamların ağlında istər-istəməz nostalji hissləri yaradır. O dövrün isə indiki dövrün əhvalına tamamilə zidd olduğu gerçəkdir.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 28 aprel.- S.14.