Sovet hakimiyyətinə qarşı
savaş açan ziyalı
Bəhlul Bəhcətin
faciəvi taleyi olub
Bəhlul Bəhcət Azərbaycan
folklorşünaslığı tarixində özünəməxsus
yeri olan ziyalılarımızdandır. "Bəhcət"
yaradıcılıq imzasıdır. 1885-ci ildə Zəngəzur
qəzasının Qubadlı rayonunun Dondarlı kəndində
anadan olub. Araşdırmaçı-alim Rza Xəlilov
bildirir ki, Bəhlul Əfəndi sonralar təhsilini Türkiyə və İranda davam etdirib. Türkiyə və İranda
təhsilini başa vurduqdan sonra vətənə qayıdıb,
Zəngəzur qəzasında
dini fəaliyyətə
başlayıb. 1918-ci ildə
Azərbaycanda Demokratik
Cümhuriyyət qurulduqdan
sonra 1920-ci ilə qədər Zəngəzurun
qazısı vəzifəsində
çalışıb. O, milli dövləti fəaliyyətilə dəstəkləyənlərdən
olub. Azərbaycanda bolşevizm bərqərar
olduqdan sonra onun həyatının ağır günləri başlayır. Süni quraşdırılmış bir ittiham əsasında
ilk dəfə olaraq 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır:
3 il ərzində əvvəlcə "Azərnəşr"də, sonra isə Elmlər Akademiyasının Azərbaycan
filialının ədəbiyyat
sektorunda işləyir.
Bu elm ocağı Bəhlul Bəhcətin son iş yeri
olur. 1937-ci ilin avqustunda yenidən həbs olunur, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar
əsasında güllələnir.
20 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr
1958-ci il tarixli qərarı ilə bəraət verilir. R.Xəlilov daha sonra
deyir ki, Şərq ədəbiyyatı və dillərini, həmçinin
Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə
gəlib çatmış əsərləri onun görkəmli
ədəbiyyatşünas, folklorşünas olduğunu
göstərir: "Deyilənə görə, o, Əmin Abidlə
birlikdə Firdovsinin"Şahnamə"sini dilimizə tərcümə
edib".
Həm də bir ədəbiyyatşünas kimi
tanınmış B.Bəhcət 19-cu yüzilin məşhur
şairlərindən olan Əbülqasim Nəbatinin ədəbi
irsinin toplanmasında və araşdırılmasında
böyük rol oynayıb. 1935-ci ildə bu sahədə fəaliyyətinin
məntiqi nəticəsi olaraq "Nəbati"
kitabını çap etdirib. B.Bəhcətin
yaradıcılığında Azərbaycan folkloru, xalq ədəbiyyatı
geniş yer tutub. Azadlığa çıxdıqdan sonra ədəbi
yaradıcılıqla məşğul olduğu dövrdə
yazdığı "Nəbati-Xan Çobanı",
"Sarı Aşıq", "Aşıq" təxəllüslü
bayatı şairinin tərcümeyi-halı və
yaradıcılığı", "El şairi" və
"El şairləri", "Aşıq Mahmud" adlı
məqalə və resenziyaları ədəbiyyatın,
folklorun onun yaradıcılığında mühüm yer
tutduğunu, müəllifin necə məhsuldar qələm
sahibi olduğunu göstərir: "Onun bu dövrkü fəaliyyətində
müşahidə edilən canlanma ölkədə kütləvi
repressiyaların daha güclü bir dalğasının
başlandığı dövrə təsadüf edir. Görünür,
B.Bəhcət rejim tərəfindən ona ayrılan vaxtın
daraldığını, azaldığını hiss
etmiş, bu sahədə daha çox iş görmək
lazım gəldiyini fitrətən dərk etmişdi. Sonuncu məqalənin
çapından təqribən bir il sonra o, həbs olundu".
R.Xəlilov bu dövrdə "Ədəbiyyat" qəzetində
"Çoban" imzası ilə dərc olunmuş bir məqalənin
onun folklorşünas olaraq bu sahədə
toplayıcılıq fəaliyyətinə işıq
saldığını bildirir: "Ərəbcə
"sevinc", və "gözəllik" mənalarını
ifadə edən "Bəhcət" təxəllüslü
Bəhlul Əfəndi Azərbaycan xalq ədəbiyyatına,
klassik Şərq mədəniyyətinə yaxından
bağlı olub. Bəhlul Əfəndi həm dünyəvi
elmlərlə, həm də siyasətlə məşğul
olsa da, bütün ömrü boyu Azərbaycan xalq ədəbiyyatına
qırılmaz tellərlə bağlı olub. Sarı
Aşığın bayatılarını toplayıb kitab
halına salıb, "Nizami və Qafqaz folkloru"
mövzusunda elmi əsər yazıb. Təəssüf ki, Bəhcətin
Azərbaycan tarixinə dair yazdığı xeyli əsərlərinin
çoxu itib-batıb. H.Əfəndiyev bu qənaətdədir
ki, belə bir xəzinənin içərisində
"Qarabağ tarixi" xüsusi əhəmiyyət kəsb
edir. Milli Hökumət qurulduqdan sonra onun Zəngəzur qəzasındakı
dayaqlarından biri olan B.Bəhcət haqqında bir sıra
elmi və bədii ədəbiyyatda çox bəhs edilib. Bəhcət
sovet hakimiyyətinə qarşı savaş elan etmişdi,
deyirdi ki, ya qazi, ya da şəhid olaq. O zaman Qubada,
Şamaxıda, Zəngəzurda, Qarabağ, Laçın, Cəbrayıl
və başqa mahallarda bolşeviklər qırğınlar
törədirdilər. O, belə bir vəziyyətdə
xalqı ardıcıl olaraq müqavimətə
çağırırdı. Hadisələrin
çıxılmaz olduğu bir vəziyyətdə Bəhcət
tərəfdarları ilə İrana keçir, bir ildən
sonra Azərbaycana qayıdır. Bayıl həbsxanasında
olduğu 10 il ərzində ardıcıl olaraq mütaliə
və yaradıcılıqla məşğul olur. Həbsdən
çıxdıqdan sonra ona mənzil də verilmişdi. Lakin
az sonra yenidən həbs edilir, güllələnir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2009.- 29 aprel.- S.14.