Mədəniyyətimiz Danimarkada
təbliğ olunur
Danimarkanın Fredensborq
bələdiyyəsinin Nivo şəhərində BMT-nin
"Dünya Mədəniyyətləri Dialoqu" layihəsi
çərçivəsində "Fergli ve Birge" adlı
kütləvi tədbir keçirilib. Diasporla İş üzrə
Dövlət Komitəsindən daxil olan məlumata görə,
tədbirin təşkilində Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti
də fəal iştirak edib. Danimarkada fəaliyyət göstərən
ictimai, mədəni və milli icmaların, uşaq və gənclər
təşkilatlarının iştirakıyla təqdim olunan
müxtəlif xalqların milli yeməklərinin, əl
işlərinin, rəsm əsərlərinin sərgisinin, eləcə
də beynəlmiləl musiqi, rəqs və tamaşaların
nümayiş etdirildiyi tədbirdə Fredensborq burqomisteri Olav
Aaen çıxış edərək Danimarka hökumətinin
bu layihəni reallaşdırmasının məqsədi və
gələcəkdə həyata keçiriləcək
planlardan danışıb. "Fergli ve Birge" layihəsinin
işçi qrupunun üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin
sədri Elxan Hüseynov isə öz
çıxışında mədəniyyətlərarası
dialoqun vacibliyindən, cəmiyyətin bu layihə çərçivəsində
fəaliyyətindən söz açıb. Tədbirdə Azərbaycan
musiqisi Kəmalə Maisqızının ifasında
tamaşaçılara təqdim olunub. Bununla yanaşı, Azərbaycan
Respublikasını təbliğ edən stend də sərgilənib.
Stenddəki Azərbaycan Respublikasının dövlət rəmzləri,
dövlət başçısı haqqında məlumat, Ermənistan
hərbi birləşmələrinin işğal etdiyi ərazilərimizin
xəritəsi və bununla bağlı ətraflı izahat, eləcə
də ölkəmiz haqqında digər bilgilər tədbirə
qatılanların marağına səbəb olub.
Turqut
Xalq Cəbhəsi.- 2009.- 29 aprel.- S.4.