"Abşeronda çox böyük fəsadlarla üzləşə bilərik"

 

Professor Telman Əliyev: "Biz bu ərazini daim yükləməklə həm sürüşmə zonasına çevirmişik"

 

Minillərdir ki, insanlar tikdiklərinin bir zaman uçacağını dərk etsələr də, amma yenə qurmaq, yaratmaq inadlarından qalmırlar. Görəsən, insanın qurmaq, yaratmaq inadının kökündə nə dayanır? Professor Telman Əliyevin fikrincə, burada ilk növbədə insanın tələbatı, ehtiyacı, yaşamaq inadı əsas rol oynayır. İnsan qurmasa, yaratmasa, məhv olub gedər: "Təbiətin halında həm də bir amansızlıq var. İnsan məhz bu mənada təbiətə qarşı durmağı bacarmalıdır. Qurmaq anlamında insan təbiətlə yola getməyi bacarmalıdır. Yəni insan elə tikib-yaratmalıdır ki, zəlzələ onu dağıda bilməsin".

Hər halda insan təbiətlə olan ilahi əhdini pozub. Təbiət insanın heç bir səhvini ona bağışlamır. İnsan təbiətlə olan ilahi harmoniyanı qoruyub-saxlamaqda inadlı deyil. T.Əliyev deyir ki, bu, nadanlıqdan cəhalətdən doğur: "Hətta o zaman Engels yazırdı ki, təbiət insandan ona qarşı etdiyi amansızlıqlara görə intiqam alır. Tarazlıq təbiətin ən geniş yayılmış fundamental anlayışıdır, insan tərəfindən pozulub. İnsan öz əməlləri ilə çox hallarda təbiəti qəzəbləndirir. Digər tərəfdən təbiətin qəzəbinin səbəbi təkcə insanın fəaliyəti ilə bağlı deyil. Təbiətin özündə bu proseslər gedir".

Bu mənada insanları tarixən, xüsusən indi daha çox daim gərginlikdə saxlayan təbii fəlakətlərdən biri zəlzələlərdir.

Zəlzələ və zəlzələyə davamlı qurğular sahəsində araşdırmalar aparmış T.Əliyev bu qənaətdədir ki, zəlzələnin bölgüsü aparılaraq onun 4 növünün olduğu müəyyənləşdirilib: tektonik, vulkanik, uçqun və süni. Hazırda süni zəlzələ barədə az danışılmır: "Ən təhlükəli zəlzələlər tektonik zəlzələlərdir. Təbiidir ki, tektonik zəlzələnin də izahı var. Amma süni zəlzələ daha çox insan fəaliyyətilə bağlıdır. Bu zəlzələlərə adətən "bənd zəlzələləri" deyirlər".

Aydınlaşdırılıb ki, bəzi yerlərdə çəkilən bəndlərdə suyun səviyyəsi 80-100, 120 metrə çatanda zəlzələ baş verir. Zahirən bəzilərinə belə gələr ki, bu boyda yer kürəsində o qədər də böyük olmayan belə bəndlərini qurulması axı necə zəlzələ yarada bilər? Amma Yer kürəsi də canlıdır, o da nəfəs alır. Əgər insan oğlu Yerin nəfəsini "tıxayırsa", bu, yer kürəsi tərəfindən əks reaksiyasız ötüşmür. T.Əliyev araşdırmalar nəticəsində mühüm nəticələrə gəlib: "Adətən çox hallarda böyük şəhərlər zəlzələlərin episentrinə düşür. Məsələn, Daşkənd, Aşqabad, eləcə də Şamaxı, Gəncə... Bənd zəlzələsi ilə bu şəhərlərdə baş verən təbii fəlakətli hadisə arasında analogiya tapmışam. Bənd zəlzələsində əsas motiv odur ki, müəyyən bir ərazidə yaranan ağırlıq artdıqda zəlzələ baş verir. Ağırlığın artması nəticəsində sıxılma gərginliyi artır, yəni bənd zəlzələsində göldə necə effekt yaranırsa, bu məqamda da elə effekt yaranır. Məlumdur ki, Bakı şəhəri Abşeron yarımadasında yerləşir. Quru, yəni torpaq su ilə bağlı olanda o, dəyişkən təbiətə malik olur. Onsuz da torpaq dəyişkən xüsusiyyətə malikdir: məsaməlidir, müxtəlif süxurlardan ibarətdir. Dənizin səviyyəsi dəyişir, suyun səviyyəsi qalxır, qruntun, süxurun özünün strukturu, nəmlik dərəcəsi dəyişir, nəticədə bura çox həssas bir yer olur. Belə bir həssas yer olan Abşeron yarımadasında indi də göydələnlər tikilir. Təəssüf ki, bu zona çox yüklənib. Nəticədə çox böyük fəsadlarla üzləşə bilərik. Abşeron yarımadası seysmik zəlzələ ərazisidir. Üstəgəl biz bu ərazini daim yükləməklə həm də sürüşmə zonasına çevirmişik. Beləcə problemlərimizin sayını artırmışıq. Bayıl yamacında, Əhmədli yaylasında, Günəşlidə, neçə il qabaq Yeni Günəşlidə də sürüşmə oldu, sürüşmə nəticəsində torpaq süni göllə doldu, həmin suyu ətraf binalara qədər qovdu".

Zəlzələ hadisəsi və onun öyrənilməsi qədim tarixə malikdir. Zəlzələni Çində hələ eramızdan əvvəl 760-cı ildə qeydə almağa başlamışlar. Zəlzələni qeyd edən ilk cihazı-seysmokopu da Çin alimi, riyaziyyatçı, astronom və coğrafiyaşünas Çyan Xen 132-ci ildən ixtira edib. Orta Asiyada zəlzələ haqqında ilk elmi əsər yazan böyük loğman İbn Sina (980-1137) olub: "İbn Sina özünün "Kitab əş-şəfa" əsərində güclü silkələnməyə məruz qalan sahələrin zəlzələnin episentri ilə üst-üstə düşmədiyi halları göstərib, Yer səthinin müxtəlif sahələrində zəlzələlərin təkrarolma tezliyinin spesifikliyini - seçkinliyini bildirib, eləcə də Ay və Günəşin zəlzələyə təsirini göstərib, zəlzələ zamanı ondan qorunmaq, ehtiyatlı davranmaq barədə mülahizələr söyləyib. Zəlzələnin öyrənilməsi məsələlərilə onun çağdaşı Əbu Reyhan Biruni də məşğul olub. Zəlzələ qədim zamanlardan öyrənilsə də, indiyə kimi xalqlara bədbəxtlik gətirməkdə davam edir. Zəlzələ Yer qabığının həyat fəaliyyətinin təbii nəticəsi hesab olunur. Seysmoloqlar ehtimal edirlər ki, zəlzələlər milyard illər bundan sonra da baş verəcək. Qorxunc tektonik hadisə kimi zəlzələnin öyrənilməsi qədim zamanlara gedib çıxsa da, ondan qorunmaq yollarının, zəlzələyə davamlı qurğular yaradılmasının tarixi bir o qədər cavandır. Zəlzələyə davamlı binaların hesablanması və lahiyələndirilməsi üzrə ilk nəzəri əsas yaratmaq təşəbbüsü 19-cu yüzilin sonunda olub. Dünyada bina və qurğuların zəlzələ yükünə hesablanmasının nəzəri əsasını verməyə yapon alimi F.Omari 1990-cı ildə cəhd edib. Omari həmin ildən "Statik nəzəriyyə"ni yaradıb. Sonralar özünü çox da doğrultmayan bu nəzəriyyə təkmilləşərək dinamik nəzəriyyəyə çevrildi. Hazırda bu nəzəriyyə də təkmilləşib, statistik nəzəriyyə səviyyəsinə qalxıb. Seysmik hesablamalar kompüter texnologiyasının tətbiqi ilə xeyli real vəziyyətə uyğun hala gətirilib.

Zəlzələyə davamlı qurğular barədə danışan T.Əliyev deyir: "1966-cı il Daşkənd zəlzələsinə qədər bu anlayış belə qəbul edilmişdi: insanları və qiymətli əşyaları güclü, dağıdıcı zəlzələlərdən salamat saxlayan bina və qurğular zəlzələyə davamlı hesab edilir. Hər bir zəlzələ kimi Daşkənd zəlzələsi də fərdi xüsusiyətilə seçilərək sürpriz gətirdi. 8 km dərinliyi olan ocaq şəhərin altında idi. Ocağın dayaz olması, şəhərin zəlzəlnin episentrinə düşməsi ona səbəb oldu ki, seysmik qüvvənin şaquli toplananı yüksək oldu. Bu səbəbdən binalar dağılaraq yerlə yeksan olmadı, ancaq artıq sıxılmaya məruz qalaraq güclü zədələnmə aldılar. Beləliklə, bina və qurğular insanları və qiymətli əşayaları salamat saxlasalar da özləri sıradan çıxdı. Ortaya belə bir sual çıxa bilər ki, bəs bina və qurğular qiymətli sərvət deyilmi? Məhz bu səbəbdən 1967-ci ilin mayında Daşkənddə keçirilən konfransda bu anlayışa yenidən baxılması qərara alındı. Əslində isə güclü və dağıdıcı zəlzələlər zamanı insanları, qiymətli əşyaları salamat saxlamaqla yanaşı özü də ciddi zədə alaraq istismardan çıxmayan bina və qurğu zəlzələyə davamlı hesab edilir".

Qayğılarımızın az olmadığı indiki zamanda zəlzələyə davamlı qurğuların yaradılması hər halda bundan sonra da qarşımızda duran çoxsaylı problemlərdən biridir. T.Əliyev deyir ki, zəlzələyə davamlı bina və qurğuların yaradılması olduqca aktualdır və aktual olaraq da qalacaq. Ona görə ki, zəlzələnin qarşısını almaq mümkün deyil. Digər tərəfdən onun proqnozunu etibarlı şəkildə, bəzi istisnaları çıxsaq, vermək mümkün deyil. 2000-ci ilin yanvarında Yeni Zellandiyada keçirilən beynəlxalq konqresdə qəbul olunan qətnamədə yazılmışdı ki, yeganə yol bina və qurğuların zəlzələyə davamlı tikilməsidir".

 

   

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 30 aprel.- S.14.