Vərəm xəstəliyi
ciddi problemə çevrilib
Bu il vərəmə tutulanların sayı 8
mini keçib
Dünya qripin yeni
növünün - donuz qripinin epidemiya yaradacağı
yönündə narahatlıq keçirdiyi bir vaxtda AİDS və
vərəm yenə də aktuallığını
qorumaqdadır. Dünyada 23 milyondan çox vərəmə
yoluxan xəstə var. Hər il 3 milyon insan vərəmin
qurbanı olur. Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) məlumatlarına görə, 45 ölkədə vərəm
müalicə olunamayacaq hala gəlib. Xəstəliyə
yoluxma halları daha çox əhalinin sıx məskunlaşdığı
Hindistan, Çin və Cənubi Afrikada baş verir.
Vəziyyət ürəkaçan deyil
2009-cu ilin rəsmi rəqəmlərinə
görə, hazırda ölkəmizdə 8 mindən artıq
vərəm xəstəsi var. Ancaq mütəxəssislər əslində
bu rəqəmin qat-qat çox olduğunu
düşünürlər. Təkcə Bakıda Ağciyər
Xəstəlikləri İnstitutunda 200-ə yaxın xəstə
müalicə olunur. Azərbaycanda cəzaçəkmə
müəssisələrində vərəmin daha çox
yayıldığı aşkarlanıb. Hazırda vərəmli
məhbuslar üçün xüsusiləşdirilmiş mərkəz
fəaliyyət göstərir. Penitensiar Xidmət İdarəsindən
bildirilib ki, hazırda 80-dən artıq məhbus müalicə
olunur. Ümumən, Azərbaycanda vərəmli məhbusların
sayı 970 nəfərdir. Onların arasında müxtəlif
yaş qrupundan olan insanlar var.
Ədliyyə Nazirliyinin
Səhiyyə İdarəsi də həbsxanalarda dövlət
səviyyəsində vərəmli xəstələrə
xüsusi diqqət yetirildiyi qənaətindədir. Nazirlik
bizim həbsxanalarda başqa ölkələrdə olduğu
kimi böyük sıxlıq olduğu barədə söylənənləri
əsassız sayır və vərəmli xəstələrin
həbsxanadakı digər məhbusları yoluxdurma
ehtimalının olmadığını bildirir. Çünki
vərəmli xəstələr cəzaçəkmə
müəssisəsində saxlanılmır. İstintaq təcridxanasından
cəzaçəkmə müəssisəsinə gətirilməmişdən
əvvəl məhbuslar tibbi müayinədən
keçirilir. Əgər xəstəlik aşkar edilərsə,
onlar Binə qəsəbəsində yerləşən Vərəmli
Məhkumlar üçün İxtisaslaşdırılmış
Müalicə Müəssisəsinə yerləşdirilirlər.
Təyin olunan cəza müddəti və rejimindən
asılı olmayaraq bütün vərəmli məhbuslar bu
müəssisədə müalicə olunurlar. Daha sonra isə
17 və 3 saylı cəzaçəkmə müəsisələrində
saxlanılırlar. Bu il dövlət büdcəsindən cəzaçəkmə
müəssisələrinə ayrılan vəsait 1995-ci illə
müqayisədə beş dəfə artıqdır. Büdcədən
ayrılan vəsait də məhkumların sosial vəziyyətinin,
tibbi müayinəsinin daha da
yaxşılaşdırılmasına kömək edəcək.
Əgər 1995-ci ildə cəzaçəkmə müəssisələrində
ölən məhkumların sayı 700 nəfər idisə,
bu, 2001-ci ildə 169 nəfər olub. Ümumiyyətlə,
1995-ci ildən bəri xəstələrin sayı 4 dəfə
azalıb. İstintaq təcridxanalarında vərəmli xəstələri
müəyyən etmək üçün yeni rentgen
aparatları da qoyulub.
Dərmanlara qarşı müqavimətli vərəm
xəstələri
Qeyd edək ki, hələ
2003-cü ildə "Həbsxanaların Müşahidəsi
- Azərbaycan Assosiasiyası" Beynəlxalq
Qırmızı Xaç Cəmiyyətinə (BQXC) istinadən
Azərbaycan həbsxanalarında 800 vərəmli xəstənin
olduğu barədə məlumat yaymışdı. Deməli,
4 il ərzində onların sayı 170 nəfər də
artıb. Bu isə məhbusların sayının artması,
kifayət qədər havanın təmizlənməməsi,
pis gigiyenik şərait, zəif qida və ümumi
sağlamlıq vəziyyəti ilə bağlıdır. Problem
diaqnoz gec qoyulduqda və uyğun müalicə
aparılmadıqda daha da ağırlaşır.
ÜST-nin keçən
ilki hesabatında yazılıb ki, Azərbaycanda vərəmli
xəstələrin sayı sürətlə artır və dərmanlara
müqavimətli vərəm xəstəliyinin ən yüksək
göstəricisi də Bakıdadır. Bakıda vərəmli
xəstələrin 1/4-i xəstəliyin məhz bu
növündə əziyyət çəkir. Ancaq Səhiyyə
Nazirliyi və Ağciyər Xəstəlikləri
İnstitutunun rəhbərliyi vəziyyətin o qədər də
acınacaqlı olmadığını, xəstəliyin nəzarət
altına alındığını bildirirlər.
Məlumat
üçün deyək ki, ÜST-nin 1995-ci ildəki
hesabatına əsasən, keçmiş sovet respublikalarında
1429 vərəmə yoluxma halı qeydə alınıb (yəni,
100000 nəfərə 18,8). ÜST bu epidemiya ilə mübarizə
aparmaq üçün xüsusi strategiya təklif edib. Bu
strategiya Zaqafqaziyadakı həbsxanalarda vərəmlə
mübarizə proqramı çərçivəsində Beynəlxalq
Qırmızı Xaç Cəmiyyəti (BQXC) tərəfindən
həyata keçirilir. Assosiasiyadan verilən məlumata
görə, Azərbaycanın penitensiar sistemində vərəmlə
müalicə sahəsində BQXC ilə əməkdaşlıq
1995-ci ildən başlanıb. BQXC 1998-ci ilin iyulunda Ədliyyə
Nazirliyi penitensiar müalicə müəssisəsi
binasının yenidən bərpasını həyata
keçirib, bu isə vərəmli məhbusların müalicəsində
mühüm rol oynayıb. 1999-cu ildən etibarən peşəkar
tibbi heyətin hazırlanmasını başa çatdıran
BQXC müalicə prosesi ilə bağlı əsas vəzifələri
Ədliyyə Nazirliyinin şəxsi heyətinə təqdim
edib.
İndiyədək
4500-dən artıq vərəmli məhbus DOTS protokoluna
uyğun olaraq müalicə kursu alıb. Həbsxanalarda vərəmlə
mübarizəni yaxşılaşdırmavq üçün
BQXC vərəm hallarının fəal aşkar olunması
prosesində Ədliyyə Nazirliyinə kömək göstərir,
bu daha çox istintaq təcridxanalarında məhbusların
fluoqrafik müayinəsinin təşkili ilə
bağlıdır. Bu yaxınlarda hətta vərəmə
yoluxan qadın məhbuslar üçün də ayrıca
şöbə tikilib.
Bundan başqa, BQXC Ədliyyə
Nazirliyi ilə birgə çalışır ki, vərəmlə
bağlı, xüsusilə də onun ilk simptomları və əlamətləri,
DOTS proqramı barədə ətraflı məlumat verilsin. Lahiyə
təkcə məhbuslara deyil, həm də onların
yanına gələn şəxslərə tibbi və
mühafizə heyətinə ünvanlanıb. Ümumiyyətlə,
vərəm əsasən yoxsulların xəstəliyi
sayılır. Bu xəstəlik daha çox yoxsulların məskunlaşdıqları
məhlələlərdə yaranıb, yayılır. Çünki
bu məhlələlərdə insanlar elementar gigiyena
qaydalarına riayət etmirlər. Yuxarıda Azərbaycanın
timsalında qeyd etdiyimiz kimi, elə həbsxanalar da vərəmli
xəstələr üçün belə məhlələlərdən
"sayılır".
Rusiyada vəziyyət ağır, Ermənistanda
kritikdir
Ancaq Türkiyə,
Rusiya və Ermənistana baxanda, Azərbaycan şükür
etməlidir. Məsələn, Türkiyədə təxminən
15 milyon insan bu mikrobun daşıyıcısıdır. Qaradəniz
Texniki Universitetinin tibb fakültəsinin professorlarının
bildirdiyinə görə, 1940-cı illərdə Türkiyədə
hər il min kişidən 2-3-ü vərəmdən
ölüb. İndi ölüm halları azalsa da, yenə təhlükə
qalır. Qaradəniz bölgəsi Türkiyədə
Anadolunun cənub-şərq bölgəsindən sonra vərəmin
ən sıx rast gəlindiyi 2-ci bölgədir.
Keçən əsrin 90-cı illərində Rusiyada vərəmli
xəstələrin sayı ABŞ-dakından 15 dəfə
çox olub. Rusiyada son 10 il ərzində vərəm xəstəliyinə
yoluxma halları əhali arasında 2 dəfə, məhbuslar
arasında isə 400 dəfə artıb. Bu ölkədə ən
ağır vəziyyət Saratov vilayətində
müşahidə olunur. Həmin vilayətin həbsxanalarındakı
tibb müəssisələrində olan 1100
çarpayının 700-nü vərəmli xəstələr
tutub.
Bu ilin birinci
yarısının statistikası göstərir ki, Ermənistanda
vərəmə yoluxanların sayı 22 mini ötüb. QHT-lər
isə bu rəqəmin 30 min olduğunu deyirlər. Erməni məhbuslara
gəlincə, onların sayı 200-dən çoxdur. Vərəm
daha çox ortayaşlı kişilərdə qeydə
alınıb. Vərəmə yoluxanların 68 faizi 30-45
yaşlı kişilər, 24 faizi isə uşaqlar olub. Ölkədə
vərəmin yayılması sosial problemlərlə və əhalinin
zəif qidalanması ilə izah edilir.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 30 aprel.- S.11.