Türkiyə-Azərbaycan münasibətlərində vətəndaş cəmiyyətinin rolu

 

Soyuqlaşmanın aradan qalxması üçün medianın, partiyaların, QHT-lərin ciddi addımlar atması lazımdır

 

Azərbaycan-Türkiyə münasibətlərində yaşanan gərginlik ciddi narahatlıq yaradır. Son zamanlarda AKP iqtidarının atdığı addımlar, Ermənistanla sərhədlərin açılmasıyla bağlı göstərilən cəhdlər son nəticədə iki qardaş ölkənin münasibətlərinin soyuqlaşmasının əsas səbəbi sayılır. Yada salaq ki, Azərbaycan müstəqillik əldə edəndən sonra münasibətlər hər zaman yüksək səviyyədə olub. Ən çətin zamanlarda, kritik məqamlarda iki qardaş ölkə həmişə biri-birinə dəstək olub. Türkiyənin 1993-cü ildə Ermənistanla sərhədləri ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi səbəbilə bağlaması qeyd etdiyimiz dəstəyin nəticəsi idi. "Bir millət iki dövlət" ifadəsinin meydana çıxması da münasibətlərin hansı səviyyədə olmasının əla göstəricisidir.

Ancaq təəssüf ki, son zamanlarda sıcaq münasibətlərin soyuqlaşmasının şahidi oluruq. Acınacaqlı hal isə odur ki, AKP iqtidarının atdığı addımlardan istifadə edən bəzi qüvvələr isə maraqlıdır ki,- həmin şəxslərin əksəriyyətinin genində qarışıq var-Türkiyənin hakimiyyətini deyil, dövləti, milləti hədəfə alırlar. Eyni prosesin Türkiyədə də müşahidə edildiyini söyləyə bilərik. Qardaş ölkənin bir neçə qəzetində Azərbaycanın, azərbaycanlıların ünvanına təhqiramiz yazıların dərci belə düşünmək üçün əsas verir.

Münasibətlərin bu səviyyədə olması təbii ki, qəbuledilən deyil. Bəs görəsən, son günlərdəki soyuqlaşmanı aradan qaldırmaq, Türkiyə-Azərbaycan münasibətlərində inkişafa nail olmaq üçün hansı addımlar atılmalıdır? Partiyaların, qeyri-hökumət təşkilatlarının və medianın bu proseslərdə rolu hansı səviyyədə olmalıdır?

Politoloq Elxan Şahinoğlu deyir ki, ilkin addım kimi hər iki tərəfin bir addım geri çəkilməsinə ehtiyac var:

"Doğrudan da, son zamanlarda iki qardaş ölkənin, əsas strateji mütəffiqlərin münasibətlərində bir xeyli gərginlik var. Bu gərginliyi aradan qaldırmağın hələlik yeganə yolu hər iki tərəfin geriyə bir addım atmasıdır. Son zamanlarda tərəflərin sərt açıqlamalarla çıxış etdiyinin şahidi olmaqdayıq. İlk növbədə sərt açıqlamaları dayandırmaq, bundan qaçmaq lazımdır. İqtisadi məsələlərdə, konkret qaz satışının məbləğilə bağlı müəyyən problemlər var, ancaq bu problemləri yoluna qoymaq mümkündür. Çox güman ki, bu cür məsələlər zamanla yoluna qoyulacaq. Ancaq mənəvi məsələlərə, münasibətlərə zərər dəysə, bu zərərin nəticələrini aradan qaldırmaq mümkün olmayacaq. Hər iki tərəf bundan ziyan çəkəcək. İndiki məqamda atılan addımlara həssas yanaşmaq lazımdır, düşünülməmiş bir addım mənəvi uçurum yarada bilər. Məsələn, Azərbaycanda türk məscidinin bağlanması düşünürəm ki, yanlış addım idi. Münasibətlərin gərgin olduğu indiki məqamda türk məscidinin təmirə görə bağlandığını sübuta yetirmək qəliz məsələdir və buna heç kəs inanmayacaq".

Elxan Şahinoğlu qardaş ölkələrin münasibətlərinin normalaşmasında vətəndaş cəmiyyəti insitutlarının rolunun böyük olduğunu vurğulayır: "Fikir verirsinizsə, son bir ayda türk mediası Azərbaycandan daha çox yazır. Əvvəllər isə ölkəmiz sanki türk mediasının diqqətindən kənarda idi. Azərbaycan mediası hər zaman Türkiyədə baş verənləri diqqətdə saxlayıb, proseslərə həsas yanaşıb. Amma Türkiyə medasında bunu görmürdük. Əslində isə bu əvvəldən baş verməliydi. Yəni türk mediası hər zaman Azərbaycanda baş verənləri diqqətdə saxlamalıdır. Təəssüf ki, həm Azərbaycanda, həm də Türkiyədə bəzən həddindən artıq ehtiyatsız yazılara rast gəlirik. Ermənistanın internet saytlarından biri qardaş ölkə nazirlərinin dalaşdığı haqqında dezinformasiya yayır və bu xəbər bizim qəzetlərin manşetində yer alır. Halbuki dediyim kimi, bu dezinformasiya idi, sonradan təsdiqləndi ki, ümumiyyətlə belə bir şey olmayıb. Sadəcə Ermənistan məqsədli şəkildə bu cür dezinformasiyaları ötürməklə münasibətlərin gərginləşməsinə cəhd göstərib. Bəzən bu cür səhvləri türk mediasında da müşahidə edirik. Mənim fikrimcə, hər iki media qurumların, mətbu orqanlarının bir araya gəlməsi və bu məsələləri müzakirə etməsinə ehtiyac var. Mətbu orqanların indiki məqamda hansı mövqe tutması məsələsi mütləq müzakirə edilməlidir. Eyni sözləri partiyalar, qeyri-hökumət təşkilatları haqqında da demək olar". Ekspert hesab edir ki, həm Rusiya, həm də Ermənistan indiki vəziyyətdən qardaş ölkələrin münasibətinin pisləşməsi üçün ustalıqla istifadə edir: "Azərbaycanla Türkiyə arasında nifaq salmaq Ermənistan və Rusiyanın ən böyük arzusudur. Bayaq qeyd etdiyimiz kimi Ermənistan daha çox dezinformasiya yaymaqla münasibətlərin korlanmasına çalışır. Rusiya isə fəal siyasi addımlar atmaqla qardaş ölkələr arasında soyuqlaşmanın olması üçün cəhd göstərir. Qardaş ölkələr isə ehtiyatlı və düşünülmüş addımlarla məhz bu cəhdlərin qarşısını almalıdırlar".            

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.- 2009.- 30 aprel.- S.5.