Kremlin və
AKP-nin fitnəsi
Vətənpərvərlərə "fitnəkar"
damğası vuranlar böyük güclərin tələsində
Milli Məclisin son
iclasında çıxış edən BAXCP sədri Qüdrət
Həsənquliyevin Türkiyəyə səfər edən
xanım millət vəkillərimizin ünvanına aqessiv və
etikadan kənar fikirlər səsləndirən Rəcəb
Tayyib Ərdoğanın ciddi yanlışlığa yol
verdiyini və buna üzr istəməsinin lazım gəldiyini
söyləməsi nədənsə spiker Oqtay Əsədovun
narazılığına səbəb oldu. Ərdoğanın
çıxışını dinlədiyini bildirən
parlament sədrinin qənaətinə görə, AKP lideri hər
hansı bir təhqiramiz ifadəyə yol verməyib. Ola
bilsin... Oqtay müəllim Rəcəb Tayyib Ərdoğanın
kin püskürən emosional çıxışına diqqətlə
qulaq asmayıb, yaxud onun nə demək istədiyini
yaxşı başa düşə bilməyib.
Ancaq Türkiyənin
baş nazirinin nə demək istədiyini qardaş ölkənin
ana müxalifətinin lideri Dəniz Baykal çox gözəl
anlamışdı və buna görə də əsil
türk kişisi kimi özündə cəsarət tapıb
Azərbaycan xalqından üzr istədi. Yəqin Dəniz
Baykalın rəhbərlik etdiyi Cümhuriyyət Xalq
Partiyasının qərargahı da Ankarada yerləşdiyi
üçün CXP sədri Ərdoğanın dediklərini
daha yaxşı eşidə bilib...
Rəcəb Tayyib Ərdoğan
Azərbaycandan Türkiyəyə xoş məramla səfər
edən xanım millət vəkillərimizin ünvanına
iki dəfə həqarət dolu fikirlər səsləndirib.
AKP sədrinin hər iki ölkənin kütləvi informasiya
vasitələrində dəfələrlə yayımlanan
çıxışlarından seçmələri
yaxşı dinləməyənlərin, yaxud yaxşı dinləmək
istəməyənlərin diqqətinə bir daha
çatdırmaq istəyirəm:
""Buradan bir
şeylər əldə edə bilərmiyim" ümidinə
qapılmaq qədər çirkin yanaşma olmaz. Bunu çox
açıq və birmənalı deyirəm. Azərbaycandan
buraya gəlib yanlış siyasət yürüdənlər
üçün də söyləyirəm. Onlar da
yanlış yapdı. Bunun xaricində bir şey
düşünmək, Türkiyəyə və AKP
iqtidarına sayğısızlıq olur. Bunu da burada özəlliklə
vurğulamaq istəyirəm. Təbii, Türkiyədən də
bu nöqtədə davulu, zurnanı, toğmağı əlinə
alıb hərəkət edənlər də yanlış
iş görürlər".
Lakin Rəcəb Tayyib Ərdoğanın
"çirkin yanaşma", "yanlış
yapdılar", ""davulu, zurnanı, toxmağı əlinə
alıb hərəkət edənlər" kimi ifadələrlə
ürəyi soyumadı və növbəti
çıxışında millət vəkillərimizin
ünvanına "fitnəkar" deyə söyləndi.
Əcəba, "fitnəkar"
sözü həqarət deyil, bəs nədir?
Türkiyə və Azərbaycan
tükcəsində "fitnəkar" sözünün bir
neçə anlamı var: Fitnəkar, yəni fitnə yaradan,
araqarışdıran, intriqaçı, iblis və s.
Göründüyü kimi bu sözlərin heç biri nə
komplimentə, nə də sevgi mesajına bənzəmir.
Doğrusu, Ermənistanla
sərhədlərin açılması məsələsi, Ərdoğanın
təbirincə desək "net", yəni birmənalı
şəkildə gündəmə gəldikdən sonra
baş verənlərə Türkiyə və Azərbaycan
ictimaiyyətinin etirazına "rəng" verənlərin
sayı çoxalmağa başlayıb. Guya sərhədlərin
açılmasına, yol xəritəsinin imzalanmasına, kəsəsi
Millətimizin başı üzərindən həyata
keçirilən xəyanət dolu əməllərə dirəniş
göstərənlər Türkiyə-Azərbaycan münasibətlərin
xələl gətirməyə çalışırlar. Türkiyə
və Azərbaycan türklərinin eyni millət olduğunu
beş-on il bundan öncə öyrənənlər də, Azərbaycan
dilinin öz adıyla, yəni "türk dili"
adlandırılmasına etiraz edənlər də, öz ana
dilində bir neçə kəlməni sıraya düzə
bilməyənlər də birdən-birə olublar
türkçü... İllər uzunu bu yolda mücadilə
aparanlar, xalqın qan yaddaşını yenidən oyadanlar və
bütün bunlara görə haqsız təzyiqlərə, məhrumiyyətlərə
məruz qalanlar isə qalıblar bir kənarda...
Son dövrlərdə
Azərbaycan-Türkiyə münasibətlərilə
bağlı bir neçə tədbirdə iştirak etmişəm
və olduqca qəribə proseslərin şahidi olmuşam. Dünənə
kimi "bəlkə də qaytardılar" deyib
gözünü Kremlə dikənlər Türkiyə-Azərbaycan
münasibətlərinin "alovlu təəssübkeşləri"nə,
rəsmi Ankaranın Ermənistan siyasətini tənqid edənlərin
qəniminə çevriliblər. Səbəbi? Zənnimcə,
"köhnə qvardiya"nın yeni manevrlərinin səbəbini
yenə də Kremldə axtarmaq lazımdır. Çünki
Rusiya Türkiyə-Ermənistan sərhədlərinin
açılmasını istəyir.
Ermənistanın xarici
işlər naziri Edvard Nalbəndyan da son
açıqlamalarından birində AKP hökumətinin sərhədlərin
açılmasıyla bağlı bir neçə
aparıcı ölkənin, o cümlədən Rusiyanın
qarşısında öhdəlik
götürdüyünü deyir: "Bu gün həqiqətən
deyə bilərik ki, müxtəlif ölkələr - Avropa
Birliyi, ABŞ, Rusiya bizim addımlarımızı dəstəkləyirlər
(sərhədlərin açılmasını və "yol
xəritəsi"ni nəzərdə tutur - E.M.)".
Ola bilsin ki, Ermənistanın
xarici işlər nazirinin açıqlamasından gətirdiyim
iqtibas sərhədlərin açılmasında məhz Rusiyanın
maraqlı olduğunu təsdiqləmək üçün yetərli
deyil. Yəni, Nalbandyanın açıqlamasında yer alan məqamları
maraqlı tərəfin fikirləri kimi də dəyərləndirə
bilərlər.
Bu səbəbdən
başqa bir nümunəyə müraciət edək:
ABŞ-ın nüfuzlu
"Stratfor" mərkəzinin analitik direktoru Lauren
Qodriç hesab edir ki, Rusiya Ermənistanla Türkiyə
arasında "böyük razılaşma"ya nail olmaq
üçün vasitəçilik missiyası həyata
keçirir: "Məlumdur ki, ermənilər
gözünü Moskvaya dikib. Moskva onlara icazə versə,
türklərlə razılaşa bilərlər. Rusiya yox desə,
Ermənistan heç bir razılaşmaya imza ata bilməz. Ruslar
hiss edirdilər ki, onlar Türkiyə ilə razılaşma əldə
edə bilərlər. Rusların türklərə təklif
etdiyi üstünlüklərdən biri ermənilərlə
dil tapmağa kömək etməkdir. İkinci
üstünlük Rusiyanın enerji kartından istifadə edərək
Avropada türklərə üstünlük yaratmaq təklifidir.
Bu, həm Türkiyənin Avropa Birliyinə daxil olması, hə
də Avropa ilə münasibətlərdəki digər
problemlərə təsir göstərə bilərdi. Şübhəsiz
ki, bunun əvəzində Moskvanın Ankaradan iki istəyi var.
Birinci şərt Türkiyənin ABŞ-la çox dərindən
müttəfiqlik etməməsi, ikinci şərt isə
Avropaya enerji daşıyıcılarının
çatdırılmasında Rusiyadan yan keçən layihələrə
dəstək verməməsidir.
...Prezident İlham Əliyevin
Moskvaya səfəri zamanı əsas danışıqlar
Rusiya ilə Azərbaycan arasında olsa da, digər tərəflərin
də nümayəndələri var idi. Bu görüşlərin
birində Türkiyənin nümayəndəsi azərbaycanlılara
açıq dedi ki, onlar Dağlıq Qarabağ münaqişəsinin
həllində vasitəçilik etməyəcəklər. Türklər
bildirdilər ki, bu məsələnin ortasında olmaq istəmirlər,
amma hər iki tərəfin əldə edəcəyi
razılaşmanı dəstəkləməyə
hazırdırlar. Həm Moskva, həm də Ankara başa
düşür ki, vəziyyət çox mürəkkəbdir
- ya Bakı, ya da İrəvan ciddi güzəştə getməlidir.
Üstəlik, ruslarla türklər istəmirlər ki, bu
münaqişə onların "böyük
razılaşma"sına mane olsun. Çünki
"böyük razılaşma" onlar üçün
daha vacibdir".
...Bu qəbildən olan
iqtibasların sayını sonsuza qədər artırmaq olar. Çünki
hazırda dünyanın əksər siyasi şərhçiləri
Lauren Qodriçin mülahizələrini
bölüşürlər. Ən azı ona görə ki,
hamı forpost Ermənistanın Rusiyanın icazəsi olmadan hətta
nəfəs belə ala bilməyəcəyini başa
düşürlər.
İndi nəinki Azərbaycanın,
Ermənistan istisna olmaqla bütün bölgə dövlətlərinin
maraqlarının nəhəng güclərin heç nə
itirməyəcəyi bir oyun masasına qoyulmasına cəhd
göstərilir.
Türkiyə-Ermənistan
sərhədlərinin açılmasından sonra
Samkxe-Cavaxetiya bölgəsində yaşayan etnik ermənilər
separatçı əməllərini genişləndirəcək
və bölgənin Gürcüstandan ayrılmasına cəhd
göstərəcəklər. Bu ərazinin əldən verilməsi
isə Gürcüstanın, ilk növbədə isə Azərbaycanın
Türkiyə ilə quru əlaqəsinin itirilməsi demədir.
Hazırda Rusiya Ermənistanla yalnız Gürcüstan ərazisi
vasitəsilə quru əlaqəsinə malik olduğu
üçün Tiflisə qarşı daha sərt addımlara
əl ata bilmir. Türkiyə-Ermənistan sərhədlərinin
açılmasından sonra isə artıq Gürcüstan ərazisinə
ehtiyac duyulmayacaq və beləliklə Moskva İrəvanın
iştirakıyla Cavahetiyadakı erməni
separatçılarını "dövriyyəyə"
buraxacaq. Türkiyə isə nəinki Azərbaycanı və
Gürcüstanı, hətta Mərkəzi Asiyanın türk
dövlətlərini də, mövcud və perspektiv enerji
layihələri üzərində dominant rolunu da birdəfəlik
itirəcək. Əvəzində isə Rusiyanı və Ermənistanı
"qazanacaq". Bazar olsun...
Təbii ki, indi
dünyada baş verənləri dərk etmək
üçün hər an dəyişən və ziddiyyətli
məlumatları zamanında izləmək, düşünmək
və doğru nəticə çıxarmaq lazımdır. Bunun
üçün isə... vaxta ehtiyac var.
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.- 2009.- 30 aprel.- S.7.