İnsanı dəşhətə gətirən rəsmlər

 

Onlar erməni xislətinin rəzalət dolu əsl üzünü bütün çılpaqlığı ilə açıb göstərir

 

Artıq 20 ildir ki, ermənilərin türklərə qarşı soyqırım siyasəti barədə açıq yazılmaqdadır. Ancaq ta SSRİ dağılıncaya qədər Azərbaycanda ermənilərin türklərlə "tarixən dost olması" təbliğatı aparılır, bu barədə çeşidli yalanlar toxunurdu. Halbuki ermənilərin 1988-ci ildən bəri Azərbaycanda, xüsusən də "Ermənistan" adlanan qondarma ərazidəki tarixi Azərbaycan torpaqlarında yaşayan onminlərlə soydaşımıza necə amansız divan tutduqları hamıya bəlli idi.

Bu gün "erməni" sözü hər addımda istəsək də, istəməsək də duyğularımıza daxil olur, çox zaman əsəblərimizi tarıma çəkir. Məlum problemin hələ də həll olunmaması, düşmənin özünü daim arın-arxayın aparması getdikcə artır. Bu gün açıq deyilsə də, deyilməsə də, "erməni" adlı haradasa "məğlubedilməz" bir obraz var və bu, adamların ağlına oturuşmaqdadır. "Erməni" özbaşına deyil, onun havadarları var. Ancaq bu ruhsuz millətin öz obrazını öz içində yerə-göyə sığmayan yalanları bahasına yaratması çoxdanın gerçəyidir.

Azərbaycan ədəbiyyatının, incəsənətinin - rəssamlığın, musiqinin və s. bu yöndə elədikləri bundan sonra edəcəklərindən fərqlənməlidir. Birdəfəlik bilməliyik ki, düşməni möhtəşəm, özümüzü isə daim məzlum təqdim etməklə heç nə qazanmayacağıq. Və yaxud da indiyə qədərki təqdimat artıq arxada qalmış hesab olunmalıdır. Ermənilər 1918-ci il matın 31-dən əvvəl və sonra dəfələrlə türklərə qarşı soyqırım siyasətini həyata keçiriblər. Bu və başqa soyqırım aktlarının törədilməsində ermənilər həmişə türkü sevməyən dövlətlərin və millətlərin köməyindən geninə-boluna bəhrələniblər. 20-ci yüzilin əvvəllərində bəzi Avropa ölkələri, Rusiya və başqa dövlətlər ermənilərdən öz məqsədləri üçün daha ciddi-cəhdlə istifadə etməyə başladılar. Türkiyədə 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ilə yaxındır ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Ermənilər türklərə qarşı soyqırımlar törətdikləri halda elə o vaxtdan bəri daim xislətlərinə uyğun olaraq bic hərəkət ediblər. Yəni guya Türkiyədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, "məzlum" erməni xalqının nümayəndələri də özlərini "müdafiə" etməyə məcbur olublar. Ermənilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən "sənədlərdə" uydurublar, "erməni soyqırımı"nı "təsdiq edən" kitablar yazıblar, ya da başqalarına yazdırıblar. Amma ta qədimdən bəri tarix yaradıb, di gəl ki, tarix kitabları yazmaq həvəsində və məsuliyyətində olmayan biz türklər isə son yüzillərdə başımıza gələn fəlakətlərlə, eləcə də ermənilər və ruslar tərəfindən türkə qarşı həyata keçirilən soyqırımlarla bağlı istənilən səviyyədə tutarlı kitablar yazıb sabaha çatdırmamışıq.

Qarşımda bir buklet var. Həcm və məzmun baxımından bunu kitab da adlandırmaq olar. Azərbaycan Türklərinin soyqırımına həsr olunmuş kitabı müəllif Vaqif Ucatay "Xalqın yaddaş kitabı" adlandırıb. Sənətşünas Qalib Qasımov yazır: "Adətən rəssamlar öz əsərlərində insan və təbiət gözəlliklərinin müxtəlif təfərrüatlarını əks etdirməyə və bununla varlığın mahiyyətini açıqlamağa çalışırlar. İstedadlı rəssam Vaqif Ucatay bu dəfə uzun zamanlar incəsənətin bitib-tükənməyən mövzusuna - insan gözəlliyinə tamamilə əks nöqteyi-nəzərdən yanaşmağa məcbur olub. O, öz qrafika əsərlərində insan gözəlliyinin deyil, insanın törətdiyi eybəcərlikləri və insanlıq adına ləkə gətirən halları təsvir edib. Onu buna məcbur edən səbəb ermənilər tərəfindən zaman-zaman türklərə qarşı törədilən genosid siyasəti olub. Ermənilərin İrəvanda, Göyçədə, Zəngəzurda, Qarabağda və Azərbaycanın başqa yerlərində törətdikləri vəhşiliklər barədə rəssamın oxuyub-eşitdikləri,görüb-bildikləri qəlbində elə dərin yaralar açıb ki, rəsmlərə baxarkən oradakı qırmızı rəngin sanki rəssamın öz bağrından axan qan olduğuna inanırsan".

Sənətşünas daha sonra qeyd edir ki, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarının Araz çayı boyunca iki hissəyə ayrılması, İrəvan və Qarabağ xanlıqlarının ərazisində çar Rusiyasının köməyilə yerləşdirilən ermənilərin bölgənin türk əhalisinə qarşı törətmiş olduğu vandallıqları Vaqif Ucatay əsərləri vasitəsilə bütün dünyaya göstərməyə, haqq səsini ucaltmağa, bu soyqırımları ifşa etməyə çağırır. O deyir: "Erməni deyilən bu şeytanlar bizim susmağımızdan istifadə edərək özlərinin törətdikləri vəhşilikləri əksinə, "Bunları ermənilər türklərə qarşı deyil, türklər ermənilərə qarşı törətdilər"- deyərək dünya ictimaiyyətini aldatdılar".

Sənətşünas bu qənaətdədir ki, Vaqif Ucatayın tarixi faktlara əsaslanaraq çəkdiyi rəsmlər peşəkar xüsusiyyətləri, həcm və forma hissi, kompozisiya quruluşu, rəssamın fərdi yaradıcılığının əsas xüsusiyyətlərini nə qədər göstərirsə, erməni qəddarlığını, insan ağlını əlindən alan vandallıq səhnələrini də bir o qədər təfərrüatı ilə tamaşaçılara çatdırır. İnsanı dəşhətə gətirən bu rəsmlər erməni xislətinin rəzalət dolu əsl iç üzünü bütün çılpaqlığı ilə açıb göstərir".

Kitab-bukletdə habelə müəllifin Mir Möhsün Həvvabın erməni vəhşiliklərini təsvir üstə çəkdikləri ürək parçalayır. Bu mənbə Mir Möhsün Həvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabıdır. Buradaca ermənilərlə türklər arasında olan münaqişəyə "erməni-müsəlman davası" adının qoyulması türkü sevməyənlərin türkə qarşı zaman-zaman həyata keçirilən məhvetmə planının tərkib hissəsi kimi qəbul edilməlidir. Hər halda yanlış şəkildə "erməni-müsəlman davası" anlamını işlətmək bu gün də davam edir.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 1 may.- S.14.