Bədəndə duzlaşma problemi

 

İnsanlar yaşlandıqca bu xəstəliklə daha çox qarşılaşırlar

 

Bu gün yaşlı qohumlarımızın bir çoxunun duzlaşmadan şikayətlənməsinə tez-tez rast gəlirik. Bunu ostroxandroz da adlandırırlar. Revmatizm xəstəliklərindən sayılan duzlaşma insanlar yaşlandıqca paralel olaraq üzə çıxır, xüsusən qadınlarda və 55 yaşından yuxarı kişilərdə daha çox təsadüf edilir. Ümumilikdə, xəstəlik qadınları daha çox "sevir". Dünya ölkələrində əhalinin təxminən 10 faizi duzlaşmadan əziyyət çəkir və daha çox oynaq ağrıları şəklində özünü göstərir. Kişilərdə sümüklərin uclarındakı qığırdağın yaşlanması ilə ağrı və hərəkətin qabiliyyətinin məhdudlaşması formasında özünü göstərir. Duzlaşma zamanı insan sinir ağrıları, səhər yataqdan qalxmaq istərkən oynaqların tutulmaları, hərəkət etdikcə duyulan sürtünmə səsləri ilə qarşılaşır. Nəticədə duzlaşmadan əziyyət çəkən insanlar oturub-qalxmaq, nərdivana çıxmaq kimi sadə hərəkətləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Ancaq erkən dönəmlərdə müalicəyə başlamaqla bu xəstəliyin inkişafının qarşısını almaq mümkündür. Bu, fiziki terapiya və reablitasiya sahəsindəki tanınmış mütəxəssislərin yekdil qənaətidir. Əl, diz, çanaq və onurğada duzlaşmadan şikayətlənənlər üstünlük təşkil edirlər. Əlləri bu xəstəliyə tutulanların barmaqlarının ucları şişir, ağrı və səhərlər barmaqların qısa müddətli tutulması müşahidə olunur. Bu ağrılarla qadınlar daha çox rastlaşırlar.

Dizin duzlaşması da qadınlarda daha çox müşahidə olunur. Bədənin bu hissəsindəki duzlaşma səhərlər ayağın qısa müddət tutulması, dizlərdə hərəkət edən zaman sürtünmə səsi, zamanla hərəkət qabiliyyətinin məhdudlaşması formasında özünü göstərir. Belə xəstələr çömbələndə, nərdivanla enib-çıxanda və stula oturub qalxarkən əziyyət çəkirlər. Ağırlaşma formalarında sümüklərin deformasiyaya uğraması və ayaqların tutulması mümkündür. Çanaqda duzlaşmaya kişilərdə qadınlarla nisbətən daha çox təsadüf olunur. Sinir ağrısı olur, insan yeriməkdə çətinlik çəkir, ayağını nisbətən yüksək bir yerə qoymaq ağrı ilə üzləşməklə nəticələnir. Xəstələr hətta corablarını belə geyinə bilmədiklərini söyləyirlər. Onurğa duzlaşmaları durumunda fəqərələrin yanlarında ağrı yaranır, hərəkət etmək çətinləşir, ağrılar ayaqlara yayılır. Ayaqların ağrıması onurğadan keçərək ayağa gedən sinirin sıxılması, kanalın daralmasıyla bağlıdır. Belə vəziyyətlərdə bəzən həkimlər düzgün diaqnoz qoya bilmir, fəqərə yırtığının olduğunu düşünürlər.

Duzlaşmanın müalicəsi zamanı məqsəd xəstənin ağrısının, bədəninin harasındasa tutulma, qıc olma varsa, onun aradan qaldırılması, beləliklə də yaşam qabiliyyətinin artırılmasıdır. Hərəkət funksiyalarını qorumaq çox əhəmiyyətlidir. Bunun üçün fiziki terapiya, arıqlama ilə bağlı tövsiyyələr əsasdır. Həkimlər xüsusi dərmanlar da yazırlar. Günümüzdə qığırdağın bərpasına kömək edən dərmanlar xəstələr tərəfindən xüsusən istifadə olunur. Son illər cərrahi müdaxilədən də tez-tez istifadə olunur. Tibbi müalicəyə cavab verməyən və xəstəliyin çox inkişaf etdiyi insanlarda cərrahi əməliyyatlarla funksiyaların bərpası cəhdi səmərə verir.

Düzgün müalicə bədənin müqavimətini artırır. Xüsusən idmanla məşğul olmaq məsləhətdir. Çünki bu zaman bədəndəki su və digər artıq maddələr əvvəlcə qığırdağın içərisinə, sonra bədən xaricinə hərəkət edir. İdman hərəkətləri bədənin sağlamığına çox müsbət təsir göstərir. Digər tərəfdən, yağlı yeməklər çox yeməmək məsləhətdir. Çünki bu, kökəlməyə, o da öz növbəsində duzlaşmaya yol açır. Artıq çəki bədəndə xüsusən çanaq, diz və belin elastikliyini zəiflədir. Ona görə də sağlamlığa zərər verməyən arıqlama proqramlarından istifadə etmək məsləhətdir. Çox ağrıların müşahidə olunduğu dönəmlərdə xəstələrə istirahət etmək məqbuldur. Ancaq istirahət dövrü qısa müddətdə olmalıdır. Çünki uzun müddətli istirahət qığırdağın qidalanmasını azaldır. Güclü ağrı və şişlərin olduğu dönəmdə gündə 3-4 dəfə, 15-20 dəqiqə aralığı ilə soyuq kompresdən istifadə edilməsini həkimlər məsləhət görürlər. Çünki bu, daxildəki duzlaşmanın parçalanmasına kömək edir. Müəyyən hallarda isti vanna, yaxud duş, elektromasaj da xəstəyə kömək edə bilir. Çünki bu halda qan damarları genişlənir və qan dövranının sürəti artır. Bu da qığırdaqların qidalanmasını asanlaşdırır.

 

 

Nuranə Tofiqli

 

Xalq Cəbhəsi.- 2009.- 1 may.- S.13.