Neft Akademiyasında dəhşət

 

Qanlı olay 13 nəfərin həyatına son qoydu

 

Dünən səhər saat 09.30-da Azərbaycan Neft Akademiyasının Dilarə Əliyeva küçəsində yerləşən yeni binasında dəhşətli teror aktı baş verib. Naməlum şəxs(lər) Azərbaycan Neft Akademiyasının yeni binasına silahlı basqın edərək 13 nəfəri qətlə yetirib, 10 nəfər yaralanıb. Yaralılar Bakıdakı 1 saylı xəstəxanaya (keçmiş Semaşko adına xəstəxanaya), Respublika Klinik Mərkəzə və 4 saylı şəhər xəstəxanasında yerləşdiriliblər. Xəstəxanaya yerləşdirilənlərdən ikisi sonradan dünyasını dəyişib. Xəstəxanada keçinənlər- Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. Baş verən teror aktı nəticəsində ölənlərin arasında tələbələrlə yanaşı müəllimlər də var.

Günorta saatlarında ölənlərin sayının artıq 22-yə çatdığı bildirildi. APA-nın məlumatına görə, hadisə nəticəsində yaralanan iki nəfər 4 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. 4 saylı Şəhər Klinik Xəstəxanasına 3 yaralı da gətirilib. Onlardan ikisinin ərəb olduğu bildirilib. Məlumata görə, digər yaralı isə Azərbaycan Dövlət Neft Akademiyasının laborantı Zemfira Hüseynovadır. Yaralılardan ikisinin xəstəxanada əməliyyat olunduğu, digərinin Neyrocərrahiyyə Xəstəxanasına göndərildiyi açıqlanıb. Respublika Klinik Xəstəxanasına isə 13 meyit aparılıb.

"ANSpress" və Türkiyə mətbuatı ölənlərin sayının 17 nəfər olması barədə məlumat yayıb. Günün sonunda Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumatda isə ölənlərin sayının 13 olduğu qeyd edilib.

Əməkdaşımız hadisə yerində olarkən artıq polis Neft Akademiyasının hər iki binasını mühasirəyə almış, gediş-gəliş məhdudlaşdırılmışdı. Akademiyanın hər iki binasının yaxınlığına yüzlərlə insan, xüsusilə də tələbələr yığışmışdı. Polis onları ərazidən uzaqlaşdırmağa çalışsa da, tələbələr oranı tərk etmək istəmirdilər. Onu da qeyd edək ki, tələbələrin mobil telefonunda qətlə yetirilənlərin video görüntüsü vardı və bu görüntüləri biri-birlərinə ötürürdülər. Söhbətləşdiyimiz tələbələr iki nəfərin Neft Akademiyasının qarşısında qətlə yetirildiyini söyləyirdilər. Onların sözlərinə görə, qatil(lər) sonradan binaya daxil olub qarşılarına çıxan hər kəsi gülləbəran ediblər. Cinayətkarlar tələbə və müəllimləri qətlə yetirə-yetirə beşinci mərtəbəyə qədər qalxıblar. Tələbələrin dediyinə əsasən, akademiyanın 2-ci və 5-ci mərtəbələrində atəş açılıb. Qətlə yetirilənlərin əksəriyyəti baş nahiyəsindən güllələnib. Qatillər peşəkar olub, bu isə hadisənin daha öncədən planlaşdırıldığını deməyə əsas verir. Məlumatlara görə, qətllər "Makarov" tipli tapança ilə həyata keçirilib. Hadisə şahidləri cinayətkarın tapançanın darağının iki dəfə dəyişdirdiyini deyirlər. Məhz darağın dəyişdirildiyi məqamda bir neçə nəfərin qaçıb canını qurtardığı söylənilir. Bəzi şəxslərin deməsinə görə, tələbələrdən bir neçəsi binada girov saxlanılıb. Ancaq hadisə baş verən anda binanın 4-cü mərtəbəsində olan 20-yə yaxın tələbə girov saxlanılmadıqlarını bildiriblər. Sadəcə atışma zamanı auditoriyanın seyf qapısını bağlayıblar. Qeyd edək ki, tələbələr hadisə baş verən vaxt imtahan verirmişlər. Teror aktının baş verməsindən sonra binada ölkənin güc sturkturlarının əməkdaşları xüsusi əməliyyat keçirib. Binadakı insanlar-tələbə və müəllimlər evakuasiya olunub. Binaya xüsusi təyinatlı itlər gətirildiyi də deyilir. Təxminən saat 11-də polis əməkdaşları əməliyyatın başa çatdığını bildiriblər, ancaq maraqlıdır ki, sonradan hadisə yerinə 20-30 nəfər xüsusi təyinatlı gətirilib.
Hadisənin şahidi olan insanlar deyirlər ki, terror aktını həyata keçirən iki nəfər imiş. Onlardan biri sonradan özünü güllələyib. Biri isə hüquq- mühafizə orqanı əməkdaşları tərəfindən zərərsizləşdirilib. "Assoşieyted Press"in məlumatına görə, hücum edən alçaq boylu bir şəxs olub. Binanın içində qabağına kim çıxıbsa, başını nişan alıb, birinci güllədən ölməyəni ikinci dəfə vurub. Kimi vurduğuna isə fərq qoymayıb. Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib.

Ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, hadisədən sonra mobil rabitə sistemində ciddi problemlər yaranıb.

Hadisə yerində olarkən Neft Akademiyasının qarşısındakı polislər mənfi rezuslu 1 və 2-ci qrup qan lazım olduğunu bildirdilər və bir qrup tələbə qan verməyə yollandı.
İnsanlar isə təlaş içində idilər. Kimsə camaat arasında "Gənclik" metrostansiyasını terorçular və yaxud vəhabilərin ələ keçirməsi barədə məlumat yaymışdı.
Maraqlıdır ki, Azərbaycan telekanalları saat 12-yə qədər hadisə barəsində heç bir məlumat verməyiblər. Telekanallrın hamısında müğənnilərlə bağlı şou-xarakterli verilişlər gedib. Yalnız saat 12.00-da ANS olay barədə xəbər yayıb. İTV isə "Carçı"nın saat 12-yə olan buraxılışında bu dəhşətli hadisəni üçüncü bir xəbər kimi təqdim edib. Xarici telekanallar hadisə haqqında bizimkilərdən daha tez məlumat verib. Ən birinci Türkiyənin CNN kanalı məlumat verib.

"Mediaforum" saytının əməkdaşı insident baş verən anda binanın 3-cü mərtəbəsində olan Neft Akademiyasının tələbəsi Ramiz Həmidovu danışdırıb. Şahidin sözlərinə görə, hadisə təxminən 9:30-da baş verib: "Bir nəfər ikinci mərtəbədə atəş açmağa başladı. Deyəsən, tapançadan. Sonra həmin adam üçüncü mərtəbəyə çıxdı. Üzü maskalı idi. Hər bir auditoriyanın qapısını açaraq içəri 4-5 güllə atdı. 4-cü və 5-ci mərtəbələrdən də atəş səsləri gəlməyə başladı".

Şahid deyib ki, bunlar da tapança atəşinə oxşayırdı, çünki aram-aram atılırmış: "3-cü mərtəbədə üzü maskalı şəxsin əlindən qurtulmaq üçün hətta 3-4 nəfər oğlan özünü pəncərədən aşağı atdı". Tələbələrin bəziləri isə auditoriyanın qapısını bağlamaqla canlarını qurtara bilib.

Ramiz Həmidov qaradərili şəxsin də meyitini görüb. Onun sözlərinə görə, polis hadisə yerinə insidentdən 20 dəqiqə sonra gəlib.

"Media forum"un məlumatına görə, "İnterfaks" agentliyinin əməkdaşı Anar Əzizovun anası Tamella Əzizova da öldürülənlər arasındadır. Mərhum akademiyada dərs deyirmiş. Agentlikdə "Media forum" Anar Əzizovun anasının qətlə yetirildiyini təsdiq ediblər.

Azərpress" İnformasiya Agentliyində çalışan Bəhram Rüstəmbəyovun atası, akademiyanın laboratoriya əməkdaşı Faiq Rüstəmbəyov isə yaralanıb. Jurnalistin atası hazırda 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsindədir.

Azərbaycan Neft Akademiyasında terror hücumu institutun "Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsi"nin 3-cü kursunun dərs keçdiyi auditoriyada baş verib.

Hadisənin baş verdiyi auditoriyada olan tələbələrdən biri APA-nın müxbirinə hadisəni belə nəql edib: "Dərsdə oturmuşduq, kimsə qapını təpikləməyə başladı. Qəfildən iki nəfər içəri girdi, əllərindəki avtomat silahla qarşı sırada oturanların boyun nahiyəsindən atəş açdılar. Uşaqlar auditoriyadan xaotik vəziyyətdə qaçmağa başladı. Mən dəhlizə çıxanda yerdə çoxlu sayda yaralıların olduğunu gördüm. Atəş açanlar slavyan mənşəli insanlar idi. Biri maskalı idi, digərinin başı açıq idi. Danışmadıqlarına görə, hansı millətdən olduğunu bilmədik".

Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində yaralananların yerləşdirildiyi Klinik Tibbi Mərkəzə heç kim buraxılmır. Xəstəxana nəzarətə götürülüb, jurnalistlər binaya buraxılmır, hətta valideynlər də çox çətinliklə içəri girə bilirlər.

Azərbaycan Tibb Universitetinin dosenti İbrahim Qafarlı jurnalistlərə açıqlamasında mərkəzdə 7 meyit olduğunu deyib. Onlardan 5-i tələbədir. Ölənlərdən birinin adı açıqlanıb. Bu Ceyhun Aslanovdur. Xəstəxanada olan 6 yaralının vəziyyətlərinin ağır olduğu bildirilib. Yaralıların hamısı başından güllələnib. Yaralılardan biri Orxan Sadıxovdur.

Hadisənin baş verdiyi Neft Akademiyasının 2-ci kurs tələbəsi Rəşad Allahverdiyev jurnalistlərə bildirib ki, atışma birdən-birə baş verib: "İki nəfər binaya daxil olaraq qabağına keçəni güllələməyə başladı. Terrorçular qaradərili olmayıblar. İki müəllimimi gözümün qabağında vurdular. Hadisəyə müdaxilə edənləri güllələyirdilər. Pəncərədən çıxıb qaçdıq".

Dünən günorta saatlarında Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror barədə rəsmi məlumat yayıb. Məlumatda qeyd edilir ki, 2009-cu il aprelin 30-da saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. İlkin məlumatlara görə, cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olub, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar. Həlak olan digər 2 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə müvafiq tədbirlər görülür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.

Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılıb. Eyni zamanda Daxili İşlər Nazirliyində və Baş Prokurluqda "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyət göstərir.

Bu arada terror hadisəsi törədən Fərda Qədirovun bibisi və əmisi APA-ya açıqlama veriblər. Azərbaycan Neft Akademiyasında terror hadisəsi tərədən Gürcüstan Respublikasının vətəndaşı Qədirov Fərda Əsəd oğlunu təxminən bir ay əvvəl dostu Bakıya çağırıb. Bunu Fərda Qədirovun bibisi Rəna Qədirova bildirib. Rəna Qədirova deyib ki, qardaşı oğlu təxminən 1 ay bundan əvvəl kənddə olub. Onun sözlərinə görə, işsiz olan Fərda Qədirov işləmək üçün dostu tərəfindən Bakıya dəvət olunduğunu deyib. Rəna Qədirova onu da deyib ki, Fərda ilə atası arasında inciklik olub: "Atası onun Rusiyada yaşamasını istəsə də, Fərda kəndə qayıtmışdı".

Fərda Qədirovun qonşuları Fərman Nəzərov və Elmira Qədirova isə onun kənddə olduğu müddətdə heç kimlə əlaqəsinin olmadığını, yaşadığı evdən kənara çıxmadığını açıqlayıblar.

Fərda Qədirovun hazırda Moskvada yaşayan əmisi Səməd Qədirov isə baş verənlərdən xəbərsiz olduğunu bildirib. Səməd Qədirov qardaşı oğlunun Gürcüstanda yaşadığını və onlarla küsülü olduğunu deyib: "Yazıq, fağır adamlardır. Mən isə Moskvada ticarətlə məşğulam. Onlarla çoxdandır küsülüyəm".

Qeyd edək ki, Fərda Qədirov 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində anadan olub. Qədirovlar ailəsi hazırda Daştəpə kəndində yaşamır. Kəndin tabe olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov bildirib ki, onlar təxminən 10 il əvvəl kəndi tərk ediblər. Fərda Qədirovun ailəsi hazırda Rusiya Federasiyasında yaşayır. Fərda Qədirovun sonuncu dəfə təxminən 1 ay əvvəl Daştəpə kəndindəki evlərinə getdiyi bildirilib. İcra nümayəndəsinin sözlərinə görə, Fərda Qədirov subaydır. O, Fərda Qədirovun indiyə kimi məhkumluğunun olmadığını da bildirib. İcra nümayəndəsinin sözlərinə görə, terrorçunun atası uzun müddət kənddə dil-ədəbiyyat müəllimi işləyib.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə əlaqədar başsağlığı verib. Prezidentin mətbuat xidmətindən "Azərtac"a verilən məlumata görə, 2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyini bildirən dövlət başçısı həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyib: "Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, Sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcək".

Azərbaycanın təhsil naziri Misir Mərdanov APA-ya açıqlamasında Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsinə münasibət bildirərkən deyib: "Bu hadisədən çox təəssüflənirəm və bunu cəmiyyətimiz üçün pis hal kimi qiymətləndirirəm. Ölənlərə isə rəhmət diləyirəm".

Nazirin sözlərinə görə, hazırda məktəbin bütün korpuslarında tədris dayandırılıb. Misir Mərdanov hazırda hadisə yerində olduğunu, bu səbəbdən geniş açıqlama verə bilmədiyini bildirib.

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlməyib.

Bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Şöbə müdiri bunun təsadüfü hadisə olduğunu deyib. Onun sözlərinə görə, hadisə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə törədilməyib.

Azərbaycan Dövlət Neft Akademiyasında dünən baş verən cinayət hadisəsi nəticəsində həlak olan 10 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə aparılıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev deyib ki, baş verən terror hadisəsi nəticəsində ümumilikdə, 25-ə yaxın şəxsin zərər çəkib. Kliniki Tibbi Mərkəzin məsul cərrahı Əziz Məmmədovun verdiyi məlumata görə, dünən məlum hadisələrlə əlaqədar xəstəxanaya 7 yaralı və 6 meyit gətirilib. Bundan başqa bir nəfər ambulator yardım üçün xəstəxanaya müraciət edib, müvafiq tibbi yardım göstərildikdən sonra həmin şəxs evə buraxılıb. Əziz Məmmədov yaralılara tibbi yardım göstərildiyini və onların müvafiq şöbələrdə yerləşdirildiyini deyib. Yaralılardan bəziləri üzərində cərrahiyyə əməliyyatı aparılıb. Onların durumu stabildir. Yaralılar arasında bir nəfər Sudan vətəndaşı və Azərbaycan Neft Akademiyasının professoru da var. Hər iki şəxsin vəziyyəti stabildir. Əziz Məmmədov yaralıların baş və boyun nahiyələrindən güllə yarası aldığını deyib. Məsul cərrah həmçinin xəstəxanaya altı meyitin daxil olduğunu Ağa Cəfərli bildirib. Ölənlər arasında 50-55 yaşlarında bir qadın və cavan bir qız da var.

 

 

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2009.- 1 may.- S.3-4.