Gərək böyük şəxsiyyət olasan ki, ədəbiyyatda da gözəl əsərlər yaradasan"


       Ramiz Heydər: "Cəmiyyətdəki neqativ hallara qarşı ziyalı müqaviməti gərəkdir"

Şair-dramaturq, professor Ramiz Heydərin 75 yaşı tamam olur. İndiyə kimi neçə-neçə şeirinə mahnılar bəstələnən şair bu müddətdə həmişə qələmlə dost olduğunu deyir: "Təbii ki, bu müddət az deyil. Mənə elə gəlir, insana lazım olduğu qədər ömür verilir ki, insan həyatını mənalı qurmaq imkanı əldə etsin, ən başlıcası isə özündən sonra iz qoysun. Yazıçı üçün sabaha ünvanladığı onun əsərləridir. Taleyimdən razıyam ki, mənə hərtərəfli yaradıcılıqla məşğul olmaq üçün imkan verib. Digər tərəfdən də elmlə məşğulam, kino sahəsində araşdırmalarımı davam etdirirəm. Şeir yazıram, dramaturji fəaliyyətimi davam etdirirəm, tərcüməçiyəm; bu vaxtacan sözlərimə 500-ə kimi mahnı yazılıb. Oqtay Kazımi "Çal, çal", "Toy olsun, bayram olsun", "Mənim yaşıdım qızlar", Emin Sabitoğlu "İnanmaram", "Deyir, ayrılma məndən", "Özümdən küsürəm səndən küsəndə" və başqa mahnılar bəstələyiblər. Sözlərimə ən çox mahnı yazan Elza İbrahimovadır: "Anam yadıma düşdü", "Sarı bülbül" kimi mahnıları indi də oxunur. Anam "Sarı bülbül" mahnısını çox sevərdi. Bir dəfə Elza xanım zəng etdi, dedim ki, burada bülbül oxuyur, mən də qulaq asıram; anam "Sarı bülbül" mahnısını çox sevərdi. İndi ana yoxdu, amma bülbül yenə oxuyur. Elza xanım dedi ki, bu barədə bir şeir yaza bilərdinizmi? Dedim yazaram. Yaman duyğulanmışdım, yazdım, yaxşı alındı".

Yaradıcılıq insandan sözün əsil mənasında imtina tələb edir. Əsil yaradıcılıq insana çox şey verdiyi dərəcədə də onu çox şeydən eləyir. R.Heydər deyir: "İnsan daim fikirləşməlidir ki, o, bu ömür müddətində necə yaşayıb, gedəndən sonra nə qalacaq? Əsas amil budur. Xüsusi olaraq qarşıma bunu məqsəd qoymasam da, qeyri-iradi olaraq bu insani tələbə əməl etmişəm. İnanıram ki, yazdıqlarım insanlara lazım olacaq.

Təxminən 60 il əvvəl anamdan məktub almışdım, həmin məktub qırmızı mürəkkəblə yazılmışdı, fikirləşdim ki, görəsən, anam niyə qırmızı ilə yazıb? Sonra bildim ki, şagirdlərin məktubunu yoxlayanda arada mənə məktub yazıb. O zaman "İki məktub" adlı şeir yazdım".
Əsil şeriyyət insanı o zaman xilas edir ki, o şeirin yaradıcısı hər mənada zamandan üstün olsun. Zaman səviyyəsində ilişib qalan şeir insanları yaşatmır, çünki əbədiliyi ifadə etmir. R.Heydər deyir ki, hər zamanın öz tələbləri var: "Gərək yaradıcı özünə qədər yaşamış böyük şəxsiyyətləri ruhunda gəzdirə bilmək qüdrətinə yetsin. Bəzən şair heyfsilənir ki, nə üçün məndə həyatın müəyyən eybəcərliklərini ifşa etmək üçün Sabir qüdrəti yoxdur? Yaradıcı şəxs heç olmasa, müəyyən nöqtələrdə o dərəcəyə çatanda böyük sevinc hissi keçirir. İnsan belədə qədimləşdiyi dərəcədə də təzələnir. Qədimliyin sınağından çıxırsan, qədimlik sənin üçün əbədi meyara çevrilir, çünki qədimlərə layiq olmaq istəyirsən. Baxırsan ki, ermənilərdə bu qədər dahi yoxdur, amma bizdə gör nə qədərdir. Xalq mahnılarımıza qulaq asanda ruhum uçur, daim fərəhə qərq olur. Dərk edirəm ki, belə bir əzəmətli xalq əzəmətli yazıçılar, şairlər yetirə bilərdi. Bundan sonra da belə zirvələrin yetişəcəyinə inanıram".

Maraqlı bir məqama gəlib çıxırıq: bu qədər zirvələrimiz ola-ola bəs onda Azərbaycan niyə qaranlıqdan çıxa bilmir? R.Heydər deyir: "Tarix bir sel kimidir, gəlib axıb gedir. Zaman keçib gedir, yaxşı da, yaman da öz yerini tapır. Hər xalqın sınaq illəri olur. Qarabağ yarası daim ürəyimdə qövr edir. Məncə, ədəbiyyatda böyük əsərin meydana çıxması ilk növbədə şəxsiyyətə bağlıdır. Gərək böyük şəxsiyyət olasan ki, böyük əsərlər də yaradasan. Bu isə insanın daxilindən, varlığından gəlir".

Gərək yaradıcının şəxsiyyəti böyük olsun ki, oxucu onun yazdıqları ilə ömrü arasında uçurum görməsin. Əks təqdirdə oxucu həmin yaradıcının yazdıqlarına inanmayacaq. Həmsöhbətim deyir: "Təmənnasızlıq böyük məsələdir. Mirzə Cəlil, Sabir sözün həqiqi mənasında təmənnasızlıq mücəssəməsidirlər. Yazıçı istər-istəməz zəmanəsinə inanır. Təbii ki, belədə böyük qüdrət lazımdır ki, zəmanənin cazibəsinə uymayasan. Hər adam da bunu bacarmır. 37-ci ildə belələrinə "xalq düşməni" deyirdilər. O qədər yaradıcıların başı yeyilmişdi ki, artıq insanlar inanırdırlar, qara ağdır, ağ qaradır".

R.Heydərin "Qızıl toy", "Şəngülüm, Şüngülüm, Məngülüm","Zəng səsləri", "Sınaq pillələri", "Yeddi qardaş, bir bacı","Bahar qızı"," Ana intizarı", "Cırtdanın sərgüzəştləri", ümumiyyətlə, 30-a yaxın dram əsəri tamaşaya qoyulub: "Azərbaycan kinosunun müxtəlif problemləri mövzusunda xeyli elmi əsərin müəllifiyəm. Bu sahədə monoqrafiyalarım çap olunub. Kino problemləri ildə məşğul olmaq vaxtımı alsa da, bu işi özümün zəruri işlərimdən biri hesab etmişəm. Ümumiyyətlə, bütövlükdə kino sahəsinə dövlət özü nəzarət etməlidir. Çox zaman sponsor öz bildiyini diktə edir. Təəssüf ki, belə filmlərdə əxlaqa zidd səhnələrə rast gəlinir".

R.Heydər Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. Bu, elə bir dövr idi ki, orada təhsil alanlar Azərbaycana qayıtdıqdan sonra ədəbi aləmdə tamamilə yeni bir səhifə açıldı: "Bizdən Moskvaya, həmin instituta ilk gedən Nəbi Xəzri olub. Sonradan bu institutda tanınmışlardan Vidadi Babanlı, İsa Hüseynov və başqaları təhsil alıblar. Biz Moskvaya beş nəfər getmişdik. Onlardan oxucular Asif Atanı, Cabir Novruzu, Rüfət Zəbioğlunu yaxşı tanıyırlar. Mən həmişə özümü çox xoşbəxt hiss etmişəm ki, beş il Asif Ata ilə bir yerdə oxumaq qismətimə düşüb. Mən onun ilk gənclik illərindən nə qədər qəribəlikləri olduğunu gördüm və heyrətə gəldim. Hələ o zamanlar onun özünəməxsus düşüncə, danışıq tərzi vardı. Təsəvvür edin ki, bütün günü kitabxanada oxuyurdu, ardıcıl olaraq klassik musiqilərə qulaq asırdı".

R.Heydərin Əliağa Vahidlə də bağlı xatirələri var: "Əliağa Vahidi 13 yaşımda ilk dəfə gördüm. 40-cı illər olardı, o zaman dayımla kafedə oturmuşdum. Təsadüfən elə oldu ki, orada Vahidlə tanış oldum. Təsəvvür edin ki, müharibədən sonrakı dövrdür, hələ camaatın üzü çox gülmürdü, belə bir vaxtda daim əhvalı rəvan olan şəxs təsiri bağışlayan Vahidi görmək məndə yaxşı təəssürat yaratdı. Xatırlayıram ki, dayım yemək-içməyin pulunu ödədi, kafe işçisi pulun qalığını qaytaranda Vahid ərklə dayıma dedi ki, sən Tiflisə gedirsən, mən isə burada uzun müddət pulsuz qalacağam. Etiraz etmirsənsə, bu pulu götürüm. Dayım böyük bir ürək açıqlığı ilə ona dedi ki, yenə pul lazımdırmı? Vahid "yox" dedi. Bu, mənim Vahidlə bağlı ilk xatiratımdır. Sonradan mən onu 60-cı illərin əvvəllərində Fəvvarələr meydanında çörək növbəsində dayanan gördüm. O zaman bilirsiniz ki, Xruşşov dövrü idi, camaat çörək çatışmazlığı səbəbindən dükanların qarşısında növbəyə dururdu. Səhər-səhər idi, gördüm ki, Vahid çörək dükanından bir az aralı durub. Yəqin basabasa düşməmək üçün içəri keçmək fikrində deyildi. Heç bilmədim ki, özümü adamların içinə necə atdım, bir də onu gördüm ki, piştaxtanın qabağındayam. Onun üçün çörək aldım, pulunu götürmədim. Təsəvvür edirsinizmi, necə sevindi. Ona şeirlərimi oxuduğumu xatırlayıram. O, mənim şeirlərimə qulaq asdı və sabahıma inandığını bildirdi. Onunla bağlı bir məqamı da demək istəyirəm. Məlumdur ki, Əliağa Vahid uzun müddət içki içib. Bir dəfə işə gələndə gördüm ki, Əliağa Vahid divanda yatıb. Redaksiyada təbiidir ki, belə vəziyyət olmamalı idi. Redaktor dedi ki, Ramiz, bilirsən ki, Əliağa Vahid elə-belə şəxs deyil. Onu evə elə apar ki, problem yaranmasın. Çıxartdım güc-bəla ilə küçəyə, təsəvvür edin ki, Vahidin ayaqları yerə dəymirdi, bərk sərxoş idi. Bir təhər onu taksi ilə evinə apara bildim".

Ramiz Heydər tamaşaçı mədəniyyətinin kiçik yaşlı uşaqlarda formalaşdırılmasını zəruri sayır: "Telekanallarda o qədər zəif tamaşa, seriallar nümayiş etdirilir ki, məzmunsuzluğu sübut etməyə ehtiyac yoxdur. Bu filmlərin tərbiyəedici xüsusiyyəti yoxdur. Yalan, vuruş-döyüş, insana nifrət, qeybət səviyyəsində uzanan bu seriallar adamların halına təsir edir, onlarda inamsızlıq yaradır. Adamlar fikirləşirlər ki, görəsən gedib teatrda nəyə baxacağam? İnsanın inkişafı, tərbiyəsi prosesində teatr mühüm rol oynayır. Məktəblərdə təlim-tərbiyə işini daha düzgün formalaşdırmaq, teatrla əlaqələri ciddi qurmaq lazımdır. Cəmiyyətdəki neqativ hallara qarşı ziyalı müqaviməti gərəkdir. Ucuz şoularla xalqın heysiyyatına balta vuranlara qarşı mübarizə aparılmalıdır. Sənətçilərin addımbaşı əcnəbi sözləri dilimizə gətirməsinə qarşı da sözümüzü deməliyik".

 

 

        Qaliboğlu E.


        
Xalq cəbhəsi.-2008.- 24 dekabr.- S. 14