"Duyğularımı ağac üzərinə köçürmüşəm"
Ağac üzərində
xəttoyma ustası Seyfəddin Mənsimoğlunun əsərləri
saytında yerləşdirilib
Onun imzası artıq Azərbaycanın hüdudlarından kənarda da tanınmaqdadır. Hətta Şərq ölkələrindən gəlmiş tanınmış mütəxəssislər də etiraf ediblər ki, hazırda əsərləri dünyada tanınan Seyfəddin Məmmədvəliyev (Mənsimoğlu) ağac üzərində xəttoyma üzrə yeganə sənətkardır. Onun yaradıcılığında Şərq ruhunun qədim ənənələri duyulmaqdadır. Seyfəddin Mənsimoğlunun üslubu bundan sonra populyarlaşma mərhələsini yaşayacaq. Bu gün keçmişə, qədimliyə, sabaha münasibət məsələsilə bağlı xalqlar daha cidddi şəkildə düşünməkdədirlər. Onun yaradıcılığı artıq məktəbə çevrilməkdədir.
Bu yaxınlarda Seyfəddin Mənsimoğlunun ömrü, yaradıcılığını ifadə edən saytı fəaliyyətə başlayıb. Ünvanına neçə-neçə məktublar gələn S.Mənsimoğlu deyir, oxucu məktubları məsuliyyətini daha da artırıb. O, sənət yolunu belə ifadə edir: "Hər birimizin boynuna düşən bir insanlıq və vətəndaşlıq borcu var. Bu vəzifələr insanın bəşəriyyət və toplum həyatında tutduğu mövqeyə görə olur. Bəşəri vəzifələr daha çətindir. Bu, hər insana nəsib olmur. Bəzən insanın həyatında baş verən şiddətli sarsıntılar onun içindəki bütün imkanları üzə çıxarır, alovlandırır. Bu zəif odu alovlandıran səbəblər mənim də qismətimə düşüb. Səbr və bacarıqla canımda olan duyğularımı ağac üzərinə köçürmüşəm. Gördüyüm işləri cəmiyyətə çatdırmaq və göstərmək isə jurnalistlərin üzərinə düşüb. Buna görə zəhmət çəkənlərə təşəkkür edir, hamısına cansağlığı arzulayıram. 1964-cü ildən M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyirəm. 1982-ci iləcən iş yerimdə mənim üçün olduqca maraqlı görünən müxtəlif ölçü və biçimdə olan əlyazmalar nəhayət, bəhrəsini verdi. Hamıya məlum olan işlərimi görməyə başladım. Bunun üçün ömrüm boyu məni qayğılandıran duyğularıma borcluyam. Ali rəssamlıq təhsili alsam da, böyük mənada bu sənətdə özümü tapa bilməmişəm. Taleyin qismətinə bax, quru ağac parçalarında gördüyüm işlər üçün yarandığıma sevinmişəm. Deməli, kiminsə içində görmək, yaratmaq hissləri varsa, bunun üçün zaman, məkan və şərait hər şeyi həll edərmiş. Mənim ağac üzərində xəttoyma işində heç bir ustadım olmayıb. Yalnız zəhmətim məni sizin tanıdığınız adama çevirib".
S.Mənsimoğlu deyir bu sahədə gördüyü işlərin yolu da özünündür, cığırı da: "Zaman-zaman görülən sənət işlərinin ustadları olub. Bu ustadlar gördüyü işlərdən başqa özlərindən sonra şagirdlərini, yetkin ardıcıllarını yaratmışlarsa, onlar daha çox ehtirama layiq olmuşlar. Bu sahədə gördüyüm işlərdən rahatlıq duyduğum kimi öyrətdiyim, həm də yetkin ustalara çevirdiyim Firudin, Samir, Yədulla və Vüqarın gördükləri işlər də məni qürurlandırır, sevindirir. Bunların hər biri müxtəlif illərdə ölkə səviyyəli mötəbər sərgilərdə iştirak edərək dəyərli yerləri tutublar. Xoşbəxtəm ki, fəaliyyətim tək özümün yaratdığım əsərlərlə məhdudlaşmır. Elə "Yetirmələrim də mənim əsərlərimdir" desəm, yanılmaram. Onlar mənim işimin layiqli ardıcılları, sabaha bağladığım ümidlərimdir. Deyirlər, həyat özü bir məktəbdir. Mən öyrədə-öyrədə öyrənənlərdənəm. Hər gün yeni bir şey öyrənir, onu öz sahəmə tətbiq edirəm. Yaradana şükürlər olsun ki, məni bu yolda üzüqara etmir. Əlimdən çıxan hər bir işin neçə-neçə insan ürəyini ovsunladığını görəndə ürəyim dağa dönür, sevinir, ağrı-acılarımı unuduram. Öz taleyimi yaşayıram, verdiyinə şükür Tanrının. Bir yandan alanda, bir yandan verir. Odur ki, bundan sonra qismətimə yazılan ömür payımın elə-beləcə də davam etməsini arzulayıram ki, ölməkdə olan ümid qığılcımları sönməsin. Bax, onda mənim yaradıcılığımda yeni-yeni səhifələr açılacağına bütün varlığımla inanıram".
Türkiyədən, İrandan, ərəb ölkələrindən gəlmiş çoxlu mütəxəssislər onun işlərinə baxıblar, heyranlıqlarını gizlətməyiblər: "Onlar etiraf ediblər ki, bu vaxtacan ağac üzərində bu həcmdə, dərinlikdə, geniş əhatəli, özünəməxsus işlər olmayıb. Mütəxəssislər xüsusən əsərlərimin dəqiqliklə ekiz olduğunu da qeyd ediblər. Hətta bir dəfə Türkiyədən o ölkənin müftisi gəlmişdi, institutda nümayiş etdirilən işlərimə baxandan sonra mənimlə çox böyük heyranlıqla görüşdü, dedi ki, əsil sənətkar əlini sıxdığıma görə özümü xoşbəxt hesab edirəm. Fikirləşdim ki, yəqin Türkiyədə belə bir sənət yoxdur ki, bu, belə danışır. Bir dəfə belə bir kitab diqqətimi cəlb etdi: "Ərəb əlifbası türk sənətkarlarının əlində". Bu söz mənim sonralar görəcəyim işlər üçün bir açara çevrildi. İstitutun direktoru rəhmətlik Cahangir müəllim o zaman məmnunluqla işlərimə baxdı, dedi ki, Seyfəddin, yaxşı olardı Azərbaycan klassiklərinin adlarını yazaydın. Bu yöndə bir neçə işlərim var".
Onun yaradıcılığı geniş əhatəliliyi ilə diqqəti cəlb edir: "Yaradıcılığımda Türk Dünyasının tanınmış simalarının adları, yaradıcılığı ilə bağlı məqamlar ifadəsini tapıb. Məsələn, belə şəxsiyyətlərdən biri - 16-cı yüzildə cığatay dilində yazan ilk qüdrətli türk şairi Əlişir Nəvainin adını yazdım, sözə aid fikrini də ağac üzərində işlədim. Nəvai deyir ki, könül bir dəryadır, onun incisi sözdür.
Onu da deyim ki, əsərlərimi əski əlifbada, amma ki, Azərbaycan türkcəsində yazıram. Daha sonrakı əsərlərimin içində "Babur şah" xüsusi yer tutur. Babur şah Hindistanda hind-türk imperiyasını yaradan böyük bir şəxsiyyət olub. Onun ruhumu oynadan fikirləri belə bir əsəri yaratmağıma səbəb oldu. Babur şah haqında bir fikrə rast gəldim. Orada deyilirdi ki, o, əsgərlərinin və özünün türk olmasıyla fəxr edirdi. Babur şah Miyanə əmirliyinə məktub yazaraq xatırladır ki, siz yaxşı olar, türklərlə qovğaya girməyəsiniz, çünki türklərin necə bir döyüşkən xalq olması hər kəsə məlumdur. Əgər deyilənlərə qulaq asmasanız, başqalarının başına gələn sizin də başınıza gələ bilər".
S.Mənsimoğlu ixtisasca rəssamdır, 5 il Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil alıb: "Həmişə bu fikirdə olmuşam ki, bəstəkarlıq, rəssamlıq, şairlik
kimi sənətlərlə
məşğul olmaq
üçün fitri
qabiliyyətli olmaq lazımdır. Belə çıxır ki, hələ mənim üçün o an yetişməmişdi. Sonradan oğlum istedadlı bir rəssam oldu, demək olar ki, onun üçün
bünövrə oldum.
Hər halda rəmssamlığın rəngkarlıq
sahəsilə məşğul
olmaq mənim üçün geniş üfüqlər vermədi.
Sonralar o texnikuma yolum düşəndə öz-özümə
fikirləşirdim ki,
Seyfəddin, 5 il bu pillələri boşuna düşüb-çıxdın.
Ancaq indiki bu işləri görməyim üçün
məhz rəssamlıq
təhsili almağım
lazım imiş. Əsil yaradıcı adam gərək həyatı ciddi şəkildə öyrənsin,
təhlil eləsin. Bu sənətə qarşısıalınmaz meylimə
görə indiyə qədər məni narahat edən hisslərimə borcluyam. Yəni başımı aşağı alıb foto ilə məşğul
olardım. Arada kəndə də getdim, 3 il orada
müəllim işlədim.
Gördüm ki, ağac üzərində
xəttoyma sənəti
ilə məşğul
olmamaq mümkün deyil. Bir daha
anladım ki, hər kəsə bu dünyada bir ömür payı verilir. Gərək insan bu ömrü aqibətinin tələbinə
uyğun yaşasın.
48 yaşımda sənətlə
məşğul olmağa
başlamışam. Hər
halda arzularımı bu mənada reallaşdırdım. Düzdür,
insanın arzuları çox olur, ancaq ən əsaslarından
heç olmasa müəyyən qisminin həyata keçməsi, gerçəkləşməsi hər kəsə nəsib olmur. Hər gördüyüm işimi sonuncu işim hesab edirəm. Çalışıram
ki, dünənki işdən bugünkü
işimi daha səliqəli görüm.
Hiss edirəm ki, bu gün
əvvəlki dövrlərdən
fərqli olaraq daha da təkmilləşmişəm.
Bu, o deməkdir
ki, insan püxtələşdikcə işi
daha da kamilləşir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2009.- 19 dekabr.- S.14.