Qaracaoğlanın yaradıcılıq dünyası

 

Sədnik Paşa Pirsultanlı: "Nümunələrdə o, sazın-sözün qüdrətilə hər şeyi mümkün edən şəxs kimi təqdim olunur"

 

Qaracaoğlanın yaradıcılığı, yüzillərdən bəri ədəbiyyatda dastanlaşması təsadüfi deyil. Aşığın həyat və yaradıcılığını araşdıran tanınmış alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı deyir ki, türk aşıq ədəbiyyatının XVII yüzildə yetişmiş ən ünlü aşıqlarından biri olan Qaracaoğlanın həyatı haqqında elm aləmində uzun illər az məlumat olub və bu məlumatların çoxunu da rəvayətlər təşkil edib. Onun həyatı, şeirləri, yaşadığı dövr, anadan olduğu və öldüyü yer və il alimləri yetərincə maraqlandırıb: "Qaracaoğlanın 1606-cı ildə anadan olduğu, 1676-cı və ya 1689-cu illərdə vəfat etdiyi söylənilir. Harada doğulub, harada ölməsi, adı, nəsli haqqında həqiqətə bənzəyən bir çox rəvayətlər mövcuddur. Bir çox araşdırmaçılar yaşlı insanların söylədiklərinə əsaslanaraq Qaracaoğlanın Kökçeeldə anadan olduğunu, Kozanoğulları dərəbəyliyi zamanı onu öldürmək istədiklərini xəbər tutan zaman Van şəhərinə getdiyini yazırlar. Haqqında yazılan başqa rəvayətə görə, əski yurdunda Kılıclı aşirəti bəylərindən biri ilə aralarında ədavət olduğu üçün onu öldürmək istəyiblər. O, iki bacısı ilə obasından qaçıb, bir çox yerləri gəzərək Ərzuruma qədər gəlib, ömrü boyu evlənməyib və orada ölüb".

Digər bir rəvayətə görə isə Qaracaoğlan Bahçe ilçəsinin Farsak (Varsaq) kəndində anadan olub. Son zamanlar aparılan araşdırmalarda onun anadan olduğu yerin Kozan ilçəsinin Kökçə kəndi olduğu yazılır: "Ən çox üzərində durulan nöqtə də aşığın Çukukovda doğulduğu və orada ölməsidir. Məhmət Fuad Köprülünün araşdırmalarında Qaracaoğlan Bahçe ilçəsinin Farsak kəndində Sailoğlu ailəsindəndir. Radlovun verdiyi məlumata görə isə Qaracaoğlan Belqradda anadan olub, adı Simayıl, sevgilisinin adı da İstemi Sultandır. Sadettin Müzhet Ergün də Qaracaoğlanın Qanuni Sultan Süleyman (1520-1566) dövründə yaşadığını yazır.

S.P.Pirsultanlı deyir, başqa rəvayətlərdə də onun Kırşehrin Mecidiyyə ilçəsinin Mamalı kəndində Bıdvanoğlu, Varsaq soyundan olduğu, atasının Türküstanın Bayat elindən köçüb gəldiyi söylənilir: "Bu da bir həqiqətdir ki, Qaracaoğlan aşıq ənənələrinə uyğun olaraq sazı və sözü ilə Osmanlı imperatorluğunun Konya, İçel, Kayseri, Mardin, Karaman, Adana, Diyarbekir, Hama, Hələb, Misir, Tokkat, Ankara, Bursa, Sivas kimi yerlərinin kənd və yaylalarına kimi gəzib-dolaşıb, hər yerdə də şairlik və aşıqlıq gücünü göstərib.

S.Pirsultanlı Qaracaoğlan araşdırmaçılarının aşığı bir qürbətçi, qərib bir aşıq kimi təqdim etdiklərindən söz açır. Onun şeirlərində də bunu sübut edən tutarlı misralar var:

 

"Ötmə qərib bülbül, mən də qəribəm,

Sən də bilirmisin axır zaman?

Qarlı-qarlı dağlar oldu məkanım,

Şimdi qayri unutdumu çöl bizi?

Kimim, kimsəm yoxdur, sıxılır canım,

Tək pərişan etdi zalim kül bizi".

 

Şeirlərində Dunay boylarından, Avstriya müharibələrinə qədər söz etdiyinə görə onun Osmanlı imperatorluğunun qərb hüdudlarına, hətta xarici ölkələrə də getdiyi ehtimal olunur. "Dilləri var dilimizə bənzər" şeiri bu ehtimalın doğruluğunu təsdiqləyir. Doğulduğu yer kimi adı, soyadı, öldüyü yer və dəfn edildiyi məkan dəqiq olaraq bilinmir və müxtəlif rəvayətlərlə izah edilir. Bu rəvayətlər təxminən aşağıdakılardır: Maraşın Cezel yaylasında 96 yaşında ölüb, vəsiyyəti üzrə tənha bulaq başında dəfn olunub. Sazı çürüyüncəyə qədər başucunda ağacdan asılı durduğu söylənilir; Nizipin Keklicə kəndində sazını budağına asdığı bir ağacın dibində basdırılıb; Çukurovada bir təpədə dəfn edilib; İçelin Mut ilçəsinin Çukur kəndində bir təpə üzərində dəfn edilib. Bu təpəyə indi də "Qaracaolan təpəsi" deyilir; Ərzurumun Oltu ilçəsinin Penek kəndində ölüb, Zəm-zəm dağındakı Yasamal yaylasında basdırılıb".

S.P.Pirsultanlı bildirir ki, Qaracaoğlanın həyatı və yaradıcılığı haqda ilk məlumatı türk ədəbiyyatının qurucularından olan Fuad Köprülü 1915-ci ildə "Türk saz şairləri" adlı kitabında verib. 1927-ci ildə isə Sadettin Nüzhüt Güney "Qaracaoğlanın həyatı və şeirləri" kitabını nəşr etdirib. Sonrakı illərdə Ahmet Kutsi Tecer, Mustafa Necati Karayer, Refik Ahmet Sevengil, Jahit Özbelli, İlhan Başgöz, Ali Rza Yalçın, Ahmet Tevhid kimi görkəmli alimlərin araşdırmalarında Qaracaoğlan, onun yaradıcılığı haqqında qiymətli fikirlər irəli sürülüb: "Bu araşdırmalarda birdən çox Qaracaoğlanın yaşadığı ehtimalları da ortaya çıxmaqla yanaşı onun yaşadığı dövr gah XVI, gah da XVII yüzilə aid edilib. Cahit Öztelli XVII yüzilə aid bir cümləyə istinad edərək, aşığın XVII yüzildə yaşaması ehtimalını irəli sürür. Cahit Öztellinin verdiyi məlumata görə Aşıq Gevhəri ilə Qaracaoğlanın deyişmələri XVII yüzilə aid olan bir cüngə "Aldı Gövhəri, aldı Qaracaoğlan" deyə başlayan türkülərdə mövcuddur. Bu məlumatların əhəmiyyəti bir də ondan ibarətdir ki, Qaracaoğlanın yaşadığı dövrü dəqiqləşdirir. Aşıq Gövhərinin XVII yüzildə yaşadığı artıq elm aləminə məlumdur. Cüngdə yer alan Gevhəri və Qaracaoğlan deyişmələri göstərir ki, Qaracaoğlan Gövhərinin çağdaşıdır. Deməli, haqqında söhbət açdığımız Qaracaoğlan XVII yüzildə yaşayıb. Qaracaoğlanın həyatı ilə bağlı dastandan başqa xalq arasında kiçik epizodlar da dolaşmaqdadır. Bu nümunələrdə Qaracaoğlan bir övliya, sazın-sözün qüdrəti ilə hər şeyi mümkün edən bir şəxs kimi təqdim edilir. Məsələn; üç qız yol ilə gəlir. Onlar çinarı yarpaqsız görüb qəmlənirlər. Deyirlər, bu çinarın yarpağı olsa, nə yaxşı olardı. Bu, Qaracaoğlana ayan olur. Sazını çıxarıb deyir:

 

"Qoşa çinar, qoşa çinar,

Veribsiz baş-başa çinar;

Aç yarpağı, döşə çinar,

Görüşünə qızlar gələcək".

 

Qızlar görürlər ki, o dəqiqə çinarlar yaşıl yarpaqlar açdı. Bir qədər gedib yorulurlar. Qızlar deyirlər ki, nə yaxşı olardı, hərəmizə bir at olaydı, minəydik. Qaracaoğlan sazını götürüb oxuyur. Elə bu vaxt üç at hazır olur. Onlar atı minib yola davam edirlər. Bir qədər sonra qızlar susayırlar. Baxırlar ki, budur çeşmə qabaqda, amma suyu bulanıqdı. Qızlar deyirlər ki, nə olaydı Qaracaoğlan bir söz oxuyaydı. Çeşmə durulaydı, biz də onun suyundan içəydik. Qaracaoğlan bunu eşidib sazı götürüb, görək nə deyir: "Qaracaoğlan, əsib coşma, Bulanlıq sel təki daşma; Durul, boz-bulanıq çeşmə, İçməyə qızlar gələcək".

S.P.Pirsultanlı bu qənaətdədir ki, Qaracaoğlan xalq dilinin incəliklərini və gözəlliklərini bütün təravətilə şeirə gətirdiyi kimi, heca vəzninin də ən yayğın və klassik formalarında şeirlər yazıb: "Ən çox qoşma, səmai, varsağı şəkillərindən istifadə edib. Türk aşıq şeirində varsağı deyildiyi zaman Qaracaoğlan xatırlanır. Şeirin bu növü heca vəzninin səkkizli qəlibi ilə yazılıb, xüsusi bir hesabatla oxunur. Varsağı şeir şəklində bəndlərin sayı 3-lə 5 arasında olur. Türk xalq ədəbiyyatında məhəbbət mövzusunu ən çox yazan Qaracaoğlan olduğu kimi, XVII yüzil aşıq ədəbiyyatında daha çox gözəlləmələr yazan da Qaracaoğlan olub. Gözəllərin ağlını-kamalını, mərifətini, qaşını-gözünü, sözünü ustalıqla vəsf etməklə yanaşı gözəl olan hər şeyi (mənzərə, dağ-daş, təbiət və s.) öyən şeirlərin Qaracaoğlanın yaradıcılığında ayrıca yeri var. Qaracaoğlanın istifadə etdiyi nəzm şəkillərindən biri də qoşmadır. Aşığın araşdırmaçılarının yazdığına görə onun 500-dən yuxarı şeirinin 322-si qoşma biçimində olmaqla yanaşı, bu şeirlər klassik qoşma şəklinin ən mükəmməl nümunələrindəndir. Aşıqların təcrübələrini ifadə edən öyüdverici şeirləri (ustadnamələri) yazan şairlər müəyyən bilik və təcrübəyə, dünyagörüşünə malik ağsaqqallıq, müdriklik timsalıdır. Türk xalq şeirində bunun gözəl örnəklərinə də Qaracaoğlan ustadnamələrində rast gəlinir".                 

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 22 dekabr.- S.14.