"İqdırda bizim soydan olanlar Azərbaycan türkcəsində danışırlar"

 

Seyfəddin Altaylı: "Radioda Azərbaycanın tarixi, qədim keçmişi, bugünkü vəziyyəti dinləyicilərə çatdırılır"

 

Seyfəddin Altaylı "Türkiyənin səsi" radiosunun Azərbaycan türkcəsi verilişləri redaksiyasında 1985-ci ildən çalışır. 20 ildən çoxdur ki, bu radioya rəhbərlik edir. Türkiyənin İqdır vilayətində anadan olub, əslən Azərbaycan türküdür. Dediyinə görə, ana dilimizi təmiz bilməsi onun dil mütəxəssisi olması ilə bağlı deyil. Hazırda İqdırda yaşayan nəsli də ana dilimizi, adət-ənənələrimizi olduğu kimi qoruyub saxlayıblar.

"İctimai" radioda hər gün günortaya doğru efirə gedən "Qorqud Ata" verilişinin ideya müəllifi Seyfəddin Altaylı bildirir ki, az vaxtda veriliş böyük uğur qazanıb: "2007-ci ildə Türk Xalqlarının qurultayı keçirilən vaxt bura gəlmişdim. O zaman həm Azərbaycan Radiosu, həm də "İctimai" radio ilə müqavilə bağladıq, 1 il ərzində ayda bir dəfə olmaqla "Qorqud Ata" adıyla efirə çıxdıq. Bu mövzuda mütəxəssislərlə maraqlı söhbətlər apardıq. 2009-cu ilin əvvəlindən başlayaraq hər il "İctimai" radio ilə hər gün 1 saat canlı yayımda oluruq. Veriliş ideyası gələn il də davam edəcək. İctimai radionun bir əməkdaşı hər ay Türkiyəyə gəlir, verilişləri birgə hazırlayırıq".

Qeyd edək ki, "Qorqud Ata" Azərbaycanla Türkiyə arasında ilk dəfə sözügedən sahədə gerçəkləşən uğurlu bir layihədir: "Azərbaycan-Türk tarixi, mədəniyyəti, qarşılaşdığımız problemlər, tarixi şəxsiyyətlərimiz, qəhrəmanlarımız, Dünyanın Azərbaycana münasibəti, regiondakı problemlərə Türkiyənin və Azərbaycanın münasibəti və s. məsələlər ifadəsini tapır. Verilişimizə həm də Güney Azərbaycandakı soydaşlarımız qulaq asa bilirlər. Veriliş internetlə dünyanın hər tərəfinə yayılır. Dünyanın hər yerindən bizə zənglər, elektron poçtumuza məktublar gəlir. Habelə verilişlərimiz arxivləşdirilib. Verilişdə Azərbaycan və Türkiyə musiqiləri səsləndirilir. "Ümumiyyətlə, milli ruhumuzun dünyaya gərəkliyi, əvəzsizliyi barədə danışırıq. Habelə ötən dönəmlərdə nələri itirmişik, niyə itirmişik; bütün bunlar barədə dinləyicilərimizə bilgi veririk".

"Türkiyənin səsi" radiosunda Azərbaycan türkcəsində səslənən verilişlərin qayəsi haqqında məlumat verən S.Altaylı deyir ki, "Türkiyənin səsi" radiosu xaricə verilişlər yayımlayır. 1980-ci ilə kimi ərəb, fars, ingilis və başqa dillərdə xarici ölkələrə verilişlər yayımlanırdı. 1981-ci ildə Azərbaycan türkcəsində verilişlər efirə çıxdı: "Dünyanın müxtəlif ölkələrindən bizə məktublar gəlir. Radio Əfqanıstana, Hindistana kimi yayılır. Dinləyicilər müxtəlif ölkələrdən bizə məktublar göndərirlər. Habelə uzaq Fillandiyadan da məktub alırıq. Radioda Azərbaycanın tarixi, qədim keçmişi, bugünkü vəziyyəti dinləyicilərə çatdırılır. Burada əsas pirinsip Mustafa Kamal Atatürkün qoyduğu "Yurdda sülh, cahanda sülh" prinsipidir. Fəaliyyətimizdə daim bunu nəzərə alırıq. Heç bir ölkənin daxili işlərinə, iqtidar-müxalifət münasibətlərinə və s. qarışmırıq. Biz siyasi radio deyilik. Bizim radio daha çox mədəni verilişlər yayımlayır. Siyasi xəbərlər də sırf informasiya biçimində verilir.

Azərbaycan türklərinin yaşam coğrafiyası haqqında danışarkən deyirik ki, onlar təkcə Quzey Azərbaycanda yaşamırlar, habelə Güney Azərbaycanda, Türkiyədə, Amerikada və başqa yerlərdə yaşayırlar. Azərbaycan türklərinin dili, özünəməxsus mədəniyyəti, inancı, adət-ənənəsi, başına gələn fəlakətlər, tarixi keçmişi barədə ciddi, dolğun məlumatlar veririk. Bütün bu məlumatlar sırf elmi şəkildə çatdırılır.

Anadolu coğrafiyası ilə Azərbaycan coğrafiyası vaxtilə vahid olub. Çox sonralar dəqiq siyasi sərhədlər meydana gəlib. Ulu babam Zəngibasarın Seyidkənd mahalında yaşayıb. Biz əslən oradanıq. 19-cu yüzilin axırlarında, bəlkə də ondan daha əvvəl oradan nəslimizin bir hissəsi indi məskunlaşdığımız İqdır vilayətinin Dizə kəndinə gəliblər. Ancaq nəslimizin bir hissəsi burada qalıb. 20-ci yüzilin əvvəllərində sərhəd məsələsi tamam qətiləşdikdən sonra nəslimiz paralanıb-parçalanıb. Atamın iki əmisi Dizədə, babam, babamın bibisi Seyidkənddə qalıblar. 1988-ci ildə soydaşlarımız indiki Ermənistan ərazisindən deportasiya olunarkən qohumlarımı axtardım. Bir nəfər gəldi ki, biz qohumuq. Adları dedi, düz çıxdı".

O, İstanbul Universitetində Qədim ön Asiya dilləri və mədəniyyətləri bölməsini bitirib, Şumerlərlə bağlı araşdırmalar aparıb. Azərbaycan Türkcəsini bu qədər gözəl bilməyi, danışmağının bu sahədə uzunmüddətli araşdırmalar aparması, ya da yaşadığı bölgənin xüsusiyyətilə bağlılığı barədə danışır: "İnanın ki, tam səmimi deyirəm: yaşadığım bölgədə bizim soydan olanlar Azərbaycan türkcəsində olduqca təmiz danışırlar. Hazırda Azərbaycanda məşhur olan xanəndələrin əksəriyyətinin lent yazıları bizdə var, həmişə böyük sayğı ilə onlara qulaq asırıq. Bu saat Azərbaycanda mövcud olan adət-ənənələri orada eynilə yaşadırıq. Novruz bayramında ənənəvi olaraq tonqal yandırırıq, qonşularımız yığışıb gəlirlər, onlar da bizim kimi tonqalın üstündən atlanırlar. Novruz türkündür. Çalışdığım radioda Novruzla bağlı ardıcıl olaraq proqramlar hazırlamışam".

O, Azərbaycana ilk dəfə 1988-ci ildə gəlib. O vaxtdan S.Altaylı yurdumuzun dil, mədəniyyət xüsusiyyətini ardıcıl olaraq öyrənməkdədir. S.Aytaylı Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil xüsusiyyətlərilə bağlı araşdırmalarını da davam etdirməkdədir. O, ümumtürk mədəniyyəti və tarixilə bağlı maraqlı məqalələrin, Xocalı faciəsilə əlaqədar ikihissəli "Azərbaycan faciəsi" və "Qafqaz ulduzu" adlı filmlərin ssenari müəllifidir.

"Azərbaycan türkcəsinin deyimlər sözlüyü" adlı fundamental bir kitab yazan müəllif kitabın girişində məramını belə ifadə edir: "Dil tarixi həmişə insanlıq tarixi ilə baş-başa olub. Türk milləti bəşəriyyətin ən qədim millətlərindən biri olduğu kimi türk dili də tarixin qədim dövrlərindən bəri geniş coğrafiyada işlədilən dillərdəndir".

Kitabda türk dillərinin öyrənilməsilə bağlı ilkin elmi sistemli çalışmalara XI yüzildə Mahmud Kaşğarlı dövründə başlandığı bildirilir. Ancaq bu sahədə daha ciddi çalışmalar XIX yüzilin ikinci yarısından sonraya təsadüf edilir.

Müəllif 1933-cu ildə Atatürkün müraciətlə dediyi "Türkiyənin xaricində yaşayan türklərə sahib çıxmağa hazır olmalıyıq" fikrini daim ağlında, ürəyində yaşatdığını deyir. İllərlə İqdırda, Qarsda yaşayan soydaşlarımızın dil xüsusiyyətlərini öyrənib. 27 mindən çox söz toplayıb, sonra bunları sanalayıb. Kitabdakı ifadələr, sözlər latın qrafikalı Azərbaycan əlifbasına əsasən düzülüb. Müəllif Azərbaycan türkcəsinin özəllikləri haqda da yığcam, mənalı bilgilər verib. S.Altaylı 8 il aramsız işləyərək 2 cilddə Azərbaycan türkcəsində işlədilən söz və frazeoloji birləşmələri əhatə edən "Azərbaycan türkcəsində sözlər"i tamamlayıb, 20 min tirajla çap etdirib. Yazar çoxcildlik "Azərbaycan türkcəsi ensiklopediyası"nı çapa hazırlayıb.

Sonda onu qeyd edək ki, S.Altaylı "Azərbaycan dilinin Türkiyə türkcəsi ilə ensiklopedik müqayisəli lüğəti"ni çapa hazırlayıb. Üzərində 25 il işlədiyi lüğət gərgin axtarışların nəticəsi olaraq meydana çıxıb. 78 mindən artıq sözün qarşılıqlı müqayisəsi əsasında qurulan gərəkli kitab təxminən 500 səhifəyə yaxındır: "Bu kitabları yazmazdan əvvəl Azərbaycan türkcəsində olan deyimlərin toplandığı kitabları nəzərdən keçirdim. Bunlardan ən mükəmməli Əliheydər Orucovun rəhbərliyi altında yazılmış "Azərbaycanca-rusca frazeologi ifadələr lüğəti" idi. O kitabda cəmi 5500 söz toplanmışdı. Nəriman Seyidəliyevin tərtib etdiyi kitabda isə 4 min söz var idi. Şamil Cəmşidovun və başqalırının kitablarını da nəzərdən keçirdim. Habelə Güney Azərbaycandan olan Əli Cəfərxanın kitabından bəhrələndim. Bu qənaətə gəldim ki, kitablara salınmamış çoxlu deyimlər mövcuddur. Qərara gəldim olanları artırım, tamlaşdırım, Azərbaycan türkcəsinin zənginliyinin sübutu kimi hamıya çatdırım. Türkiyə türkcəsinə də nəzər saldım. Gördüm ki, Ömər Aksoylunun kitabında cəmi 5 min deyim var. Həmin kitabdan Azərbaycan türkcəsinin izlərini axtardım, müəyyən deyimlərdə paralellik gördüm. Türkiyə türkcəsində Cevdət Yalçının 10 min deyimlik kitabı diqqətimi cəlb etdi. Ardıcıl olaraq Azərbaycan türkcəsindəki deyimləri bir yerə yığdım. Gördüm ki, variantsız 23 min deyim var. Bu, o deməkdir ki, Azərbaycan türkcəmiz çox zəngin bir irsə malikdir. Tədqiqatlarım dilimizin imkanlarını hələ tam əhatə etmir. Həmin o kitabda 27500 variantlı deyim var. Qənaətimcə, Azərbaycan türkcəsində işlədilən deyimlərin sayı 40 mindən çox artıqdır. Kitab çıxandan sonra 2 min daha artırdım. Hər halda bu, araşdırmaçılarımızın əlində gözəl bir imkandır".

Ortaq türkcə ilə bağlı o, belə düşünür: "Ortaq türkcə ədəbi dili başqa, ortaq ünsiyyət dili başqadır. Ünsiyyət dili odur ki, hər hansı bir türkcəni götürəsən, onu bütün türk xalqları üçün zəruri anlaşma dili elan edərsən. Ancaq ədəbi dil məsələsi üzərində xüsusi düşünmək lazımdır. Təki istək olsun. Bu məsələlərin gerçəkləşməsi böyük maliyyə tələb edir. Hazırda Azərbaycanda və Türkiyədə latın qrafikalı əlifbadan istifadə edilir. Digər türk xalqları da bunu qəbul edirlər. Latın əlifbası bizim olmasa da dilmizi normal ifadə edir. Ortaq türkcənin yaradılması üçün ardıcıl cəhdlər gərəkdir".              

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 23 dekabr.- S.14.