60 yaşlı
Avropa Şurası...
Aydın Ağayev: "Avropa
Şurasına üzvlük
əksər ölkələr
üçün özünəməxsus
prestij sayılırdı..."
Vurğun Əyyub:
"Avropa Şurası
Azərbaycanda demokratiyanın
vəziyyətinə diqqət
yetirmir"
Avropa Şurasının (AŞ) yaradılmasından 60 il keçir. İkinci Dünya Müharibəsindən sonra vüsət almağa başlayan "soyuq savaş" fonunda bu təşkilatın yaradılması Avropada demokratik dəyərlərin qorunması məqsədindən qaynaqlanırdı. Ötən əsrin 90-cı illərində baş verən proseslər bu qurumun Şərqə doğru genişlənməsi ilə nəticələndi.
Keçmiş SSRİ və Yuqoslaviyanın tərkibində olmuş 15-ə yaxın yeni ölkə müxtəlif tarixlərdə şuraya qəbul edildilər və onlara yeni inkişaf konsepsiyası təqdim olundu. Qarabağ münaqişəsinin çözülməməsi səbəbindən Azərbaycan və Ermənistan quruma keçmiş müttəfiqlərindən xeyli gec - 2001-ci ilin yanvarında qəbul olundular. Aradan keçən 9 ilə yaxın müddət ərzində Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrasını hələ də davam etdirir. Son 9 ildə Azərbaycanda bu beynəlxalq təşkilatın fəaliyyətinə münasibət heç vaxt birmənalı olmayıb. Yəni qurumun Azərbaycandakı vəziyyətlə bağlı mövqeyi gah hakimiyyət, gah da müxalifətin narazılığıyla qarşılanıb. Maraqlıdır ki, bu ziddiyyətli yanaşma hələ də aradan qalxmayıb. Amma bu yazının məqsədi Azərbaycan-AŞ münasibətlərini qiymətləndirmək deyil. Ümumiyyətlə, 60 illiyi qeyd oedilən AŞ-nin fəaliyyətini cəmi 9 ildir onun sıralarına qoşulmuş Azərbaycanla məhdudlaşdırmaq düzgün olmazdı. Çünki maraqlı və aktual olan məsələ 60 yaşa çatmış Avropa Şurasının göstərdiyi fəaliyyətlə özünü nə dərəcədə doğrultmasıdır.
Milli Məclisin analitik-informasiya şöbəsinin
müdiri Aydın Ağayev Avropa Şurasının fəaliyyətində
fərqli standartlara istinad olunduğu deyir: "Son
illərdə baş vermiş proseslər fonunda aparılan təhlillər zamanı açıq görünür
ki, nüfuzlu beynəlxalq təşkilatların
müəyyən məsələlərlə
bağlı qərarları
qətiyyən birmənalı
qarşılanmır. İndiki
halda söhbət Avropa Şurasından gedirsə, onun tarixini və yaradıldığı
şəraiti nəzərə
almamaq mümkün deyil. Təbii ki, 60 il əvvəl
dünyanın düzəni
indikindən xeyli fərqli idi və əsas dövlətlərin baş
verənlərə münasibəti
də eyni deyildi. Amma son
iyirmi ildə dünya ciddi dəyişikliklərə uğrayıb,
sosializm sistemi aradan qalxıb və sair. Avropa
Şurası da başqa beynəlxalq təşkilatlar kimi bu dəyişikliklərlə
ayaqlaşmağa çalışır
və özü də dəyişir. Bundan sonra yeni yaranan
dövlətlər, o
cümlədən də
Azərbaycan üçün
Avropa Şurasına üzvlük özünəməxsus
bir prestij sayılırdı. Azərbaycan
bu quruma daxil olduqdan sonra öz qanunvericiliyini
və digər sahələrə aid vəziyyəti pozitiv Avropa standartlarına uyğunlaşdırılması istiqamətində önəmli addımlar atıb və atmaqdadır. Məsələyə
ümumi şəkildə
baxsaq görərik ki, Avropa Şurası
da daxil olmaqla, beynəlxalq təşkilatların yeni
müstəqil dövlətlərə
münasibətində yeni
tendensiyalar özünü
qabarıq göstərir.
Onların birincisi, doqmatik prinsiplərə əsaslanan subyektiv yanaşmadır. Yəni bu qurumun təmsilçiləri
yeni dövlətlərə
obrazlı desək, eynək arxasından baxır və onlarda gedən prosesləri standart metodlar əsasında qiymətləndirirlər. Bu
qurumda artıq uzun müddətdir ki, məruzəçilər
institutu formalaşdırılıb
və onlar təşkilatın yeni üzvlərinin üzərlərinə
götürdükləri öhdəliklərin
yerinə yetirilməsini
müntəzəm diqqətdə
saxlayırlar. Bilirsiniz
ki, Şura Azərbaycandakı vəziyyəti
öyrənmək üçün
bir neçə məruzəçi təyin
edib və onlar mütəmadi olaraq, ölkəyə gəlib-gediblər. Həmin
məruzəçilərin normal fəaliyyət göstərmələri üçün
bütün şərait
yaradılıb. Maraqlı
və qəribədir
ki, onlar görülən işlərlə
tanışlıq prosesinin
gedişində müsbət
rəy versələr
də, sonra hazırladıqları hesabatlarda
fərqli mövqe bildiriblər. Avropa Şurasının fəaliyyəti
ilə tanışlıqdan
sonra belə yanaşmaların səbəblərini
müəyyənləşdirmək çətin olmur. Açıq deyə bilərik ki, başqa təşkilatlar kimi bu qurumun
daxilində də müxtəlif dövlətlərin
və siyasi çevrələrin arasında
nüfuz mübarizəsi
gedir. Həmin qüvvələr də verilən qərarların
qəbulunda öz mövqelərinin nəzərə
alınması üçün
çox dirəniş
göstərirlər. Belə
bir şəraitdə
obyektivliyin arxa plana keçməsi də heç kimi təəccübləndirmir.
Bəzən belə yanaşmalara rast gəlmək mümkündür
ki, istənilən nüfuzlu beynəlxalq təşkilat heç vaxt demokratik dəyərlərdən və
obyektivlikdən kənar
qərarlar qəbul etməz. Bu cür düşünmək
yumşaq deyilsə, sadəlövhlükdür. Bilmək lazımdır
ki, orada da maraqlardan irəli gələn ciddi mübarizələr gedir və konkret
dövlətlər bu
mübarizədə öz
mənafelərinin qorunması
üçün xəyallara
qapılmadan ciddi çalışmalıdırlar. Özü də bu prizmadan baxdıqda,
söhbət tək Avropa Şurasından getməməlidir. Dünyanın əsas qurumu Birləşmiş Millətlər Təşkilatıdır.
Amma aydın görünür ki, bu qurum da
əvvəlki nüfuzunu
və təsir gücünü xeyli itirib. Son 4-5 ildə bunu görməmək mümkün
deyil. Siz də baxın, hansısa başqa bir təşkilatın qəbul etdiyi qərarların konkret icra mexanizmi yoxdur və bu, haradasa anlayışla
qarşılanır. Amma onlardan fərqli olaraq, BMT-nin belə bir mexanizmi
mövcuddur. Buna baxmayaraq,
o qurumda qəbul edilmiş qətnamələr
yerinə yetirilmirsə,
bu, artıq böhrandır. Ona görə
də, bir daha vurğulayıram ki, Azərbaycan kimi dövlətlər öz maraqlarının qorunması məsələsində
diqqətli olmalıdır.
Açıq deyək ki,
Azərbaycan dövləti
öz mentalitetindən
irəli gələrək,
adının hansısa
neqativ siyahılara düşməsini istəmir.
Əksinə, Azərbaycan hakimiyyəti
ölkədə demokratiyanın
daha da inkişaf
etdirilməsində maraqlıdır
və bu istiqamətdə ardıcıl
addımlar atılır.
Avropa Şurası və digər beynəlxalq təşkilatlardan istənilən
də budur ki, onlar öz
obyektivliklərini heç
vaxt itirməsinlər".
Müsavat Partiyasının
divan üzvü Vurğun
Əyyub isə Avropa Şurasına yönəlik tənqidləri
bir qədər də tündləşdirdi:
"Təbii ki, 60 illiyini qeyd edən
beynəlxalq təşkilatın
fəaliyyətinə geniş
qiymət verilməsi üçün Avropa Şurasının bu illər ərzində həyata keçirdiyi fəaliyyətlə tanışlıq
tələb olunur. Ona görə də, mən yalnız bu qurumun Azərbaycanla
bağlı fəaliyyətini
qiymətləndirmək istərdim.
Həmin
təşkilatın fəaliyyətinə
münasibətim birmənalı
və tənqididir.
Azərbaycan 2001-ci ildə bu
quruma daxil olanda düşünülürdü
ki, Avropa Şurası kimi nüfuzlu təşkilat ölkədə demokratik proseslərin dərinləşdirilməsinə
ciddi diqqət yetirəcək. Amma təəssüf
ki, bu qurum
nəinki Azərbaycanda
demokratiyanın təşəkkülü
məsələsini gündəmə
gətirmir, hətta hakimiyyətin Avropa Şurası qarşısında
üzərinə götürdüyü
öhdəliklərin yerinə
yetirilməsi məsələsində
də prinsipiallıq göstərmir. Bu isə belə qənaət formalaşdırıb
ki, Avropa Şurası demokratiyanın
yox, Azərbaycan hakimiyyətinin yanındadır".
Rahid Cəfərli
Xalq Cəbhəsi.- 2009.- 23 dekabr.- S.8.