Pişəvəri haqqında həqiqətlər

 

Onun bədii obrazının təsvirinə Azərbaycan ədəbiyyatında müəyyən yer verilib

 

II yazı

 

Dekabrın 12-də 21 Azər Hərəkatının 64-cü ildönümü tamam olur. AMEA Şərqşünaslıq İnstitutu Güney Azərbaycanı Araşdırma Qrupunun əməkdaşı, tanınmış araşdırmaçı Əkrəm Rəhimli S.C.Pişəvərinin həyat və fəaliyyətini hərtərəfli araşdırıb. Ötən illərdə Pişəvərinin 21 Azər ərəfəsi, xüsusən də hərəkat dönəmində fəaliyyəti, sirli ölümü barəsində danışmışıq. Bu dəfə isə onun 21 Azər Hərəkatına qədərki fəaliyyəti barədə danışacağıq. Ə.Rəhimli deyir: "İran tarixçilərinin və araşdırmaçılarının bir çoxu Pişəvəridən bəhs edərkən müəyyən amilləri nəzərə almadan ən çox onu Sovetlərin yardımına söykənməkdə suçlayırlar. Əvvələn bilmək lazımdır ki, 1941-1946-cı illərdə Güneydəki azadlıq və muxtariyyat uğrunda hərəkata Sovet İttifaqından, xüsusən Quzeydəki soydaşlarımızdan başqa arxa duran, ona az-çox yardım əlini uzadan ikinci qüvvə yox idi. Digər tərəfdən elə bir ölkə tapmaq olmaz ki, orada baş vermiş hər hansı ictimai-siyasi hərəkatın xarici yardıma möhtac olmasın, ondan qidalanmasın. Bu mənada arxasındakı məkrli niyyətləri bir tərəfə qoysaq, Güneydəki ağır şəraitdə sovet yardımından (istər mənəvi, istərsə də maddi və hərbi) istifadə olunmasına təbii və normal hal kimi baxılmalıdır. Sovet köməkliyi məsələsi Pişəvərinin və xalq hərəkatının opponentlərini daha çox qıcıqlandırır. Bu fakt onların əlində Pişəvərini və baş vermiş milli-demokratik hərəkatı, onun uğurlarını başqasının adına (Sovetlərin) çıxmağa, hərəkatın süni şəkildə yaradıldığını iddia etməyə və bu haqda saysız-hesabsız böhtanlar yazmağa imkan verir. Pişəvəri şəxsiyyətini qaralamaq istəyənlər Pəhləvi zamanında olduğu kimi yeni üsul idarə dövründə də öz cildlərini islami "əba" ilə əvəz edərək fəaliyyətlərini davam etdirirlər. Sonralar yasaqlanmış "Şəms Təbriz" qəzeti bu səpgili kitab müəlliflərini nəzərə alaraq yazmışdı: "Onların məqsədi Pişəvərini və eləcə də Azərbaycandakı milli hərəkatı ləkələməkdir. Belə fərz edək ki, Pişəvəri və onun hərəkatı xaricin, milli zəmini olmayan süni, qondarma işdir. Bəs onda Səttarxan hərəkatına, Xiyabani qiyamına, 29 Bəhmən Təbriz üsyanına nə ad verirsiniz? Əgər bir zəmidə səmərəli toxum varsa, o gec-tez göyərməyə məcburdur. Bunu dərk etmək, anlamaq lazımdır".

Ə.Rəhimli Pişəvərinin həyat və fəaliyyətində siyasi mübarizə ilə yanaşı ədəbi-bədii yaradıcılığının, zəngin publisistikasının da mühüm yer tutduğunu bildirir: "Onun bədii yaradıcılığına, elmi və publisist əsərlərinə Pişəvərişünaslıqda müəyyən yer ayrılsa da, onlar yetərincə öyrənilməmişdi. Bədii yaradıcılığından bəzi nümunələr AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"nda, Pişəvərinin seçilmiş əsərlərində isə bir neçə ədəbi tənqidi məqalələri və felyetonları verilmişdi. Professor Vüqar Əhmədin Pişəvərinin ədəbi-bədii yaradıcılığına, Almaz Əliqızının və Sabir Əmrahoğlunun Güney ədəbiyyatının ayrı-ayrı mərhələlərinə həsr edilmiş doktorluq dissertasiyalarında və çap etdirdikləri monoqrafiyalarda Pişəvəriyə və onun rəhbərlik etdiyi hərəkata ədəbi-bədii prizmadan işıq salınıb. Pişəvərinin nəşr formasında yazdığı "Zindan xatirələri dəftərindən" əsəri əslində bir məhbusun qələmindən çıxan sənədli siyasi epopeyadır. Rza şah zindanının dəhşətlərini təkzibolunmaz faktlar və sübutlarla təsvir edən ittihamnamədir".

Tehrandakı "Quyəndə" nəşriyyatı 2004-cü ildə Pişəvərinin zindanda yazdığı "Nadirə" romanını böyük tirajla çap edib, "Məhinbanu" romanını isə çapa hazırlayıb. Pişəvərinin bədii obrazının təsvirinə o taylı-bu taylı Azərbaycan ədəbiyyatında müəyyən yer verilib. Əkrəm Rəhimli gərgin araşdırma prosesində "böyük farsçılıq", "vahid millət" mövqeyindən çıxış edən şovinist tarixçilərin təsirinə düşməməyə səy etdiyini deyir: "Çağdaş İranda Pişəvəriyə aid hər şeyi şovinist məqamından yozan və yazanlardan fərqli yazanlar, sözünü vicdanının səsi ilə deyənlər də az deyil. İranla və Güneydəki ziyalıların bir çoxu, habelə universitet tələbələri (nəzarət və senzuraya baxmayaraq) yazılarında Pişəvərini böyük şəxsiyyət kimi təqdim etməkdən çəkinmirlər. Əli Muradinin "Rza xan zindanından Azərbaycan Demokratik Firqəsinin sədri olanadək" ağır zəhmətin nəticəsi olan dəyərli kitabını, tanınmış tarixçi alim Rəhim Rəisniyanın "Axırıncı səngər" adlı qiymətli əsərini, Şahrux Fərzadın Pişəvərinin həbsi ilə bağlı istintaq materialları məcmuəsini, təbrizli alim Həmid Mollazadənin kitablarını, eləcə də "Azərbaycan", "Tribun", "Varlıq", "Yol", "Səhənd", "Yoldaş", "Haray", "Anadili", "Azərbaycanın səsi", "Araz", "İldırım", "21 Azər", "Çənlibel", "Şəms Təbriz", "Nəvide Azərbaycan", "Ərməğane Azərbaycan" və s. dərgi və qəzetlərdə Pişəvəri haqda dəyərli məqalələrin məziyyətini xüsusi qeyd etmək gərəkdir. Amerikalı müəllif, professor Brenda Şeyferin "Sərhədlər və qardaşlar", professor Qulamrza Təbrizinin 1989-cu ildə Londonda nəşr etdirdiyi "İran", tanınmış şair-jurnalist Əlirza Miyanalının "Tüfənglə ölçülən torpaq", professor Cəmil Həsənlinin 1941-1946-cı illərdə güneydəki olaylar haqda arxiv materialları əsasında çap etdirdiyi kitabları, eləcə də professor Vüqar Əhmədin Pişəvərinin ədəbi yaradıcılığı haqda araşdırması və monoqrafiyasını, akademik Mirzə İbrahimovun yazılarında Pişəvəri haqqında məqamları, professor Şövkət xanım Tağıyevanın Pişəvəri haqda məqalələri, Mirqasım Çeşmazərin Demokrat firqəsinin yaradılması tarixindən bəhs edən kitabı və məqalələri, bu sətirlərin müəllifinin Bakıda, Kanadada, İranda və Türkiyədə çap olunmuş "Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)" kitabı, məqalə və çıxışları və s. Pişəvərişünaslıqda önəmli addımlar kimi qeyd etmək olar.

 

Pişəvərinin ömürlüyündən səhifələr

 

Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da (hicri tarixlə 1313-cü il səfər ayının 13-də) Azərbaycanın Güneyində, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində doğulub. XIX yüzilin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır. Ə.Rəhimli 2003-cü ildə Güney Azərbaycanda olarkən Zeyvə kəndini ziyarət edib və S.C.Pişəvərinin mənsub olduğu soyun və ailənin tarixçəsini öyrənməyə çalışıb: "Təəssüflə qeyd edim ki, bu kənddə Pişəvəri nəslinə mənsub olan yoxdur və ya siyasi şübhələrlə bağlı özlərini tanıtdırmadılar. Bu səbəbdən Zeyvədən məyus qayıtdım. Pişəvərinin atası Kəlbəlayi Mir Yəhya ortabab kəndli olub. Mir Cavad 20 yaşında olarkən qonşu Kivi kəndindən Səkinə xanımla ailə qurur. Səkinədən üç oğlan: Mir Cəfəri, Mir Xəlil, Mir Səlim və iki qız: Seyid Cavahir (Rüsxarə), Seyid Suğra dünyaya gəlib. 101 yaşında dünyasını dəyişmiş Suğra xanım ailələri haqqında xatirələrdə söyləyir: "Seyid Cəfər ailədəki beş uşaqdan ikincisi idi. 5 yaşında artıq yazıb oxumağı bacarırdı. Mütaliə etməyi çox sevirdi. Bəzən onu oynamağa çağıranda mənə deyirdi ki, get özün tək oyna, mənə qarışma. Əlinə nə kitab düşürdüsə, hamısını oxuyurdu. Çox güclü hafizəsi vardı".

Mir Cavadın Bakıya köçməsi səbəbi təkcə qardaşları ilə olan ata malı üstündəki ixtilafı deyildi: "Zeyvədə dolanmağın çətinliyi, üstəlik Nəsrəddin şahın ölümündən sonra onun xəstə oğlu Müzəfərəddin şah dövründə ölkədə baş alıb gedən dərəbəylik və özbaşınalıq da səbəblər sırasında idi. Pişəvərinin atası Məşrutə mücahidlərinə dəfələrlə öz mənzilində yer vermiş və özü də bu hərəkatın başlanğıcında ona qoşulmuşdu".

Pişəvərinin bacısı Suğra xanımın xatirələrindən: "Atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbət olurdu. 12-13 yaşlı Seyid Cəfər də həmişə onlara qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda ona gülüb deyərdi: "Sən belə şeyləri bilmək üçün çox kiçiksən".

Ailə əvvəl Bakının ətrafında yerləşən Bülbülə kəndində qalsa da, sonradan Sabunçu qəsəbəsinə köçüb və burada məskunlaşmışlar: "Mir Cavadın ailəsinin Bakıya gəlməsi Pişəvərinin gələcəyində müstəsna rol oynamışdı. Pişəvəri bir müddət Bülbülədə, sonra isə Sabunçuda təhsilini davam etdirir. Pişəvəri oxuduğu məktəbdə əmək fəaliyyətinə başlayır".

Sonralar o, "Ajir" qəzetində "Mənim həyatım" adlı xatirələrində yazır: "Mən oxuduğum məktəbin xadimə işlərini görür, zəngi çalır, klasları (sinif otaqları) təmizləyir və çox vaxt əlimdə dəsmal pəncərələri də silirdim. Bu işlərə əncam vermək məni dərslərimdən ayırmırdı, gec yatmalı, çox oxumalı olurdum. Həyət-bacada oynayan həmyaşıdlarıma həsəd aparsam da işimdən və təhsilimdən razı idim".

Pişəvəri Bakıdakı "İttihad" (Birlik) məktəbinə, sonra isə "Darul-müəllimin" (Pedaqoji məktəb) mədrəsəsinə daxil olur və oranı da bitirdikdən sonra Hacı Xalxali adlı həmyerlisinin vasitəsi ilə vaxtı ilə özünün oxuduğu, "İttihad" məktəbinə müəllim təyin olunur, ərəb, fars və islamiyyət fənlərindən dərs deyir. Xırdalan kəndində isə Güneydən gələn xeyli ailə yaşadığından Pişəvəriyə şagird toplamaq çətin olmur. 1917-ci ilə qədər maarifçilik pedaqoji fəaliyyətlə məşğul olur: "Pişəvərinin müəllim, jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdır. 1918-ci ilin yanvarında İran Demokrat Firqəsinin Bakı təşkilatının orqanı olan "Azərbaycan cüzelayəntək İran" qəzetində əvvəl ədəbi işçi, sonra redaktor vəzifəsində işləyən Pişəvəri vətənin Güney Azərbaycanda, Təbrizdə gedən mübarizəni izləyir. 1918-ci ilin payızında Xiyabaninin başçılığı altında Təbrizdə keçirilən izdihamlı mitinq iştirakçıları adından Tehran hökumətinə göndərilmiş teleqramın məzmunu Pişəvərini daha artıq mübarizə meydanının mərkəzinə çəkib gətirdi. Pişəvərinin 1916-1919-cu illərdə siyasi fəaliyyətinin elmi-tədqiqat baxımından öyrənilməsi və izlənməsi açıq-aydın göstərir ki, gələcəyin tanınmış siyasi xadimlərindən biri olacaq gənc Seyid Cəfər mübarizədə özünə hələ də gedəcəyi sabit yolu və məramı tam müəyyənləşdirməmişdi. Bunu həmin dövrdə Pişəvərini çap olmuş yazılarından da görmək olur. Siyasi mübarizə meydanına əvvəl maarifçiliklə başlayan Pişəvəri sonra bu mübarizəni müxtəlif mətbuat səhifələrində getdikcə kəskinləşən və püxtələşən jurnalist yazılarında davam etdirmişdi. Onun ilk məqaləsi 1917-ci ilin fevral ayında Rəsulzadənin başçılıq etdiyi "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzetində çap edilir. Sonra o, bu qəzetdə əməkdaşlıqdan uzaqlaşır, məqalələrini, şeir və felyetonlarını "Azərbaycan cüze layənfək İran", "Ədalət", "Əkinçi" (2-ci dövrə) "Əncümən" "Həqiqət" və s. qəzet və dərgilərdə çap etdirir. Pişəvərinin 1945-ci ilə qədər yazılarının çoxu fars dilində olub. Bu, bir tərəfdən onun farsca yaxşı bilməsi ilə bağlıdırsa, digər səbəb İranda o zaman yeridilən fars şovinizmi siyasəti nəticəsində oxucu auditoriyasının əsasən farsdillilərdən ibarət olması idi. Pişəvəri istər müəllimlik etdiyi, istər jurnalistlik fəaliyyətində və istərsə də, siyasi vəzifələr daşıyan zaman millətin maariflənməsinə, milli oyanışa, mübarizəyə təmənnasız və şüurlu şəkildə qoşulmasına çox böyük önəm vermişdi". 

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 11 dekabr.- S.14.