10 il "Qəsri-Qacar"da

 

Pişəvərinin zindan həyatından səhifələr...

 

Əkrəm Cəfərli: "Cəhənnəm əzablı məhbus həyatı Pişəvərinin azadlıq istəyini söndürə bilməmişdi"

 

3-cü yazı

 

Dekabrın 12-də 21 Azər Hərəkatının 64-cü ildönümü tamam olur. AMEA Şərqşünaslıq İnstitutu Güney Azərbaycanı Araşdırma Qrupunun əməkdaşı, tanınmış araşdırmaçı Əkrəm Rəhimli hərəkatı, S.C.Pişəvərinin həyat və fəaliyyətini hərtərəfli araşdırıb. Ötən illərdə Pişəvərinin 21 Azər ərəfəsi, xüsusən də hərəkat dönəmində fəaliyyəti, sirli ölümü barəsində danışmışıq.

 

"...Sizdən kiçik bir söz soruşmaq istəyirlər"

 

Bu söhbətimizdə Ə.Rəhimli Pişəvərinin Qəsri-Qacardakı zindan həyatından danışır: "Pişəvəri həbsini təsvir edərək yazır: "11 il bundan əvvəl (27 dekabr 1930) mənim üçün tarixi gün hesab olunur. Yerlər buz bağlamışdı, qar yağırdı. Şimran dağları uzaqdan ağ yumurta kimi görünürdü. Məhəmməd Ənzabi ilə nahar etdikdən sonra mənzildən çıxdıq. O günlərdə biz Qəvvam əl-Səltənə xiyabanındakı Entexabiye küçəsində yaşayırdıq. Ənzabi məndən ayrılıb evinə qayıtdı. Mən isə dostlardan biri ilə işim olduğu üçün onun evinə gedəcək idim. Qapının yanında bir-birimizdən ayrıldıq. Həmin dəqiqədə nəyin haqqında fikirləşdiyim yaxşı yadıma gəlmir. Ancaq həmişə olduğu kimi başımı aşağı salıb paltonun yaxasını qaldıraraq sürətlə irəliləyirdim. Küçə xəlvət və soyuq idi. Küçənin başında, sol tərəfə dönmək istədikdə qəflətən tanımadığım bir adam qarşıma çıxdı. O, yöndəmsiz libas (paltar) geyinmişdi. Əlində əsa var idi. Qiyafəsi çimçəşdirici, baxışları isə həyasız və fizul idi. Bu yöndəmsiz adamı görən kimi fikrimdə ona qarşı şiddətli nifrət oyandı. Onun xoşagəlməz səsi bu nifrəti daha da artırdı: "Ağa, sizin adınız filan deyil", - deyə bu şəxs mənə müraciət etdi. "Nə üçün, sözünüz var?"-dedim. Zahirdə ədəbli rəftar etmək istəyən, ancaq ədəbsiz baxışları və gülüşləri ilə xəbis niyyətini göstərən bu adam əlavə etdi: "Ağa, şəxsən bəndənin sizə deməli bir sözü yoxdur. Məni göndəriblər ki, bir neçə dəqiqəlik Ettelaat İdarəsinə (Təhlükəsizlik İdarəsinə) təşrif gətirməyinizi xahiş edim. Zənnimcə, sizdən kiçik bir söz soruşmaq istəyirlər".

Mən işin bu qədər də sadə olmayacağını başa düşdüm. Axı Ettelaat idarəsinin indiyədək heç azacıq belə işi olmamışdı. Bu idarəyə girən adamlar heç də asanlıqla oradan çıxa bilməmişdilər. Əlacsız qalaraq dedim: "Belə olduqda qayıdaq mən evə xəbər verim. O dedi: "Buna ehtiyac yoxdur. Tezliklə qayıdacaqsınız".

 

"Qaçmaq haqqında fikirləşə bilməzdim"

 

Başa düşdüm ki, bu polis dərsini əzbərləyib. Qaçmaq haqqında da əslən fikirləşə bilməzdim. Yəqin ki, o, tək deyildi. Digər tərəfdən mən özümü günahsız hesab edirdim. Buna görə də mənzilə qayıtmaq haqqında israr etməyərək polislə birlikdə yola düşdüm. Bu sadə, səssiz-səmirsiz bir dəvətlə həyatımda yeni dövrün başlanmasını hiss etdim və bildim ki, bir daha öz meylimlə könlüm istəyən yerə gedə bilməyəcəyəm, ixtiyarım başqalarının əlinə keçib. Buna baxmayaraq bu işin aqibəti haqda hələlik məlumatım yox idi. Ayağımın altında birdən-birə açılmış uçurumun haraya gedib çıxacağını bilmirdim. Sipəh xiyabanında Ənzabi arxadan gəlib bizə çatdı. O, cəmiyyətin izdihamından istifadə edərək qabağa keçib, polisi tanıdığını və onun məqsədindən xəbərdar olduğunu müəyyən işarələrlə mənə başa saldı. Polisin gözləri yalnız mənə dikilmişdi. O, mənim qaça biləcəyimdən qorxurdu. Buna görə də Ənzabinin hərəkət və işarələrinə fikir vermirdi. Biz isə bu vəziyyətdən istifadə edərək Təminat idarəsinin qapısınadək işarə ilə bir-birimizlə söhbət etdik. Orada isə məcburi olaraq təəssüflü gülüşlə vidalaşdıq.

Mən bilirdim ki, o, necə olursa olsun, tutulmaq xəbərimi bizim evə çatdıracaq. Buna görə də sakit ürəklə Təminat idarəsi binasının pillələri ilə yuxarı qalxdım. Orada polis məni kiçik bir otağa apardı. Üç böyük miz və bir sadə qəfəslə zinət verilmiş bu otaqda polis məni gənc bir kişiyə tapşıraraq çıxıb getdi. Sonralar həmin gəncin adının Rüfət olduğunu bildim. Məni gətirən polisi isə bu günədək ikinci dəfə görməmişəm".

 

10 illik istintaq

 

Ə.Cəfərli bildirir ki, o dövrün ən dəhşətli zindanı kimi tanınan "Qəsr-Qacarda" 226 saylı siyasi məhbus Pişəvərinin ilk istintaqı 1930-cu ilin yanvarında başlayıb, 1940-cı ilin aprelinədək davam etmişdi. İstintaqın ilk mərhələsini əslən Xozustandan olan savadı və peşəkarlığı yetərincə olmayan Fəruzeş familiyalı müstəntiq aparıb: "Pişəvəri özünün zindan xatirələrində göstərir ki, bir qayda olaraq onu çox zaman gecə yarısı sorğu-suala çəkirmişlər ki, onun iradəsini sarsıdıb lazım olan cavabları ala bilsinlər. Pişəvərinin çox illik zindan həyatının istintaq materialları nə az, nə çox - 7 cilddir. Pişəvərinin istintaqına aid materiallardan və ona verilmiş çoxsaylı suallardan bəlli olur ki, istintaqda əsas məsələlərdən biri Əli Şərqinin kimliyini aydınlaşdırmaq idi. Qarşı tərəf çox əlləşirdi ki, Pişəvəri özü Əli Şərqini "adam öldürən", "terrorçu", "dövlətə düşmən" adam kimi təqdim etsin. Belə olanda Pişəvəri Əli Şərqini dövlətə qarşı cinayətlərə təhrik edən adam kimi tanıdacaqdı. Bu isə həm Əli Şərqinin, həm də Pişəvərinin edamına "hüquqi əsas" yaratmış olacaqdı. Müstəntiq Pişəvəriyə bir neçə dəfə: "Siz nahaq inad edirsiz, Ə.Şərqi hər şeyi səmimiyyətlə boynuna alır" deməklə onu Ə.Şərqinin satqınlığına inandırmaq və çaş-baş salmaq istəyirdi. Ə.Şərqi ilə bağlı uzun söhbətə son qoymaq üçün Pişəvəri Ə.Şərqi ilə üzləşdirilməsini tələb etmiş və "Əli Şərqi nə desə mən qəbul edərəm" deməklə müstəntiqin isti aşına soyuq su qatmışdı. Çətin vəziyyətə düşən müstəntiq istintaq vərəqəsini özü istədiyi kimi yazır və imzalamağı Pişəvəridən tələb edir. Pişəvəri yazılanları oxuduqdan sonra vərəqə imza atmayacağını bildirdikdə istintaqı aparan Fəruzeş əsəbi halda: "Ağa, mən ki, sənə papış tikmirəm, burada iki kəlmənin artıq ya əskik olmasının nə əhəmiyyəti var?" Pişəvəri cavabında "Ağa, işə baxılan zaman təqsiri bir kəlmə ilə də adamın boynuna qoyarlar. Məsələn "xeyr" sözü əvəzinə "bəli" sözünü götürək". Müstəntiq mətin və zəkalı bir insanla üz-üzə dayandığını anlayır".

 

Heyvanlar üçün tikilmiş tövlədə həbsxana

 

Ə.Rəhimli zindan haqqındakı təsvirləri ümumiləşdirir: "Qacarlar hakimiyyəti dövründə şəhərdən xeyli uzaq yerdə, Tehranın şimalında əsasən at-qatır və uzunqulaqlar üçün tikilmiş mal damları və tövlələr Rza şah hakimiyyətinin ilk illərində "abadlaşdırılmış" və türk Qacarlara təhqir mənasında "Qacarların qəsri" adı verilərək əzablı zindan vəziyyətinə salınmışdı. Tehranın ətrafında siyasi məhbuslar və ağır cinayətlər etmişlər üçün yaradılmış bu zindan özünün müdhişliyi və dəhşətlərilə İranda məşhurdur. "Cəhənnəm" və bəzən də "gedər-gəlməz evi" adlandırılan bu qazamat çox zorakılıqların, məhkəməsiz-sübutsuz qətllərin, ağlagəlməz işgəncə, əzab və zorakılıqların şahidi olub. Onun dörd divarları arasında neçə-neçə azadlıq mücahidi, siyasi şəxsiyyətlər, vətənsevər insanlar səssiz-səmirsiz güllələnib, haqqı, ədaləti istəyənlərin nəfəsi xəfələnib. "Qəsr-Qacar" zindanındakı daşların, divarların dili olsaydı Rza şahın qanlı rejiminin cinayətlərindən nələr danışardı!..

"Qəsr-Qacar" dövlətin əlində "əzab evi" kimi Tehrandan o vaxt xeyli aralı salınıb ki, burada həbs olumuş adamların ailələri, qohum-qardaşı, dost və tanışları bura gəlməyin əziyyətini görüb, görüşdən və ya məhbuslara yemək gətirməkdən vaz keçsinlər. Bu dəhşətli məkana ancaq fayton, at və ulaqla (o vaxt başqa nəqliyyat vasitəsi yox həddində idi) gedib-gəlmək mümkün idi. Piyada gedənlər günlərlə yorğunluğun və ayaqlarının sızıltısı və ağrısını çəkmək məcburiyyətində qalırdı. O vaxtlar "Zindane Mərkezi" kimi tanınan "Qəsr-Qacar"dakı məhbus kameraları, mərtəbə və dəhlizlər əzabvericiliyi və cansıxıcılığı ilə bir-birindən fərqlənirdi. Belə kameralardan biri dar, qaranlıq, üfunət mərkəzinə yaxın, siçovul, bit, birə, ağcaqanad və başqa həşəratlarla bol olan 1-ci mərtəbədəki 2 saylı kamera idi. İstintaq müddətinin bir hissəsini məhz bu kamerada keçirən Pişəvəri sonra əvvəlkindən bir qədər fərqli ikinci qatdakı 7 saylı kameraya köçürülmüşdü. O, ömrünün çiçəklənən, mənalı dövrünün nə az, nə çox 10 ilini bu məkanda, qala divarları arasında keçirməli olmuşdu...

 

"Zindan xatirələri dəftəri"

 

...Pişvəri cəhənnəm əzablı bu mühitdəki olayların təsvirini özünün "Zindan xatirələri dəftəri"ndə yetərincə verib. Əslində onun zindan həyatından bəhs edən bu söhbəti xatirələrdən daha çox bütün varlığını millətinin və vətəninin azadlığı yolunda Prometey kimi alışıb-yanan bir insanın 3700 günlük zindan həyatının acı epopeyasıdır. Pişəvəri əvvəl yatdığı 2 saylı kameradan ikinci qatdakı 7-ci kameraya köçürələrkən burada savadlı məhbuslara kağız, qələm əldə etmək və qeyri-siyasi kitabları oxumağa imkan verilirdi. Bu fürsətdən istifadə edən Pişəvəri "Nadirə", "Minurə" adlı romanlarını, "Zindan xatirə dəftəri"ni, felyeton, hekayə, şeir və müxtəlif məzmunlu publisist-tənqidi yazılarını məhbusluq dövründə başa çatdırır. "Qəsr-Qacar"dakı cəhənnəm əzablı məhbus həyatı Pişəvərinin azadlıq istəyini, vətənə sevgisini az da olsa söndürə bilməmişdi. Məhbəsdə bir müddət eyni kamerada yatmış S.Cavid etiraf edir ki, Pişəvəri zindanda da bizə müəllim, dəyərli məsləhətçi təəssüratı bağışlayırdı".

10 il "Qəsr-Qacar" da siyasi məhbus kimi yatan Pişəvərinin istintaqı 1930-cu ilin yanvarından başlayıb 1940-cı ilin martın 3-dək davam etmişdi. Dövlət əleyhinə olan və təbliğat aparan partiyaya üzv olmaqda, rejim əleyhinə məqalələr yazıb, cəmiyyəti pozmaqda müqəssir bilinsə də, 20-dən çox ona qarşı qurulmuş "Divan məhkəməsində" irəli sürülən ittihamı boynuna almır: "Son sözündə S.C.Pişəvəri üzünü onu istintaqa çəkənlərə tutaraq deyir: "Heç bir dəlil-sübut olmadan mən günahsızı 10 ildir həbsdə saxlayırlar. Gördüyünüz kimi mən bu müddətdə bu günə düşmüşəm: cavanlığımı əldən verdim!.. Özümü müdafiə etmək niyyətim yoxdur. Fəqət ədalətli hökm çıxarmağınızı istəyirəm".

Bu istintaqda verilmiş həbsin müddəti qurtardığına görə S.C.Pişəvəri 2 ördbeşt 1319-cu ildə (1940-cı il 23 iyun) həbsdən azad edilib, 3 il müddətinə Kaşana sürgün edilir...   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 12 dekabr.- S.14.