Bakıda II Beynəlxalq
Nəsimi Elmi Konfransı
Suriyada start götürən tədbirlər ölkəmizdə
davam edir
Dünən AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransının açılışı oldu. Giriş sözüylə çıxış edən akademik Bəkir Nəbiyev Nəsiminin anadilli fəlsəfi şeirimizin əsasını qoyduğunu, təkcə Azərbaycan ədəbiyyatında, ictimai düşüncəsində yox, ümumən Şərq ədəbiyyatında, bəşər mədəniyyətində dərin iz buraxdığını bildirdi: "Azərbaycan ədəbiyyatında ilk dəfə Xaqani, Nizami kimi böyük humanist sənətkarlar insanın insan tərəfindən alçaldılmasına
qarşı çıxmış, etiraz səslərini ucaltmışlar. Onların mütərəqqi ənənəsini doğma dildə davam etdirən ən böyük mütəfəkkir şair isə İmadəddin Nəsimi oldu. Məğrur şəxsiyyət, şair olan Nəsimi insan şəxsiyyətinin alçaldılması ilə heç cür barışa bilmir, bütün varlığı, istedadı ilə bu ədalətsizliyə kəskin etiraz edirdi. Nəsimi kamil insanla cahil insanı fərqləndirirdi. Şairin fikrincə, yalnız kamil insan, yəni şərdən, xəbislikdən, pislikdən, heyvani instinktlərdən təmizlənmiş insan ilahi mərtəbəyə qalxar, əsl şəxsiyyət sayıla bilər. Sevindirici haldır ki,
Nəsimi tədbirləri Suriyada start götürüb, indi isə Bakıda davam edir".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Suriya-Azərbaycan əlaqələrinin çağdaş inkişaf səviyyəsindən məmnunluqla danışdı: "Nəsimi azadlıq uğrunda şəhid olub. O, amalından dönmədi. Bu mənəviyyat hadisəsi onu yaşadır.
Hazırda Nəsiminin adına Azərbaycanda rayon, elmi-tədqiqat institutu, küçələr var. Şairin yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar mövcuddur. Hələb şəhərində yerləşən Nəsiminin məqbərəsi YUNESKO-nun siyahısındadır".
AMEA-nın prezidenti Mahmud Kərimov çıxışında Azərbaycanın zaman-zaman böyük mütəfəkkirlər yetişdirdiyini, bu sırada İmadəddin Nəsiminin şərəfli yer tutduğunu bildirdi: "Nəsimi böyük humanist şairdir. O, yaradılışların ən şərəflisi olan insanı vəsf edir. Onun öydüyü kamil insandır. Habelə şair real insan gözəlliklərini də vəsf edib".
Suriya Ərəb Respublikasından Hələb qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qəccə konfransın təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirdi: "İlk öncə 600 ildən bəri Nəsiminin məqbərəsini ağuşunda saxlamış hələblilərin salamlarını sizə yetirirəm".
M.Qəccə bildirdi ki, Nəsiminin məqbərəsi yenidən qurulur. Onun çıxışını Nəsiminin məqbərəsinin müxtəlif görüntüləri müşayiət edirdi. Habelə natiq Hələbdə Nəsimiyə həsr olunmuş tədbirlər barəsində də bilgi verdi. Sufilik və hürufilik təriqətləri barədə danışan M.Qəccə Nəsiminin sufizmi gözəl bildiyini, eləcə də dövrünün elmlərinə dərindən bələd olduğunu dedi. Böyük mütəfəkkir habelə ərəb və fars dillərində də gözəl bilib: "Onun həyatı böyük coğrafiyanı əhatə edib. Nəsimi dövrünün mütəfəkkirlərinin yaradıcılığını dərindən mənimsəmişdi. O, özünün eşqlə təbliğ etdiyi ilahi-bəşəri məqama çatmışdı. Şairin 1417-ci ildə Hələbdə qətlindən sonra məşhurluğu daha da artıb. Təsadüfi deyil ki, indi də Nəsiminin təkyəsində qulluq edənlərə "Nəsimi" adı verilir".
Hürufilik haqında danışan natiq Nəsiminin ustadı Fəzlullah Nəiminin yaradıcılığından güc aldığını bildirdi: "Nəsimi daxilən azad idi, öz həqiqətini insanlara qorxmadan çatdırırdı". "Varlıq" jurnalının redaktoru, professor Cavad Heyət "Nəsimi yaradıcılığında sənətkarlıq məsələləri" mövzusunda çıxış etdi: "Nəsimi canını hürufilik təriqətinin yolunda fəda edib. O, Azərbaycan şeirinin memarı hesab olunur. Gəncliyində Fəzlullah Nəimi ilə görüşəndən sonra onun təlimini qəbul edib. Nəiminin qətlindən sonra Anadoluya, ordan da Hələbə gedib. Nəsimi ölümü həyatın davamı sanırdı, yəni insanın ölümsüzlüyünə inanırdı. O, klassik şeirin bir çox janrlarında, əsasən qəzəl janrında yazıb, bədii təsvir vasitələrindən məharətlə istifadə edib".
Habelə Hələb vilayətinin müftisi Mahmud Ökkəm "Nəsimi həqiqət şəhididir" mövzusunda çıxış etdi.
Buradaca bir məqamı qeyd etmək yerinə düşər: əgər Azərbaycan mənəvi baxımdan daha zəngin sərvətlərə malikdirsə və hələ də bu barədə dünyanın böyük mənada etirafı yoxdursa, ilk növbədə günahı özümüzdə axtarmalıyıq. Azərbaycan Şərqin ruhani mahiyyətinin, qədimliyinin ən qüdrətli şəkildə ifadə və təsdiq olunduğu ölkədir. Digər tərəfdən də dünya mahiyyətcə bizi bizdən yaxşı tanıyır, ancaq böyüklüyümüzü tam etiraf etmək istəmir. Haqqında söhbət gedən Nəsiminin ustadı, mürşidi Fəzlullah Nəimi təkcə Azərbaycanda və Şərqdə deyil, ümumən bəşər mədəniyyəti tarixində özünəməxsus düşüncə və aqibət yönü yaradan tarixi şəxsiyyətdir, mütəfəkkirdir. Nəiminin dövründə də bəşəriyyət xeyli idrak və əməl zirvələrini görmüşdü. Ancaq o, həyata, dünyaya, təbiətə, xüsusən də insana tamamilə başqa cür yanaşırdı. Hər halda təxmin etmək olar ki, Nəimi öz fikirlərini Teymurləng kimi qılıncının dalı da, qabağı da kəsən bir hökmdarın dövründə yaymaq üçün məhz hürufatdan (hərflərdən), dini rəmzlərdən istifadə etməyə məcbur idi. Professor Əliyar Səfərli bu qənaətdədir ki, Fəzlullah Nəimi mütəfəkkir şəxsiyyət olub. Onun "Cavidannanmə", "Hovnamə", "Məhəbbətnamə", "Vəsiyyətnamə" və başqa əsərləri olub. Nəimi haqqında ardıcıl araşdırma işi aparılmalıdır: "Fəzlullah Nəimini dərk etmək üçün ilk növbədə zəngin dünyagörüşə, bir çox elmlərə bələd olmaq zəruridir: mətnşünaslıq, ilahiyyat, orta əsr elmlərini bilməsək, o zaman Nəimini öyrənmək mümkün olmayacaq. Nəimini yaxşı öyrənməmək, Hürufiliyi yaxşı bilməmək deməkdir, bu isə onun ardıcılı olan böyük şairimiz Nəsimini anlamaqda böyük çətinlik yarada bilər. Nəsiminin poeziyası tamamilə Nəiminin yaradıcılığı ilə bağlıdır".
Nəiminin Hürufiliklə bağlı fəlsəfi-nəzəri fikirlərini Nəsimi şeirlə deyib: "O dövrdən bəri bir çox mütəxəssislər etiraf ediblər ki, əgər İmadəddin Nəsimi olmasaydı, Fəzlullah Nəimidən az sonra hürufilik ölüb gedə bilərdi. Hürufiliyin sürətlə Şərq ölkələrinə yayılmasında Nəsiminin şeirləri müstəsna rol oynayıb. Nəimi "Cavidannamə"də hürufiliyi elmi-nəzəri cəhətdən əsaslandırıb. Bir sıra rəmzləri, istilahları aşkarlayıb, açıqlayıb, izahlarını verib. Bu mənada Nəimi ilə Nəsiminin yaradıcılığını biri-birindən ayırmaq qeyri-mümkündür."
Fəzlullah Nəimi Azərbaycanda doğulub. O, papaqçılıqdan filosof səviyyəsinə yüksəlib, hürufi panteist fikirlərini ömrünün sonuna kimi təbliğ edib: "Onun əsərləri tutarlı, elmi, əsaslı dəlillərlə nəşr edilib xalqımıza çatdırılmalıdır. Birbaşa Nəiminin əsərlərinin orijinalından istifadə edə bilməmək bəzi tədqiqatçılarımızın onun yaradıcığı, elmi-fəlsəfi fikirləri haqqında ciddi qənaətlərə gəlmələrinə mane olur. Tarixi qaynaqları, məxəzləri bilmədən bu və ya digər tarixi şəxsiyyətin yaradıcılığını araşdırmaq istənilən effekti vermir".
Beynəlxalq Nəsimi elmi konfransı ayın 16-na kimi davam edəcək.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 15 dekabr.- S.14.