Aşıq dastanları İngiltərə
kitabxanasının fonduna daxil edilib
Yaqub Mədətov:
"Qərb mütəxəssisləri burada Şərq mədəniyyətini
tədqiq edir"
Xalqın, dövlətin
varlığının təsdiqində arxivlərin müstəsna
rolu var. Dövlət Səs Yazıları Arxivinin direktoru
Yaqub Mədətov bildirir ki, yarandığı vaxtdan arxiv
ölkəmizin ictimai, siyasi, mədəni həyatını əks
etdirən səs və video yazılarını toplayıb
saxlamaq kimi vacib bir işlə məşğuldur. 42
yaşlı arxiv bu müddətdə xeyi uğurlar əldə
edib. Zəngin bir xəzinə yaradılıb. Arxivin
fondlarında 50 minə yaxın çox qiymətli səs və
700-dən artıq xüsusi qiymətli video süjetlər
saxlanılır: "Bir neçə il qabaq arxivdə
maraqlı bir lahiyə gerçəkləşdi:
1900-1940-cı illər ərzində yazılan səslərin
toplanaraq portala daxil edilməsi işi böyük bir uğurla
həyata keçirildi. Burada Azərbaycanın klassik xanəndələrinin
səsləri yazılmış qrammafon valları, səslərin
yazıldığı şirkətlər haqqında məlumatlar
toplanıldı. Mütəxəssislər uğurlu bir portal
yaradıldığını bildirdilər. Qeyd edim ki,
respublika arxiv sistemində bu, ilk cəhd idi.
Sonra isə növbəti
belə portalımızın təqdimatı oldu. Bu portal əvvəlkindən
də uğurlu alındı. Əgər əvvəlki portalda
xanəndələrimizin səsləri yazılmış
valların təqdimatı var idisə, bu portalda Azərbaycanın
100 görkəmli şəxsi (siyasi xadimlər, Sovet
İttifaqı, Sosialist Əməyi qəhrəmanları, elm,
ədəbiyyat, incəsənət xadimləri və s.)
haqqında məlumatlar toplanılmış, bu şəxslərin
səslərindən nümunələr təqdim edilmişdi.
Bunların hamısı vəfat etmiş şəxslərdir,
onları daim xatırlamaq gərəkli bir işdir. Yaxın gələcəkdə
bu sahədə işimizi davam etdirmək fikrimiz var. Arxivimizin
fondlarında kifayət qədər material toplanıb".
Arxiv rəhbərliyi bu
qiymətli səs və video soraqlarını daha etibarlı
qorumaq və gələcək nəslə keyfiyyətli,
olduğu kimi çatdırmaq yönündə daim
çalışır: "1967-ci ildən bəri
topladığımız lent yazıları kompüter vasitəsilə
SD disklərə, video süjetlər isə DVD disklərinə
köçürülür. Son illər arxiv olduqca
maraqlı, gərəkli bir işi gerçəkləşdirdi.
ABŞ vətəndaşı, əslən türk
soydaşımız olan Seyid Onur Şenarslanla birlikdə
maraqlı bir layihə üzərində
çalışdıq. İngiltərənin "Kral"
kitabxanasının layihəsində iştirak etdik, layihəni
udduq. "Kral" kitabxanasının ayırdığı
qrant hesabına S.Şenarslan Amerikadan xüsusi qiymətli səs
yazı avadanlıqları aldı. İşə
başlanıldı, arxivdə illərdən bəri qorunub
saxlanılan aşıq yaradıcılığı nümunələrini
toplayıb köçürdük. Qarşıya qoyulan məqsədə
çatdıq, layihədə nəzərdə tutulan 50
aşıq dastanı yüksək səviyyədə təmizləndi,
bərpa edildi və disklərə
köçürüldü. İlk növbədə arxivdəki
dastanlar bərpa prosesindən keçdi".
Audio və video
yazılar ardıcıl olaraq bu qayda ilə bərpa edilməkdədir.
Arxivdə quraşdırılan son avadanlıqlar müxtəlif
vasitələrlə yazılmış audio yazıları
oxutmaq üçün bundan sonrakı mərhələlərdə
daha çox köməyə gələcək. Həmçinin
köhnə valları təmizləmək üçün
xüsusi məhlullar var ki, bu, 100 il əvvəl
yazılmış hər hansı bir plastinkanın əvvəlki
keyfiyyətini ən azı 80 faiz bərpa etmək imkanı
verir: "Müxtəlif sürətlərdə yazılmış
plastinkaların hər birinə aid ayrıca səstəmizləyici
məhlullar əldə edilib. Məhlullar vasitəsilə təmizlənən
plastinkalar xüsusi qurğu vasitəsilə qurudulur,
sonrakı prosesdə isə köçürülür. Hələ
dünyada elə bir avadanlıq yaradılmayıb ki, o bu və
ya digər audio vasitəni 100 faiz bərpa edə bilsin. Hər
halda köhnə səs yazılarının bu səviyyədə
bərpa edilməsi çox böyük irəliləyişdir.
Qeyd edim ki, ötən yüzilin əvvəllərində məşhur
Azərbaycan xanəndələrinin xeyli sayda qrammofon
valları yazılıb, hazırda həmin plastinkaların
500-ü arxivimizdə saxlanılır. Həmin
plastinkaların üzərində iş gedir. Layihə üzrə
köçürülən 50 aşıq dastanının hər
birinin nüsxəsi İngiltərənin "Kral"
kitabxanası fonduna daxil edilib".
Yaqub müəllim deyir
ki, ilk dəfədir Azərbaycanla bağlı "Kral"
kitabxanasında belə bir fond açılırdı:
"İngiltərədə Azərbaycanla bağlı bu
cür soraqlara böyük maraq var. Onlar qeyd edirlər ki,
İngiltərədə Azərbaycanın folklor nümunələrinə,
muğamlarına, aşıq sənətinə böyük
şövqlə qulaq asılır, mütəxəssisləri
heyran edir. Kitabxana həm də elmi-tədqiqat mərkəzidir.
Qərbli mütəxəssislər burada Şərq mədəniyyətini,
incəsənətini tədqiq edir, bu nümunələri diqqətlə
araşdırırlar".
Bundan sonrakı mərhələlərdə
bütövlükdə Azərbaycan aşıq sənətinin,
saz-söz havalarının toplanılaraq disklərə
köçürülməsi planlaşdırılıb. Bu mərhələdə
təkcə arxiv materialları ilə kifayətlənilməyəcək,
həmçinin bölgələrdə saxlanılan, əllərdə
olan, sinələrdə yaşayan mənəvi sərvət
nümunələri mümkün qədər toplanılacaq,
sabaha çatdırılacaq.
Hazırda arxiv yeni binada
məskunlaşıb. Qeyd edək ki, burada təkcə Səs
Yazıları arxivi deyil, digər dövlət arxivləri də
yerləşdirilib. Qeyd edək ki, "Qələbə"
kinoteatrı ilə üzbəüz yerləşən
keçmiş "Alunit" zavodunun binası hazırda
dünya standartları səviyyəsində dövlət arxivləri
üçün qurulub, təmir edilib. Vaxtilə burada bir
neçə otaqda yerləşən Səs Yazıları
Arxivi indi binada ayrıca bir mərtəbədə məskunlaşıb:
"Arxiv dünya standartları səviyyəsində fəaliyyət
göstərir. Sənədlərin qorunması
üçün burada artıq ideal bir şərait var. Bu
yaxınlarda Rusiyanın Milli Arxiv İdarəsinin rəisi gəlmişdi,
şəraitimizə heyran olduğunu bildirdi. Dedi ki, bizdə
belə şərait yoxdur. Bizim arxivlə bağlı dedi ki,
Rusiyadakı Səs arxivi sizə həsəd apara bilər".
Arxivə Güney Azərbaycan
aşıq sənəti ilə bağlı materiallar daxil
olur. Tarixi Azərbaycan ərazilərindən gələn hər
bir səs nümunəsi sabahımıza saxlanılır,
qorunur. Yaqub müəllim qeyd edir ki, Azərbaycanın müxtəlif
bölgələrindən daim arxiv sənədləri daxil
olur: "Arxivin komplektləşdirilməsi işi yüksək
səviyyədə həyata keçirilir. Artıq
soydaşlarımız gözəl başa düşürlər
ki, öz yaradıcılıqlarını evdə arxiv
ölçülərinə uyğun gəlməyən bir
şəkildə qorumağın əhəmiyyəti yoxdur. Bu
mənada ən etibarlı yer arxivlərdir. Qəzetiniz vasitəsilə
xahiş edirəm ki, kimdə köhnə səsoxudan məişət
avadanlıqları, plastinkalar varsa, arxivimizə hədiyyə
etsinlər. Bilsinlər ki, bu aparatlar vasitəsilə
xalqımızın ən gözəl səs inciləri əbədi
həyat qazanacaq".
Azərbaycan aşıq
sənətinin dünya miqyasında daha geniş səviyyədə
tanıdılması yönündə işlər
artmaqdadır. Türkün yenilməz, bənzərsiz ruhunun
ifadəsi olan aşıq sənətinin bu mənada
tanıdılmasının yeni üfüqlərinin
yaradılması xəlqi qədimliyimizə, bir xalq olaraq mənəvi
cəhətdən zənginliyimizə dəlalət edən məsələdir.
Yaqub Mədətov rəhbərlik etdiyi arxivdə aşıq
sənətinə aid xeyli soraqların qorunduğunu, bu qiymətli
nümunələrin yeni səviyyədə, imkanlarla
üzünün köçürülərək sabah
üçün saxlanıldığını bildirir:
"Arxivimizdə 1200-ə qədər qiymətli folklor
nümunələri, dastanlar toplanıb". Arxivdə Azərbaycan
aşıq sənətinin ötən yüzilin 30-cu illərinə
aid səs nümunələri də saxlanılır. Yaqub
müəllim deyir: "Ötən yüzilin sonlarında bu
nümunələri maqnitofon lentlərinə
köçürməklə xilas edə bildik. Bir müddət
sonra isə elmi-texniki inkişafın son nailiyyətlərindən
olan kompüter əldə olundu. Bu nümunələrin
artıq ardıcıl şəkildə yeni səs
daşıyıcıları olan SD disklərinə
köçürülməsinə başlanıldı.
Arxivin fondlarındakı qiymətli video süjetlər
arasında aşıq sənətinə aid soraqlar da
toplanıb".
Ötən il Muzey Mərkəzində
aşıq sənəti ilə bağlı keçirilən
tədbir barədə danışan Y.Mədətov deyir:
"O tədbirə gələn YUNESKO nümayəndələri
aşağıdakı məsələlərə cavab almaq
istəyirdilər: əvvəla, Azərbaycanda aşıq sənəti
hansı səviyyədədir: yəni inkişafdadır, ya məhv
olmaq ərəfəsindədir? Ümumi fikir bu oldu ki,
aşıq sənəti heç vaxt məhv ola bilməz,
çünki bu, minillərdən bəri yol keçib gələn
xəlqi sənətdir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.-7 fevral.- S.14.