Türkmənçay faciəsindən
181 il ötür
"Türkmənçayda böyük bir ləkə
var, o ləkə Azərbaycanı iki yerə
parçalayıb. Ona görə də Allah bu kəndi
qarğıyıb"
Tarix boyunca Azərbaycanın
başına gələn faciələrin sayını
artıq unutmuşuq. Amma sözün əsl mənasında bir
millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə,
o zaman faciələrimizi bilməli və dərs
almalıyıq. Faciəsini unudan millət var olmur. Türklərin
tarix boyunca faciələrlə üz-üzə qalması digər
tərəfdən də zaman-zaman dünyanın türkü
sevməməsilə bağlıdır. Azərbaycanın
başına gələn faciələr bütün Türk
Dünyasının faciəsi hesab olunmalıdır.
1813-1828-ci illərdə
Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. "Türkmənçay"
müqaviləsi ilə Azərbaycanımızın Arazın
güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv.km. ərzisi
isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi
Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının
parçalanması demək oldu. Həmin ədalətsiz
bağlaşmadan sonra indi də özümüzə gələ
bilmirik.
Azərbaycan tarixinin ən
kədərli səhifələrindən biri 1828-ci il
fevralın 9-dan 10-na keçən gecə Rusiya və İran
arasında imzalanmış, Azərbaycanın iki yerə
bölünməsini qəti şəkildə rəsmiləşdirən
Türkmənçay müqaviləsidir. Əslində bu, bir
xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz,
yırtıcılıq idi. Artıq həmin tarixdən 181
illik zaman keçsə də, yenə paralanmış,
parçalanmış vəziyyətdəyik. Bu müddət ərzində
türk xalqlarını başına çoxlu fəlakətlər
gəldi. Nə qədər ki, Bütöv Azərbaycan yoxdur,
mahiyyətcə türk dünyasını xilası da
olmayacaq. Zənnimizcə, türk xaqları bunu gözəl
anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə
özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər
bu gün Azərbaycanın hər bir vətəndaşı,
ilk növbədə isə türklər xalqımızı
iki yerə bölən "Gülüstan" və
"Türkmənçay" fəlakətləri ilə
bağlı ətraflı bilgiyə, eləcə də bundan
çıxan məntiqi nəticəyə malik deyillərsə,
o zaman itirdiklərimizin miqyası, mənəvi fəlakətlərimizin
sayı daha da artacaq.
Görəsən, bu
gün Türkmənçay fəlakətilə bağlı
hansı məqamları bilməyimiz, nəticə
çıxarmağımız zəruridir?
AMEA-nın Tarix İnstitutunun
əməkdaşı Vaqif Abışov Türkmənçay
faciəsinin yaranması səbəbləri barədə
danışaraq deyir ki, hələ də bu faciədən bir
millət olaraq dərs almamışıq:" O zaman Azərbaycanda
mərkəzləşmiş dövlət yox idi. Azərbaycan
ayrı-ayrı xanlıqlardan ibarət idi. İstər Quzey,
istərsə də Güney Azərbaycanda vəziyyət bu
cür idi. Rusiya hələ 19-cu əsrin əvvəllərindən
başlayaraq artıq Azərbaycanda, ümumən Qafqazda vəziyyəti
xeyrinə dəyişdirmək yönündə daha
güclü cəhdlərə başlamışdı. Gülüstan
müqaviləsindən qabaq Qarabağ xanlığı ilə
Kürəkçay müqaviləsi, eləcə də Şəki,
həmçinin Şamaxı xanlıqları ilə
müqavilələr imzalanmışdı. Ümumən
götürəndə Rusiya 1-ci Pyotrun vaxtından
başlayaraq Azərbaycana müdaxilələr edirdi. Rusiya daim
öz siyasətini həyata keçirməkdə ermənilərdən
məharətlə yararlanırdı. Qaldı ki, İrana, o
zaman İranda Qacarlar hakimiyyətdə idi; İran Rusiya
imperiyasının bu ərazilərdə möhkəmlənməsini
qəti şəkildə istəmirdi. Azərbaycanı hər
iki ölkə özünün əyalətinə çevirmək
istəyirdi. Bu səbəbdən də İranla Rusiya
qarşı-qarşıya gəldilər".
Məlumdur ki, bu zaman
Rusiya artıq bir əsrə yaxın idi ki, özünün rəsmi
imperiya həyatını yaşayırdı. 1721-ci ildə
1-ci Pyotr Rusiyanı imperiya elan etmişdi. Bu müddət ərzində
Rusiya əməlli-başlı möhkəmlənmişdi:
"Artıq Rusiya həm siyasi, həm də iqtisadi cəhətdən
güclü şəkildə inkişaf etmiş bir dövlət
idi. İran isə həmin dövrdə geridə
qalmış feodal döləti idi, hərbi cəhətdən
o qədər də güclü deyildi. Bu səbəbdən də
1826-1828-ci illərdə baş vermiş Rusiya-İran
müharibəsi Rusiya imperiyasının qələbəsilə
nəticələndi. Azərbaycan Türkmənçay
adlı müqavilə ilə iki yerə, yəni İranla
Rusiya arasında bölündü. "Türkmənçay"
müqaviləsinin imzalandığı Türkmənçay
kəndi Təbrizlə Tehranın arasında, Tehrana gedən
yolun üstündə yerləşir. Həmin kəndin adət-ənənəsi,
tarixi, yaşam tərzi sırf Azərbaycan türklərinin həyat
tərzindən xəbər verir. Türkmənçay kəndində
yaşayanların hamısı Azərbaycan Türkləridir.
Nə qədər kədərli olsa da, bir xalqın iki yerə
parçalanmasının rəmzi kimi bu gün Türkmənçay
kəndinin adı 200 ilə yaxındır ki, türklərin
ağlından, ruhundan silinmir. Hətta 1979-cu ildə İranda
Türkmənçay kəndi ilə bağlı kitab da
çap olunmuşdu. Maraqlıdır ki, həmin kəndin adət-ənənəsi,
yaşam tərzi, tarixi ilə bağlı məlumatlarla
yanaşı, həmçinin Türkmənçay müqaviləsi
haqqında da məlumat verilirdi. 1828-ci ildə Rusiya ilə
İran arasında təkcə Türkmənçay sülh
müqaviləsi deyil, digər başqa iki müqavilə də
imzalanıb. Bu müqavilələrdən biri ticarətlə
bağlıdır. Bir dəfə müxbirlərdən biri
Türkmənçay kəndinin sakinlərinə sual verir ki,
görəsən, Təbrizlə Tehran şəhərləri
arasında olduqca əlverişli mövqedə yerləşən
Türkmənçay kəndi niyə pis vəziyyətdədir,
demək olar, inkişaf etməyib? Kənd sakinlərindən
biri belə cavab verir ki, Türkmənçayda böyük
bir ləkə var, o ləkə Azərbaycanı iki yerə
parçalayıb. Ona görə də Allah bu kəndi
qarğıyıb."
Türkmənçay
müqaviləsi Azərbaycan türklərinin şərə
qarşı inadcıl, bütöv mübarizəsinin
olmaması səbəbindən baş tutdu. Əgər o zaman
bir xalq olaraq sözün böyük mənasında birliyə
nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi.
Təsəvvür edək ki, tamamilə torpağı
yağmalanmış, taleyi əlində olmayan bir xalqı iki
qəsbkar dövlət dədə malı kimi
bölüşdürür, Azərbaycandan, yəni məğlub
xalqdan heç kəs orada iştirak etmir. Abbasqulu Bakıxanov
isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin
nümayəndə heyətinin tərkibində sadəcə,
tərcüməçi vəzifəsini yerinə yetirirdi. Olduqca
fəlakətli məqamdır: "Məhz Türkmənçay
müqaviləsindən sonra ermənilərin Azərbaycanın
tarixi ərazilərinə kütləvi şəkildə
köçürülməsinə başlandı. İrandan
Dağlıq Qarabağa, Naxçıvana, İrəvan
bölgəsinə ermənilərin kütləvi
köçü baş tutdu. Ümumiyyətlə, Azərbaycan
mətbuatı, ölkədəki bütün kütləvi
informasiya vasitələri daim tarixi fəlakətlərimiz,
xüsusən də "Gülüstan" və
"Türkmənçay" müqavilələri barəsində
çox yazmalıdır. Tarixdən məlumdur ki, vaxtilə
ayrılmış, parçalanmış xalqlar birləşiblər.
Olub ki, tarxin müəyyən bir mərhələsində, məqamında
xalqlar birləşmək şansını əldə ediblər.
Əlbəttə, daim inanmalıyıq ki, Azərbaycan nə
vaxtsa bir olacaq. Azərbaycan torpaqlarının ərazi cəhətdən
bir neçə dəfə böyük hissəsi Güney Azərbaycandadır.
Həmçinin də Azərbaycan türklərinin çoxu
o tayda yaşayır. Əgər birliyimiz baş tutsaydı, o
zaman xalqımızın ömründə əvvəlkilərdən
tamam fərqli bir yüksəliş əldə edilərdi".
"Türkmənçay"
müqaviləsinə qədər olan dövrdə
ictimai-siyasi vəziyyət belə idi: "Azərbaycanda
mövcud olan xanlıqlar üç qismə
bölünmüşdü. Bunların bir qismi İrana meyl
edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli
sayırdı, qalanları isə Osmanlı imperiyasının
himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində
elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı
vahid bir hakimiyyətdə birləşdirə bilsin. Artıq
1806-cı ildə Qarabağ və Şəki xanlıqları
Rusiya imperiyasının himayəsini qəbul etdilər. Şamaxı
və Bakı xanlıqları Rusiyaya qarşı müqavimət
göstərsələr də az sonra Rusiyanın
tabeçiliyinə keçdilər. Azərbaycan yuxarıda
adları sadalanan ölkələrin faktiki döyüş,
siyasi mübarizə, hərbi münaqişə meydanına
çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz
gərgin, təhlükəli bir vəziyyət
yaranmışdı. Fəlakətli vəziyyətdən
artıq qaçmaq mümkün deyildi".
Azərbaycan bu gün də
ikiyə bölünmüş xalq taleyini yaşamaqdadır. Ötən
200 il ərzində yenə də itirdik. Bu mənada itirdiklərimizin
sayı-hesabı yoxdur: "50 milyonluq bir xalq hələ ki,
dünyada sözün böyük mənasında yerini və
təsdiqini tapmayıb. Bu səbəbdən də mübarizə
davam edir. Güney Azərbaycanda yaşayan 35 milyon
soydaşımız ana dilində təhsil almaq hüququndan
belə məhrumdur".
Qaliboğlu E.
Xalq cəbhəsi.- 2009.- 10 fevral.- S. 14.