"Avropa Şurası
üzv dövlətlərin ərazi
bütövlüyünü dəstəkləyir"
Terri Devis: "Bunun
Moldova, Kipr, yaxud Azərbaycan olduğunu nəzərə
almadan..."
Avropa Şurasının Baş katibi Terri Devisin
"Day.Az"a müsahibəsini Azərin tərcüməsində
oxucularımıza təqdim edirik
- Cənab Devis, Siz Azərbaycandakı
siyasi durumu, o cümlədən ölkədə söz və
fikir azadlığı ilə bağlı vəziyyəti necə
qiymətləndirirsiniz?
- Düşünürəm
ki, seçki prosesinin təkmilləşdirilməsi və
demokratiya sahəsində müəyyən irəliləyişlər
nəzərə çarpır. Mən söz
azadlığı və mətbuatla bağlı vəziyyətdən
narahatam. Demokratiya söz və mətbuat
azadlığından asılıdır. Mən həmçinin
Azərbaycanda bəzi jurnalistlərə edilən təzyiqlərdən
narahatlıq keçirirəm.
- Azərbaycan prezidenti bəyan
edib ki, bir şəxsin iki dəfədən artıq dövlət
başçısı seçilməsinə məhdudiyyət
qoyan müddəanın Konstitusiyadan
çıxarılması demokratiyanın sərhədlərinin
genişləndirilməsinə xidmət edir.
O, eyni zamanda Qərbi Azərbaycanda
keçiriləcək referenduma münasibətdə ikili
strandartlardanq çıxış etməkdə
günahlandırıb. Sizin bu məsələyə
münasibətiniz necədir?
- Hesab edirəm ki,
Konstitusiyaya düzəlişlər edilməsi və
ümumxalq səsverməsinin keçirilməsi doğru
addımdır. Ancaq düşünmürəm ki, referendumun
keçirilməsi üçün tələsmək
lazım idi...
Azərbaycanın Avropa
Şurasının ekspertlərinin tövsiyyələrinə
diqqət yetirməməsindən təəssüflənirəm.
- Azərbaycan
Konstitusiyasına digər düzəlişlərin edilməsini,
həmçinin şəxsin iradəsinin əleyhinə olaraq
səsyazmanın, eləcə də foto və videoçəkilişlərin
qadağan olunmasıyla bağlı əlavəni necə
şərh edərdiniz. Avropa Şurası bu müddəanın
referendumun gündəliyindən çıxarılması
üçün Azərbaycana təsir göstərə bilərmi?
Bir tərəfdən
şəxsi həyat hüququnun toxunulmazlığıyla,
jurnalistin öz şəxsi həyatıyla diqqət çəkən
bu və ya digər siyasətçinin, yaxud ictimai xadimin hərəkətlərini
şərh etmək hüququ arasında balansı qorumaq
lazımdır. Təklif olunan məhdudiyyət Azərbaycanın
Avropa Şurasına üzvlükdən sonra qoşulduğu
İnsan haqlarıyla bağlı Avropa Konvensiyasına
uyğun gəlməyə bilər. Konstitusiyaya əlavə və
dəyişikliklər zamanı balansın təmin edilməsi
çox vacibdir və mən bununla bağlı narahatlıq
keçirirəm.
Əgər Azərbaycan
hakimiyyəti referendumun gündəliyini təsdiq etməmişdən
öncə tövsiyyə üçün bizə müraciət
etsəydi, o zaman diqqəti Kütləvi İnformasiya Vasitələrinin
azadlığı haqqında deklorasiyaya yönəldərdik,
xüsusilə də siyasətçilərin və ictimai
xadimlərin şəxsi həyatlarının
toxunulmazlığı məsələsində... Bu sənəd
Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlərin
nazirləri tərəfindən qəbul olunub. Təəssüf
ki, Azərbaycan hökuməti referendumla bağlı qərar
verməkdə tələsdi və bizə mövcud
uyğunsuzluğa diqqət çəkməyə imkan
yaratmadı.
- Avropa
Şurasının Ermənistan-Azərbaycan münaqişəsilə
bağlı mövqeyi necədir? Necə hesab edirsiniz, bu
münaqişə hansı prinsip əsasında həll
olunmalıdır - Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində, yaxud
xalqların öz müqəddaratını təyinetmə
prinsipi müstəvisində? Qeyd edə ki, Siz müsahibələrinizin
birində Dağlı Qarabağın işğal edilmiş
Azərbaycan torpağı olduğunu bildirmisiniz...
- Təkcə bu
münaqişə ilə deyil, digər problemlərlə də
bağlı Avropa Şurasının mövqeyi hər kəsə
aydın olmalıdır. Biz hesab edirik ki, beynəlxalq və
daxili münaqişələr sülh yoluyla həll edilməlidir.
Həm Azərbaycan, Həm də Ermənistan Avropa Şurasına
üzv qəbul olunan zaman bu yanaşmanı təsdiqləyiblər.
Dağlıq Qarabağla əlaqədar Azərbaycan və Ermənistan
arasında vasitəçilik missiyasını tamamilə
başqa bir təşkilatın strukturu olan ATƏT-in Minsk
qrupu həyata keçirir. Biz də öz növbəmizdə
Minsk qrupunun işinə mane olmamağa
çalışırıq.
Hesab edirik ki, müəyyən
irəliləyişlərə nail olunub.
Göründüyü kimi Azərbaycan və Ermənistan
prezidentləri görüşürlər və dialoqu dəstəkləyirlər.
Ümid edirəm ki, bu görüşlər yaxın gələcəkdə
münaqişənin həlli ilə nəticələnəcək.
- Siz Avropa
Şurasının ikili standartlardan çıxış etməsi
barədə fikirlərlə razısınızmı?
Gürcüstanın ərazi bütövlüyü məsələsində
Qərb birmənalı mövqedən çıxış
edir, öz müqəddaratını təyinetmə prinsipini
ümumiyyətlə yaxına buraxmır. Azərbaycana gəldikdə
isə həm ölkənin ərazi
bütövlüyünü dəstəkləyir, həm də
paralel olaraq xalqların öz müqəddaratını təyinetmə
prinsipinə istinad edir. Bu ikili yanaşmanı nə ilə
izah edərdiniz?
- Heç bir ikili
standart siyasəti yoxdur. Mən Avropa Şurasının
ayrı-ayrı ölkələrə münasibətdə
ikili standartlardan çıxış etdiyini deyə bilmərəm.
Avropa Şurası hər zaman öz üzvlərinin ərazi
bütövlüyünü dəstəkləyib. Bunun Moldova,
Kipr, yaxud Azərbaycan olduğunu nəzərə almadan...
Mən Azərbaycanın
Ermənistandakı çətinliklərə diqqət
yönəltməkdə davam etməsinə, Ermənistanın
da eyni mövqeli yanaşmasına təəssüflənirəm.
Reallıq bundadır ki, Azərbaycan da, Ermənistan da kamilləşməlidirlər.
Belə bir məsəl var: "Özgənin gözündə
çöpü seçir, öz gözündə tiri
görmür". Çox istərdim ki, Ermənistan və Azərbaycan
öz problemlərinin həlli, demokratik standartların
inkişafı və insan hüquqlarının təminatı
ilə məşğul olsunlar. Mən eyni zamanda bölgədə
səslənən millitarist bəyanatlardan əndişələnirəm.
Xalq cəbhəsi.- 2009.- 11 fevral.- S. 7.