Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi
hesabat verdi
Çirkli pullara nəzarət
üçün yeni mexanizm formalaşdırılacaq
"Qanunvericilikdə Türkiyə türkcəsinin Azərbaycan
türkcəsinə tərcümə edilməsilə
bağlı imperativ tələb yoxdur"
Ramiz Mikayıloğlu
Dünən Milli Məclisin
iclası keçirildi. Cari məsələlər
üçün ayrılmış vaxtda çıxış
edən AVP sədri Fəzail Ağamalı Bakının Xəqani,
Nizami, Səməd Vurğun və digər mərkəzi küçələrində
yerləşən mağazalarda rus dilində danışılmasına
diqqət çəkdi. Mağazaların, restoranların da
adları, o cümlədən restoranlardakı menyu da Azərbaycan
dilində deyil. Onun fikrincə, bu "Azərbaycan dili haqqında"
qanuna ziddir. Ancaq millət vəkili bu kimi hallara görə ayrı-ayrı
insanların cəzalandırılması barədə məlumatlara
rast gəlinmədiyini söylədi. O, spiker Oqtay Əsədovdan
xahiş etdi ki, müvafiq qurumlarla danışsın və Bakının
mərkəzi küçələrindəki mağaza və restoranlarda
monitorinq aparılsın. Deputat Fəzail Ağamalı Qubada
üzə çıxarılmış insan sümüklərinin
məhv olmaq təhlükəsiylə üzləşdiyini nəzərə
çatdırdı. Onun fikrincə, məzarlığın
qorunması yönündə işlərin görülməsi
üçün prezident sərəncamına ehtiyac var.
Müsavat deputat qrupunun üzvü
Arzu Səmədbəyli qlobal maliyyə böhranına toxundu
və sanki böhranın Azərbaycandan yan keçdiyi görüntüsünün
yaradılmağa çalışıldığını bildirdi.
Millət vəkili qazın, elektrik enerjisinin, suyun qiymətinin
iki dəfə aşağı salınmasını təklifini
irəli sürdü: "Enerji
daşıyıcılarının qiyməti üç dəfə
artandan sonra əhali çıxılmaz duruma
düşüb". Arzu Səmədbəyli İqtisadi
İnkişaf Nazirliyini böhranın zərərlərini
sahibkarlardan çıxarmağa
çalışdığını iddia etdi: "Əvvəllər
nazirliyin işçiləri sahibkarlardan bir alırdılarsa,
indi 3 qat alırlar".
Spikerin də cavabı gecikmədi:
"İstəyirsiniz ki, iqtisadi böhran Azərbaycana təsir
etsin? Böhran Azərbaycana o qədər də təsir etməyəcək".
Millət vəkili Vahid Əhmədov
Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və sursat
ötürməsilə bağlı məsələnin
parlamentdə müzakirəsinin gecikməməsinin tərəfdar
olduğunu açıqladı. Oqtay Əsədov müdafiə
nazirimizin Rusiyada danışıqlar apardığını və
müvafiq qərar qəbul ediləcəyini söylədi.
"Evlər sökülməsin"
BQP sədri Fazil Mustafa
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
üzv dövlətlərin, Ermənistan da daxil olmaqla, birgə
hərbi birləşmələr yaratmaq barədə qərar
verdiklərini xatırlatdı: "Bəs Azərbaycan
hansı addımlar atacaq? Rəsmi şəxslər məsələyə
aydınlıq gətirməlidirlər".
Fazil Mustafa deputat
seçildiyi Sabunçu rayonunda qanunsuz tikilmiş evlərin
sökülməsiylə bağlı çoxsaylı məhkəmə
qərarlarının olduğunu dedi. O, vəziyyətdən
çıxmaq üçün müvafiq bir yol
tapılmasının və vətəndaşlara humanist
yanaşılmasının tərəfdarıdır: "Həmin
vətəndaşlara evlərinin sökülməsinə
görə kompensasiya verilə bilər. Belə yoxsul vətəndaşlar
çölə atılmamalıdırlar".
Millət vəkili son vaxtlar
Azərbaycanda geniş yayılmağa başlayan şəbəkə
oyunlarına da son qoyulmasını zəruri sayır: "Bu
oyunlar Daxili İşlər Nazirliyinin gözü
qarşısında baş verir, yüzlərlə insan
aldadılır. Nazirlik şəbəkə oyunlarının
qarşısını almaq üçün əhali
arasında qeyri-rəsmi maarifləndirmə işi
aparmalıdır".
Millət vəkili İqbal
Ağazadə parlamentin yaz sessiyasında hökumətin tərkibində
müdafiə və xarici işlər nazirlərinin də
hesabat verməsini gərəkli saydı. O, hökuməti
restoranlarda, şadlıq evlərində uşaq əməyindən
istifadəyə son qoyulması üçün müvafiq
addımların atmağa çağırdı:
"Restoranlarda gecə saatlarında belə gətirib
uşaqlara rəqs etdirirlər. Spiker səlahiyyətlərindən
istifadə edib bu məsələni qaldırsın".
"Hərbi prokuror Xocalı faciəli barədə
hesabat versin"
Millət vəkili Cəmil Həsənli
iki həftədən sonra 17-ci ildönümü tamam olacaq
Xocalı soyqırımıyla bağlı Hərbi
Prokurorluğun hansı araşdırmaları aparmasıyla
maraqlandı və hərbi prokurorun bu məsələylə əlaqədar
hesabat verməsinin gələn iclasın gündəliyinə
salınmasını vacib saydı. O, yüksək mərtəbəli
və istilik sistemləri olmayan binalarda qazdan istifadədə təhlükəsizlik
tədbirlərinə də toxundu: "Bəs o binalarda
yaşayan insanlar nə ilə qızınmalıdırlar?
Günümüzdə tikilən yüksək mərtəbəli
binalarda da istilik sistemi nəzərdə tutulmayıb". Cəmil
Həsənli insanlara 5-10 ilin işıq, qaz borcları ilə
bağlı yüksək məbləğin əksini
tapdığı bildirişlərin gəlməsinə də
diqqət çəkdi: "Bu məsələyə də
son qoyulmalıdır".
Fərqli təşviqat
qruplarının qeydiyyata alınması üçün Milli
Məclisin Mərkəzi Seçki Komissiyasına xahiş
ünvanlamasını istəyən millət vəkili Pənah
Hüseyn diqqəti son günlər Hərbi Prokurorluğun Ermənistanın
hərbi təcavüzü zamanı baş vermiş cinayətlərlə
bağlı yaydığı məlumata yönəltdi:
"Həmin siyahıda Robert Köçəryanın, Serj Sərkisyanın
adı yoxdur. Prokurorluq siyasi orqan deyil. Hərbi Prokurorluğun
bu məsələyə aydınlıq gətirməsini
xahiş edirəm". O, Türkiyə türkcəsində
yayımlanan film və proqramlara qadağa qoyulmasının
qnunvericiliklə əlaqələndirilməsini də doğru
saymadı: "Qanunvericilikdə Türkiyə türkcəsinin
Azərbaycan türkcəsinə tərcümə edilməsilə
bağlı imperativ tələb yoxdur".
Əhəd Abıyev də
şəbəkə biznesindən şikayətləndi:
"İnsanlardan yüz min manatlarla pul yığırlar.
Adını da qoyurlar ki, xaricdəki uşaq evlərinə
kömək edirik. Əgər belədirsə, niyə Azərbaycandakı
uşaq evlərinə həmin yardımdar verilmir?"
Siyavuş Novruzov Pənah
Hüseynin təşviqat qruplarının Milli Məclisin
xahişiylə MSK-nın qeydiyyata alması yönündə
təklifinə reaksiya verdi: "MSK-a xahişlə təşviqat
qruplarını qeydiyyata almır, Seçki Məcəlləsinin
tələblərini əsas götürür". O, Hərbi
Prokurorluğun Xocalı ilə bağlı
qaldırdığı cinayət işində Robert
Köçəryanın, Serj Sərkisyanın və digərlərinin
adlarının olduğunu da söylədi.
"Parlament televiziyasının yaradılmasına
ehtiyac var"
Elmira Axundova deputatların fəaliyyətinin
kütləvi informasiya vasitələrində, xüsusən
telekanallarda işıqlandırılmadığı qənaətindədir.
O, Gürcüstanda parlamentin, millət vəkillərinin fəaliyyətini
işıqlandırmaq, siyasi partiyaların pulsuz
debatının efirə verilməsi üçün ikinci
ictimai kanalın yaradılacağını xatırlatdı:
"Azərbaycanda da parlament televiziyasının, yaxud ikinci
bir İctimai Televiziyanın yaradılmasına ehtiyac var. Bu məsələ
tək spikerin üzərinə düşməsin. Millət vəkilləri
imza yığaq və Milli Televiziya və Radio Şurasına
müraciət edək".
Oqtay Əsədov dedi ki,
Elmira Axundovanın çıxışı məhz spikerin
telekanal açmaq istəyinin olduğu anlamı verir: "Məsələni
mənim boynuma qoydunuz. Milli Məclisin daxili televiziyası
var". Pənah Hüseyn yerindən replika ataraq "o
televiziyanı göstərin, dediyiniz kameradır" dedi.
Spiker də orjinal cavab verdi: "Pənah bəy, sizin
çıxışınızın hamısı həmin
daxili televiziyada göstərilir. Əgər televiziya
olmasaydı, mikrafona iki dəfə vurardınız,
qabağınızda durmaq olmazdı".
Vitse-spiker Bahar Muradova da Pənah
Hüseynin referendumla bağlı təşviqat
qruplarının qeydiyyatı barədə söylədiklərinə
toxundu: "Həmin qrupların qeydiyyatı qanunla müəyyənləşir.
Digər tərəfdən, az əvvəl bir qrup müxalifət
partiyaları Milli Məclisə müraciət etmişdi ki,
referendum qərarı ləğv edilsin. Hər kəs qanunla
göstərilmiş qaydada vaxtında hərəkət etməlidir".
Bahar Muradova türkcənin
türkcəyə tərcüməsinə haqq
qazandırdı. O, MTRŞ-in xarici radiostansiyalarla bağlı
qərarının da qanundan qaynaqlandığını
vurğuladı. Daha sonra gündəlikdəki məsələlərin
müzakirəsinə keçildi.
Maliyyə monitorinq qurumu yaradılacaq
Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu daimi komissiyasının sədri
Əli Hüseynov üçüncü oxunuşa
çıxarılmış "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" qanun layihəsi barədə məlumat verdi.
Avropa Şurasının qanunun qəbulu prosesində xüsusən
maraqlı olduğunu nəzərə çatdıran Əli
Hüseynov maliyyə nəzarəti orqanının fəaliyyətindən
sahibkarların əziyyət çəkəcəyilə
bağlı narahatlıqları aradan qaldırmaq
üçün layihəyə bir sıra dəyişikliklər
edildiyini dilə gətirdi. Maliyyə nəzarətindən
keçəcək pulun minimum məbləğini və əmlakın
dəyərini müvafiq icra orqanı müəyyənləşdirəcək.
Maliyyə əməliyyatını həyata keçirəcək
şəxs bu barədə müvafiq icra qurumuna məlumat verməlidir.
Cinayət yolu ilə əldə edilmiş pulla bağlı
maliyyə əməliyyatını maliyyə monitorinq qurumu 72
saat ərzində dayandıra bilər. Bu müddət də
iki iş günündən çox deyil. Əli Hüseynova
görə, operativ araşdırma aparılması
üçün Prsessual Məcəlləyə də düzəlişlər
edilə bilər.
Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin sədri Rüfət
Aslanlı da qanunun sahibkarlar üçün hər hansı təhdid
yaratmadığını düşünür: "Gələn
həftə cinayət yoluyla əldə edilmiş pul vəsaitləri
və digər əmlakın leqallaşdırılmasına
qarşı mübarizə aparan Avropa Şurasının
müvafiq qurumunun iclası olacaq. Həmin iclasa qədər
qanunun qəbulu yaxşı olardı". Layihə səsverməyə
çıxarılaraq qəbul edildi.
"Ədliyyə Nazirliyi hüquqları pozulmuş bələdiyyələrə
yardım göstərmir"
Millət vəkilləri bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın-Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
İş üzrə Mərkəzinin rəhbəri Vilayət
Zahirovun hesabatını da dinlədilər. Regional siyasət
daimi komissiyasının sədri Arif Rəhimzadə Ədliyyə
Nazirliyinin işinin ildən-ilə təkmilləşdirdiyini
söyləsə də, iradını da gizlətmədi:
"Ədliyyə Nazirliyi bələdiyyələrin
hüquqları pozulduğu halda məsələyə
müdaxilə etməlidirmi? Bu, nazirliyin səlahiyyətlərini
aşması kimi qiymətləndirilə bilərmi? Yox. Ədliyyə
Nazirliyi bu vaxta qədər hüquqları pozulmuş bir bələdiyyəyə
də yardım etməyib, "bu, bizim səlahiyyətlərə
aid deyil", deyiblər. Bələdiyyələrin parlament
qarşısında hesabat verməsi müvafiq qanunvericiliklə
tənzimlənməlidir. Bu işdə Ədliyyə
Nazirliyinin fəal iştirak etməsini istərdik".
Elmira Axundovanın fikrincə,
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
İş üzrə Mərkəzinə 1600 şikayət
daxil olubsa, bələdiyyələrin yol verdikləri pozuntu
halları bundan 10 dəfə çoxdur. Bələdiyyələr
əsasən süni torpaq mübahisələri yaradırlar.
Digər tərəfdən, son vaxtlar bir sıra mədəniyyət
və incəsənət obyektləri bələdiyyələrə
verilir. Ancaq bələdiyyələr ya onlarla maraqlanmır, ya
da həmin mədəniyyət və incəsənət
oybektlərini gəlir götürmək məqsədiylə
biznesmenlərə icarəyə verirlər: "Bələdiyyələrdə
ali savad məsələsində də problem var. Məsələn,
Masallıda 1401 bələdiyyədən yalnız 40-nın sədri
ali təhsillidir. Həm də bələdiyyələr vergi
yığa bilmirlər". O, avtomobillərin texniki
baxışdan keçirilməsi səlahiyyətinin də
Dövlət Yol Polisindən alınaraq, bələdiyyələrə
verilməsini lazım sayır: "2002-ci ilə qədər
həmin səlahiyyət bələdiyyələrdə
olub".
Bələdiyyə sədrləri bir-birlərinin
adına torpaq keçirirlər
Gülər Əhmədova
xüsusən Bakıdakı bələdiyyə sədrlərinin
bir-birinin adına qarşılıqlı olaraq böyük
torpaq sahələri keçirərək sənədləşdirdiklərini
söylədi. Pənah Hüseyn Sabirabadda bələdiyyənin
tapşırığını yerinə yetirən şəxsləri
polislərin döyməsindən şikayətləndi. O,
Bakı Şəhər Baş Polis İdarəsinə pasport
məsələsilə bağlı müraciətinə verilən
cavabı da nəzərə çatdırmağı zəruri
saydı: "Rafiq Abbasov mənə yazıb ki, həmin şəxsin
atası Gürcüstan, anası Azərbaycan vətəndaşı
olduğu üçün pasport verilmir. Cənab generalın nəzərinə
çatldırıram ki, Azərbaycan qanunvericiliyi bunun əksini
deyir". O, bələdiyyələrin icra hakimiyyətinin
qoçuları funksiyasını yerinə yetirdiyini bildirdi.
Azay Quliyev icra qurumları ilə
bələdiyyələrin səlahiyyətinin qanunla bir daha dəqiqləşdirilməsini
zəruri sayır. Deputat təklif edir ki, şəffavlıq
üçün hər bir bələdiyyənin İnternet
saytı yaradılsın. AVP sədri Fəzail Ağamalı
Ramana Südçülük Sovxozunun ərvazisində
yaşayan 5 min insanın problemindən söz açdı:
"Onlar nə etməlidirlər ki, inzibati ərazi vahidi
formalaşsın, öz bələdiyyə sədrlərini
seçsinlər?"
Mübariz Qurbanlı
xırda bələdiyyələrin birləşdirilməsini
zəruri sayır: "Elə kənd var ki, 8 bələdiyyəsi
mövcuddur".
Sonda hesabat səsverməyə
qoyalaraq qəbul edildi.
Xalq cəbhəsi.-
2009.- 11 fevral.- S. 9.