"Teatr bütün dövrlər
üçün müasirdir
"
İnqilab
Kərimov: "Teatr ictimai həyatımızda
baş verən hadisələri özündə
əks etdirir"
Azərbaycan teatrı yarandığı 135 ildən artıq dönəmdə böyük bir inkişaf yolu keçib. Milli teatrımız böyük yaradıcılıq ənənələrinə, zəngin təcrübəyə malikdir. Teatrımızın problemləri indi şübhəsiz, daha çox mövzu sarıdandır.
Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü İnqilab Kərimov deyir ki, hər bir dövrün özünə xas problemləri olur: "Teatr hədsiz həssas bir sənət növüdür. Bu səbəbdən də teatr həmişə ictimai həyatımızda baş verən hadisələri özündə əks etdirir. Bir vaxtlar Azərbaycan teatrında aktrisa problemi vardı. Hətta azərbaycanlı qadınlar teatr tamaşalarına belə gedib baxa bilməzdilər. H.Z.Tağıyevin həyat yoldaşı Sona xanım ilk azərbaycanlı qadın tamaşaçı olmuşdu. Bu hadisə cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Sonradan teatrlarda örtülü lojalar əmələ gəldi. Hələ 1909-cu ildə Minasazov yazırdı ki, teatrın imkanlarını artırmaq, aktyorları maddi cəhətcə təmin etmək lazımdır. Aktyor öz teatrına möhkəm bağlanmalıdır".
Hazırda ömürlərdə qeyri-adilik azalır. Təəssüf ki, əvvəlki Azərbaycan aktyorlarının insanlıq və sənətkarlıq xüsusiyyətləri bugünkü aktyorlarımız tərəfindən istənilən səviyyədə yaşadılmır, nəticədə yaxşı ənənələr itir. Bu gün Azərbaycanda aktyor, müğənni, şair kultu pis formada yaradılır, insanlar isə bunları sanki bir normal ölçü hesab edir: "Cahangir Zeynalov, Mirzağa Əliyev komediya aktyorları idilər. Xaraktercə ciddi adam olan Mirzağa Əliyev səhnəyə çıxan kimi camaat ona gülürdü. Ələkbər Ələkbərov həm faciə, həm də komediya aktyoru idi. Cavanlar ona böyük hörmət bəsləyirdilər. Sənət və şəxsiyyət məsələsi həmişə biri-birilə sıx bağlı olub. Bir vaxtlar Əbülfətvəli adlı aktyor vardı. Deyirdi ki, aktyor səhnədə bir gün şah, o biri gün qatil, başqa bir gün isə dilənçi obrazlarını yaradır, cilddən-cildə girir. Amma həyatda şəxsiyyəti daim ali olmalıdır ki, insanlar ondan nümunə götürə bilsinlər. Gərək aktyor şəxsiyyəti xırdalanmasın".
Azərbaycan teatrının səhnəsində Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi nəhəng sənətkarların əsərləri daim oynanılıb. Bu gün də onların yaradıcılığına müraciət edilir. Şübhəsiz, güclü dram əsəri olmasa, böyük teatr yaranmaz. Azərbaycanda dramaturgiyanın özümüzəməxsus ənənəsi var: "Dram əsəri yazmaq həddindən artıq çətindir. Bu janrın özünün estetik prinsipləri var. Roman, povest, hekayə və başqa janrlarla bunu qətiyyən müqayisə etmək mümkün deyil. Tamaşanın hazırlanması uzun çəkən bir prosesdir. Əsas məsələ pyesin yazılması, dramaturji və bədii keyfiyyətlərinin nə dərəcədə üstün olmasıdır".
Cəfər Cabbarlının sabaha qalan əsərləri "Aydın", "Oqtay Eloğlu" və "Od gəlini" olacaq. O, bu əsərlərində bir dramaturq olaraq dahi konfliktçidir. C.Cabbarlıya münasibət bildirən İ.Kərimov deyir ki, 30-cu illərdə Cəfər Cabbarlı sovet ideologiyasına tapınsa da, Cavid öz yolu ilə getdi. Lakin buna baxmayaraq, Cəfər Cabbarlı da böyük sənət əsərləri yarada bildi: "Hər şeydən əvvəl teatr yüksək sənətkarlıq mövqeyindən çıxış etməlidir. Digər tərəfdən də hər bir teatr mənsub olduğu xalqın mentalitetinə uyğun hərəkət etməlidir. Teatr bütün dövrlər üçün müasirdir. Ümumiyyətlə, Azərbaycan teatrının son illər səhnələşdirdiyi əsərlərin, mən deyərdim, əksəriyyəti sözün əsl mənasında xalqın irəliləyişinə xidmət edir. Heç zaman ola bilməz ki, hazırlanan bütün tamaşaların səviyyəsi yüksək olsun".
Tanınmış aktyorlarla bağlı tənqidi yazılarına reaksiya ilə bağlı danışan teatrşünas deyir: "Lütvəli Abdullayevlə Nəsibə Zeynalovanı demək olar, heç vaxt tənqid etməyiblər. Onları ilk dəfə mən tənqid etmişəm. Yazımda səhnə mədəniyyəti prizmasından çıxış etmişdim. Hər həftənin şənbə, bazar günləri "Ulduz" tamaşasından səhnəciklər göstərilirdi. O qədər şit, artıq, lazımsız hərəkətlərə yol verdilər ki, səhnə mədəniyyəti tamam unuduldu. Yazı böyük reaksiya doğurdu. Bu sənətkarlarımız məndən incisələr də, sonradan səhnə mədəniyyətində yad hərəkətlər təkrar edilmədi. Bir vaxtlar istedadlı aktyor Məlik Dadaşovu da tənqid etmişəm. O vaxtı Şeyx Nəsrullahı oynayırdı. Ümumiyyətlə, aktyorun səhnədə yalnız özünü göstərməyə cəhd etməsi yolverilməzdir". Televiziya, kino nə qədər inkişaf etsə də, teatr teatr olaraq qalacaq: "Teatr sənətinin özünəməxsus ümdə xüsusiyyəti var. Televiziyada, kinoda tamaşaçı ilə kölgələr danışır. Teatrda isə sən canlı insanla ünsiyyətdə olursan. Bu səbəbdən teatr həmişəlikdir. Bu gün telekanalları ancaq reklam düşündürür. Bir vaxtlar Sara Qədimova səhnəyə çıxıb bir mahnını oxumaq üçün altı, yeddi nəfər qarşısında çıxış etməli olurdu. O vaxtlar sənətkarların məsuliyyəti çox böyük idi. Şəxsən mən teatrlarımızın sabahına nikbin baxıram. Bütün teatrların tarixində enib-qalxmalar olub. Təsəvvür edin ki, 1950-70-ci illərdə "Azdrama"da müəyyən əsərləri çıxmaq şərti ilə demək olar, konfliktsiz dram əsərləri tamaşaya qoyulub. Bu səbəbdən də Adil İsgəndərov tənqidlərə çox məruz qalırdı. İndi əvvəlki dövrlərlə müqayisədə teatrşünaslığın səviyyəsi xeyli yüksəlib. Hazırda teatrşünaslıq təkcə tənqidi məqalələrlə məhdudlaşmır. Bu sahə teatrın özü kimi mürəkkəb bir keyfiyyətə malikdir. Özündə teatrın tarixini, tənqidini, nəzəriyyəsini birləşdirir. Əgər əvvəlllər teatr tənqidində ara-sıra filoloqlar çıxış edirdilərsə, indi bu işlə ardıcıl məşğul olan teatrşünaslar var. Onların elmi-nəzəri səviyyələri daha da yüksəlib. Bu sahədə sanballı kitablar əmələ gəlib. Gərək tənqidi dramaturqa, rejissora ya da aktyora mədəni şəkildə deyəsən. Hiss edilməlidir ki, sən tənqid etdiyini sevirsən, qiymətləndirirsən. Teatr tənqidçinin evidir, dərinə gedəndə tənqid obyekti deyil. Onun doğma yaradıcılıq guşəsidir".
"Teatr məbəddir" deyirlər. İnsanın həyatda görmək istədiklərinin səhnədə rəmzləşdirilməsi, insanların arzularına doğru ümidlə getmələrində teatrın əhəmiyyəti böyükdür. Teatr ümumiyyətlə, bütün xalqların həyatında müstəsna rol oynayıb. Amma təəssüf ki, səhnədəki gözəl istəklər tarixin bütün dövrlərində elə səhnədə də istək olaraq qalıb, ömürlərdə reallığını tapmayıb. Nə qədər acı olsa da bu, həqiqətdir ki, dünən müdrik bir insan rolunu yaradan aktyor müəyyən dövrdən sonra axmaq, səfeh, satqın bir şəxsin obrazını yaradıb. Yenə də burada əsas məqsəd insanlara pisi və yaxşını rəmzləşmiş şəkildə göstərmək, insanı daxilən təmizləmək olub.
Azərbaycan teatrının mövcudluğu şübhəsiz ki, cəfakeş sənət fanatlarının hesabına mümkün olub. Belə cəfakeş sənətkarlardan biri də aktyor Məhəmməd bəy Əlvəndidir.
Bu dövrdə peşəkar aktyorların istənilən səviyyədə olmaması təbii idi. Məhz belə bir zamanda professional aktyorların birdən-birə yetişməsi də mümkün deyildi. İ.Kərimov hesab edir ki, müasir ölçülərlə yanaşsaq, M.Əlvəndi həvəskar bir aktyor idi: "Burada heç bir qəribəlik yoxdur. Çünki inqilabdan əvvəlki Azərbaycan teatrını yaradıb inkişaf etdirən ziyalılar məhz həvəskar olmuşdular. Peşə sahibi olmaq baxımından Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla professional aktyor sayılırlar. Onlar səhnəyə müqəddəs məbəd kimi baxır, peşəni səhnə fəaliyyətində görür, heç yerdə işləmir, əsasən teatr truppasının əldə etdiyi gəlirdən paylarına düşən cüzi təminatla dolanırdılar.
Məhəmməd bəy Əlvəndi
dövrünün mütərəqqi
fikirli ziyalıları,
xüsusən Əbülfət
Vəli, Hüseyn Ərəblinski, Mehdi bəy Hacınski, Cahangir Zeynalov kimi aktyor dostları
ilə çiyin-çiyinə duraraq Azərbaycan teatrının
geniş xalq kütləsi içərisində
nüfuzunun artmasına var qüvvəsilə
çalışırdı. Xalq artisti Hacıağa
Abbasovun xatirələrinə
əsaslansaq, o, uca boylu, möhkəm
bədənli, sağlam
düşüncəli bir
şəxs, sözün
əsil mənasında
səhnənin dəlisi
idi. Onun bu dəliliyi ağıllı zəhmətindən
qidalanan qüvvətli
istedadından doğurdu".
Elçin Qaliboğlu
Xalq cəbhəsi.- 2009.- 13 fevral.- S. 14.