Azərbaycanda ilk nitqin tanınması
sistemi yaradılır
"Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk nitqin tanınması sistemi yaradılır. Layihənin əməkdaşı Rauf Fətullayevin "APA-Economics"ə verdiyi məlumata əsasən, nitqin tanınması sistemi dedikdə, mikrofona deyilmiş nitqi kompüterdə yazıya çevirən proqram nəzərdə tutulur. Qeyd edək ki, proqramın təqdimatının
2009-cu ilin sonuna kimi keçiriləcəyi
gözlənilir. R.Fətullayevin
sözlərinə görə,
nitqin tanınması sistemləri həmçinin
gələcəkdə kompüterlərin,
avtomobillərin, robotların
və digər qurğuların (məsələn, məişətdə istifadə
edilən qurğuların)
Azərbaycan dilində
daha təbii və asan yolla
- nitq vasitəsilə
idarə olunmasını
təmin edəcək:
"Ümumiyyətlə, bu texnologiya bir çox sahələrdə
insanların köməyinə
gəlir - tibb, hərbi sənaye, aviasiya, telekommunikasiya, mobil telefonlar, nəqliyyatda naviqasiya sistemləri, avtomobil sənayesi, "ağıllı"
evlər, əcnəbi
dilin öyrənilməsi,
müasir kompüter oyunları və s."
Qeyd edək ki, bu
cür imkan
"Windows" sistemində mövcuddur, "Dilmanc"
nitqin tanınması sistemi isə Azərbaycan dili üçün ilk analoji
sistemidir. Maşın tərcüməsi sisteminin tərkib hissəsi olmaqla yanaşı, həmçinin
digər proqramlara da mətni mikrofon
vasitəsilə daxil etməyə imkan verəcək.
Ekspert hesab edir ki,
Azərbaycan dilinin morfoloji cəhətdən
zəngin olması nitqin tanınması sistemlərinin yaradılmasında
bir sıra çətinliklər yaradır. Elmi araşdırma tələb
edən sahələrin
çox olmasına baxmayaraq, problemlərin bir çoxu artıq həll edilib və bu il nitqin tanınması sisteminin ilkin versiyasının təqdimatı
gözlənilir.
Layihənin direktoru Əbülfət Fətullayevin sözlərinə
görə isə, nitqin tanınması sisteminin mövcudluğu gələcəkdə nitqin
nitqə sinxron tərcüməsi sisteminin
yaradılmasına imkan
verəcək. Belə ki, mikrofona deyilmiş mətn avtomatik yazıya çevrilərək maşın
tərcüməsi proqramına
ötürüləcək. Proqram mətni tərcümə
etdikdən sonra, mətnin səsləndirilməsi
(yazılı mətnin
nitqə çevrilməsi)
sistemi vasitəsilə
yenidən nitqə çevriləcək. "Layihə çərçivəsinə
Azərbaycan dilində
olan mətnin kompüter vasitəsilə
səsləndirilməsi sisteminin
yaradılması üçün
də elmi tədqiqatlara artıq başlanılıb", - deyə
Ə.Fətullayev bildirib.
Bundan əlavə, "Dilmanc"
maşın tərcüməsi
sisteminin tərcümə
keyfiyyətinin yüksəldilməsi
üzərində də
elmi araşdırmalar
aparılır. Ə.Fətullayev
həmçinin qeyd edib ki, bu
il tərcümə
sisteminin arxitekturasının
yenidən qurulması
və dünyada maşın tərcüməsinə
mövcud yanaşmalardan
eyni zamanda istifadə edən hibrid yanaşmanın yaradılması üzərində
iş aparılacaq. Bu səbəbdən sistemin bir müddət
yeni versiyasının
buraxılmayacağı gözlənilir.
"Bütün yuxarıda sadalanan texnologiyalar - maşın tərcüməsi,
nitqin tanınması,
mətnin səsləndirilməsi,
sinxron tərcümə
və s. - xalqımızın
əcnəbi dildə
olan geniş informasiya mənbələrinə
çıxışını, informasiya mübadiləsini
asanlaşdıracaq və
intellektual kompüter texnologiyalarının yaratdığı
geniş imkanlardan Azərbaycan dilində istifadə etməsinə imkan yaradacaq", - deyə layihənin direktoru vurğulayıb. Layihənin
2009-2012-ci illərdə həyata
keçirilməsi nəzərdə
tutulur, ilkin mərhələdə Azərbaycan-ingilis,
ingilis-Azərbaycan versiyaları
hazırlanacaq, gələcəkdə
isə tələbat olduqda digər dillərə tərcümə
sistemi hazırlana bilər.
Xalq cəbhəsi.- 2009.- 13 fevral.- S. 14.