ABŞ-ın qarşılıqlı radio-yayım təklifi öyrənilir

 

 Aydın Mirzəzadə: "Bu o deməkdir ki, Vaşinqton "Azadlıq", "Amerikanın səsi" BBS-nin Azərbaycanda xarici radiostansiya kimi yayıldığını qəbul edir"

 

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ötən gün diqqət çəkən açıqlama verib. O bildirib ki, xarici radiostansiyaların fəaliyyətilə bağlı məhz Beynəlxalq Yayım Şurasının təmsilçiləri, idarəçiləri bu həftə Azərbaycana təşrif buyurublar, çox geniş tərzdə görüşlər, müzakirələr keçiriblər. O hesab edir ki, bu müzakirələr çox məhsuldar olub. Həmin qrup beynəlxalq və ikitərəfli sazişin versiyasını hazırlayaraq Azərbaycan hökumətinə təqdim edib və bu ilkin versiyada məhz sözügedən radiostansiyaların öncə olduğu kimi fəaliyyətlərinin bərpasını nəzərdə tutan məqamlar var: "Dövlətlərarası sazişin ilkin variantında Azərbaycanın yayımçılarına da ABŞ-ın FM dalğaları və orta dalğalarında yayım aparmaq imkanlarını nəzərdə tutan məqamlar mövcuddur.

Azərbaycan yayımçılarının Azərbaycan, ingilis dillərində öz yayımlarını ABŞ məkanında həyata keçirmək fikri ideyası, həqiqətən, məni çox məmnun edir. Məhz Azərbaycan yayımçılarının bizim media məkanında, mühitində fəaliyyət göstərməsi ABŞ-ın özünün media mühitinin, məkanının zənginləşməsinə, Amerika vətəndaşlarının Azərbaycan barədə daha dolğun, müfəssəl məlumat almasına kömək edər. Bizim təkliflər hazırdır, Azərbaycan hökumətinin buna reaksiyasını gözləyirik. Biz bu istiqamətdə öz fəaliyyətimizi bundan sonra böyük əzmkarlıq göstərərək davam etdirəcəyik bu məsələnin müsbət, konstruktiv həllinə böyük ümidlər bəsləyirik".

Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu təkliflərin öyrənildiyini bildirib.

Qeyd edək ki, qarşılıqlı yayım məsələsi Rusiyanın ORT telekanalının Azərbaycan ərazisində yayımı dayandırılan zaman da gündəmə gəlmişdi. Amma rus hökuməti bir müddət müzakirələr aparsa da, sonda bununla razılaşmadı. ORT-nin ölkəmiz ərazisində yerüstü tezliklərlə yayımı dayandırıldı. Bəs indi Azərbaycan Beynəlxalq Yayım Şurasının, ABŞ-ın qarşılıqlı yayımla bağlı təklifinə müsbət reaksiya verə bilərmi?

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınldakı (AŞ PA) nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyir ki, bu məsələ bizim üçün yenidir. Yəni ilk dəfə xarici bir ölkə Azrbaycana milli tezliklərdə qarşılıqlı surətdə radio yayımı təklif edir. Aydın Mirzəzadəyə görə, bu təklif dərindən öyrənilməlidir. Ann Dersinin dediyi kimi məsələ hökumətdə ciddi öyrənilir. Bununla bağlı təcrübə öyrənilməlidir, sonra qəti söz deyilə bilər: "Birmənalı demək çətindir ki, təklif Azərbaycan üçün sərfəlidir, yoxsa yox. Hər halda təklifi öyrənmək lazımdır. Bir tərəfdən, qanunlarımıza görə milli tezlik, radio sferamız qorunmalıdır. Digər tərəfdən, hər hansı xarici ölkə bunu qarşılıqlı şəkildə təklif edirsə, məsələyə baxılmalı, götür-qoy edilməlidir. Sonra məsələ barədə qəti fikir söyləmək olar". AŞ PA-dakı nümayəndə heyətinin üzvü bildirdi ki, Azərbaycan davranışıyla özünə hörmətlə yanaşılmanın vacibliyini ortaya qoyur. ABŞ hökuməti belə bir təkliflə çıxış edirsə, maraqlıdır. Bu o deməkdir ki, ABŞ "Azadlıq", "Amerikanın səsi" BBS-nin Azərbaycanda xarici radiostansiya kimi yayıldığını qəbul edir: "Azərbaycan daxilində bəzən onların qanunsuz bağlandığı buna xarici ölkələrin kəskin reaksiya verəcəyi barədə informasiyalar verilir. Amma göründüyü kimi, ABŞ bu qərarın qanuniliyini görür variant təklif edir. Həmin varainta görə, Azərbaycan radiosu Amerikada, Amerika radiosu Azərbaycanda yayımlanmalıdır. Baxmayaraq ki, bəzən BBS-nin adını çəkirlər. BBS ABŞ yox, Böyük Britaniyanın radiosudur. Böyük Britaniyadan da Azərbaycana təklif gəlməyib. Mən bir daha qeyd edirəm ki, məsələni həm texniki, həm informasiya mütəxəssisləri öyrənməlidir. Bundan sonra qəti söz deyilə bilər".

Multimedia İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz qəzetimizə açıqlamasında Azərbaycanın hər hansı radiosunun ABŞ ərazisində yayımını gerçəkləşdirməyin çətin olmadığını söylədi: "Əsas tezlik məsələsidir. ABŞ-da belə bir tezlik resursu verilərsə, ABŞ-da mindən çox yayımçı var. Həmin yayımçılarla müqavilə imzalanacaq və Azərbaycan radiosu sərbəst şəkildə Amerikada yayımlanacaq".

 

 

Ramiz Mikayıloğlu

 

Xalq cəbhəsi.- 2009.- 13 fevral.- S. 9.