Elmi şəkildə əsaslandırılan türkəçarəyə tələbat artır

 

       Fərid Ələkbərli: "Azərbaycanda tibb elminin tarixi eradan əvvəl 4-cü minillikdən hesablanır"

 

Tarixən həyatın əksər sahələrində böyük irs yaratmış Azərbaycanın təbabət sahəsində özünəməxsus yeri hələ buvaxtacan istənilən səviyyədə qiymətləndirilməyib. Həmsöhbətim - tarix elmləri doktoru, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri, araşdırmaçı Fərid Ələkbərli deyir ki, "orta yüzil əlyazmalarında qədimdən bəri işlənilmiş dərman bitkilərinin adları çəkilir. Hazırda həmin adlar işlənilmir. Ona görə də müasir lüğətlərdən o adları tapa bilməyəcəksiniz. Həmin dillər əsasən ərəb, fars, hind, çin, türk dillərində və s.-də verilir. Tibbi terminlərin qədimdə işlənilən mənasını bilmək üçün həmin dövrdə işlənilən sözlərin mahiyyətindən xəbərdar olmaq gərəkdir. Məsələn, 17-18-ci yüzillərdə tərtib olunmuş lüğətlərdə bir tibbi terminin neçə dildə məqsədli şəkildə qarşılığı verilir. Üstəgəl həmin dərman bitkisinin bütün xüsusiyyətləri səlis şəkildə sadalanır. Əslində bu cür kitablar izahlı lüğətlərdir. O bitkinin hansı növə aid olmasını bilmək üçün araşdırıcının mütləq botanikadan başı çıxmalıdır. Zəngin Şərq təbabətinin bütün izləri həmin əlyazmalarda öz ifadəsini tapıb".
Digər maraqlı məqama toxunan F.Ələkbərli bildirir ki, qədim tibbi əlyazmalarda tibbi fəlsəfəyə aid çoxlu məsələlər var. Tarix, coğrafiya elmlərindən baş çıxarmaq da bu mənada tədqiqatçı üçün çox vacibdir: "O əlyazmalarda keçmişdə yaşamış xalqların, mövcud olmuş dövlətlərin müxtəlif xüsusiyyətləri haqqında məlumatlar verilir. Həmçinin dini mənbələrdə bu yöndə xeyli məlumatlar var". Azərbaycan türkcəsində tibbi yöndə əlyazmalara gəlincə, F.Ələkbərli deyir ki, belə əlyazmalar var. Özü də türkcə xeyli tibbi terminlər mövcuddur: "Belə terminlər xəstəliklərin adları ilə bağlı heç də az deyil. Məsələn, Şirvani "Tibbnamə" əsərində epilepsiyanı "uçuq" adlandırır. Bu, xəstəliyin adının çox düzgün tapılmasından soraq verir.

Həmçinin bu əsərdə "uçuqlamaq" sözü də var. "Qızılca" da türk sözüdür. Orta əsr mənbələrində elə adlar var ki, onların adları ancaq türkcə verilir. Qədim əlyazmalarda dərmanların adlarının bir neçə dildə təqdim edilməsinin bir əsas səbəbi var idi: müxtəlif ölkələrdə bu kitablar yayılırdı. Bir dərmanın adının müxtəlif dillərdə təqdimi onun dünyanın çox yerində tapılmasına əhəmiyyətli dərəcədə kömək edirdi. Orta yüzil tibbi mövzuda yazılmış əlyazmalarda ən azı 27 dildə məlumat verildiyinin şahidiyəm. Məsələn, Məhəmməd Mömünün "Töhvətül-mömünün" əsərində yalnız türkcə "qarağat" adlı dərmanın adı çəkilir. Ərəbistanda "qarağat" adlı bitki bitməyib. Bu bitkidən daha çox türklər istifadə ediblər. "Qurud" adı da soydaşlarımıza yaxşı tanışdır. Mədə xəstəliklərinin müalicəsində quruddan tarixən geniş istifadə edilib. "Kəkli kotu" barədə müxtəlif qənaətlər var. Deyirlər ki, doğrudan da mədə kəklik quşuna oxşadığı üçün onun adı buradan götürülüb. Bəziləri də deyir, o otu kəkliklər yediyinə görə adı buradan götürülüb. Hesablamışam, qədim farsdilli əlyazmalarda 1000-ə qədər fars, 700-ə qədər ərəb, 500-ə qədər də türkdilli tibbi terminlərə rast gəlmişəm".

Bu gün təbabət əvvəlki dövrlərdən təsəvvürə gəlməz dərəcədə inkişaf edib. Amma qəribəlik burasındadır ki, digər tərəfdən də təbabət daim yeni yaranmaqda olan xəstəlikləri qətiyyən yenə bilmir. Hazırda əczaçılıq sənayesi geniş inkişar tapıb. Amma bütün bunlara baxmayaraq həqiqətdir ki, dərmanlar insan orqanizminə xeyir verdiyi dərəcədə də ziyan gətirir. Bu, onu sübut edir ki, artıq Azərbaycanda qədim ənənələrə malik olan türkəçarələrə elmi yöndə əsaslanmaqla yenidən qayıtmaq gərəklidir. F.Ələkbərli deyir: "Bəşəriyyət əvvəlkindən daha ciddi-cəhdlə türkəçarəyə qayıdır. Artıq görürlər ki, gündəlik istifadə olunan dərmanlarla çoxsaylı xəstəliklərin qarşısını almaq mümkün deyil. ABŞ-da təbii dərman bitkilərinin hazırlanması prosesinə xüsusi şəkildə diqqət yetirilir. Dərman bitkilərinin ekoloji cəhətdən təmiz olması ilkin tələblərdən biridir. Müəyyən hallarda bu dərman bitkiləri xüsusi plantasiyalarda yetişdirilir. Əgər dərman bitkisi ekoloji cəhətdən təmiz yerdə yetişmirsə, aydındır ki, onun orqanizmə verdiyi xeyirdən çox ziyanı olacaq. Torpaq zəhərləndikdə ilk növbədə fəsadlı təsirini onun üzərində böyüyən bitkilərə göstərir. Avropada da təbii dərman bitkilərindən geniş şəkildə istifadə edilir. Azərbaycanda türkəçarədən istifadənin qədim tarixi var. Amma təəssüf ki, son vaxtlar Azərbaycanda ekoloji gərginliyin artması ölkənin bütün regionlarında təbii bitkilərin tibbi qaydaya müvafiq yığılmasını mümkünsüz edir. Hazırda qərb ölkələrində təbii dərman bitkilərindən istifadə qaydalarına dair dünyada qəbul edilən nüfuzlu elmi jurnallar çap edilir. Həmin jurnallarda dəfələrlə Azərbaycanın tibb tarixinə dair elmi məqalələr çap etdirmişəm. Adətən belə jurnallarda dünyanın müxtəlif ölkələrindən gələn elmi materiallar yığılır, ən yaxşıları çap olunur. Məsələn, belə jüurnalların biri ancaq çətənə bitkisinin müalicəvi xüsusiyyətlərindən bəhs edir. Çətənə narkotik maddədir. Amma onun bir çox müalicəvi xüsusiyyətləri var. Təbiidir ki, çətənədən narkotik vasitə kimi istifadə edilməsi xüsusi şəkildə yolverilməz hesab edilməlidir. Qədim təbabətin təqdir etdiyi bir cəhət bu gün də elmi şəkildə təsdiqini tapıb. Sübut edilib ki, miqren xəstəliyinin müalicə edilməsində çətənədən hazırlanmış preparatlar müsbət müalicəvi təsir göstərir. Məlumdur ki, miqren uzun müddət davam edən dəhşətli baş ağrıları ilə müşayət edilir. Adi baş ağrısı miqrendən fərqli olaraq bu və ya digər anoloji dərmanın köməkliyilə kəsir. Amma miqren uzun müddət davam etdikdən sonra görürsən, qəfil dayanır. Çətənədən hazırlanmış preparatlar bu mənada narkotik tərkibli deyil. Sadəcə, bu tipli dərmanların tərkibində ağrıkəsici xüsusiyyətlər var. Amerikada bu yöndə hazırlanmış dərmanlar uğurla sınaqdan keçirildi. Dazıotu haqqında da danışmaq istəyirəm. Azərbaycan təbiətində dazıotuna çox geniş şəkildə rast gəlinir. Bu bitkidən Azərbaycanın təbabət tarixində əsəb, sinir sistemi xəstəliklərinn müalicəsində müvəffəqiyyətlə istifadəsinə dair kifayət qədər məlumatlar var. Əlyazmalarda da bu ot beləcə təqdim edilir. ABŞ-da aparılan elmi tədqiqatlar nəticəsində sübut edilib ki, dazıotu depressiya xəstəliyinin müalicəsində çox güclü bir dərman kimi istifadə edilə bilər. Məlumdur ki, insan qəfildən, haradasa heç bir səbəb olmadan ruh düşkünlüyünə qapılır, iradi keyfiyyətdən asılı olaraq bu, uzun müddət də davam edə bilər. Depressiya səbəbli və səbəbsiz ola bilər. İnsan hətta son nəticədə intihar məqamına da gəlib çıxa bilər".

Araşdırmaçı bu qənaətdədir ki, təbii bitkilərdən istifadə edilməsi dərmanların toksiki cəhətlərindən xilas olmaq deməkdir: "Sadəcə, depressiyanı aradan qaldırmaq məqsədilə tibb sənayesinin təqdim etdiyi dərmanlar sözügedən problemi aradan qaldırdığı dərəcədə qaraciyərə, eləcə də başqa orqanlara fəsadlı təsir göstərir. Amma dazıotu ümumiyyətlə, orqanizmə ziyan vermir". F.Ələkbərli deyir ki, Azərbaycanda tibb elminin tarixi hələ eradan əvvəl dördüncü minillikdən hesablanır. O dövrə aid tapıntıda kəllə sümüyündə trepanasiya izlərinə rast gəlinib: "Bu, mürəkkəb cərrahi əməliyyatdır. Manna, Atropatena, Midiya dövründə də tibb elmi inkişaf edib. Hazırda institutda 400-ə yaxın tibbi əlyazma saxlanılır. Əvvəllər institutda tibb sahəsinə aid 252 əlyazma vardı. 1990-cı ildən sonra bu çoxsaylı əlyazmaların ana dilimizə çevrilməsi və şərhi yönündə ciddi addımlar atılıb. Bunlardan biri də orta yüzillərdə yaşamış məşhur soydaşımız Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsəridir. Bu kitab qədim türk dilində olub".         

 

 

Elçin Qaliboğlu
 

Xalq Cəbhəsi.- 2009.- 14 fevral.- S.14.