İnsanlara daim sevgiylə yanaşmaq lazımdır"

 

Mərhum aktyor Muxtar Avşarovun 95 illiyinə

 

Onu çoxdan tanıyırdım. Həlim xasiyyəti vardı. Yaşı ötsə , evdə oturmağı sevməzdi. Demək olar, son günə kimi sevdiyi sənətindən ayrılmadı. Xalq artisti Muxtar Avşarov Azərbaycan milli teatr kino tarixində özünəməxsus rollar yaratmışdı. Həyatın hər üzünü görmüşdü. Yaxşı xatırlayıram, onunla sonuncu dəfə ölümündən bir az əvvəl həmsöhbət olmuşduq...

İnsan ömrünün həyata münasibətinin uşaqlıq, gənclik və qocalıq dövrləri olur. O zaman artıq 90 yaşını arxada qoyan Muxtar Avşarovun ömür yoluna, ötüb keçənlərə, həyata münasibəti barədə söhbətləşmişdik.

Sanki bu gün üz-üzəymişik kimi aramla, xəyalla ötüb-keçənlərdən danışırdı: "İnanın ki, bu 91 ilin necə gəlib-keçdiyini bilmədim. Ağıllı-şirinli, fərəhli-kədərli bir ömür yaşamışam. Ömrüm daim qovğalarda, çarpışmalarda keçib. Xatirəmdə bir neçə an xüsusi olaraq əbədiləşib ki, onlar qətiyyən yadımdan çıxmır. Göz açıb məktəbə getdiyim illər, tozlu-torpaqlı küçəmiz, balaca daxmamız, kiçik həyətimiz indi də gözlərimin qabağında kino lenti kimi canlanır. Məktəbi qurtarandan sonra Bakıya gəlmişəm. Nədənsə mən həmişə daha çox yaxşı günləri xatırlamışam. Həmişə yaxşı məqamları xoş bir xatirə kimi yaddaşımda yaşatmışam".

Muxtar Avşarov bir müddət həbsdə də yatmışdı: "27-28 yaşlarımda çox şeylərdən xəbərim olmaya-olmaya "xalq düşməni" damğası aldım. 10 il həbs cəzası verdilər. 5 ildən çoxunu sürgünlərdə, həbs düşərgələrində keçirdim. Nəhayət, işimə yenidən baxıb bəraət verdilər. Çoxlu satqınlıqlar, murdarlıqlar gördüm, amma gəncliyimin ilk günlərindəki yaxşılıq mənə o dərsi verdi ki, həyat nə qədər əzablı- məşəqqətli olsa da, insanlara daim sevgiylə yanaşmaq lazımdır. İnsan başqasına yaxşılıq edəndə bundan fərəhlənir. Gərək başqasına yaxşılığı təmənna ilə etməyəsən. Yaxşılıq ilhamdır, səmimiyyətdir, ən başlıcası isə insani borcdur. Hər adamın çətinliyə dözümü olmur. Səbr edənə Allah da kömək edir. Amma təbii ki, haqsızlığa, tənbəlliyə, nadanlığa səbr etmək olmaz. İnsan mütləq yaxşı əməlinin əvəzini alacaq. Görürsən, birinin qisməti tez gəlir, o birinin gec. Məsəl var, kiminin əvvəli, kiminin axırı. Çoxlu tanıdığım məktəb yoldaşlarım, dostlarım olub ki, onların içərisində cənnətdə üzənlər də vardı. Amma mənim gəncliyimin ən şövqlü dövrü müharibənin ağır illərinə düşüb. 300 qram çörəkdən ötrü 8 saat yer qazmışam, ağac doğramışam, daş sındırmışam. O cənnət içində yaşayanların axırını da gördüm: biri su satan, o biri daşatan, digəri gözətçi oldu. Bu vaxtacan çəkdiyim əzabların, məhrumiyyətlərin əvəzini tale mənə bəxş edib. Ömrümün bir anını belə hədər yerə verməməyə, itirməməyə çalışıram.

Ümumiyyətlə, keçid dövrü çox ağır olur. Sovet dövründə vəziyyət başqa idi. Daim sovet ideologiyası beyinlərə yeridilirdi. Mən hadisələrə obyektiv yanaşmaq istəyirəm. Keçmiş dövranın yaxşı cəhətlərini unutmuram. Yadıma gəlir, babam qolumdan tutdu, Təbrizə məktub yazmağa getdik. İçərişəhərin Qala qapısının yanında bir molla otururdu. Babam diktə elədi, o da ərəb əlifbası ilə məktub yazdı. Təsəvvür edin ki, İçərişəhərdəki ikimərtəbəli binada bir nəfər savadlı adam yox idi. İndi əhalimizin demək olar ki, hamısı savadlıdır. Bizim vaxtımızda oxumağa-öyrənməyə həvəs daha çox idi. Təəssüf ki, indi camaatın oxumağa meyli əvvəlki kimi deyil. Bizim vaxtımızda əlimizə keçən kitabları acgözlüklə oxuyur, başqalarıyla dəyişdirirdik. Bir dəfə Göygölə getmişdik, məktəbdən aparmışdılar. Ağaclardan birinin budağı əyilmişdi, ondan yapışıb yelləndim. Rus qızlarından biri (rus-Azərbaycan məktəbində oxuyurdum) dedi ki, "nostayaşiy Don Kixot". Bu söz yadımda qaldı. Gəldim ədəbiyyat müəllimindən soruşdum ki, Don Kixot kimdir? Güldü, dedi ki, Servantes məşhur yazıçıdır, "Don Kixot" onun romanıdır. Dedi ki, onun kitabını sənə gətirərəm. Kitabı oxudum, ədəbiyyata marağım artdı. İndi hansı oğlanın, qızın əlində bir yaxşı kitab görürsünüz ki, oxuya-oxuya getsin".

M.Avşarov danışırdı ki, ailədə 3 qardaş, 4 bacı olublar: "Bacımın qardaşımın toyları yaxşı yadımdadır. O zaman ciddilik daha çox idi. Gəncənin yaxınlığındakı Kolayı kəndində yaşayırdıq. Təsəvvür edin, böyük qazan asılıb, plov bişirilib. Gözəl bir havadır, hər yan da yaşıllıq... Yerə uzun, enli xalçalar döşənib, üstündə on metrlik süfrə açılıb. Süfrənin üstündə ancaq təbii nemətlər olardı: qatıq, ayran, lavaş çörək, pendir, müxtəlif ət xörəkləri. Olan nemətlərdən hamı yeyəndən sonra qara zurnanın sədaları altında rəqs edərdilər. Sonra gecə yarıyadək aşığın dastan söyləməsinə qulaq asılardı. Cavanlar toy günü at yarışına çıxardılar. Ən yaxşı atın boynuna kəlağayı dolayardılar. Bizim dövrün toyları belə keçib. Kimin nəyə imkanı çatsaydı, süfrəyə onu da düzərdi. İndiklər toy deyil, modabazlıqdır. Bu, pis mənada axına, təsir altına düşməkdir. Təəssüf ki, milli adət-ənənələrimizdən ayrılırıq. Dilimiz-danışığımız da təhrifə çox məruz qalır. Neçə ildir müstəqilliyə çıxmışıq, amma görürsən yenə rus dilində daha çox danışmaq istəyən azərbaycanlıya rast gəlirsən. Dil bilmək yaxşı işdir, amma öz dilini yadırğamağa deyirsən? Hara baxırsan, dükan-bazarın üstündə ingiliscə yazılır. Kim səni məcbur edir ki, dükanının adını ingiliscə yazasan? İndi balalarımızı ingilis dilinə öyrədirik. Görən, başqa millətlər bizim kimi edirmi? Biz hər şeydə qabağa düşməyə çalışırıq".

Uşaqlığı əzabla keçmişdi: "Hələ körpə ikən atamı itirmişəm. O dövrün kişilərinə məxsus gözəl keyfiyyətləri özündə birləşdirən babamın ciddi tərbiyəsi altında böyümüşəm. Babam istəyirdi ki, mən hər hansısa bir sənətin sahibi olum. Mənim isə ən böyük arzum aktyor olmaq idi. Babam Məni dəmirçi yanına körükbasan qoymuşdu. Sonra onun təkidi ilə dəmir yolu məktəbini bitirdim. Orada oxuyanda artıq səhnəyə çıxmaq arzusuyla yanırdım. Bir dəfə dəmiryolçuların mədəniyyət evindəki Ağasəlim Manafovun dərnəyində iştirak etdim. Sonra həmin dərnəyə Ülvi Rəcəbovu rəhbər təyin etdilər. Mənim aktyor olmağımda onun təsiri böyükdür. Ülvi Rəcəbovun köməkliyi ilə Akademik Dövlət Milli Dram Teatrına işə düzəldim. Hüseyn Cavidi, Cəfər Cabbarlını ilk dəfə burada görüb, tanıdım. Teatrın ab-havasına beləcə alışdım. Sonra məni siyasi komitəyə çağırıb Moskvaya, M.Qorki adına instituta oxumağa göndərdilər. Oranı qurtarandan sonra Gəncəyə qayıtdım. İlk azərbaycanlı idim ki, Gəncədə dəmiryolu mədəniyyət evində "Biçmə tikmə" dərnəyi yaratdım. İki azərbaycanlı səkkiz rus həmin dərnəyin üzvü oldu. 1938-ci ildə Bakıya, dram teatrına qayıtdım. İlk rolum Səməd Vurğunun 1937-ci ilin axırlarında Azdramada təqdim etdiyi "Vaqif" əsərində Zülfüqar obrazı olub. Rejissor Tofiq Kazımovu bir neçə tamaşa hazırlamaq üçün Gəncə teatrına dəvət etmişdilər. Gəldi, tamaşalar çox uğurlu alındı. İstedadım xoşuna gəldi məni Bakıya dəvət etdi. Mikrorayonda üç otaqlı mənzillə Gəncədəki evimi dəyişdim".

O, sevgisinə sədaqətli idi: "Bu yaşa qədər spirtli içki içməmişəm. Qadın dalınca düşməmişəm. Sevmişəm, sevdiyimlə ailə qurmuşam, 52 il birgə yaşamışıq. Amansız əcəl onu əlimdən aldı. Balalarımın tərbiyəsini həmişə əsas saymışam. Elə yaşamışam ki, sağlığımda, ya da sabah mən həyatda olmayanda adım çəkilən zaman utanmasınlar. Həmişə istəmişəm ki, balalarım mənə görə başlarını dik tutsunlar. Nəvə-nəticələrimin mənimlə daim fəxr etməsini istəyirəm. Buna haqqım var... Arzularım bitib-tükənmir. Xalqımızın sabahını xoşbəxt görmək istəyirəm. Arzum odur ki, Qarabağ yaramız tez sağalsın".              

 

 

Elçin Qaliboğlu
 

Xalq Cəbhəsi.- 2009.- 17 fevral.- S.14.