Yol ayrıcında görüş
II yazı
İlk dəfə
"Gülüstan" poemasını oxuyanda orta məktəbin
5-ci sinifində təhsil alırdım. "Gülüstan"ı
böyük qardaşımın cib dəftərindən
köçürmüşdüm, xəlvətcə...
Vaxtaşırı
dayımla Bəxtiyar Vahabzadənin
"Gülüstan"ı və Şəhriyarın "Heydərbaba"sı
haqqında pıçıldaşır, ikiyə
bölünmüş Azərbaycandan, Kərkükdən,
Türkiyədən danışırdılar. Mən isə
qapı arxasından onları pusur, eşitdiklərimin fərqinə
varmağa çalışırdım. Qəribədir,
bütün bunlar mənə qeyri-adi, daha dəqiq desəm,
ilk dəfə eşitdiyim məlumat təsiri
bağışlamırdı. Böyük Ustadın
"Gülüstan" poemasından sonra isə bu
ayrılıqla birlikdə doğulduğumun, qan
yaddaşımda Bütöv Azərbaycan sevdası
daşıdığımın fərqinə vardım.
Bəxtiyar Vahabzadənin
sevə-sevə əzbərlədiyim, içimə çəkdiyim
misraları mənim gələcək taleyimi, gedəcəyim
yolu, istiqaməti, ən əsası isə yaşam məfkurəmi
müəyyənləşdirdi...
..Sonradan Vətən
sevgisindən yoğrulmuş şeirlərilə məni ədəbiyyata
gətirən Böyük Ustadla yollarımız bir neçə
dəfə kəsişdi. Hələ
tanışlığımızdan öncə müxtəlif
ədəbi məclislərdə haqqımda xoş sözlər
dediyini də bilirdim. 1989-cu ildə, meydanda Azərbaycanın ərazi
bütövlüyü və istiqlalı uğrunda mücadiləyə
qalxan yüzminlərin arasında "Heyratı" ritmik
muğamı üzərində yazdığım
"Azadlıq" marşı barədə Dövlət
Televiziyasının efirindən söz
açdığını və "bu gənc oğlan nə
qədər böyük bir iş gördüyünün fərqində
belə deyil" söylədiyini də izləmişdim. Bu qədər
səmimi, qayğıkeş münasibətin
qarşılığında nədənsə onunla
üz-üzə gəlməkdən, təmasda olmaqdan çəkinirdim.
O zaman bunun səbəbini bilməsəm də müəyyən
vaxtan, daha doğrusu Böyük Ustadın mənə
ünvanladığı ilk məktubdan sonra şüuruma
hakim kəsilən bu ziddiyyətli yanaşmanın əsil
mahiyyətini anladım: İllərdən bəri təxəyyülümdə
formalaşdırdığım ucalığa
yaxınlaşmaqdan, onunla təmasda olmaqdan qorxurdum...
Bu kompleks məni
Böyük Ustadla qarşılaşdığım hər təsadüfdə
izləyirdi.
Sadəcə bir
yazı, Bəxtiyar Vahabzadə haqqında yazdığım
"Yol ayrıcında görüş" adlı məqaləmdən
sonra onun mənə ünvanladığı məktub nəinki
içimdə kök atan "ucalıq qorxusunu", həmçinin
ölkədə baş verən ictimai-siyasi proseslərin təsiri
altında formalaşmış, zamanın bütləşdirdiyi
toz basmış təsəvvürlərimi belə alt-üst
etdi.
Bəxtiyar Vahabzadə
bu məktubu yalnız mənə deyil, mənim timsalımda
bütün Azərbaycan gənclərinə, onun onillər
boyu apardığı İstiqlal mücadiləsini davam etdirəcək
nəsillərə ünvanlamışdı:
"Əzizim
Elçin,
İyulun 2-dək
(2000-ci il) Şəkidə olduğuma görə Sənin
"Üç nöqtə" qəzetində dərc olunan
yazından xəbərim olmayıb. Qəzeti mənə bu
gün göndəriblər. Sənin Mənə verdiyin
kitabındakı şerlərindən və bəzi
yazılarından hansı fikir və duyğularla
yaşadığını yaxşı bilir və bunları
alqışlayıram. Əgər həmin dediyim duyğu və
düşüncələrin olmasaylı sən yaxşı və
bəyənilən qələm əhli ola bilməzdin. Beləki
"Yol ayrıcında görüş" məqaləndə
yazdıqlarının hamısı ilə şərikəm.
Lakin necə bilirsən, bu gün Mən həmin duyğu və
fikirlərlə yaşamırammı? Həmən o üsyan,
həmin o etiraz Sənin və Mənim yazılarımda
(xüsusən son 5-6 ildə) öz əksini tapmırmı? Sən
mənim Son şeirlərimi, məqalələrimi və son 2
ildə çıxan "Bir ömür yuxu" və
"Ağıl başqa, ürək başqa"
kitablarımı oxumamısanmı? Son 2 ildə milli
teatrımızda oynanılan "Özümüzü kəsən
qılınc" və bir ay əvvəl premyerası olan
"Cəzasız günah" pyeslərimə baxmamısansa
günah kimdədir?
Yazırsan: "Eh ustad,
qələmə nə varki, indi barmaqlarını şəhid
qanına batırıb imza atanlar da var". Amma bilmək istərdim:
Barmağını şəhid qanına batırıb imza
atan kimlərdir? Mən beləsini hələ tanımıram.
Lakin "qələmə nə varki" deməklə Sən
yəni qələmlə döyüşməyi inkarmı
edirsən? Bəs onda adlarını fəxrlə çəkdiyin
Sabir və Mirzə Cəlil qələmlə
döyüşməkdən başqa daha neyləmişdilər?
Qələm əhlinin tüfəngi, silahı qələmdir.
Yazıçı yalnız qələmlə
döyüşməlidir və bunu sən də, mən də
imkanımız daxilində edirik. Bəlkə mitinqlərdə
yışqırmağı da vacib hesab edirsən? Bu 75
yaşlı xəstə ağsaqqala yaraşarmı?
Qul bazarlarından
söhbət açırsan. Haqlısan. Bu, bizim milli faciəmizdir.
Lakin mənim qul bazarlarından bəhs edən eyni adlı
şerimi oxumamısanmı? İndi neçə yerə
bölünməyimizdən yazırsan, yenə haqlısan. Bəs
bu mövzuda ürək ağrısı ilə
yazdığım "Yolki belə gedir",
"Qapılar", "Küsüblər", "Yalan
bazarı", "Yalan hakim olub", "Güman qalıb
Allaha", "Söz güləşməsi",
"Dünyamız dəyişsin", "Səngər-masa",
və s... onlarla şerlərimi oxumamısansa mən nə etməliyəm?
Məktubun (məqalə
nəzərdə tutulur - red.) mənə, mənim
yazılarıma, ümumən şəxsiyyətimə
çox böyük hörmətlə yazılıb. Buna
görə sənə minnətdaram. Amma məktubunda giley
notları da var. Bunu da müəyyən dərəcədə
qəbul edirəm. Günah nə səndədir, nə də
məndə. Durum o qədər ağır, o qədər
dözülməzdir ki, çaşmışıq. Buna
görə də hamı günahı başqasında
axtarır. Çünki hər kəs öz içindəki
yanğını görür və elə güman edir ki, bu
yanğı, bu üsyan ancaq özünün içindədir.
Başqasında yoxdur. Mən qəzetlərdə cavan
jurnalistlərin çox güclü yazılarını oxuyur
və buna çox sevinirəm. Amma gəlin Siz də etiraf edin
ki, yaşlı nəsli oxumur və günqahı yaşlı
qələm əhlində axtarırsınız. Bu da təbiidir.
Uman yerdən küsərlər. Amma siz yalnız bir-birinizi
oxuyursunuz. Nədənsə yaşlıları oxumaq istəmirsiniz.
Soruşuram: "Sən Elçin, Anarın "Otel
odası" əsərini oxumusanmı? Bu balaca povestdə o,
millətin bu günkü durumunu çox böyük
ustalıqla qələmə alıb. Amma gənclər oxumur və
qəzəbini yaşlıların üstünə
tökür.
Mənim gənc dostum, gəlin
qəzəbimizi bir-birimizin üstünə tökməkdənsə
əl-ələ verək, qəzəbimizi bizi bu kökə
salanların üstünə tökək. Azı biz
hamımız - qocalı, cavanlı eyni dərdlərin
daşıyıcılarıyıq. Qocalar başlarını
aşağı tikib öz yaradıcılıqları ilə
məşğuldur. Gənclərsə qocaları ittihamla...
Görün heç bir nəfər yaşlı qələm əhli
bir cavan yazıçıya hücum çəkibmi? Amma
cavanlar emosiyaya qapılıb yaşlıları sancmaqla məşğuldur.
Mən səni nəzərdə tutmuram. Mənim
haqqımdakı sancmalardan yəqin ki, xəbərin var. Niyə?
Gənc jurnalistlər yanıma tez-tez gəlir və ilk
sualları bu olur: Niyə susursunuz? Onda mən soruşuram: Sən
mənim filan, filan əsərlərimi oxumusanmı? Filan pyesimə
baxmısanmı? Deyir: - Yox! Onda mən onun sualına nə
cavab verməliyəm?
Əzizim Elçin,
yuxarıda yazdığım kimi, Sənin Mənə
ünvanladığın məktub çox böyük
ehtiramla yazılıb. Buna görə də mənim bu məktubumdan
elə çıxmasın ki, yazdıqlarından incimişəm.
Əksinə, mən sənin gözəl şerlərini
oxuyandan sonra sən görünmədin... Uzun fasilədən
sonra səni təsadüfən görəndə mən təkidlə
dedim ki, bizə gəl görüşək. Fikrim səninlə
- düşünən və yanan gənc şairlə dərdləşmək
idi. Amma Sən buna ehtiyac duymadın. Mən də
üçüncü dəfə görüşəndə
sənin etinasızlığını üzünə
vurmadım.
Məqalənə
görə Sənə təşəkkür edir və bu
zavallı millət üçün yanan ürəyini
öpürəm.
Hörmətlə, Bəxtiyar Vahabzadə
17.07.2000".
...Bu məktubdan sonra dəfələrlə
Böyük Ustadın məqamında oldum, saatlarla dərdləşdik,
gözümün önündə illər boyu qapalı
sandığım qapılar taybatay açıldı...
İndi onun cismani
yoxluğunun 3-cü günündə nəinki bir fərd
kimi, hətta nəhəng bir coğrafiyada dünyanın ədalətsiz
düzəniylə mücadilə aparan bir Millət kimi nə
qədər böyük bir itkiyə məruz
qaldığımızı təsəvvür etməyə
belə çətinlik çəkirəm. Hər şeyin
ucuzlaşdığı, ən uca və müqəddəs
saydığımız dəyərlərin bir göz
qırpında yerlə bərabər olduğu, total
cılızlaşmaya, mənəvi cırlaşmaya məruz
qaldığımız bir zamanda Bəxtiyar Vahabzadə
itkisinin düşünən insanlar üçün nə
demək olduğunu şərh etməyə ehtiyac duymuram:
Bir əli
saçında, biri dizində,
Gözü bir nəfərin
qalıb gözündə.
İsmarış gözləyən,
əmr gözləyən,
Bir sükut gözləyən,
səmir gözləyən.
Başının
içində dar ağacları,
Azadlıq acları...
Çörək
acları...
Alnında göz
yaşı - alın təri yox,
Başçısı,
sahibi, peyğəmbəri yox.
Başdaşı
gözləyən, qəbir gözləyən,
Diz üstə
Tanrıdan səbr gözləyən
Millətin
ölümü göz qabağında.
Bir az susmaq dərdi,
anlamaq dərdi,
Bir az öz dərdinə
ağlamaq dərdi.
Bir az iblis rəngi, bir
azca Mələk,
Bir az İlahi Eşq,
bir azca kələk...
Bir az sinə döyən,
bir az baş yaran,
Bir az dağ uçuran,
bir az daş yaran.
Gözü qəm dəryası,
əli oynağan
Millətin
ölümü göz qabağında.
Bir əli sədaqət,
bir əli cəllad,
Niyyəti - ədalət,
əməli cəllad.
Aydını kölədi,
köləsi - aydın,
Gözü - tor,
gözünün giləsi aydın
Millətin
ölümü göz qabağında.
Bu yazıda xarakterimə,
üslubuma, təfəkkürümə yad olan və Bəxtiyar
Vahabzadə ucalığına kölgə salacaq ifadələrə
qətiyyən yol vermək istəməzdim. Məni narahat edən
onun ölümü deyil. Gec-tez hamımız bu dünyadan
köçəcəyik.
Mən sadəcə bu
günkü durumumuzda, yaşadığımız milli-mənəvi
faicələrimizin, hər dəqiqə uçuruma,
qaranlıqlara doğru geriləyən idrakımızın
fonunda bir daha Bəxtiyar Vahabzadələrin
doğulmayacağından qorxuram...
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.- 2009.- 17 fevral.- S.7.