Şirvan aşıq sənəti
Professor Seyfəddin Qəniyev təkcə məşhur Şirvan aşıqlarının
deyil, həmçinin
uzun müddət elmi ictimaiyyətə məlum olmayan aşıqların həyat
və yaradıcılığını
araşdırıb, onların
bu günə qalan nə irsləri
varsa, bir yerə yığıb, toplu halında nəşr etdirib. Şirvan aşıq
mühitindən danışarkən
yadımıza ilk növbədə
XIX yüzilin sonu, XX yüzilin 30-cu illərində
yaşamış məşhur
sənətkar Aşıq
Mirzə Bilal düşür. Aşıq Bilal
haqqında bu gün biz daha çox onun dastançılığı, şairliyi, yaratdığı
havacatlar əsasında
danışırıq. Təəssüf ki, Mirzə
Bilalın ustad səsi bizə gəlib çatmayıb.
1937-ci ildə bolşevik represiyasının
qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olub. Lakin xalqın yaddaşında
Aşıq Bilalla bağlı yaşayan xatirələr onun ölməz sənətkar
kimi ürəklərdə
və ağıllarda
qalan əməlləri
ölməzliyinin sübutu
olub. Mirzə Bilal keçmiş
Şamaxı qəzasının
(indiki Ağsu rayonunun) ən qədim yaşayış
yerlərindən biri olmuş Qəşəd kəndində anadan olub. S.Qəniyev bu barədə
deyir ki, bu kənd Ləngəbiz
dağı ilə Küzdrü düzünün
görüşdüyü yerdə sanki bardaş qurub. Aşıq Bilalın atası Mustafa qonşu Bico kəndindən olan Azad yüzbaşının bacısı
Badam xanımla 1870-ci ildə ailə qurub. Saz-söz vurğunu Mustafa kişi
arzu edirmiş ki, heç olmasa, övladlarının
birinin gözəl səsi olsun, aşıq sənətinə
yiyələnsin: "Bilal
6-7 yaşında olarkən
atası hiss edir ki, onun oğlunun
gözəl zümzümələri
var. O, dastanlardan bildiyi
kiçik şeir parçalarından balaca Bilala əzbərlətməyə
başlayır. Bilal 8
yaşında olanda
Mustafa kişi birdən-birə xəstələnir,
42 yaşında ölür.
Balaca Bilal gah quzu
otarar, gah da çöl işlərində anasına
kömək edərdi.
O, müxtəlif təsərrüfat
işlərində çalışarkən
xalq mahnılarını,
atasından öyrəndiyi
aşıq şeirlərini
xüsusi şövqlə
oxuyarmış".
XIX yüzilin
axırlarında Şamaxıda maarif, məktəb və mədəniyyət,
elmi, pedaqoji ictimai həyatda xüsusi rol oynayan ziyalılardan
M.Ə.Sabir, M.Hadi, A.Səhhət, Camo Cəbrayılbəyli,
Sultan Məcid Qənizadə, Hacı Səid Ünsizadə,
Mahmud bəy Mahmudbəyov və başqaları ilə
aşıq Bilalın ünsiyyətdə olması
şübhəsiz, dünyagörüşünün
formalaşmasına əhəmiyyətli təsir göstərib:
"Təsadüfi deyil ki, Seyid Əzimin məktəbini
uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal
adı ilə tanınır, sevilir. O, ustadı Seyid Əzimdən
ərəb və fars dillərini mükəmməl öyrənir,
həmçinin klassik poeziyaya da dərindən bələd
olur".
Mirzə Bilal
aşıq sənətinin sirlərini daha dərindən
öyrənmək üçün ustadı aşıq
İbrahimdən dərs alıb. Aşıq Bilal
Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsəndən
muğam sənətinin sirlərini də yaxşıca
öyrənir. O, məhz ustadı Aşıq İbrahimin məsləhətindən
sonra 35 ildən artıq bənzərsiz xanəndə kimi
bütün Qafqazda, İranda məşhur olmuş Mirzə Məhəmmədhəsənin
yanına gəlir: "Məclislərində iştirak etdiyi,
səsindən doymadığı məşhur xanəndəyə
ürəyinin istəyini açır. Mirzə Məhəmmədhəsən
o zaman bir neçə dəfə bu cavan aşığı
dinləmişdi, səsini bəyənmişdi. Həmin vaxtdan
Bilal Mirzə ilə məclislərə gedir. O,
ustadının məharətlə oxuduğu "Şur",
"Rast", "Humayun", "Segah",
"Şüştər" muğamları ilə ona imtahan
verir, halallıq alır. Bu vaxtdan başlayaraq el məclislərinə
həm aşıq, həm də xanəndə kimi getməyə
başlayır. Deyilənə görə, Mirzə Bilalın
həm də xanəndə kimi çox gözəl səsi
var imiş. Aşıq Bilal artıq məşhurlaşır.
Mirzə Bilal 1918-ci ildə ermənilərin türklərə
qarşı həyata keçirdiyi soyqırım zamanı
doğma Qəşəd kəndində əhalinin faciəyə
düçar olmaması üçün əlindən gələni
əsirgəməyib, kəndin könülləri ilə birgə
bir çox insanları qırğından xilas edib. Qeyd edək
ki, bu kənd ermənilər tərəfindən
yandırılıb, əhalinin bir hissəsi isə
öldürülüb. O, Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə Şamaxı İcraiyyə Komitəsinə
üzv seçilib, 6-7 kəndə nümayəndə təyin
edilib. Onu 1937-ci ilin iyun ayında həbs edirlər, əmlakı
müsadirə olunur, həmçinin illər ərzində
ustadlardan topladığı Şirvan
aşıqlarının şeirlərini, dastanları,
özünün yazdığı yüzlərlə şeir
olan dəftərləri, hətta cürə sazını da
aparırlar. Beləliklə, Mirzə Bilal 1937-ci il noyabrın
26-dan 27-sinə keçən gecə ən yüksək cəza
olan güllələnməyə məruz qalır. Mirzə
Bilal güllələnərkən 65 yaşında imiş.
1953-cü ildə Stalinin ölümündən sonra
SSRİ-nin bütün bölgələrində "xalq
düşməni" adı ilə ölümə məhkum
edilən insanlara SSRİ prokurorluğunun qərarı ilə
bəraət verilir. Həmin şəxslərin arasında
Aşıq Mirzə Bilalın da adı olur.
Aşıq Mirzə
Bilalın sənət dostları və şagirdləri
çox olub. Məlumdur ki, Şirvan Aşıq mühitinin
özəlliklərindən biri aşığın məclisi
ansamblla - balabançı, dəmkeş xanəndə,
qoşanağara (nağara) ilə idarə etməsidir:
"Aşıq Bilalın ansamblında iştirak edib kamil sənətkar
dərəcəsinə yüksəlmiş insanların bir
qrupunun adı məlumdur. Balabançı dəmkeşlər
kalvalı Əli, qonaqkəndli Cənnətalı,
şamaxılı Ağababa, Musa, nağaraçılar - dədəgünəşli
Ağasıxalı, ağsulu Tapdıq, xanəndələr -
çopur Zeynal, cəyirli Abbas və başqaları.
Bilalın yaxın
dostlarından biri məşhur balabançı Əli Kərimov
olub".
Azərbaycan aşıq sənətinin tanınmış
nümayəndələrindən biri də Aşıq
Şakirdir. S.Qəniyev onun zamanında və indi də
"Şirvanın bülbülü" kimi ad
çıxardığını deyir: "Bu ustad sənətkar
təkcə Azərbaycanda deyil, Gürcüstan, Dağıstan,
Orta Asiya, habelə İranda da məşhur idi. Dəfələrlə
onun məclislərində iştirak etmiş, Şirvan
aşıq sənətinin çoxlu nümayəndələri,
aşıq havacatları haqqında ondan müəyyən məlumatlar
əldə etmişəm".
Aşıq Şakirin səsində
fitri bir ahəng, bu sənətin sirlərinə məharətli
bələdlik vardı. Səs hədsiz doğma, axıcı
və özünəməxsus idi. Çağırdıqca
çağırır, sanki bitib-tükənmək bilmirdi.
Ötən yüzilin 70-ci illəri Şakirin səsinin ən
yetkin, coşub-çağlayan vaxtları idi. Şakirin səsi,
sözü kamil çağında idi. 30 ildən çox idi
ki, el məclislərində
çalıb-çağırırdı: "Artıq
Şakir bir ustad sənətkar olaraq Şirvan aşıq məktəbinin
tacına sahib olmuşdu. Şakirin sənəti, şəxsiyyəti
haqqında el-obada əfsanələr
yaranmışdı".
Amma S.Qəniyev təəssüflənir ki, vaxtında bu sənətkarın
el şənliklərindəki
çıxışlarını mükəmməl şəkildə
lentə almaq mümkün olmadı. Əgər bu olsaydı,
indi həmin çağları daha yaxşı xatırlamaq
mümkün olardı. Sənətkarın özünəməxsus
keyfiyyətlərini sadalayan tədqiqatçı qeyd edir ki,
Şakirin səsində şirinlik vardı: "Çətini
o, məclisə girənəcən idi. Meydanda bütün
vücudu səsə, sehrə dönürdü. Onda
doğrudan da səs sarıdan ilahi bir vergi var idi. Elə hey
coşub-çağlayırdı, bitmək bilmirdi. Bu sənətin
ruhuna dərindən bələdliyi vardı. Toyxana yerbəyer
olandan sonra məclisə daxil olar, camaatla böyük ehtiramla
salamlaşar, sonra isə sazı köynəkdən
çıxarıb oxumağa başlayardı. Sazın və
balabançı Həsrətin müşayətilə
toyxananı iki dəfə o baş bu başa dövrə
vurar, var-gəl edərdi. Hiss olunurdu ki, o, bu müddətdə
bir daha oxumaq, söz söyləmək üçün
köklənir. Aşığın uca boyuna uyğun
tikilmiş libası diqqəti xüsusi cəlb edirdi. Adətən
o da bütün aşıqlar kimi məclisi ustadnamə ilə
açırdı. İştirak etdiyim bütün məclislərdə
müşahidə etdim ki, Şakir ilk ustadnaməsini
Aşıq Bilaldan, klassik aşıqlardan, sonrakı ustadnaməsini
isə ona bu sənəti öyrətmiş
göyçaylı Mürsəldən söyləyərdi".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 18 fevral.- S.14.