Mən cəmiyyəti günahlandırıram..."

 

Əzizə Cəfərzadəni xatırlayarkən...

 

Mərhum yazıçı, professor Əzizə Cəfərzadəni xatırlayıram. Onun tarixi romanları Azərbaycan tarixinin bu gün araşdırılması gərəkli olan müəyyən məqamlarına yazıçı fəhmi ilə işıq tutur. Yazıçı ilə bir neçə dəfə həmsöhbət olmuşdum. Sonuncu söhbətlərdən birində - 80 yaşının tamamında Əzizə xanımın hansı qayğılarla yaşadığını soruşmuşdum. Qayğılarının çoxluğundan danışmışdı: "Bir var arzum, bir var qayğılarım. Qayğılarım o qədərdir ki... Əsas qayğım ana, ailə məsələsidir. O, qadınlar ki, ərləri işsizdir axşam evə əli ətəyindən uzun gəlir, çörək pulu gətirə bilmir, ata hüququnu elə bil itirməyə başlayıb. Uşaqlar küçələrdə maşınları silir, başqa işlər görür, pul qazanır, analar isə ailəni saxlayırlar. Səhərdən gedib qatarın qabağından ucuz qiymətə aldıqları meyvə-tərəvəzi gətirib tinlərdə satırlar: gün başlarını deşir, yağış isladır, külək qurudur. O balaca uşaqlar da məktəbdən yayınır - deyirik. Yayınmırlar, onlar çörək pulu qazanaraq analarına az da olsa kömək edirlər.

Bu uşaqları mən şəxsən günahlandırmıram. Cəmiyyətimi günahlandırıram, o mənada ki, əvvəl biz gərək atalara verək, fabrik-zavodlar işləsin. Atalar əvvəlki hüquqlarıyla evi bayırdan idarə etsinlər, analar da evlərində oturub balalarına tərbiyə versinlər. uşaqlar da məktəbdən yayınıb çörəkpulunu qazanmaqda anasına kömək etməsin".

Əzizə xanım deyərdi ki, təbiət ananın çiyninə böyük bir vəzifə qoyub: ananın ən böyük funksiyası elə ana olması, cəmiyyətin gələcəyini davam etdirməsidir: "Adətən qadınların zərif varlıq olduğunu deyirlər. Qadının uşaq dünyaya gətirməsindən tutmuş mətbəx işlərinədək fəaliyyətinə diqqətlə baxsaq, görərik ki, qadın olduqca güclüdür - fiziki cəhətdən. Bir dəfə yazıçıların qurultayında çıxış etdim. Dedim ki, əziz yazıçı qardaşlarımız, sizinlə bərabər 8 saatlıq iş gününü işləyirik. Nəm də uşaqları səhər bağçaya, məktəbə ötürürük, xörək hazırlayırıq və s... Siz isə gəlib oturursunuz əlinizdə qəzet, istirahət edirsiniz, sonra başlayırsınız yazmağa. Ana balalarına pıçıltıyla deyir: "Yavaş, səs salma, ata işləyir".

Əzizə xanım danışardı ki, 2 il Afrikada yaşayıb: "Orada Letita Obenç adlı Afrikanın ilk zənci filosofu ilə tanış olmuşdum (1965-66-ci illər, Qana). Onun iki sözü indi də yadımdan çıxmır. Ona dedim ki, ingilislər 250 ildir sizi müstəmləkə edib, siz yenə də ən çox onlara hörmət edirsiniz, nəinki ruslara. Bu qadın da dedi ki, çünki ingilislərin siyasəti incə, ruslarınkı qabadır. Obençin digər bir fikri də bu idi ki, XXI yüzil zənci əsri olacaq. Əlbəttə, 60-cı illərdə ümidim yox idi ki, XXI yüzili görəcəyəm. Qərb dünənədək bəyənmədiyi zəncinin rəqsini, musiqisini götürüb.

Amma təəssüf ki, bizim televiziyalar da dünyanın yoluyla gedirlər. Yenə Azərbaycan radiosunda o əvvəlki ənənələr qalıb. Musiqimizdə zənci musiqisi, rəqslərimizdə də təəssüf ki, o meyl. Hansısa hindli bunu edərmi? Hindlilər 250 il orada hökmranlıq etmiş ingilisləri bir güllə atmadan qovdular. O vaxtın hadisələri gözümün qarşısında olub: hind zadəgan xanımları İngiltərədən alınan paltarları balkonlardan aşağı tökürdülər, küçələrdə yandırırdılar. İngiltərədən gəlmiş gözəl, ətirli sabunları almır, özlərinin iy verən sabunlarını işlədirdilər. Böyük imtina yarandı və İngiltərə məcbur oldu ki, çıxıb getsin. Arzum odur ki, mənim də millətim belə ayılıb özünün varlığını sübut edəydi".

O, "Güney Azərbaycan" mövzusu bütün ədəbiyyatımızın, yaradıcılığımızın mövzusudur" - deyirdi: "Güney Azərbaycan "mövzusu bizim qanımızdır, varlığımızdır.

O, asana qaçmaq, istəyə tez, özü də çətinlik çəkmədən çatmaq istəyinin yaranmasından narahatlığını ifadə edirdi: "Sovet dövründə başımızın üstündə yumruq vardı. İndi isə senzura ləğv olunub, azadlıqdır. Nər nə istəsən, danışa və yaza bilərsən. Ancaq həm də Füzulini "şarlatan" adlandıran vicdansız adamlar, öz içdiyi su qabına türürənlər də əmələ gəlib. Xəritəni gözünüzün qabağına gətirin: bir ucu Kamçatkada, o biri ucu Afrikada. Bu qədər ərazidə demək olar, hər yeri gəzmişəm. Neç bir məmləkətdə bizim məktəblərdə olduğu kimi vəziyyət yoxdur. Bizim məktəblər gözəl şagirdlər hazırlayırdı. Ədirnə Universitetində (1996) 100 tələbəmiz oxuyurdu. Getmişdim, dedilər ki, sizin uşaqlar bizimkilərdən yüksəkdə durur: əxlaqı, tərbiyəsi və savadıyla. Onların əksəriyyəti fizika-riyaziyyat sahəsi üzrə oxuyurdu. İndi məktəblərimizdə təəssüf ki, ticarət əmələ gəlib... Ağsuda, Çararlı kəndində işləyəndə uşaqları gedib qonşu kəndlərdən gətirirdim. Ağlagəlməz paklıq vardı: təsəvvür edilməzdi ki, müəllimə nəsə vermək olar. Müəllimin anadan olan gününü heç kəs bilməzdi. Məktəblərdə kitab satılmırdı. İmkansızlara ayaqqabı, paltar, dərslik verilirdi. Uşaqlara verilən şəkər tozunu bişirib, doğrayıb məktəbə gətirirdik. Öz vəziyyətimiz isə dəhşətli dərəcədə çətin idi. Mən orta məktəbi belə görmüşəm. Ali məktəb mən oxuduğum vaxtlar müqəddəslik dövrünü yaşayırdı. Bilirdilər ki, biri ümidlidir, talantı var, professorlar onun qollarından tutub qabağa ararırdılar. Rəhmətlik İ.Şıxlının "Mənim rəqibim" adlı hekayəsi var - Ə.Sultanlıya və mənə həsr edib. İki nəfər asriranturaya bir yerə imtahan verirdi. Mən ona bilmədiyi sualların cavabını yazıb ötürürdüm. İ.Şıxlı bunu mərdanəliklə hər girdiyi yeni auditoriyaya danışırmış. Mən imtahandan keçdim, amma, Ə.Sultanlı gedib rektor Qarayevdən Şıxlı üçün də yer aldı. Çünki ikimiz də onun nəzərində eyni səviyyəli tələbə idik. İndi mən hansı professorun yanına gedib xahiş edə bilərəm ki, filan tələbə talantlıdır, onu götür. O saat fikirləşəcək ki, görəsən bunun nə marağı var. Bir dəfə kafedrada dedim, vallah, elə şeylər danışırlar ki, müəllim adını daşımağa utanıram. Demə, o tərəfdə laborantlarla söhbət edən tələbə bunu eşidirmiş. Dedi Əzizə xanım, narahat olmayın, tələbələr gözəl bilir ki, hansı müəllim alır, hansı yox. Müəllim rüşvət alır! Amma mən elə hesab edirdim ki, yer üzündə insan üçün tikəsiz dost iki nəfərdir. Onlardan biri anadır: körpəsinə dünyaya gələn kimi döşündən süd verir. Fikirləşmir ki, bu, böyüyəndə məni saxlayacaqsa, süd verim, saxlamayacaqsa, verməyim. Bir də ki, I sinfə gələn şagirddən müəllim nəsə almağı fikirləşməməlidir. Çünki o müəllim şagirdə "Ana", "Vətən" sözlərini yazmağı öyrədir".

O, yazıçılığı aqibəti sayırdı: "Üazıçılıqdan əl çəkə bilməzdim. Bu, məndən asılı deyildi. Bu, taledir. Hesab edirəm ki, bir neçə sənət vergidir: rəssamlıq, şairlik, xanəndəlik, bəstəkarlıq. Bunları Allah veribsə, verib, verməyibsə, get istəyirsən lap Ədəbiyyat İnstitutunda, Konservatoriyada oxu, yaza bilməyəcəksən. Eləsi var, ali təhsillidir, ərizə yazanda üzünə baxır ki, görəsən, haradan, necə başlamaq lazımdır".

Qarabağ problemi ilə bağlı da Əzizə xanım çox qayğılıydı: "Bu, ümumi dərdimizdir. Artıq "Babək, Koroğlu nəsli" ifadəsini eşitməkdən yorulmuşam. Onlar kimi olmaq lazımdır, adlarını çəkmək yox. Mən inanmıram ki, Qarabağı bizə baş əyib, təqdim edəcəklər. Qarabağı dişimiz-dırnağımızla birgə döyüşüb almalıyıq. Anayam, istəmirəm, övladlarım məhv olsun. İlkin şəhidlərimizə mən ağı demişəm, amma çarə yoxdur, düşmən çox alçaqdır. Ondan bizə torpaq verən olmayacaq. Gənc nəslə inanıram. İnanıram ki, bu sel, dəhşətlər keçib gedəcək, millətimiz yenə özünə qayıdacaq, çıxa bilmədiyimiz o cəhalət, ədavət çuxasından gənclik bizi çıxaracaq".                   

             

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 19 fevral.- S.14.