Xocalı Xocavənd faciələri

 

1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları

 

1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonu işğal olundu. Bu işğaldan artıq 17 il keçir. Xocavəndin işğalına nail olan erməni və rus hərbi birləşmələri növbəti işğalı, həm də soyqırımı Xocalıda həyata keçirdilər. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik. Nə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. (Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.) Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm "soyqırım" abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, ötən il Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu hmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.

İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.

 

Xocavənd soyqırımı

 

Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Naxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi tamamilə dağıdılır, dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib.

 

Xocalı soyqırımı

 

Erməni və rus hərbi birləşmələri Xocavəndin işğalından sonra Xocalıda soyqırım planını həyata keçirməyə qərar verirlər. Eyni zamanda erməni cəlladları Sumqayıtda törətdikləri qətillərin dördüncü ildönümündə Xocalı soyqırımını törədirlər. Hələ 1991-ci ilin oktyabrından etibarən Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilib. Həmin vaxtdan etibarən şəhərlə əlaqə, ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-ci il yanvarın 2-də isə şəhərdə elektrik xətti də kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci il fevralın 13-də ərzaq və yanacaqla yüklənmiş hərbi vertolyot gedib. Elə həmin gündən şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə qalıb. Xocalılar da artıq başa düşürlər ki, yaxın günlərdə ermənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-də əsir götürülmüş erməni döyüşçüsü xocalıların gümanlarını təsdiqləyir. Bundan sonra şəhər rəhbərliyi kömək üçün Bakıya, Ağdama müraciət edir. Ancaq olunan müraciətlər cavabsız qalır. 1992-ci il fevralın 25-də axşama yaxın Xocalıdan çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə götürülür. Gecə saat 23:00-da 366- motoatıcı alayın zirehli texnikaları, onların arxasınca isə erməni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xocalı şəhərinə hücuma keçirlər. Bu hücumun qarşısını almaq 160 nəfər döyüşçü üçün (özünümüdafiə qüvvələriylə, xüsusi təyinatlı milis dəstələri-red.) çətin olsa da, onlar həyatları bahasına şəhər əhalisinin Xocalını tərk etməsinə imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin böyük əksəriyyəti şəhid olub. Həmin gecə Qarqarın buz kimi suyundan keçib Kətik Naxçıvanikə yol alan xocalıları deməyəsən qarşıda faciə gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verib. Yüzlərlə günahsız insanlar qanlarına qəltan edilib. Körpəyə, qocaya, qadına aman vermədən qəddarlıqla öldürüblər. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən 366- alayın köməkliyilə Xocalıya soxulub, şəhəri yandırıblar. Kərkicahanın, Malıbəylinin, Meşbəylinin, Xocavəndin ardınca tarixdə Xocalı soyqırımını yaşadıq. Ancaq həmin vaxt hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-3 nəfərin öldüyü haqqında məlumatın getməsi üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX əsrin ən böyük faciəsi idi. Bunu bütün dünyadan gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın 26-da qocaların, qadınların, körpə uşaqların meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb. Girov götürülənlərin başına iyrənc oyunlar açılıb, onların başları erməni qəbirləri üzərində qurbanlıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-deşik olunub. Bütün bunlardan ürəyi soyumayan ermənilər ən alçaq hərəkətlərə belə əl ataraq vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidlərini insanlığa yaraşmayan surətdə təhqir ediblər. Şahidlərin söylədikləri faktlara əsasən, qətlə yetirilən azərbaycanlılar çox da dərin olmayan xəndəklərə atılıb, onların üstü torpaqlanıb. Gecələr bu xəndəklərin həndəvərində itlərin hürüşməsindən, çaqqalların ulaşmasından az qala qulaq tutulub. Hər yerdən insan cəsədlərinin kəsif iyi gəlib.

Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. 1000 nəfər xocalı sakini əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil.

Məlumat üçün bildirək ki, Xocalının işğalı planı bir həftə öncə, fevralın 20-də hazırlanıb. Belə ki, hadisədən bir müddət əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış "Asala" erməni terrorçu təşkilatının 26 nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı altında vuruşan, əslində isə "Asala" terror təşkilatının Xankəndində İllarion Allahverdiyanın başçılığı ilə yaradılan dəstənin üzvləri 366-cı alayın içərisində öz dayaqlarını yaradaraq polkovnik Y.Zarviqarova 36 min dollar rüşvət veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri Boris Budeykinə çatdıqda o, Zarviqarovun hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə qovulmasını tələb edib.

366-cı alayın hərbi əməliyyatlar zamanı ermənilərin tərəfinə keçib azərbaycanlıları qətlə yetirməsi, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi bir məsələdir. Xocalı hadisəsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1992-ci il martın 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandiri, general-mayor S.Lukaşovun əmri ilə yandırılıb.

Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıtmaq istəyirəm. Biz bir millət olaraq Xocalı və digər faciələrimizi dünyaya yaxşı çatdıra bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər Azərbaycanla şərtlər irəli sürməklə danışırlar. Ancaq vaxtında Xocalı soyqırımının dünya dövlətlərinin parlamentlərində müzakirəsinə nail olsaydıq təbii ki, hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi.

Xatırladaq ki, qardaş Türkiyənin millət vəkilləri Xocalı faciəsinin ildönümü ərəfəsində TBMM-də dinləmələr keçirəcəklər.     

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2009.- 19 fevral.- S.8.