Ana qədər müqəddəs ana dilimiz

 

21 Fevral - Beynəlxalq Ana Dili günüdür

 

Dil hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Çağdaş dönəmdə dünyada hər mənada gərginliklərin artdığı bir vaxtda xalqlar, dövlətlər dil qoruyuculuğu məsələsində daha da ciddiləşiblər. Bu amil dil uğrunda mübarizə əslində xəlqi müəyyənlik uğrunda mübarizə deməkdir. BMT-nin hesabatından məlum olur ki, hazırda dünyanın 25 müxtəlif regionunda 210 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir. Hazırda erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb. Çoxlu zamanlar keçir, dövranlar bir-birini əvəz edir, amma dil ölmür, daim yaşayır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər yaşayıb, sonradan təkmilləşmə dövrü keçib, nəsildən-nəsilə ötürülüb, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. Dilçi-professor İsmayıl Məmmədov deyir ki, bizim dilimizin qüdrəti çox böyükdür.

Qəhrəmandır dilimiz, ona görə ki, biz bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə o, ruhumuzun soraqlarını özündə kamil bir şəkildə qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi Azərbaycanda yaşayan xalqların nümayəndələri üçün doğma, birləşdirici bir ünsiyyət dilidir.

İ.Məmmədov fikrimizlə razılaşır: "Bəli, doğrudan da Azərbaycanda bütün dillərə sayğı var. Heç kəs heç kəsə demir ki, sən lahıc, eləcə də talış, ya da ləzgi dilində danışma. Quba rayonunun Xınalıq kəndi qəribə bir kənddir. Bu kənddə yaşayan əhali xınalıq dilində danışır. Nər halda Azərbaycanda başqa dillərə sayğının nəticəsidir ki, xınalıq dilinin daşıyıcısı olduğu yeganə kənd əsrlərdir ki, bu bölgədə öz mövcudluğunu nəiki qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan dili burada yaşayanlar üçün ümumi, birləşdirici, anlaşma dilidir. Bu, bütün dövrlərdə belə olub. Dünyada 6 mindən çox dil var. Dillərin qorunması məqsədilə Beynəlxalq Ana Dili gününün təsis edilməsi son dərəcə əhəmiyyətli, zəruri bir məsələdir. 9 benqalın ana dilini qorumaq uğrunda mübarizəsi ilə əlaqədar olaraq həmin gün YUNESKO tərəfindən qeyd olunmağa başladı".

Hazırda Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımızın fars şovinizminin əsarəti altında qalması səbəbindən ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir. Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim mövcudluğunu hünərvərliklə qoruyub saxlayır. Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydər babaya salam" poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər babaya salam" poeması onun milli ruhunun izharı oldu. Amma Xətai çox gənc yaşlarından ana dilimizin qüdrətli qoruyucusuna çevrildi".

Biz bu dünyadan gedəcəyik, amma dilimiz, əməllərimiz və vətənimiz qalacaq. Bu səbəbdən də xalq ölmür, məhv olmur.

Dilçi-alim İsmayıl Kazımov isə deyir: "Hər bir xalqın milli dəyərlərinin əsasını onun ana dili təşkil edir. Dilimiz türk dilləri arasında özünəməxsusluğu ilə seçilir. Ana dilimiz yaşam qaydamızdır. Müstəmləkə sisteminin dağılması ilə dilimizin inkişafının yeni bir mərhələsi başlandı. Sovet dövründə dilçiliyin inkişafı sahəsində az iş görülməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra dilimiz xüsusi geniş imkanlar əldə etdi". Müstəqillikdən sonra ana dilimiz tədricən beynəlxalq aləmdə tanınmağa başladı: "Əgər sovet dövründə alınma terminlər, beynəlxalq sözlər dilimizə rus dili vasitəsilə gəlirdisə, hazırda Avropa dillərindən birbaşa bəhrələnmə üstünlük təşkil edir. Həmçinin dilimizdə Avropa terminlərinə meyl artıb".

Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır. Onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Nəticədə bir dildən bu və ya digər dillərə çoxlu sözlər keçir və ya əksinə: əksər hallarda bu, qarşılıqlıdır. Lakin faktdır ki, tarixin çox dönəmlərində işğalçılıq motivləri bu və ya digər dilin başqa dili üstələməsinə, nəticədə "dilin dili işğal etməsinə" səbəb olub. Fars dilində Azərbaycan türkcəsinə məxsus min söz belə yoxdur. Tarixən türk qılıncının zəhmini dadmış çinlilərin dilində belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə mövcuddur. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə 80 min söz var. 30 il əvvəl çap olunmuş analoji lüğətdə cəmi 58 min söz olub. Dili qorumaq milləti qorumaq deməkdir. Həmçinin dövləti, dövlətçiliyi təsdiq etməkdir. Bu gün ədəbi dilə sayğı məsələsində hələ də məsuliyyətimiz tam deyil. Bu, hər şeydən əvvəl aydınlarımızdan mümkün qədər ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Əks təqdirdə bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də "ağ bayraq" qaldıracaq, nəticədə dilimiz tamamilə əlimizdən gedəcək. Nə qədər bədbin səslənsə də, reallıq budur. Ona görə də Azərbaycan dialektlərində olan, bu və ya digər bölgədə işlədilən sözlərin çalarlı, ümumişlək xarakterli olmağa layiqlilərini seçərək onların əcnəbi sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün əksər ucqar kəndlərimizdə "dialekt" deyə işlədilən sözlərin varlığı əslində o bölgələrə "mədəni inqilabın" gedib çıxmaması ilə bağlıdır. Təəssüf ki, bu gün qloballaşma həşiri artıq ucqar yaşayış bölgələrimizi də fəth etməyə girişib. Ona görə də ləngimədən ana dilimizin qayğısını çəkməliyik. Bayatı dili son dərəcə təmizdir, çünki elat dilidir. Bu gün də Azərbaycanda söz yaradıcılığı ilə məşğul olmaq ənənəsi yaranmır. Təəssüf ki, sovet vaxtında da barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də səyli şəkildə şair və yazıçıların üzərinə atırlar. XX əsrdə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində mütəxəssislər tərəfindən olmalıdır. "Dədə Qorqud dastanları"nda söz yaradıcılığı ilahi bir səviyyədə ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə dalğası çatan elmi-texniki inkişaf dövründə yeni gələn termin və sözlərə qarşı mümkün qədər "sipər çəkilməli", yəni onların qarşılığının tapılmasına səy etməliyik. Digər bir fəlakətli hadisə isə Azərbaycanın şəxs adlarının əksəriyyətinin özgə adlardan ibarət olmasıdır. Habelə 1828-ci ildə Azərbaycanın Güney torpaqlarının İran tərəfindən qəsb edilməsindən sonra bu bölgələrdə tədricən ana dilimizin farslaşması mərhələsi başlandı. Bu gün Azərbaycan türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran hökuməti əlindən gələni edir.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 21 fevral.- S.14.