Vətən nisgilli şair
Parçalanmış
Azərbaycanın, dünyaya səpələnmiş
soydaşlarımızın ağrılarını təkcə
həyatında deyil, poetik yaradıcılığında da dərindən
yaşamış Əli Tudə qədirbilən oxucuların
qəlbində nurlu çöhrəsi, yurdsevər və cəfakeş
obrazı ilə silinməz izlər qoymuşdur. Unudulmaz
şairin anadan olmasının 85 illiyi münasibətilə
keçirilən anım mərasimində söz
ustasının bəlalı ömür yolu və xoşbəxt
yaradıcılıq taleyi barədə ətraflı söhbət
açıldı.
Filologiya elmləri doktoru Sabir Əmirov güneyli-quzeyli Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, əməkdar incəsənət xadimi Əli Tudənin 72 illik ömür yolunun, zəngin yaradıcılığının ən mühüm məqamlarını yada saldı. Əslən Güney Azərbaycanın Ərdəbil mahalının Çanaqbulaq kəndindən olan Əli Tudə ilk şeirlərini Bakıda orta məktəbdə oxuyarkən yazıb çap etdirmişdir. 1938-ci ildə sovet rejimi onu ailəsi ilə birlikdə bir çox həmvətəni kimi sürgün etmişdir. Əli gənc yaşlarından ağır zəhmətin, ehtiyacın, hüquqsuzluğun ağrısını duymuş, gələcək mübarizəyə ciddi hazırlıq keçmişdir.
İkinci Dünya müharibəsinin sonunda Güney Azərbaycanda başlayan milli azadlıq və demokratiya hərəkatı Əli Tudə üçün zəka və qeyrət meydanı olmuşdur. O, fəal təşkilatçı və mübariz şair-publisist kimi Təbrizdə qurulan milli hökumətin maarif və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlərin önündə getmişdir. Anadilli kitabların nəşrində, milli filarmoniyanın yaradılmasında, şairlər məclisində göstərdiyi xidmətlər ona böyük nüfuz gətirmiş, milli hökumətin ən yüksək mükafatına — “21 Azər” medalına layiq götürülmüşdür.
Xalq hakimiyyətinin süqutundan sonra Əli Tudənin sonrakı bütün həyatı və yaradıcılığı Bakı ilə bağlı olmuş, ömrünün son gününədək o, Vətənin bütövlüyü, xalqımızın istiqlalı amalına sadiq qalmışdır. Şairin Bakıda, Təbrizdə, Moskvada çap olunmuş 50-dək kitabının baş mövzusu soydaşlarımızın istək və arzuları, yurd həsrəti, xalqımızın tarixi bəlalarıdır. “Cənub nəğmələri”, “Ömrün illəri”, “Həyat sınağı”, “Mənim səsim” kimi neçə-neçə şeir kitabı illər boyu əllərdə gəzdi, yaşlı nəsli ovundurdu, gəncliyi Azərbaycan idealı ilə silahlandırdı.
Məclisdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev, ədəbiyyatşünaslardan Asif Rüstəmli, Almaz Əliqızı, Bahar Bərdəli, tarixçi Solmaz Rüstəmova, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, “Azərbaycan” qəzetinin şöbə müdiri Flora Xəlilzadə, şair Qəşəm İlqar və digər natiqlər Əli Tudənin ölməz xatirəsini onun həyat və yaradıcılığının ən yaxşı örnəkləri ilə yad etdilər.
Mərasimin təşkilatçıları “ODƏP” — Həqiqət və İşıq Təşkilatının rəhbəri Həsən Həsənov, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin sədri Tofiq Əlizadə bildirdilər ki, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşərək parlaq bir vətəndaş timsalı yaradan Əli Tudənin irsi onu həmişə yaşadacaq, sevdirəcək.
Sonda şairin oğlu telerejissor Natiq Cavadzadə atası ilə bağlı çağdaş oxucuya bəlli olmayan bəzi məqamlardan söz açdı, Əli Tudənin xatirəsinə göstərilən ehtirama görə qədirbilən soydaşlarımıza minnətdarlığını bildirdi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2009.-24 fevral.-S.7.